Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli işğaldan azad edilmiş ərazilərdəki əkin torpaqları ilə bağlı açıqlama verib.  Partiya sədri  iddia edib ki,  həmin ərazilərdki torpaqlar şirkətlər tərəfindən istismar edilir. Əkin üçün yararlı torpaqların xeyli hissəsi əkilib. Amma buna görə torpaqların sahiblərindən, yəni Qarabağ sakinlərindən icazə alınmayıb. Azad edilmiş ərazilərdəki torpaqların səlahiyyətinin Kənd Təsərrüfatı Nazirliyinə verilməsini qanunsuz sayan Kərimli iddia edib ki, nazirlik sonra bu torpaqları şirkətlərə icarəyə verəcək. Partiya sədri xatırladıb ki,  ötən əsrin 90-cı illərində  Azərbaycan əhalisinin böyük hissəsi  torpaq payı alıb, amma Qarabağ rayonlarının əhalisi  Ermənistanın işğalı ucbatından bundan məhrum olub. Amma indi həmin torpaqları başqaları zəbt edir.

Saxta.info partiya sədrinin bu iddialarının əsaslı olub-olmadığını araşdırıb.

AXCP sədrinin iddiaları  faktlarla izlənməyən  ümumi sözlərdən  ibarətdir. Bununla belə, bəzi  detallara  aydınlıq  gətirilməsi zərurəti yaranır.  Öncə işğaldan azad edilmiş ərazilərdə torpaq islahatı aparılması məsələsinə nəzər yetirək.  İlk növbədə qeyd edək ki,  ərazilərin  minalardan təmizlənməsi, ermənilərin vurduğu ziyanın  qiymətləndirilməsi prosesləri, vacib infrastruktur layihələrinin  (yol, elektrik enerjisi kimi) icra edilməsi fonunda belə bir iddianın gündəmə gətirilməsi  yersizdir. 

Digər tərəfdən Azərbaycan rəhbərliyi  işğaldan azad edilmiş ərazilərdə torpaq islahatının aparılacağını bəyan edib.  Yanvar ayının 6-da, 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti  bu məsələnin üzərində  xüsusi olaraq dayanıb: “Nəzərə alsaq ki, bu torpaqlarda torpaq islahatı aparılmayıb, bu islahatı aparmaq üçün biz, əlbəttə, yeni meyarlar işləməliyik. Çünki 1990-cı illərdə torpaq islahatı bəzi hallarda natamam aparılmışdır və ondan sonra bəzi problemlər üzə çıxmışdır. Torpaq sahələri düzgün qeydiyyata alınmamışdır. Ona görə biz indi belə bir vəziyyətlə üzləşdik. Peykdən əldə edilən məlumat yerlərdə olan məlumatla uzlaşmır. Ona görə indi Kənd Təsərrüfatı Nazirliyi bu problemin həlli ilə məşğuldur. Amma azad edilmiş torpaqlarda bu səhvlərə əlbəttə ki, yol verilə bilməz. Ona görə dəqiq bilməliyik ki, hansı torpaqlar dövlət torpaq fonduna veriləcək, hansı torpaqlar meşə fonduna veriləcək”. 

Bundan başqa işğaldan azad edilmiş rayonlarda torpaq islahatının aparılması Azərbaycan hökumətinin 2021-ci il üçün prioritetləri sırasına salınıb.  Bununla bağlı  yanvar ayının  25-də Nazirlər Kabinetində keçirilən müşavirədə açıqlama verilib.   Baş nazir Əli Əsədov qeyd edib ki, Prezidentin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilər üzrə Strateji Fəaliyyət Planı hazırlanır.  Müşavirədə işğaldan azad edilmiş ərazilərlə bağlı 2021-ci il ərzində görüləcək vacib işlərin siyahısı  açıqlanıb. Onların sırasında işğaldan azad edilmiş ərazilərdə torpaq islahatının aparılması üçün yeni mexanizm və meyarların  işlənib  hazırlanması məsələsi də var.

Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev mətbuata açıqlamasında  bununla bağlı bəzi detalları açıqlayıb.  Komitə sədri bildirib ki, sənədləri olan məcburi köçkünlər həmin sənədlər əsasında torpağa sahib ola biləcəklər. Sənədləri olmayanlar isə müvafiq qurumlara müraciət edəcəklər.  Torpaqlarında müəyyən müəssisələr tikilən vətəndaşlar  başqa torpaq sahəsi ilə təmin ediləcək: “Çünki ermənilər tərəfindən tikilən bəzi müəssisələr dövlətimiz üçün yararlıdırsa bu zaman ondan istifadə ediləcək. Əvəzində  həmin vətəndaşa onun razılığı ilə istənilən yerdə torpaq veriləcək”.

Yeri gəlmişkən,  Azərbaycanda torpaq bölgüsü   1996-cı ildə qəbul olunan  “Torpaq islahatı haqqında” Qanun əsasında aparılıb.  Sənədin 24-cü maddəsində  Ermənistanın hərbi təcavüzü nəticəsində zəbt edilmiş  torpaqların azad olunmasından sonra torpaq islahatının aparılması məsələsi da əksini tapıb,  islahatın həmin  ərazilərdə iqtisadiyyatın bərpası dövlət proqramı əsasında həyata keçiriləcəyi vurğulanıb.  Göründüyü kimi,  Qarabağda  torpaq islahatının aparılması üçün həm qanunverici baza, həm də təcrübə var. Amma ötən əsrin 90-cı illərində aparılan torpaq islahatı zamanı yanlışlıqlara yol verildiyindən  daha mükəmməl   mexanizm  hazılanması qərara alınıb.

İşğaldan azad edilmiş ərazilərdə əkin işlərinin aparılmasına gəlincə,  Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri zamanı bu barədə ətraflı açıqlama verib.  Müharibədən  dərhal sonra  vaxt itirmədən payızlıq əkin aparılmasına göstəriş verildiyini və qısa müddətdə 7 min hektarda əkin işləri aparıldığını deyib: “Builki mövsümdə isə  təqribən 20-25 min hektarda əkin işləri aparılacaq. Yəni, biz vaxt itirmədən kənd təsərrüfatını dirçəldəcəyik”.

Təbii ki, Azərbaycan  hökumətinin belə bir addım atması ölkənin iqtisadi maraqlarına tam cavab verir.  Hazırda  işğaldan azad edilmiş ərazilərdə  obyektiv səbəblərdən,  xüsusilə minalanmış sahələr ucbatından torpaq islahatı həyata keçirmək, fermer təsərrüfatlarının və ya ailə kooperativlərinin  yaradılması hələlik  mümkün olmadığından  sözügedən ərazilərin boş saxlanılması məntiqsizdir. Bir fakta diqqət çəkək: ermənilər 30 ilə yaxın davam edən işğal dövründə Qarabağda ən azı 90 min hektar ərazidə taxıl əkib və ildə 135-150 ton  taxıl tədarük edib.      

Qraç Bərbəryan: Qarabağda əkin sahələrinin “itirilməsi” Ermənistana ildə 100 milyon dollara başa gələcək

Bu mənada islahata qədər vaxt itirmək iqtisadi cəhətdən itki deməkdir. Kənd  təsərrüfatı  naziri  İnam Kərimov mətbuata açıqlamasında bildirib ki,  işğaldan azad edilən ərazilər hesabına növbəti illərdə taxıl əkini balansı təqribən 10 faiz artırılacaq.  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə,  ümumilikdə Qarabağda 250 min hektar məhsuldar torpaq var.

İşğaldan azad edilmiş ərazilərdə naməlum şirkətlərin əkin işləri ilə məşğul olmasına gəlincə, partiya sədrinin bu iddiası təsdiqlənmir.  Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, işğal olunmuş ərazilərə əhali körülümədiyindən, həmin ərazilərdə  fermer təsərrüfatları  qurulmadığından əkin prosesi nazirlik tərəfindən aparılır.

Yeri gəlmişkən, AXCP sədrinin də bildirdiyi kimi,  işğal olunmuş ərazilərdəki  kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi sahəsində Kənd Təsərrüfatı Nazirliyinə bir sıra səlahiyyətlər verilib.  Azərbaycan Prezidentinin imzaladığı Fərmana əsasən   bura kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi, icarəyə verilən torpaqlardan təyinatı üzrə istifadəyə nəzarətin həyata keçirilməsi və digər məsələlər  daxildir.  

Amma sənədin  ilk cümləsindən aydın olur ki, bu səlahiyyətlər sözügedən nazirliyə müvəqqəti olaraq verilib. Digər tərəfdən səlahiyyətlər sırasında konkret olaraq pay torpaqlarının icarəyə veriləcəyinə dair hər hansı bənd yoxdur.  Üstəlik  bu tipli məsələlər  təkcə  qeyd edilən səlahiyyətlər çərçivəsində deyil,  həm də  Azərbaycanda  qüvvədə olan “Torpaq icarəsi”“Torpaq islahatı”  Qanunları, Torpaq Məcəlləsi ilə tənzimlənir. Bu sənədlərdə kənd təsərrüfatı torpaqlarının idarə edilməsi və icarəyə verilməsi ilə bağlı konkret müddəalar əksini tapıb.

Saxta.info sadalananları əsas götürərək bu qənaətə gəlib ki, AXCP sədrinin açıqlamaları  həqiqəti əks etdirmir.