“Şəxsi mövqeyim budur ki, həqiqi xristian hər şeydən əvvəl özünün deyil, yaxınlarının qayğısına qalmalı və peyvənddən imtina edərsə ətrafdakı insanların həyatını təhlükəyə atacağını anlamalıdır”. Bu fikirləri  Rusiyalı ilahiyyatçı və publisist Sergey Xudiev  Vzqlyad nəşrində dərc olunan məqaləsində bildirib.

Saxta.info rusiyalı ilahiyyatçının bu açıqlamasını yalnız Pravoslav və ya digər dini dəyərlər baxımından deyil, həm də ümumbəşəri insan əxlaqı və fərdin cəmiyyət qarşısında məsuliyyəti baxımından araşdırmağa çalışıb.

Koronavirus pandemiyası, onunla mübarizə metodları, xüsusən də ilin əvvəlindən başlayan vaksinasiya dünya ictimaiyyətini maraqlandıran ən vacib mövzulardan biri olaraq qalmaqda davam edir. Heç kimə sirr deyil ki, dünya vasksinasiyanı dəstəkləyənlərə və dini səbəblərə görə onu rədd edənlərə bölünüb. Bəziləri bunu "dərin dövlət"in əlində kütlələri tabe etdirmə aləti, digərləri - şeytanın hiyləgərliyi kimi görür, bir qismi isə sadəcə effektivliyinə inanmayan və ya sağlamlıq üçün təhlükəli vasitə sayır. Nəticədə dünyada koronavirusa qarşı peyvəndləmə prosesi olduqca yavaş gedir.

Keçən payız Almaniyanın Hamburq Universiteti koronavirusa qarşı peyvənddən imtinanın  səbəblərini müəyyənləşdirmək məqsədi ilə  sorğu keçirib. Deutsche Welle nəşri xəbər verir ki, anket-sorğu Almaniya, Fransa, Hollandiya, Portuqaliya, İtaliya, İngiltərə və Danimarkada aparılıb.

Bu arada aparıcı tibb mütəxəssisləri dünya əhalisini peyvənddə kütləvi şəkildə iştirak etməyə çağırırlar. Eyni zamanda, əksər mütəxəssislər qeyd edirlər ki, indi  “peyvəndlənən əhalinin sayı  nə qədər çox olarsa, pandemiya bir o qədər tez bitəcək” fərziyyəsi  təsdiqini tapmır.

Yeri gəlmişkən, hazırda dünyada əhalinin  vaksinasiyaya cəlb olunmasında öndə olan ölkələrin ilk onluğu belədir: Butan, İsrail, BƏƏ, Böyük Britaniya, ABŞ, Çili, Bəhreyn, Macarıstan, Uruqvay, Kanada.  Bununla yanaşı vaksinasiyada lider ölkələrin hər birində koronavirusdan yoluxma və ölüm dinamikası son dərəcə mübahisəlidir.

Belə ki, İsrail və İngiltərədə həqiqətən yoluxma və ölüm sayında kəskin azalma var. Ancaq bu ölkələrdə həm də  koronavirusa yoluxma halının kifayət qədər yüksək olduğu  məlumdur. ABŞ-da gündəlik yoluxma səviyyəsi keçən ilin sentyabr ayı ilə eynidir (40-50 min). Bu, peyvədləmənin yavaş getdiyi Rusiydan 4,5-5 dəfə çoxdur.  Macarıstan ümumiyyətlə koronavirüsdan ölümə görə dünyada (1 milyon nəfər əhaliyə 2799 ölüm) ilk yerdədir. Üstəlik, bu ölkədə gündəlik ölüm sayında rekordlar məhz aprel ayında, məhz kütləvi vaksinasiya dövründə baş verib.

Dünya Səhiyyə Təşkilatının Baş direktoru  Tedros Adanom Qhebreyesus, bu ilin aprel ayında koronavirusa qarşı dörd aylıq kütləvi peyvəndləmə  fonunda, dünyada yoluxmanın doqquzuncu həftə,  ölüm hallarının isə altıncı həftədir ardıcıl artdığını deyib. Bununla yanaşı  pandemiya başlayandan bəri planetdə aşkar olunan koronavirus hallarının sayı  20 milyona, yəni 2%-ə çatmayıb. Rəsmi məlumatlara görə, dünya əhalisinin 98%-i indiyə qədər bəşəriyyətin "əsas" xəstəliyinə düçar olmayıb.  Üstəlik, ümumi yoluxma sayına görə  ilk yerdə olan ABŞ-da belə  xəstəliyi keçirənlər 10 %-dən  azdır.

Bununla belə, vaksinin faydaları danılmazdır. Peyvənd bir infeksiyanı simulyasiya edərək immuniteti artırır. Bu növ infeksiya xəstəlik yaratmır, ancaq immunitet sistemini bədənin həqiqi virusla daha uğurlu mübarizə apara biləcəyi T-limfositlər və anticismlər  istehsalına təşviq edir.

Mütəxəssislər peyvəndlərin dərhal effekt verməməsi  fikri ilə razılaşırlar, eyni zamanda xəstəliyin yayılmasının qarşısını almaq və pandemiyanın müddətini qısaltmaq üçün lazımlı olduğunu təkid edirlər.

Qeyd edilənlər fonunda Sergey  Xudievin  baxış bucağı mənəvi cəhətdən diqqət çəkəndir. Çünki  “öldürməyin” əmri, xristianlıqla yanaşı, dünyanın bütün əsas dinlərinin təməl prinsiplərindən biridir. Yəni, bir insan, koronavirusa qarşı peyvənddən imtina edərək, yaxınları və ətrafındakılar da daxil olmaqla hər kəsin  həyatı üçün təhlükə törədir və bununla da elementar olaraq insanlığa qarşı çıxmış olur.

Saxta.info  bu qənaətə gəlib ki,  Sergey Xudievin açıqlaması sadalananlar fonunda  əsaslıdır.