Meydan TV  “Facebook-da saxta səhifələri YAP idarə edir”  sərlövhəsi altında süjet təqdim edib.  May ayının 25-də  efirə verilən süjetdə  qeyd edilir ki,  sosial şəbəkələrdə hökumət tənqidçilərinin statuslarının altında tez-tez saxta səhifələrin hakimiyyəti “müdafiə” şərhləri olur. “Bu səhifələri kim və niyə yaradır” sualı qoyulan süjetdə “Feysbuk”un keçmiş işçisi Sofi Canın və azərbaycanlı bloqer  Bəxtiyar Hacıyevin fikirlərinə yer verilib.

Saxta.info Meydan TV-nin  təqdim etdiyi süjetdə səsləndirilən ittihamların əsaslı olub-olmadığını yoxlayıb.

Mövzu tam aydın olsun deyə, süjetdən bəzi məqamları diqqətə çatdıraq. Kadrarxası mətndə qeyd edilir ki,  Sofi Can araşdırma aparıb və  Azərbaycanda saxta profillərin hakim partiya olan YAP tərəfindən idarə edildiyini üzə çıxarıb.  Guya məlum olub ki, həmin profillər minlərlə şərh yazır və onlardan hökumətin rəqiblərini gözdən salmaq, ictimai rəyi yönləndirmək üçün istifadə edilir. Sonra  “feysbuk”un keçmiş işçisi deyir ki, Azərbaycanla bağlı şübhəli məsələ görüb: “Min və ya 10 min səhifə vardı. Və bu səhifələr Azərbaycanda müxalif siyasi fiqurların səhifələrində şərh yazırdılar”.  

Süjetdə bloqer Bəxtiyar Hacıyevin  iddialarına xüsusi yer ayrılıb. Bir neçə profili nümunə göstərən Hacıyev onları hakimiyyətin yaratdığını iddia edib. O,  profillərin müxalifətin əleyhinə ictimai rəy formalaşdırmaq üçün yaradıldığını deyib, şərhlərin isə çox güman ki, Yeni Azərbaycan Partiyasının rəhbərliyi tərəfindən yazıldığını bildirib.

“Saxta səhifələrlə yazılan rəylərin YAP-a aid olmasını sübut edən hər hansı fakt yoxdur”.  Yeni Azərbaycan Partiyası (YAP) Meydan TV-də partiyanın ünvanına səsləndirilən  ittihamlara cavab verib. Açıqlamada bildirilir ki, saxta profil və səhifələrlə yazılan rəylərin YAP-ın nüfuzuna zərbə vurmaq üçün hansısa maraqlı qruplar tərəfindən hazırlandığı ehtimal olunur. Bu baxımdan Meydan TV-nin yaydığı böhtan xarakterli video da YAP-a qarşı aparılan qara piar kampaniyasının tərkib hissəsidir. Açıqlamada əlavə olunub ki,  “Meydan TV”nin Yeni Azərbaycan Partiyası haqqında təhrif olunmuş, əsassız məlumatları yoxlamadan, dəqiqləşdirmədən yayması məhkəmə predmetinə  çevrilə bilər.

Partiyanın yaydığı açıqlamada həmçinin qeyd edilib ki, Meydan TV iddialara münasibət öyrənmək üçün YAP-ın  mətbuat xidmətinə müraciət etməyib, bu səbəbdən də süjet qərəzli və birtərəflidir, material hazırlanarkən jurnalistikanın prinsipləri kobud şəkildə pozulub. Açıqlamada əlavə edilib ki,  videomaterialda ictimai fəal Bəxtiyar Hacıyevin əsassız olaraq Yeni Azərbaycan Partiyasının rəhbərliyini ittiham etməsi onun məsuliyyətsiz və qərəzli münasibətinin göstəricisidir.

Açıqlamada o da vurğulanıb ki, Yeni Azərbaycan Partiyası nəinki “facebook”da, hətta bütün sosial şəbəkə seqmentlərində saxta hesablardan istifadə etmir, üzvləri, fəalları bu işə təşviq olunmur. Təşkilat arqument olaraq “Facebook” şirkətinin məsul əməkdaşının “The Guardian” qəzetinə verdiyi açıqlamanı diqqətə çatdırıb: ““Facebook” şirkətinin məsul əməkdaşı bildirib ki, “facebook”un Azərbaycan platformasında silinən 300-dən artıq saxta səhifənin Yeni Azərbaycan Partiyası ilə hər hansı əlaqəsi tapılmayıb. Bu da sübut edir ki, Yeni Azərbaycan Partiyası sosial şəbəkələrdə saxta hesablardan, eləcə də siyasi rəqiblərinə qarşı “trol xidməti”ndən istifadə etmir”.

Doğrudan da Meydan TV-nin süjetində irəli sürülən iddia heç bir şəkildə əsaslandırılmır. Sadəcə “feysbuk”un keçmiş işçisinin, xüsusilə də bloqer Bəxtiyar Hacıyevin fikirlərinə istinad olunur. Yəni saxta profillərin YAP-la əlaqəsinin olduğuna dair hər hansı sübut  təqdim edilmir.  Məsələn, bloqer Hacıyev bir neçə profil göstərir və həmin  profilləri yalnız müxalifətin əleyhinə yazdığına əsaslanaraq YAP-la əlaqələndirir.  Bu məntiqlə təbii ki, YAP-ın  əleyhinə yazan bu tipli profilləri də digər maraqlı qüvvələrin, yaxud konkret olaraq müxalifətin yaratdığı saxta profillər hesab etmək olar.   

Bundan başqa bloqerin “çox güman ki, Yeni Azərbaycan Partiyasının rəhbərliyi tərəfindən yazılıb”  deməsi də  onun göstərir ki,  o özü də  irəli sürdüyü iddianın əsaslı olduğuna əmin deyil.

Digər tərəfdən, YAP-ın açıqlamasında qeyd edildiyi kimi,  bu iddia artıq feysbuk tərəfindən də təkzib olunub.  Xatırladaq ki,  bu ilin aprel ayında “The Guardian” nəşrinin elektron versiyasında “Facebook bizim kimi ölkələrlə maraqlanmır: Azərbaycan trol şəbəkəsi qadağadan bir neçə ay sonra geri qayıdır” sərlöhvəli məqalə dərc olunub. Məqalədə YAP-ın trol şəbəkəsindən yararlandığına dair iddia irəli sürülüb. Müxalifətçilərə və  “Azad söz” feysbuk səhifəsinə istinad edən müəllif  heç bir araşdırma aparmayıb,  üstəlik ittiham olunan tərəfin mövqeyini öyrənməyib. YAP-ın bununla bağlı təkzib tələbindən sonra  “The Guardian”  sözügedən məqaləyə düzəliş edib.   

Yazıda vurğulanıb ki, sözügedən məqalə YAP-dan və “Facebook”dan verilən məlumatları daxil etmək üçün 15 aprel tarixində redaktə olunub.

Qeyd edilib ki,  bu məqalənin dərcindən sonra YAP “Azad söz” səhifəsindəki 6 mart tarixli posta təhqiramiz şərhlər yazan səhifələrlə hər hansı əlaqəsinin olmasını inkar edib. 

“Facebook”dan daxil olan məlumatı da məqaləyə əlavə edən “The Guardian” yazıb: “Bazar ertəsi günü şirkət etibarsız, davranış qaydalarını pozan və "The Guardian" tərəfindən müəyyənləşdirilən 300-dən artıq səhifəni ləğv etdiyini söyləyib. Bu məqalənin nəşrindən sonra “Facebook” həmin səhifələrin siyahısını nəzərdən keçirdiyini və YAP-la hər hansı əlaqə tapmadığını bildirib”.

Göründüyü kimi, bu düzəlişdən 1 aydan da artıq vaxt keçdikdən sonra Meydan TV mövzunu yenidən qabardıb və araşdırma aparılmadan, üstəlik qarşı tərəfin mövqeyi  dəqiqləşdirilmədən  süjet təqdim edib. Yalnız bloqer Bəxtiyar Hacıyevin mövqeyinə yer verilib.   

Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının  1-ci prinsipinin     (Həqiqətə xidmət, dəqiqlik və obyektivlik)  1.2-ci bəndində isə qeyd edilir ki,  jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaradılmalıdır. Plüralizm prinsipinə əməl edilməlidir.

“Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsində (Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi) isə  yalan və qərəzli yazılar, böhtan atmaq məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir.

“Meydan TV”nin məlumatları yoxlamadan, dəqiqləşdirmədən yaymasının məhkəmə predmetinə çevrilmə ehtimalına gəlincə, süjetin böhtan xarakterli olduğu müəyyən edilərsə  qarşı tərəf  Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinə əsasən  məsuliyyət daşıyır.  Məcəllənin  147-ci maddəsinin  147.1-ci bəndində qeyd edilir   ki,  böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma— yüz manatdan beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatadək müddətə ictimai işlə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edilənlər  Meydan TV-nin  təqdim etdiyi süjetin qərəzli olduğunu,  sadəcə qara piar kampaniyası xarakteri daşıdığını aydın şəkildə ortaya qoyur. İttiham olunan tərəfin, yəni YAP-ın mövqeyinin öyrənilməməsi, heç bir fakt təqdim edilməməsi, məlumatların yoxlanılmadan efirə verilməsi  bu fikri qüvvətləndirir.    

Saxta.info bu qənaətə gəlib ki, Meydan TV-nin yaydığı süjetdə səsləndirlən ittihamlar əsassızdır və  reallığı əks etdirmir.