“Son 20-25 ildə Azərbaycanın inkişafı elə bir şərait yaradıb ki,  ölkə  regionun liderinə çevrilib”.  Bu fikri azərbaycanlı diplomat  Namiq Əliyev  ATV Aktual verilişində səsləndirib.  O bildirib ki,  Azərbaycanın iqtisadiyytaı  Cənubi Qafqaz iqtisadiyyatının 80 %-ni  təşkil edir.

Saxta.info diplomatın bu açıqlamasının əsaslı olub-olmadığını  yoxlayıb.

Rəsmi statistik məlumatlara əsasən 2003-cü ildən 2020-ci ilədək  Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb. İqtisadçılar bunu dünyada rekord göstərici kimi qiymətləndirirlər.  Bu iilər ərzində Azərbaycanda sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, o cümlədən qeyri-neft ixracı 5,2 dəfə artıb.  Son 17 ildə Azərbaycanın iqtisadiyyatına 260 milyard dollardan çox sərmayə yatırılıb. Valyuta ehtiyatları da 27 dəfə artıb.  Belə ki,  valyuta ehtiyatımız  2003-cü  ildəki  1,8 milyard dollardan 51 milyard dollara çatıb. Yeri gəlmişkən, Mərkəzi Bankdan verilən məlumata görə, 2021-ci ilin yanvar ayına olan məlumata görə, Azərbaycanın strateji valyuta ehtiyatı 51,4 milyard dollar təşkil edir.

Azərbaycanın ümum daxili məhsulu (ÜDM) da  sözügedən illərdə artıb.  ÜDM-in  2003-cü ildən 2013-cü ilə qədər dinamikası bu illər ərzində ölkə iqtisadiyyatının 7 dəfədən çox  artdığını göstərir. Bu müddət ərzində adambaşına düşən ÜDM isə təxminən 6,7 dəfə artıb.  Azərbaycan iqtisadiyyatın artım tempinə görə digər Qafqaz ölkələrini təxminən iki dəfə qabaqlayıb, MDB-də ilk yeri tutub.  Bundan başqa, 2008-2013-cü illərdə ÜDM-in artımında qeyri-neft sektoru aparıcı rol oynayıb.

Yeri gəlmişkən,  2013-cü ildə Azərbaycanda ÜDM-in həcmi 74 milyard 164 milyon dollar (57 mlrd. 708,2 mln. manat)   təşkil edib.  Azərbaycanın Maliyyə naziri Samir Şərifov ÜDM artımının 5,8% təşkil ediyini bildirib. O əlavə edib ki, qeyri-neft sektorunda artımn 9,8 %  olub.  Həmin il GürcüstandaErmənistanada ÜDM istehsalı müvafiq olaraq  16 milyard 139 milyon dollar  (26 milyard 847 milyon lari) və 10,4 milyard dollar (4,266 trilyon dram) olub.  Azərbaycan iqtisadiyyatı Cənubi Qafqazın iqtisadiyyatının 3/4 hissəsini  təşkil edib. Beləliklə 2013-cü ildə Azərbaycanın iqtisadiyyatı Cənubi Qafqaz ölkələrinin ümumi daxili məhsulunun təqribən 75%-ni formalaşdırıb.

Başqa bir ilin göstəricilərinə nəzər salaq.  2017-ci ildə  Azərbaycanda ÜDM-in həcmi 70 milyard 135,1 milyon manat  (40,7 milyard dollar)   təşkil edib.  Yeri gəlmişkən,  həmin il  Azərbaycanın qeyri-neft sektorunda ÜDM 2,7% - 44 milyard 61,9 milyon manatadək artıb,  neft sektorunda isə  5% azalaraq 26 milyard  73,2 milyon manata olub. 2017-ci ildə GürcüstandaErmənistanda ÜDM istehsalı müvafiq olaraq  15,2  milyard dollar  (37 milyard 846,6 milyon lari)  və  11,6 milyard dollar  (5,58 trilyon dram)  olub. Beləliklə, 2017-ci ildə Azərbaycanın iqtisadiyyatı Cənubi Qafqaz ölkələrinin ümumi daxili məhsulunun təqribən 60 %-dən   çoxunu formalaşdırıb.

Azərbaycanda 2019-cu ildə 48 milyard, 174 milyon dollarlıq (81 milyard 681 milyon manat)   ÜDM  istehsal olunub.   Bu  rəqəm  2018-ci illə müqayisədə 2,2 % artıq təşkil edib. İqtisadiyyatın qeyri neft-qaz sektorunda 3,5 faiz, neft-qaz sektorunda isə 0,4 faiz artım qeydə alınıb.  GürcüstanErmənistanda isə ÜDM-in həcmi  müvafiq  olaraq  17,74 milyard dollar  (49,3 milyard lari)  və 13,67 milyard dollar (6 trilyon 569 milyard  dram)  olub.  Qeyd edək ki, 2019-cu ildə Azərbaycan Cənubi Qafqaz ölkələrinin ümumi daxili məhsulunun təqribən 60 %-dən çoxunu formalaşdırıb.

2020-ci ildə isə Azərbaycanda ÜDM istehsalı   42 milyard  607,2 milyon dollar (72 milyard 432,2 milyon manat) olub. Ötən il  Gürcüstanda ÜDM istehsalı  16,32 milyard dollar (49 milyard lari), Ermənistanda   12,65 milyard dollar (6 trilyon 183 milyard dram) təşkil edib.  Qeyd edək ki, 2020-ci ildə də Azərbaycan  Cənubi Qafqaz ölkələrinin ümumi daxili məhsulunun böyük hissəsini,  təqribən 60 %-ni  formalaşdırıb.

Yeri gəlmişkən,  hazırda Gürcüstanın xarici borcu 31,57 milyard lari,  təqribən 9,5 milyard dollar təşkil edir.   Beləliklə  ölkənin dövlət borcu ÜDM-in 60 fazindən çoxdur.  Ermənistanın dövlət borcu  təqribən 8 milyard dollar olmaqla ÜDM-in təqribən 60 %-nə çatıb. Ermənistanın dövlət büdəcəsinin proqnozlarına görə,  2021-ci ilin sonuna qədər bu ölkənin dövlət borcu 9 milyard dolları ötəcək. Bu isə Ermənistanın ümüm daxili məhsulunun təqribən 70 %-i deməkdir. Azərbaycanın xarici dövlət borcu 8,1 milyard dollar olmaqla ÜDM-in 20,7 faizini təşkil edir.

Saxta.info sadalanan rəqəmlərə əsaslanaraq   bu qənaətə gəlib ki, azərbaycanlı diplomatın açıqlaması  əsasən doğrudur.