”Tavuş vilayətində  bizim nəzarətimizdə olan Azərbaycan torpaqları var”. Bu barədə  Ermənistanın    “Mənim addımım” parlament fraksiyasının üzvü  Vahe Qalumyan  KİV-ə açıqlamasında deyib.  O bildirib ki, Barxudarlu, Sofulu, Xremlu, Voskepar kəndləri xəritədə  Azərbaycan ərazisi olaraq qeyd edilib.

Saxta.info  erməni deputatın bu açıqlaması ilə bağlı dəqiqləşdirmə aparıb.

Bəribaşdan qeyd edək ki,  hazırda Azərbaycan və Ermənistan arasında aparılan sərhəd dəqiqləşdirməsi zamanı istifadə olunan SSRİ Silahlı Qüvvələri Baş Qərargahının topoqrafik xəritələri, həmçinin GPS məlumatları Qalumyanın sözlərini birmənalı şəkildə təsdiqləyir.

Bir neçə gün əvvəl Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan  Azərbaycanla delimitasiya və demarkasiya komissiyası yaradılması ilə bağlı sənəd layihəsinin sosial şəbəkədə yayılmasına  münasibət bildirərkən hazırda Ermənistanın nəzarətində olan bəzi ərazilərin sovet Azərbaycanının tərkibinə daxil olduğunu  etiraf edib.  Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası barədə üçtərəfli (Rusiyanın iştirakı ilə) müqavilə imzalamağa hazır olduğunu da söyləyib.

Buna baxmayaraq, vəziyyətin hərtərəfli qavranılması üçün bəzi detallara aydınlıq gətirmək vacibdir.

Məsələ burasındadır ki, Birinci Qarabağ müharibəsi zamanı, Dağlıq Qarabağ və ona bitişik bölgələrdən əlavə, ermənilər Azərbaycanın Qazax rayonunun bir neçə kəndini də  işğal edib.  Kəndlərin tamamilə azərbaycanlılardan ibarət olan əhalisi evlərini tərk etmək məcburiyyətində qalıb.  Kəndlər bu gün də boşdur.

Ötən əsrin 90-cı illərinin əvvəllərində başlayaraq erməni silahlı birləşmələri Qazax rayonunun kəndlərini tez-tez atəşə tuturdu.  1990-cı ilin mart ayında isə onlar  İcevan-Noyamberyan avtomobil yolu üzərində yerləşən, xüsusi strateji əhəmiyyətə malik olan Bağanıs Ayrım kəndini işğal etdilər.  İşğal zamanı  600 nəfər əhalisi və 100-dən çox evi olan kənd talan edildi, ev əşyaları,  mal-qara ermənilər tərəfindən mənimsənildi. Ermənilər 39 günlük körpə də daxil olmaqla kəndin 7 sakini diri-diri  yandırdılar.  Kənd  əhalisi doğma yurdlarından didərgin düşdülər.

1992-ci ilin aprelində ermənilər daha iki kəndi,  Barxudarlı və Sofulunu işğal etdilər. Daha sonra erməni silahlı birləşmələri Qazax rayonunun Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı və Yuxarı Əskiparını da ələ keçirdilər.  

Nəticədə Azərbaycanın Qazax rayonunun ümumilikdə  7 kəndi Ermənistanın nəzarəti altına düşdü.   Biz bunlardan  deputat Qalumyanın bəhs etdiyi 4 kənd üzərində dayanacağıq.  Bir məqamı da nəzərə çatdıraq ki, Qalumyan kəndlərin adını təhrif edib. Onun Barxudarlu dediyi kənd, Barxudarlı,  Xremlu adlandırdığı kənd Xeyrimli,  Voskepar isə Əskiparadır. 

Xeyrimli  kəndi:  Yaşayış məntəqəsinin əvvəlki adı Dil Xeyrimli olub.  Toponim Dəli  xeyrimli tayfasının adından götürülüb.

Barxudarlı kəndi  -  "Barxudar" şəxs adından və "-lı" şəkilçisindən əmələ gələn toponum hesab olunur.  Tarixi mənbələrə görə,  Barxudar (Bərxudar) Bəy Ənis 16-cı ikinci yarısı, 17-ci  əsrin əvvəllərində yaşayıb.  Məşhur top tökmə ustası olub. Səfəvilər dövlətində ona "Topçubaşı" vəzifəsi verilib. XVII əsrin əvvəllərində Səfəvi-osmanlı müharibələri zamanıTəbriz, İrəvan,  Gəncə və başqa şəhərlərin mühafizəsində istifadə edilən toplar onun başçılığı ilə hazırlanıb.  Bəzi tədqiqatçıların fikrincə, kəndi "barxudarlı" nəslinə mənsub ailələr saldığına görə belə adlandırılıb.

Sofulu kəndi -  Kənd sofulu tayfasının adı ilə bağlıdır. Tarixi mənbələrə görə,  sofulular keçmişdə yayı indiki Ermənistanın Qarakilsə (indiki Sisyan rayonu) bölgəsində, qışı isə Qarabağda keçiriblər. Sonralar bu tayfanın oturaq  həyata keçməsi ilə bağlı olaraq Azərbaycanda bir neçə Sofulu kəndi meydana gəlib.

Yuxarı Əskipara -   Yaşayış məntəqəsinin keçmiş adı Əskipara olub. Bu kənddən yaranan yeni yaşayış məntəqəsi Aşağı Əskipara,  əvvəlki kənd isə Yuxarı Əskipara adlandırılıb.  Əskipara Azərbaycan dilində əski (köhnə, qədim) və para (hissə, yer, kənd) sözlərindən ibarət olub, “köhnə, qədim kənd” mənasındadır.

Yeri gəlmişkən, Qazaxın erməni işğalında olan 7 kəndindən 3-ü, Yuxarı Əskipara, Sofulu və Bərxudarlı Azərbaycanın Ermənistan ərazisində esklav  əraziləridir. 

Saxta.info qeyd edilənlərə əsaslanaraq bu qənaətə gəlib ki, erməni deputatın  Azərbaycana aid ərazinin Ermənistanın nəzarətində qalmasına dair açıqlaması  reallığı əsk etdirir.