“Azərbaycan Ermənistan ərazisinə müdaxilə edib”. Bu iddia ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu ölkənin ictimai kanalının efirində çıxış edib. Qriqoryan  Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin  Sevliç bölgəsindən çəkilmədiyini deyib.

Armen Qriqoryan 

Saxta.info Qriqoryanın bu iddiasının əsaslı olub-olmadığını araşdırıb.

Oxşar fikrilərlə təkcə Qriqoryan deyil, Ermənistan hakimiyyətində təmsil olunan digər şəxslər də çıxış edib. Hətta bu məsələni Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) gündəminə salmaq üçün müraciət edilib. Ermənistan rəhbərliyi müttəfiqləri Fransa və Rusiya ilə də müzakirələr aparıb.

Qeyd edək ki, söhbət  Azərbaycanla Ermənistan sərhədində, konkret olaraq Azərbaycanın Laçın rayonu ilə Ermənistanın Sünik vilayətinin (Zəngəzur - res) Gorus rayonunun sərhədində yerləşən Qaragöldən gedir.  Ermənilər bu gölü Sevliç adlandırır.  Məlumatlara görə, bu günlərdə Azərbaycan silahlı qüvvələrinin bölmələri Qaragölün yerləşdiyi ərazidə mövqe qurub. Ermənistan mediasında və sosial şəbəkələrin erməni seqmentində bununla bağlı videolar yayılıb.

Artıq Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı rəsmi açıqlama  verib və sərhəddə gedən prosesə aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, sərhəd qüvvələri Azərbaycana aid  mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir. Məlumatda vurğulanıb ki,  proses  Ermənistan və Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır. Açıqlamada izah olunub ki, müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən iki dövlət arasında dövlət sərhədi olmayıb və bu səbəbdən hazırda tərəflərin fikir ayrılığı ilə müşayiət olunan qəliz texniki prosesdən söhbət gedir.  Azərbaycan XİN Ermənistana Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları boyunca dövlətlərarası sərhəd rejimi reallığını qəbul etməyi və əsassız olaraq bölgədə vəziyyəti gərginləşdirməməyi tövsiyə edib.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq imzalanan 10 noyabr bəyanatından sonra Azərbaycanla Ermənistan arasında sərhəd dəqiqləşdirilməsi prosesinə start verilib. Artıq Kəlbəcər, Zəngilan, Qubadlının bəzi ərazilərində dəqiqləşdirmələr həyata keçirilib.

Sərhəd dəqiqləşdirmələrində keçmiş SSRİ dövrünə aid, xüsusilə  SSRİ Silahlı Qüvvələri Baş Qərargahının 1970-ci illərdə nəşr olunan topoqrafik xəritələrindən, o cümlədən GPS (qlobal yertəyinetmə sistemi) texnologiyasından istifadə olunur.

1970-ci illərə aid topoqrafik xəritədə  Qaragölün  bir hissəsinin Azərbaycana düşdüyü aydın şəkildə görünür. 

Bunu   GPS  texnologiyası  ilə aparılan dəqiqləşdirmə də təsdiqləyir.

Buradan belə aydın olur ki, Azərbycan silahlı qüvvələri Ermənistan ərazisində deyil, gölün Laçın rayonu hissəsindəki mövqelərə yerləşib. Azərbaycan Xarici İşlər Nazilriyinin yaydığı açıqlamada da xüsusi olaraq vurğulanır  ki,  sərhəd qüvvələri Azərbaycana aid  mövqelərdə yerləşdirilir.

Yeri gəlmişkən, may ayının əvvəlində sosial şəbəkənin erməni seqmentində Azərbaycanın guya Ermənistan ərazisinə müdaxilə etdiyinə dair məlumat yayılmışdı. Həmin məlumatda  məhz Qaragöl adlanan ərazinin Azərbaycana güzəşt edildiyi iddia olunurdu. Bu məlumatı yayan ermənilər  Azərbaycan tərəfdən gölün kənarından çəkilən videonu əsas göstərirdilər.   Amma Sünik bələdiyyəsi Ermənistan Silahlı Qüvvələrinin 1-ci  korpusunun komandiri general-mayor Poqosyana istinadən bu xəbərin yalan olduğunu bəyan edib. Bu barədə  armenpress.am saytı  Sünik Bələdiyyəsinin feysbuk səhifəsinə istinadən məlumat yayıb. Məlumatda sərhədin sovet vaxtında olduğu kimi gölün ərazisi boyunca uzandığı və hazırda tərəflərin  öz ərazilərinə nəzarət etdiyi vurğulanıb.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin eco.gov.az saytının verdiyi məlumatdan belə aydın olur ki, əslində sözügedən gölün adı  İşıqlı Qaragöldür və Azərbaycanın Laçın rayonu ilə Ermənistanın Gorus rayonunun sərhəddində  yerləşir  və  sərhəd gölü hesab edilir.  Göl   17 oktyabr 1987-ci il tarixində Azərbaycan və Ermənistan Respublikalarının direktiv orqanlarının qərarı ilə yaradılan və respublikalararası dövlət qoruğu elan edilən Qaragöl Dövlət Təbiət Qoruğunun ərazisində yerləşir və  İşıqlı dağının  yamacında 2650-2700 m yüksəklikdədir.

Qeyd  edək  ki,  Laçın rayonu  Ermənistan silahlı birləşmələri tərəfinən işğal olunana qədər (Laçın rayonunun işğal olunduğu tarix -  18 may 1992-ci il) Qaragölün ətrafındakı yüksəkliklər Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olub.

Xatırladaq ki, bu, Ermənistan hökumət orqanlarının, siyasətçilərinin sərhəd dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk etirazı deyil. Bundan əvvəl Kəlbəcər və  Qubadlı rayonları istiqamətində aparılan dəqiqləşdirmə zamanı da bəzi ərazilərin Ermənistana aid olduğunu iddia edirdilər.

Məsələn, ermənilər  Kəlbəcərdəki Zod qızıl yatağının Ermənistana aid olduğunu iddia bildirirdilər. Amma tarixi sənədlər mədən  yerləşən ərazinin ən azı 74 fazinin Azərbaycan ərazisinə düşdüyünü göstərirdi. Elə Ermənistanın hazırda baş naziri vəzifəsini icra edən Nikol Paşinyan da bunu etiraf etmişdi.   

Paşinyan bildirmişdi ki,  delimitasiya işləri  hələ 2010-cu ildə qəbul olunan “Ermənistanın  inzibati ərazi bölgüsü haqqında” qanunun tələbləri əsasında həyata keçirilir.  Qızıl yatağının yerləşdiyi  ərazinin sərhədi də həmin qanunda təsvir olunduğu kimi qəbul edilib.

Bəzi erməni siyasətçilər  Kəlbəcərdəki Böyük və Kiçik Alagöllərin də  xəritə üzrə Ermənistana düşdüyünü bildirirdilər.   Amma elə ermənilərin istinad etdiyi xəritələrdə həmin göllərin Azərbaycan ərazisində olduğu aydın şəkildə görünür.

Həm Ermənistanın hökumət strukturları, həm siyasətçilər, həm də erməni mediası   66 kilometrlik Gorus-Qafan yolunun da tam şəkildə Ermənistan ərazisinə  düşdüyünü iddia edirdilər.  Hər gün bu barədə onlarla açıqlama, xəbər yayırdılar.

Azərbaycan bayrağının, “Azərbaycana xoş gəlmisiniz” yazılan  tablonun sözügedən yolda qoyulmasını Ermənistan ərazisinə müdaxilə kimi qiymətləndirirdirlər. Amma sovet dövründən qalan xəritədə  yolun bir hissəsinin Azərbaycan ərazisindən, konkret olaraq Qubadlı rayonunun Eyvazlı  kəndindən,  Bazarçayın kənarı ilə keçdiyini  sonra Gorusun Voratan kəndinə döndüyünü  görə bilərsiniz.

Gorus-Qafan yolu, Topoqrafik xəritə 

Ümumiyyətlə, Gorus-Qafan yolunun Vorotan (keçmiş adı Şahverdilər) - Davitbek (keçmiş adı Zeyvə)  hissəsinin  bir çox ərazidə  (söhbət 21 kilometr məsafədən gedir)  əsasən də  Eyvazlı və Şurnux kəndlərinin ərazilərində Qubadlı rayonuna düşdüyü xəritələrdə  təsbit olunub.   

Üstəlik  Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri Suren Papikyan Gorus-Qafan yolunun bir hissəsinin Azərbaycan ərazisindən keçdiyini etiraf edib.  O, bildirib ki,  sovet dövründə yolun iki respublikanın ərazisindən keçməsi problem yaratmadığından belə çəkilib. Papikyan Gorus-Qafan yolunun  beş sahəsinin  Azərbaycanın ərazisinə keçdiyini və yenidən Ermənistan ərazisinə daxil olduğunu vurğulayıb.

Hətta indi Azərbaycanı  Ermənistan ərazisinə müdaxilədə ittiham edən  Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da iki ölkənin sərhədində gedən dəqiqləşdirmə prosesinin sənədlərə əsaslanaraq aparıldığını  bildirib.  

Sadalanan faktlar sübut edir ki, Azərbaycan Ermənistan tərəfinin iddia etdiyi kimi bu ölkənin ərazisinə müdaxilə etməyib. Söhbət sərhədin bərpası çərçivəsində sərhədçilərin  Azərbaycana aid mövqelərdə  yerləşdirilməsindən gedir.       

Saxta.info bu qənaətə gəlib ki, Azərbaycanın Ermənistan ərazisinə müdaxilə etməsi ilə bağlı  Armen Qriqoryanın  açıqlamasının heç bir əsası yoxdur.