Rusiya sülhməramlılarının məsuliyyət zonasında qalan Qarabağ separatçılarının nümayəndələrindən biri David Babayan "Artsaxpress" agentliyinə müsahibəsində azərbaycanlıların qəbir daşlarından  yol tikintisində istifadə etdiklərini  deyib.  Qəbir daşlarından hansı yollardan istifadə olunduğuna dair sualın cavabında Babayan "fərqli mənbələr fərqli məlumatlar verir" deyə cavab verib.  O, xüsusilə Hadrut-Şuşa yolunun tikintisi üçün ermənilərin qəbir daşlarından istifadə edildiyinə dair dəlillər mövcud olduğunu deyib. Babayan azərbaycanlıların Hadrutdakı erməni məzarlarını dağıtdığına dair dəlil olduğunu iddia edib.  Azərbaycanın 40 metr enliyində Hadrut- Karintak (Daşaltı - red.)-Şuşa yolu inşa etdiyini deyən Babayan  qəbir daşlarınıdan məhz bu yolda istifadə olunduğunu  bildirib, bunu “vandalizm” adlandırıb.

Saxta.info Babayanın bu iddialarını yoxlayıb.

Təqdim edilən ittihamlarda heç bir konkretliyin olmaması, "məlumata görə", "məlumatlara əsasən" istinadları ilə verilir ki, erməni tərəfi həmişəki kimi buna inanacaq, ona görə bu cür yalanlara konkret təkziblər vermək ciddi olmazdı. Lakin bəzi məqamlara aydınlıq gətirmək lazımdır ki, növbəti erməni feykinin qarşısı alınsın.

Qeyd edək ki, söhbət  mart ayının 15-də təməli qoyulan Hadrut-Cəbrayıl-Şükürbəyli yeni avtomobil yolundan gedir. Bu yol  Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edəcək. Bundan başqa 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilən yolun  Babayanın iddia etydiyi kimi  eni 40 metr deyil, 26, 5 metrdir. Üstəlik bu yol  Şuşaya çəkilmiir. Başlanğıcını Xocavənd rayonunun Hadrut qəsəbəsindən götürən yol Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yoluna birləşəcək.   

Bundan əlavə, Babayan Hadrutda erməni qəbiristanlığının məhv oldunduğunu iddia edir. Ancaq bu yaxınlarda Rusiyalı jurnalistlərin bu qəsəbədən  hazırladığı reportaj  fərqli mənzərə yaradır.  Azərbaycan ordusu tərəfindən azad edildikdən sonra Hadruta gələn ilk xarici jurnalistlərdən biri olduğunu qeyd edən “İzvestiya” nəşrinin  əməkdaşı yazır ki,  heç kimin yaşamadığı qəsəbədə müharibə bitəndən bəri hər şey toxunulmamış qalır: “Azərbaycan hərbçiləri yalnız texnikanın keçməsi üçün yolları təmizləyib, həmçinin  ətraf ərazilərin minalardan təmizlənməsi işləri həyata keçirilib”.  X əsrə aid kilsəyə də toxunulmadığını deyən jurnalist qeyd edib ki,  Azərbaycan Xarici İşlər Nazirliyi bölgənin tarixi və mədəni irsinin qorunub saxlanılacağına dair vəd verib.

Daha qərəzsiz bir qiymətləndirmə təsəvvür etmək çətindir, çünki “İzvestiya” da Rusiyanın digər böyük KİV-ləri kimi Qarabağ məsələsinə yanaşmada obyektivlik baxımından fərqlənmir.

Bu arada Babayanın məlum açıqlamasından dərhal sonra sosial şəbəkələrin erməni seqmentində saxta məlumatlar yayılmağa başladı. Xüsusilə ProArmenian Teleqram kanalının yaydığı məlumatı  məzar daşları döşənən yolun fotosu da  müşayiət edirdi.   Ancaq tezliklə məlum oldu ki, teleqram kanalın paylaşdığı foto  iki il əvvəl Rusiyanın Smolensk şəhərində baş verən hadisə ilə bağlıdır. Bundan sonra fotoşəkilin yerində Babayanın üzü peyda oldu.

Yeri gəlmişkən,  ermənilərin işğal olunmuş ərazilərdə azərbaycanlılara aid məzarları təhqir etdiyinə və vandalizm aktı törətdiyinə dair kifayət qədər dəlil var.  Azərbaycan hərbçiləri işğaldan azad edilmiş Laçın rayonunun Piçənis kəndində ermənilərin azərbaycanlların qəbir daşlarından düzəltdiyi pilləkən aşkarlayıblar.  Bu yaxınlarda həmin dəhşətli faktı əks etdirən video da yayılıb.

44 günlük müharibədən sonra Azərbaycan hərbçiləri, habelə xarici jurnalistlər, mütəxəssislər və diplomatlar ermənilərin Qarabağda törətdiyi  misli görünməyən vandalizm aktalarının şahidi oldular.  Dağıntının və vandalizmin tam mənzərəsi yalnız tarixi Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra üzə çıxdı. Azərbaycanın  Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Ağdam bölgələrindəki yaşayış məntəqələri tamamilə dağıdılıb və  bu yerlər "ruhlar şəhərləri"ni  xatırladır.

İşğaldan azad edilmiş ərazilərdki qəbiristanlıqlar da eyni aqibəti yaşayıb.  Məzar  daşları ermənilər tərəfindən ləkələnib, təhqir edilib, hətta məzar daşlarının bir hissəsi Ermənistana aparılıb. Doğma yurdlarına qayıdan azərbaycanlılar yaxınlarının və doğmalarının məzarlarının ziyarəti zamanı məzarların əksəriyyətinin baş daşı olmadığını aşkarlayıblar. Cəbrayıldakı qəbiristanlıq ermənilərin tamamilə dağıtdığı onlarla qəbristanlıqdan biridir. Burada bütöv qəbir qalmayıb, hətta açılmış qəbirlərdə  insan qalıqları  da görə bilərsiniz.

Azərbaycan Prezidentinin köməkçkisi Hikmət Hacıyev Türkiyənin “Anadolu” agentliyinə verdiyi açıqlamada Azərbaycan Ordusunun azad etdiyi ərazilərdə bütün qəbiristanlıqların işğalçılar tərəfindən xarabalığa çevrildiyini bildirib: “Ermənilərin azərbaycanlılara məxsus qəbristanlıqlarda törətdiyi əməlləri ifadə etməyə söz tapmıram.  Sanki ölülərdən də intiqam almaq istəyiblər. Bu, vandalizmin ən iyrənc formasıdır. Beynəlxalq ictimaiyyət Ermənistanın illərdir tətbiq etdiyi bu vəhşiliyi görməlidir”.

Rusiyalı deputatlar, ekspertlər və jurnalistlər Ermənistan işğalından azad olunmuş Ağdam şəhərindəki İmarət qəbiristanlığında erməni barbarlığına şahid olublar.

Ermənilər  Qarabağ xanının qızı  Xurşidbanu Natəvanın  təkcə məzarını dağıtmayıblar,   şairənin sümüklərini  də məzardan çıxararaq aparıblar.

Əslində ermənilərin qəbir talançılığı yeni xəbər deyil.  Torpaqlar azad edildikdən sonra onların ölülərə qarşı etdikləri təhqir faktlarını 90-cı illərin əvvəllərində gedən müharibə ilə izah etmək mümkün ola bilərdi. Amma tarix sübut edir ki, erməni tərəfi sülh dövründə də vandalizm və təhqirə meyl göstırib.  Hətta onlar sovet dövründə azərbaycanlıların Ermənistandakı  məzarlarına qarşı eyni əməlləri törədiblər.

Bir tarixi fakta diqqət edək. 1949–cu ildə Ermənistan SSR Nazirlər Sovetinin sədri S.Karapetyanın qeyri–qanuni göstərişi ilə Alaverdi rayonunun Ləmbəli kəndindəki azərbaycanlılar yaşayan kolxoz ləğv olunur.  Çox əlverişli təbii şəraiti olan bu kənddə subtropik bitkilər sovxozu yaratmaq bəhanəsi ilə oradakı 225 azərbaycanlı ailəsi zorla qovulur. Kəndin əhalisi Gürcüstan SSR–in azərbaycanlılar yaşayan kəndlərinə getmək məcburiyyətində qalırlar. Ləmbəlilərin evləri isə bura köçürülən erməni ailələri arasında paylanır. Ermənilər Ləmbəlidəki azərbaycanlı qəbiristanlıqlarını dağıdaraq daşlarından yeni binaların tikintisində istifadə edirlər.

2009-cu ildə qeydə alınan başqa bir fakta diqqət edək. Qeqarkunik vilayətinin sakini qəbiristanlıqdan üzərində ərəbcə yazı olan orta əsrə aid qəbir daşını oğurlayıb. Amma məhv edilmiş köhnə Azərbaycan qəbiristanlığında möcüzə nəticəsində salamat qalan qəbir daşının nəyə lazım olduğuna dair  məlumat verilmir.

Erməni tərəfi insan anlayışının hüdudlarından kənar olan bu əməlləri təkcə törətməklə deyil,  bu əməllərə dövlət səviyyəsində dəstək verməklə də fərqlənir. Ermənistanda azərbaycanlılar öz ata-baba yurdlarından qovulduqdan sonra  bu ölkənin ərazisində qalan qəbirləri dağıdaraq tikinti materialı kimi istifadə etdiynə görə bir nəfər belə cəzalandırılmayıb. Əksinə erməni cəmiyyəti də bu cür əməlləri alqışlayır.

Xatırladaq ki,  2016-cı ildə bir  erməni Facebook istifadəçisi Azərbaycan qəbiristanlığında dağıdılmış qəbir daşının üstündə çəkdirdiyi fotoşəkili yaymışdı. Vandal utanmadan, xəcalət hissi keçirmədən fotoşəkilin işğal olunmuş Cəbrayıl rayonunda çəkildiyini, məzarda Samir Abbasov adlı bir türkün dəfn olunduğunu qeyd edir.

2018-ci ildə başqa bir erməni sosial mediada Ağdamdakı dağıdılmış  qəbiristanlıqda qəbrin təhqir olunduğuna dair dəlil yerləşdirmişdi.

Bu əməlləri törədən bir erməni belə  inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmayıb. Amma bunun əksinə, müharibə bitdikdən sonra Xocavənd rayonunun Mədətli kəndi ərazisində yerləşən qəbiristanlıqda ermənilərə məxsus qəbir daşlarını dağıtmaqda və bu hərəkətləri mobil telefonla çəkməkdə şübhəli bilinən iki azərbaycanlı hərbçi saxlanılıb.

Beləliklə, Saxta.info araşdırma nəticəsində  aşağıdakı nəticələrə gəlib: Birincisi, işğaldan azad edilmiş ərazilərdə yol tikintisi zamanı qəbir daşlarından istifadə edilməsi Ermənistan tərəfinin uydurmasıdır, faktlarla təsdiqlənmir. İkincisi, Hadrutdakı erməni qəbiristanlığının dağıdılması ittihamları həqiqət deyil.  Üçüncüsü, Ermənistanda və keçmiş işğal altındakı ərazilərdə qəbirlərə və qəbiristanlıqlara qarşı barbarlıqla erməni tərəfi məşğul olub, Azərbaycana qarşı isə əsassız ittihamlar öz cinayətlərindən diqqət yayındırmağa yönəlib.