“1991-ci ilin dekabrında Almatıda Müstəqil Dövlətlər Birliyinin yaranması haqda Bəyannamə qəbul edilərkən bütün ölkələr bir-birinin ərazi bütövlüyünü  və sərhədlərinin toxunulmazlığını tanıyaraq imzalayıblar”. Bu fikri Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan parlamentdə Azərbaycanla sərhəddə delimitasiya, demarkasiya prosesindən danışarkən  səsləndirib.  Paşinyan əlavə edib ki,  əgər burada bir problem varsa onda, 2010-cu ildə bax bu salonda yaradılıb. Həmin vaxt  inzibati-ərazi bölgüsü barədə qəbul olunan qanunda  Şurnuxla  Sevliçin  (Qara göl - red) Azərbaycanla sərhəddə yerləşdiyi  qeyd edilib.  

Saxta.info Paşinyanın açıqlamasında əksini tapan məqamların mahiyyətini və  əsaslı olub-olmadığını dəqiqləşdirib.

Öncə qısaca Müstəqil Dövlətlər Birliyinin (MDB)  yaranma tarixşəsinə nəzərə salaq. Əsas məqsədi bərabərhüquqlu və faydalı əməkdaşlığa xidmət olan birlik 8 dekabr 1991-ci ildə, SSRİ-nin dağılması ərəfəsində  yaradılıb.  Birlik Belarus, Rusiya və Ukrayna tərəfindən Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Saziş” əsasında təsis edilib.

Həmin ilin 21 dekbarında Qazaxıstanın paytaxtı Almatıda Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan MDB-yə qoşulmağa razılıq veriblər.  1993-cü il yanvar ayının 22-də Minsk şəhərində MDB-nin Nizamnaməsi qəbul olunub.

Türkmənistan və Ukrayna təşkilatın nizamnaməsini ratifikasiya etməyiblər. Bu səbəbdən Türkmənistan müşahidəçi, Ukrayna təsisçi statusuna malik olub.   Gürcüstan 2008-ci, Ukrayna isə 2014-cü ildə birliyin sıralarını tərk etmək barədə qərar veriblər.  

Hazırda təşkilata üzv dövlətlər bunlardır: Azərbaycan, Ermənistan, Belarus,  Qazaxıstan, Qırğız Respublikası, Moldova, Rusiya, Tacikistan, Özbəkistan.  

Qeyd edək ki, Azərbaycan  1993-cü ilin sentyabr ayında MDB-nin nizamnaməsini  imzalayaraq təşkilata bərabərhüquqlu üzv olub.

Qeyd etdiyimiz kimi, MDB-nin yaranması ilə bağlı ilk sənəd, daha dəqiq desək “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Saziş” 8 dekbar 1991-ci ildə imzalanıb.  İlkin oaraq  Belarus, Rusiya və Ukrayna arasında Belovejskaya Puşada  bağlanan və qeyri-rəsmi  adı da “Belovejskaya Puşa razılaşması” olan sənəddə   dövlət suverenliyi,  ərazi bütövlüyü prinsipləri əsas götürülüb. Sənəddə qeyd edilir ki,  Belarus  Respublikası, Rusiya  Federasiyası  və  Ukrayna  xalqların ümumi tarixinə və onlar arasında qurulan əlaqələrə əsaslanaraq, münasibətlərini dövlət suverenliyinin, müqəddəratı təyinetmə hüququnun, bərabərlik və daxili işlərə qarışmamaq ptinsiplərinin qarşılıqlı tanınması və hörmət edilməsi, güc tətbiq etməkdən, iqtisadi və ya digər təzyiq metodlarından imtina, digər ümumqəbuledilmiş prinsiplər və beynəlxalq hüquq normaları əsasında münasibətləri inkişaf etdirmək niyyətini ifadə edərək Müstəqil Dövlətlər Birliyini yaratmaq barədə razılığa gəliblər.

Müqaviləni imzalayan tərəflər birlik çərçivəsində bir-birinin ərazi bütövlüyünün və mövcud sərhədlərin toxunulmazlığının tanınması və hörmətlə yanaşılması prinsiplərinə də təminat veriblər.

Təbii ki, ilk sənəddə əksini tapan bu məqam  onu  imzalayan 3 postsovet ölkəsi üçün keçərli idi. Amma bütün hallarda  ilkin sənəddə artıq bu məsələ  nəzərə alınıb. 

21 dekabr 1991-ci il tarixdə  Belarus, Rusiya və Ukraynadan başqa daha 8 müstəqil respublikanın, Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistanın qoşulduğu  Almatı Bəyannaməsində bu öhdəlik bir daha əksini tapıb.  Bəyannaməni imzalayan  müstəqil dövlətlər  Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya Federasiyası, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukrayna 

demokratik hüquqi dövlət qurmağa çalışaraq bir-birləri ilə əlaqələri qarşılıqlı tanıma və dövlət suverenliyinə və suveren bərabərliyə, müqəddəratı təyinetmə hüququna, bərabərlik və daxili işlərə qarışmamaq prinsiplərinə qarşılıqlı hörmət, güc tətbiq etməkdən, iqtisadi və ya digər təzyiq metodlarından imtina, mübahisələrin sülh yolu ilə həlli, milli azlıqlar daxil olmaqla insan haqları və azadlıqlarına hörmət, öhdəliklərin tam yerinə yetirilməsi və digər ümumqəbuledilmiş prinsiplər və beynəlxalq hüquq normaları əsasında  inkişafa  razılaşıblar.   

Həmçinin

bir-birlərinin ərazi bütövlüyünü və sərhədlərin toxunulmazlığını tanımağa və  hörmət etməyə dair  öhdəlik götürüblər.

Sadalanan prinsiplər MDB-nin əsas sənədi olan  Nizamnamədə  də  əksini tapıb.  Sənədin 3-cü maddəsində ölkələrin suverenliyi, ərazi bütövlüyü, mövcud sərhədlərin toxunulmazlığı məsələləri bir daha xatırladılıb.

“Ermənistanın  inzibati ərazi bölgüsü haqqında”  qanuna gəlincə, qeyd edək ki, Nikol Paşinyan  bu arqumenti  indiyə qədər  bir neçə dəfə   səsləndirib.  

Gevorq Parsyan: “Kapan-Aqarak yolunun bir hissəsi Azərbaycanın nəzarətinə keçib, kəndlər mühasirəyə düşüb”

Azərbaycanla Ermənistan arasında Kəlbəcərdə, Şurnuxda, Gorus-Qafan yolunda  aparılan sərhəd dəqiqləşdirmələri zamanı onu ittiham edən müxalifətçilərə cavab olaraq Paşinyan bildirib ki,  “Ermənistanın  inzibati ərazi bölgüsü haqqında” qanunda sərhəd bölgüsü təsvir olunub və proses həmin qanuna uyğun aparılır.  Ermənistan hərbi qüvvələri də həmin təsvirə əsasən sərhəddə  yerləşdirilir.   Paşinyan Teq icmasının, həmçinin Kəlbəcərdə qızıl yatağının yerləşdiyi ərazinin  Azərbaycanla sərhədinin bu qanunda təsvirini nümunə olaraq göstərib. 

Qeyd edək ki,  “Ermənistanın  inzibati ərazi bölgüsü haqqında” qanun  1995-ci ildə qəbul edilib,  2009-cu ildə bir sıra dəyişikliklər aparılıb və  2010-cu ilin iyul ayında Serj Sarqsyanın prezident olduğu dövrdə təsdiqlənib.  Bir sıra erməni siyasətçilər bu qanunun sərhəd dəqiqləşdirməsi zamanı keçərli olmadığını bildirirlər. Qeyd edirlər ki, bu sənəd Ermənistanın ayrı-ayrı rayonlarının sərhədlərini müəyyənləşdirdiyindən dövlət sərhədinin dəqiqləşdirilməsi üçün  yetərli deyil. Amma qanun Ermənistanın  rayonlarının və rayonların birləşdiyi vilayətlərin inzibati ərazi bölgüsünü əks etdirsə də  həmin rayon və vilayətlərin  Azərbaycanla sərhədi də açıq-aşkar təsvir  olunub.

Məsələn,  bir müddət əvvəl  ermənilərin mübahisə obyektinə çevirmək istədiyi   Sotk (tarixi adı Zod - red),  Vorotan (tarixi adı Şahverdilər -red),  Şurnuxu kəndlərinin Azərbaycanla sərhədi, xüsusilə Gorus-Qafan respublika əhəmiyyətli yolun keçdiyi sərhəd ərazilər  qanunda təsvir olunub.

Sadalanan sənədlər sübut edir ki,  Ermənistan Müstəqil Dövlətlər Birliyinə üzv olarkən  Almatı Bəyannaməsi və  birliyin nizamnaməsi çərçivəsində üzərinə  öhdəliklər götürüb. Bu öhdəliklərdən ən əsası  ərazi bütövlüyünün və mövcud sərhədlərin toxunulmazlığının tanınması və hörmətlə yanaşılması prinsipidir. Ermənistan artıq Azərbaycan ərazilərini işğal etməklə bir dəfə  bu öhdəliyi kobud şəkildə pozub.  Azərbaycanın qələbəsi ilə başa çatan  İkinci  Qarabağ  müharibəsindən  sonra reallıq dəyişib və İrəvan bu öhdəliyi yerinə yetrimək şərti qarşısında qalıb. Nikol Paşinyanın da dolayısı ilə erməni cəmiyyətinə çatdırmaq istədiyi böyük ehtimalla  elə  bu məsələdir.  Əgər  Ermənistan hakimiyyəti  MDB çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yenə yerinə yetirməsə, məntiqlə  təşkilata üzvlükdən də çıxmalıdır. 

Saxta.info bu qənaətə gəlib ki, Nikol Paşinyanın  həm MDB-yə aid sənədlərlə, həm də “Ermənistanın  inzibati ərazi bölgüsü haqqında” qanunla bağlı qeyd etdiyi arqumentlər  reallığı əsk etdirir.