“Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın suveren sərhədlərini keçməsi ilə əlaqədar Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) cəlb edilməsi prosesinə başlayıb”. Bu barədə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan parlamentdə çıxışı zamanı bəyan edib. O qeyd edib ki, böyük müharibə təhrikinə getməmək və KTMT çərçivəsində hərbi-siyasi təhlükəsizlik mexanizmlərindən istifadə etmək qərarı verilib.

Saxta.info  Ermənistanın KTMT-yə müraciətinin əsaslı olub-olmadığını  dəqiqləşdirib.

Qeyd edək ki, KTMT-nin  əsas vəzifəsi  sülhün, beynəlxalq və regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi, üzv dövlətlərin (Rusiya, Qazaxıstan, Ermənistan, Qırğızıstan, Tacikistan və Özbəkistan)  müstəqillik, ərazi bütövlüyü və suverenliyinin kollektiv əsasda qorunmasıdır.

Xatırladaq ki, İrəvan KTMT-yə Azərbaycan Silahlı Qüvvələrinin bir qrup hərbçisinin  may ayının 12-də  Azərbaycanın Laçın rayonu ilə Ermənistanın Gorus rayonu  sərhədində yerləşən Qaragöl (Sev lich - Armenian) yaxınlığındakı mövqe qurması ilə bağlı müraciət edib.  Erməni mətbuatı, siyasətçilər, daha sonra Ermənistan hakimiyyəti Azərbaycanı sərhədi pozmaqda və ölkəyə hərbi müdaxilədə günahlandırıb.

Bununla əlaqədar Azərbaycan Xarici işlər Nazirliyi  açıqlama yayaraq bəyan edib ki, 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistan ilə həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə sərhəd qüvvələri Azərbaycana aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir. Həmçinin qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri Ermənistan və Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır.

Belə olan halda Ermənistanın KTMT-yə müraciəti təşkilatın daxili qaydaları baxımından nə dərəcədə əsaslıdı?

Sənəddə hərbi əməliyyatları başlamaq üçün formal əsasları müəyyən edən kritik meyarlar göstərilmir. Yəni, məsələn, nəyi təhlükəsizliyə, ərazi bütövlüyünə və suverenliyə təhlükə hesab etmək olar? Bir qrup hərbçinin dəqiqləşdirilməsi hələ başa çatmayan dövlət sərhədini keçməsi təhlükə ola bilərmi?

Yəni nizamnamədə təşkilatın üzv ölkələri müdafiə etmək məqsədilə hərbi müdaxiləsi üçün səbəb konkret qeyd edilməyib ki, bu da situasiyanın şərhi və qərarların qəbulunu fərdi qaydada qəbul edilməsinə əsas verir.

Armen Qriqoryan: Azərbaycan Ermənistan ərazisinə müdaxilə edib

Xatırladaq ki, bu günlərdə saxta.info Azərbaycanın  Ermənistanla sərhəddə yerləşən Qaragöl yaxınlığında mövqe tutması ilə bağlı məqalə hazırlayıb. Məqalədə sovet dövrünə aid xəritələr  və digər sübutlar əsasında Azərbaycan tərəfinin yerləşdiyi mövqelərin Ermənistan ərazisində olmadığı təsdiqlənib.

İrəvanın israrla KTMT-dən qətiyyətli reaksiya tələb etməsinə gəlincə, bu mənada Qırğızıstan və Tacikistan arasında aprelin sonlarında baş verən sərhəd hadisəsi göstərici ola bilər.  Aprelin 28-də mülki vətəndaşlar arasında yaranan qarşıdurma daha sonra toqquşmalar və atışmalara əvəzlənib, nəticədə 15-dən çox insan ölüb.

Ancaq səlahiyyətlilərin müdaxiləsindən sonra orada döyüş əməliyyatları dayanıb. Beləliklə, iki iştirakçı ölkə arasında insanların ölümü ilə müşayiət olunan silahlı qarşıdurma şəraitində, KTMT yalnız hər iki tərəfə şiddətdən çəkinmək və ziddiyyətləri sülh yolu ilə həll etmək çağırışı ilə kifayətlənib.

Çox maraqlıdır ki, "Qaragöl" ətrafında səs-küyün başlamasından bir həftə keçdikdən sonra, KTMT  hətta böhran əleyhinə tədbirlərin qəbul edilməsi barədə qərar qəbul etmək üçün lazımi məsləhətləşmələrə başlamağı da lazım bilmədi.

Üstəlik, 14 may tarixində Rusiya Xarici İşlər naziri Sergey Lavrov bu mövzunu kifayət qədər adekvat şərh etdi:  “Bircə dəfə də olsun atəş açılmayıb, heç bir atışma baş verməyib. Oturdular, sakitcə bu vəziyyəti necə həll edəcəkləri barədə danışıqlara başladılar. Bizdən kömək istədilər, hərbçilərimiz kömək göstərdilər, razılıq əldə olundu. Heç kim heç vaxt bununla məşğul olmayıb. Biz tərəflərə işə başlamağı təklif etdik. Biz yardım etməyə, kartoqrafik materialları və məsləhət xidmətlərini təqdim etməyə hazırıq”.  S. Lavrov əlavə edib ki,  Rusiya Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə görə emosiyaları gərginləşdirməyə səbəb görmür.

May ayının 19-da Düşənbədə KTMT üzvü olan ölkələrin xarici işlər nazirləri Şurasının iclasında keçirdiyi mətbuat konfransında Lavrov bunları deyib:  “Tərəflər arasında əldə edilən ilkin razılaşmaya əsasən, Rusiya sərhədlərin demarkasiya və delimitasiyasına başlamasına səy göstərmək üçün təklif irəli sürüb. Bu məqsədlə Azərbaycan-Ermənistan birgə komissiyasının yaradılması təşəbbüsü ilə çıxış etmişik. Eyni zamanda Rusiyanın prosesdə məsləhətçi və vasitəçi kimi iştirakını təklif etmişik”.

Beləliklə, Moskva, necə deyərlər, İrəvanın iddialarına zidd olaraq, bunun texniki bir məsələ olduğunu və Ermənistan tərəfinin ifadə etdiyi kimi “işğal” olmadığına işarə vardı.

Saxta.info bu qənaətə gəlib ki, Nikol Paşinyanın KTMT-dən hərbi yardım istəməsi tamamilə əsassızdır.