"Ümumiyyətlə ölkədən çıxarılan məhsullara gömrük rüsumu almaq nə deməkdir, bu nəyə görədi,  harda yazılıb?"  Bunu azərbaycanlı siyasətçi, Ağ Partiyasının sədri  Tural Abbaslı  Reaksiya TV-nin efirində deyib.  

Saxta.info siyasətçinin bu sualının əsaslı olub-olmadığını dəqiqləşdirib.

Gömrük rüsumunun tətbiqi Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu, həmçinin Nazirlər Kabinetinin bir sıra qərarları ilə reallaşdırılır.

Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 218-ci maddəsinin (Gömrük tarifi)  218.1-ci hissəsinin tələbinə əsasən  malların idxalı və ixracı üzrə gömrük rüsumları gömrük tarifinə əsaslanır.  Qanunun 219-cu maddəsində  (Malların tarif təsnifatı) qeyd edilir ki,  malların tarif təsnifatı gömrük rüsumları, vergilər, malların idxalı və ixracı üzrə qadağalar və məhdudiyyətlər barədə məlumat toplusundan ibarətdir.  Gömrük orqanları gömrük rüsumlarının və qanunvericilikdə nəzərdə tutulmuş vergilərin tətbiqində malların tarif təsnifatından istifadə edirlər.

“Gömrük tarifi haqqında” Qanunun 2-ci maddəsində  gömrük tarifinin əsas məqsədləri  müəyyənləşdirilib.

Bura  

  1. İdxalın əmtəə strukturunu tənzimləmək;
  2. Malların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin və bu ərazidən aparılmasının, habelə valyuta gəlirlərinin və xərclərinin əlverişli nisbətini təmin etmək;  
  3. Azərbaycan Respublikasında malların istehsal və istehlak strukturunda mütərəqqi dəyişikliklər üçün şərait yaratmaq;  
  4. Azərbaycan Respublikasının iqtisadiyyatını xarici rəqabətin mənfi təsirindən qorumaq;  
  5. Azərbaycan Respublikasının iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasına şərait yaratmaq

kimi şərtlər daxildir.

Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 225-ci maddəsinə (Gömrük rüsumları) əsasən  gömrük rüsumları bəyan edilən malların yerləşdirilməsi üçün seçilmiş gömrük prosedurunun tələbləri əsasında, normativ hüquqi aktlara uyğun olaraq tətbiq olunur.

“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin  (Əsas anlayışlar)  1.1.2-ci bəndinə əsasən gömrük rüsumları - malların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması zamanı gömrük orqanları tərəfindən alınan gömrük ödənişlərinin bir növüdür.

Qanunun 3-cü maddəsinə (Gömrük rüsumları və onların dərəcələrinin müəyyən edilməsi qaydaları) əsasən  Azərbaycanda idxal gömrük rüsumları və bəzi mallara ixrac gömrük rüsumları tətbiq edilir. 

4-cü maddəyə (Gömrük rüsumu dərəcələrinin növləri) əsasən  Azərbaycanda  gömrük rüsumu dərəcələrinin  advalor - malların gömrük dəyərinə nisbətən faizlə hesablanan;  spesifik -  mal vahidinə görə müəyyən olunmuş məbləğlə hesablanan; kombinə edilmiş -  yuxarıda göstərilən hər iki növün birləşdirilməsi yolu ilə hesablanan növləri tətbiq edilir.  

Bundan başqa  qanunun 5-ci maddəsi  mövsümi rüsumlar tətbiq etməyə  imkan verir.  Belə olan halda gömrük tarifində nəzərdə tutulmuş gömrük rüsumu dərəcələri tətbiq edilmir. Mövsümi rüsumların qüvvədə olduğu müddət bir ildə 6 (altı) aydan çox ola bilməz.

Qanunda  həmçinin  Azərbaycanın iqtisadi maraqlarını qorumaq məqsədilə Azərbaycan Respublikasının gömrük ərazisinə idxal edilən mallara müvəqqəti olaraq gömrük rüsumlarının  xüsusi, antidempinq rüsumları və  kompensasiya növləri də əksini tapıb.

Konkret olaraq ixrac olunan məhsullara görə tətbiq olunan gömrük rüsumuna  gəlincə,  Azərbaycanda bütün məhsullar deyil,  yalnız xüsusi məhsullar  ixrac rüsumuna cəlb edilir.  Bu, Nazirlər Kabinetinin  “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında   17 noyabr  2017-ci ildə  verilən 500 saylı qərarı ilə  tənzimlənir. 

Məsələn,  Azərbaycanda yüngül sənayenin inkişafı məqsədilə 2016-cı il noyabr ayının 8-də  dəri ixracı yüksək gömrük rüsumuna cəlb olunub.  Nazirlər Kabinetinin “Azərbaycanda ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarına edilən dəyişikliyə 1000 kq dəri üçün 150-500 dollar arasında ixrac gömrük rüsumu tətbiq edilib.  2021-ci ilin aprel ayında Nazirlər Kabineti  ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edib. Beləliklə, dəri məhsullarının  (təbii xəzdən başqa)  hər tonu üçün ixrac gömrük rüsumu müvafiq olaraq 500 dollardan 150  dollara və 150 dollardan 50 dollara endirilib.

Bundan başqa, 2021-ci ilin fevral ayında  Azərbaycandan ixrac olunan buğdanın 1000 kiloqramına 200 ABŞ dolları gömrük rüsumu tətbiq olunub. Rüsum  2 aydan bir qədər artıq  müddətdə qüvvədə olub və  may ayının 1-dən etibarən ləğv edilib.

Qeyd edilənlərə əsasən  Azərbaycanda  ixrac olunan bir sıra məhsullardan rüsum tutulduğunu deyə bilərik.  Və bu qanunvericilk aktları, həmçinin Nazirlər Kabinetinin qərarlarına əsasən tətbiq edilir.

Saxta.info bu qənaətə gəlib ki, Ağ Partiyasının sədri Tural Abbaslının  sualı əsaslı deyil.