Azərbaycan və Ermənistan arasında barışıq olsa Gürcüstan regionda yeni  geosiyasi kimlik axtarmalı olacaq. Bu açıqlama ilə (REAL Partiyasının sədri İlqar Məmmədov öz feysbuk səhifəsində çıxış edib.

Saxta.info siyasətçinin bu açıqlamasının nə dərəcədə əsaslı olduğunu dəqiqləşdirib.

Öncə qeyd edək ki,  Ermənistanın uzun illər yürütdüyü işğalçılıq siyasəti ucbatından Azərbaycanla heç bir sahədə əlaqəsi yoxdur. İki ölkə arasında qarşılıqlı fəaliyyətə imkan verəcək tam hüquqlu bir sülh müqaviləsi mövcud deyil. İki dövlət arasında təmas üçüncü tərəfin vasitəçiliyi ilə həyata keçirilir.

İkinci Qarabağ Müharibəsinin nəticəsi olaraq imzalanan 10 noyabr tarixli bəyanatdan və Ermənistanın bu sənəd üzrə götürdüyü öhdəliklər fonunda qarşılıqlı əlaqənin yaranması labüd prosesə çevrilib. Maraqlıdır, bu,  Gürcüstan üçün  nə çətinliklər yarada bilər?

Azərbaycanla  Gürcüstan arasında siyasi və iqtisadi əlaqələr 1992-ci ildən bəri mövcuddur. İki ölkə arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında müqavilə, həmçinin Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlıq bəyannaməsi imzalanıb. 2004-cü ildə Gürcüstan və Azərbaycan strateji tərəfdaş olduqlarını elan ediblər.

Azərbaycan neft və qazının nəql olunduğu Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa və Bakı-Tbilisi-Ərzurum boru kəmərləri Gürcüstan ərazisindən  keçir.

Azərbaycanın  Ermənistan üzərində qələbəsi ilə yekunlaşan İkinci Qarabağ müharibəsindən sonra regionda vəziyyət dəyişib. Belə ki, Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək “Zəngəzur Dəhlizi”nin  açılması məsələsi gündəmdədir.

Gələcəkdə bu dəhlizin  Türkiyəni Azərbaycanla, Rusiyanı həm Ermənistanla, həm də Türkiyə ilə əlaqələndirəcəyi   nəzərdə tutulur. İlk baxışdan elə görünür ki, bu proses Gürcüstanı ciddi gəlir mənbəyindən məhrum edə bilər. Hazırda Batumi limanı Ermənistan üçün Avropaya, Tbilisi və Vladiqafqaz arasındakı Yuxarı Lars keçid məntəqəsi isə Rusiyaya açılan yeganə pəncərədir. Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycandan keçən dəmir yolu, Ermənistan üçün hava şəraiti səbəbindən tez-tez bağlanan Hərbi Gürcüstan Yolundan daha sərfəli  tranzitə çevrilə bilər.

Gürcüstanın İqtisadi İnkişaf Nazirliyindən "Kommersant" nəşrinə bildirilib ki, bu yolun bölgə üçün xüsusi əhəmiyyət daşıdığını demək mümkün deyil: 2020-ci ildə Gürcüstan magistral yollarından keçən 315 min avtomobilin 45% -i Gürcüstan və Ermənistanı Rusiya ilə birləşdirən  Hərbi Gürcütan Yolunun payına düşüb. Xatırladaq ki, 2020-ci ilin yekunlarına görə, Ermənistanın bu yol vasitəsilə Rusiyaya ixracı  ümumi ixrac strukturunda 25% (654 milyon ABŞ dolları)  təşkil edib.

Bu arada, Azərbaycan və Gürcüstan ekspertləri arasında  bütün hallarda   Gürcüstanın iqtisadi cəhətdən zərər görməyəcəyi və gələcəkdə  Türkmənistan, hətta İran qazının da Cənubi Qaz Dəhlizi vasitəsilə məhz bu ölkənin ərazisindən nəql olunacağı fikri hakimdir.

Gürcüstanın İctimaiyyətlə Əlaqələr İnstitutunun professoru Tornike Şaraşenidzenin sözlərinə görə, Ermənistan-Azərbaycan rabitəsinin açılmasının Gürcüstanın tranzit funksiyası üçün təhlükəsi çox şişirdilib. Mütəxəssisin fikrincə Azərbaycan Naxçıvana gedən dəmir yolu xəttini bərpa etsə belə, bu, Azərbaycanın, Naxçıvanın və xüsusilə də Türkiyənin bütün ehtiyaclarını ödəyə bilməyəcək.  Şaraşenidze dünyanın istənilən yerinə mal göndərilməsi mümkün olan Batumi və Poti limanlarının potensialını  əvəzolunmaz hesab edir.

Cənub-Şərqi Asiya və Çindən başlayaraq  Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə vasitəsilə Avropaya keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və ya "Orta Dəhliz" də Gürcüstana əlavə mənfəət vəd edir.

Mayın 5-də Bakıya rəsmi səfəri zamanı Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu məsələ ilə bağlı Azərbaycan dövlətinin başçısı İlham Əliyevdən təminat alıb. Azərbaycan Prezidenti Cənubi Qaz Dəhlizinin həyata keçirilməsindəki dəstəyə görə Gürcüstan hökumətinə təşəkkürünü bildiriB və enerji layihələrində ikitərəfli əməkdaşlığın davam edəcəyini diqqətə çatdırıb.   “Bizim birlikdə start verdiyimiz bütün digər təşəbbüslərin də yaxşı uğur hekayəsi var. Əminəm ki, gələcəkdə də belə olacaq” deyə Azərbaycan Prezidenti sözlərinə əlavə edib. İlham Əliyev onu da bildirib ki, Azərbaycan Gürcüstan iqtisadiyyatında ən böyük investorlardan biri olmağa davam edir.

Beləliklə, qeyd edilənlər  regionda baş verən köklü siyasi və iqtisadi dəyişikliklərə baxmayaraq, İlqar Məmmədovun proqnozunun əksinə olaraq  Gürcüstanın neft-qaz və digər məhsullar üçün tranzit ölkə olaraq rolunun, hətta Azərbaycanla Ermənistan arasındakı münasibətlər normallaşsa belə dəyişməz qalacağını göstərir.

Saxta.info bu qənaətə gəlib ki,  REAL sədri İlqar Məmmədovun açıqlaması əsaslı deyil.