Xərçəng xəstələrinin immuniteti zəiflədiyindən koronavirusu ağır keçirirlər. Bunu APA-ya müsahibəsində  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib.

Saxta.info  mütəxəssisin dediklərini etibarlılığını nəzərdən keçirib.

Qeyd edək ki, elmi ictimaiyyətdə xərçəngin immunitet sisteminə mənfi təsir göstərərək koronavirusun “işini”  asanlaşdırdığına dair  fikir üstünlük təşkil edir. Bir çox ekspert hesab edir ki, adətən xərçəng əleyhinə müalicə nəinki onkoloji xəstəliyin özünü, daha çox koronavirus simptomlarının ağırlaşmasına səbəb ola bilər. 

Böyük Britaniyanın Cancer Research UK təşkilatının  tədqiqatçıları bu fikri dəstəkləyirlər. Təşkilatın saytında yerləşdirilən məlumata görə, elmi tədqiqatların nəticələri COVID-19 xəstəliyinin xərçəng xəstələrində daha şiddətli olduğunu göstərir, çünki bəzi xərçəng növləri, xüsusilə leykemiya və limfa, bədənin koronavirusla  mübarizə qabiliyyətini zəiflədir. Britaniya mütəxəssisləri bildirirlər ki, immunitetə və bununla da xəstəliyin gedişatına analoji effekt kimya terapiyası və radioterapiya kimi xərçəng xəstəliyinin müalicəsi ola bilər.

Oxşar fikir Rusiya klinik onkologiya cəmiyyətinin (RUSSCO) idarə heyətinin üzvü Nikolay Jukov tərəfindən də səsləndirilir.  Mütəxəssis bildirib ki,  şişi  olan bir insana aqressiv müalicə lazımdırsa və bunun üzərinə COVID-19 xəstəliyi də əlavə olunursa, o zaman xəstəliklə bağlı risk daha yüksək olacaq.  Rusiya Elmlər Akademiyasının Sankt-Peterburq xəstəxanasının aparıcı onkoloqu İvan Rıkov isə  əks nöqteyi-nəzərdən çıxış edir:  "Bizdə COVİD keçirmiş, sonra kimyəvi müalicəyə ehtiyac duyan xəstələr var idi. Əvvəlcə hamı immunosupressiya (immunitetin boğulması) nəticəsində onların bir anda “tükənəcəyindən” "qorxurdu". Artıq bunun belə olmadığını bilirik. Əslində xərçəng xəstələrimiz COVİD-i digərlərindən  pis keçirmirlər və indi heç nədən qorxmuruq. Bu, fərqli şöbələrin təcrübə və qarşılıqlı əlaqə məsələsidir”.

Bəzi mütəxəssislər xərçəng xəstələrinin  koronavirusu ağır keçirəcəyinə dair fikrə deyil,  COVİD-in  xərçəngin yenidən baş qaldırmasına səbəb ola biləcəyini önə çəkirlər.  Məsələn, Corc Meyson Universitetinin sistem  biologiyası məktəbinin professoru Ança Baranova hesab edir ki,  koronavirusun simptomları  passiv şişləri  “oyada”  bilər.

Həmçinin mütəxəssislər arasında ağciyər xərçənginin müalicəsində istifadə olunan B12 vitamininin koronavirusun inkişafına mane olduğu barədə  fikir var. Kompyuter modelləşməsindən istifadə edən hind alimləri B12-nin COVİD-19-un gedişində virusun zəifləməsinə gətirib çıxardığını müşahidə ediblər.

Bir sıra mütəxəssislər həqiqətən B12-nin iltihaba təsir göstərdiyini təsdiqləyib, amma COVID-19 zamanı effektivliyini təsdiqləmək üçün daha çox kliniki tədqiqata ehtiyac olduğunu bildiriblər.  Yeri gəlmişkən, sinqapurlu alimlər B12-nin effektivliyinə dair oxşar araşdırma aparıblar. Belə ki, B12, D3 vitaminlərinin və maqneziumun birgə tətbiqi zamanı COVID-19 xəstəliyinin gedişində yaxşılaşma əldə olunub.

Bundan əvvəl The Daily Mail nəşri  İngiltərədə bir neçə xərçəng xəstəsinin koronavirusa yoluxduqdan sonra xərçəngə üstün gəldiyinə dair məlumat yayıb. Xüsusilə Kornuolla Kral Xəstəxanasının  həkimləri  limfa xərçəngindən əziyyət çəkən 61 yaşlı kişinin  ağır  koronavirusdan  sonra  xərçəngin bir neçə ocağının itdyini bildiriblər. Oxşar iki halla bağlı  İtaliyanın Acta Biomedica tibbi  jurnalında məlumat verilib.  

Bununla belə bu fikir həkimlər arasında birmənalı qarşılanmır. “Koronavirus xərçəng hüceyrələrini öldürmür”. Bu fikri Rusiya Tibb Elmləri Akademiyası Kliniki Onkologiya İnstitutunun baş elmi işçisi, onkoloq Yevgeni Çeremuşkin deyib. Qazeta.ru xəbər verir ki, alim  ingilis və italyan həkimlərinin qeydlərinin istisnalar olduğunu bildirib.

Mütəxəssisin fikrincə həmin insanların böyük ehtimalla qeyri-adi immun sistemi var. Məsələn, immunitet sisteminin yenidən aktivləşməsi - eyni vaxtda şişləri də  təmizləyə bilər.  “Bədəndə bizə məlum olan mexanizmlər işə salınır, ancaq virusla necə əlaqəli olduqları hələ tam aydın deyil”  deyə mütəxəssis sözlərinə əlavə edib.

Bəzi tədqiqatçılar hesab edirlər ki,  xərçəng xəstələrinin çoxunda ferritin zülalının miqdarının artması koronavirusa yoluxma zamanı ölümün xəbərçisi ola bilər.

İngiltərənin Liverpul Universitetinin biyokimya üzrə professoru Duqlas Kell ferritinin zədələnmiş hüceyrələrdən əmələ gəldiyini və bu səbəbdən bir bütün olaraq bədənin hüceyrə ziyanının birbaşa göstəricisi olduğunu təsdiqləyir. ABŞ-da 1800 COVİD-19 xəstəsi üzərində aparılan araşdırma  zamanı onların əksəriyyətində qaraciyər problemləri müşahidə olunub.

Yuxarıda sadalananlar koronavirusa yoluxma zamanı xəstəliyin simptomlarının xərçəng xəstəliyinə təsirinə dair ortaq fikir olmadığını göstərir. Müxtəlif tədqiqatlar bir-birinə zidd nəticələr verir. Bu səbəbdən də  əksər mütəxəssis bu yöndə  müəyyən nəticələr əldə etmək uçün müddət fundamental laboratoriya və klinik tədqiqatların aparılmasına ehtiyac olduğunu bildirir.

Saxta.info bu qənaətə gəlib ki,  TƏBİB nümayəndəsinin xərçəng xəstələrinin koronavirusu digərlərindən daha ağır keçirməsinə dair fikri əsasən yanlışdı.