Povidon yod, hidrogen peroksid və xlorheksidin kimi aktiv maddələrlə ağız  boşluğunu qarqara etmək 99,1 % koronavirusun qarşısını alır. Bu açıqlama ilə Türkiyəli stomatoloq Aykan Onur Atilla çıxış edib.  Türkiyə mediasının məlumatına görə, stomatoloq  bunun klinik araşdırmalarla sübut edildiyini bildirib.  Mütəxəssis əlavə edib ki, çöldən evə döndükdə əlimizi, üzümüzü yuduğumuz kimi, qarqara da edərsək virusun ağciyərə düşməsinin qarşısını ala bilərik.

Saxta.info bu iddianın əsaslı olub-olmadığını yoxlayıb.

Məlum olur ki, ağız boşluğunun dezinfeksiyası üçün nəzərdə tutalan dərmanların koronavirusa təsiri üzərində tədqiqatlar  aparılıb. Lakin biz hər üç dərman üzrə vahid tədqiqat tapa bilmədik. Həmçinin o da məlum olur ki, ayrı-ayrı ağız yaxalayıcları və ya onun komponentləti üzrə tibbi təcrübələr heç də birmənalı nəticələr göstərmir.

Sinqapur Milli Universitetində aparılan tədqiqatla bağlı açıqlanan hesabatda  qeyd edilib ki,  povidon yod antiseptiklərinin istifadəsi koronavirusa yoluxma riskini azalda bilər.  Bu barədə Straits Times  nəşri  Sinqapurun Tua bölgəsində karantinə götürülən 3 min miqrant arasında aparılan araşdırmaların nəticələrinə istinadən  xəbər verib.  Tədqiqat müəllifləri bildiriblər ki,  gündə üç dəfə povidon yod tərkibli boğaz spreyindən, paralel olaraq  hidroksixloroxindən istifadə koronavirus infeksiyası riskini 20 %-dən çox azaldır.

Bu arada The Journal of Hospital Infection  öz məlumat bazası  əsasında hidrogen peroksidin müxtəlif viruslara qarşı mübarizədə  effektivliyinə dair  tədqiqatların nəticələrini dərc edib. Jurnalın əməkdaşları  beş elektron verilənlər bazasında 1342 tematik məqalə seçib,  dublikatlar ləğv edildikdən sonra  bu məqalələrdən 976-sı qalıb.  Nəticədə məlum olub ki,  bu məqalələrin heç birində  hidrogen peroksidin SARS-CoV-2 və ya digər viruslara qarşı  effektivliyinə dair elmi dəlillər mövcud deyil.

Bu barədə nikbinlik Honq Konqda xlorheksidinin 0,5%-lik konsentrasiyası ilə  emaldan sonra virusun aşkarlanmadığını göstərən bir araşrımadan qaynaqlanır. Honq Konq alimlərinin bu tədqiqatı The Lancet Microbe elmi jurnalında yayımlanıb.

Qeyd etmək lazımdır ki,  virusun çap və papiros kağızı üzərində  3 saata, parçada  2 günə  məhv olduğu məlumdur.   Şüşə və pul üzərində 4 günə, paslanmayan polad və plastik üzərində 7 günə yoxa çıxır. Hətta 7-ci gündə tibbi maskanın xarici qatında virus aşkarlanması mümkündür.

Hindistanın Pəncab Universitetinin Stomatoloji institutunda aparılan araşdırmanın nəticələri Türkiyəli diş həkiminin açıqlaması ilə uyğunluq təşkil edir.  İnstitutun əməkdaşları müəyyən ediblər ki,   ağızı  0,2%-li xlorheksidin məhlulu  30 saniyə yaxalamaq  koronavirusun  99,9 %-dən çoxunu öldürür.

Yeri gəlmişkən, İngiltərənin Kardiff Universitetinin mütəxəssisləri də keçən ilin noyabr ayında oxşar  nəticələr  əldə ediblər.  Laborator  müayinələr ağız  boşluğu üçün maye ilə qarqaranın ağız suyundakı koronavirusu öldürdüyünü göstərib. Bununla belə, terapevtik bir vasitə kimi effektivliyinə dair heç bir dəlil yoxdur.

Yeri gəlmişkən,  Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), maska taxmaq və əlləri dezinfeksiya etmək kimi proflaktiki tədbirlərlə yanaşı, ağız boşluğunu mütəmadi olaraq qarqara etməyi də  məsləhət görür.  Ancaq bu  vasitə  ağız suyunda “virus yükünü”,  infeksiya riskini azaltmaq istiqamətində potensial profilaktik tədbir kimi nəzərdə tutulur.

Beləliklə,  Aykan Onur Atillanın adını çəkdiyi dərmanlardan yalnız xlorheksidinin koronavirusa qarşı  təsirli vasitə kimi  elmi cəhətdən təsdiq edildiyi məlum olur.  Povidon yod əsaslı antiseptiklər isə daha az effektivlik göstərir. Hidrogen peroksid isə əksər epidemioloqlar tərəfindən ümumiyətlə  koronavirusa qarşı məqsədyönlü  vasitə kimi qəbul edilmir.

Qeyd etmək lazımdır ki, nəzərdən keçirdiyimiz tədqiqatlar dünyanın müxtəlif ölkələrində müəyyən şərtlər daxilində, məhdud çərçivədə aparılıb.  Əksər elm adamları  bu tətqiqatlara  şübhə ilə yanaşır. Bu səbəbdən, həmin tibbi vasitələr koronavirus pandemiyasına qarşı mübarizədə universal hesab edilmir.

Saxta.info bu qənaətə gəılib ki, Türkiyəli stomatoloqun iddiası əsaslı deyil.