"Ötən iclasda dövlət qulluğuna qəbulun sadəcə müsahibə ilə keçirilməsini təklif etdim. Qanun layihəsini təqdim edən deputat həmkarım Kamal Cəfərov də inkişaf etmiş ölkələrin çoxunda dövlət qulluğuna qəbulun təkcə müsahibə yolu ilə olduğunu qeyd etdi. Dolayısıyla mənim dediklərimi təsdiqlədi”. Bu barədə azərbaycanlı millət vəkili Qüdrət Həsənquliyev parlamentin iclasında deyib.

Saxta.info millət vəkilinin bu fikrinin əsaslı olub-olmadığını yoxlayıb.

Azərbaycanda dövlət qulluğuna qəbul  21 iyul  2000-ci ildə  təsdiqlənən “Dövlət qulluğu haqqında”  Azərbaycan Respublikasının Qanunu, həmçinin   24 iyun 2009-cu ildə qəbul olunan “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”na əsasən aparılır.

Müsabiqə iki mərhələdən ibarətdir - test imtahanı və müsahibə (söhbət).  Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən dövlət orqanlarında  vakansiyalar üçün müsabiqə Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən elan edilir.  Qəbul qaydalarına əsasən test imtahanlarından uğurla keçən şəxslər 10 iş günü ərzində sənədlərini Komissiyaya təqdim etməlidirlər. Müsahibə isə sənəd qəbulu başa çatdıqdan sonra 30 gün ərzində aparılır.

Bundan əlavə prosedura uyğun olaraq test imtahanından və müsahibədən uğurla keçən namizədlər 5 iş günü ərzində vakant vəzifəyə təyin olunmaq üçün müvafiq dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunan namizədlərdən birini seçərək onu bir il müddətinə təcrübəçi kimi işə götürə və boş bir vəzifəyə təyin edə bilər.

İnkişaf etmiş ölkələrin əksəriyyətində dövlət qulluğuna qəbulun  yalnız müsahibə yolu ilə həyata keçirilməsinə dair geniş yayılan rəy isə həqiqətdən uzaqdır.

Məsələn, İngiltərədə dövlət vəzifəsinə namizəd seçimi üç mərhələdə aparılır. Dövlət idarəsinə müraciət edən şəxs əvvəlcə verilmiş  mövzuda  hesabat yazmalı, sonra ilk iki mərhələnin məcmu nəticələri nəzərə alınmaqla test və müsahibələrdən, son mərhələdə isə  müsahibədən keçməlidir. Üçüncü mərhələnin nəticələrinə görə, namizəd boş  vəzifəyə təyin edilir və ya kadr  ehtiyatına yazılır.

Fransada dövlət qulluğuna qəbul  namizədlərin kateqoriyalarına görə aparılır. Kateqoriyalar belədir:  xidmətə yeni gələnlər,  xidmətdə yüksələnlər, seçim meyarlarına cavab verən istənilən şəxs.  Hər kateqoriya üzrə müsabiqədə  iştirakçıların ümumi mədəniyyətini və peşə səviyyəsini yoxlayan şifahi və yazılı imtahanlar keçirilir.

Almaniya Federativ Respublikasının qanunvericiliyi dövlət qulluğuna qəbul prosedurunu kifayət qədər ətraflı tənzimləyir. İddiaçılar vakant vəzifənin  mövcudluğu barədə xüsusi çap olunmuş bildiriş vasitəsilə müəyyənləşdirilir. Onların seçimi uyğunluq, faydalılıq  və peşə müvəffəqiyyətinə uyğun olaraq aparılır.

İşçilərin vəzifəyə təyinatı dövlət qulluğuna uyğun olduqları təsdiq edildikdən sonra həyata keçirilir. Əgər işçinin yaşı 32-dən azdırsa vəzifəyə yalnız sınaq müddəti uğurla keçdikdən sonra təyin edilə bilər. Təyinat zamanı yalnız ilkin vəzifəyə icazə verilir.

ABŞ-da dövlət vəzifəsinə qəbul proseduru olduqca mürəkkəbdir. Bura ərizə qəbulu, namizədin fərdi məlumatlarının araşdırılması, imtahan və müsahibə aparılması, ərizəçinin işgüzar və peşəkar keyfiyyətlərinin yoxlanılması həmçinin etibarlılığı daxildir. İmtahan tələbləri Dövlət Qulluğu İdarəsi ilə razılaşdırılır. Bundan başqa bir ildən çox olmayan məcburi sınaq müddəti də var. Bu müddətdən müvəffəqiyyətlə keçən namizəd dövlət strukturuna qəbul olunur.

Postsovet məkanına gəldikdə, beynəlxalq maliyyə qurumlarının və mütəxəssislərin fikrincə  ən diqqətçəkən Qazaxıstan Respublikasının inzibati sistemidir.   Dünya Bankı MDB ölkələrinə məhz Qazaxıstanın Dövlət Qulluğu Qanunundan nümunə kimi istifadə etməyi  məsləhət görüb.  Qazaxıstanda  elektron hökumət portalında dövlət orqanlarına işə qəbulla bağlı  bütün mərhələlər və dövlət qulluqçuları üçün  qoyulan tələblər dərc edilib.

İnzibati dövlət vəzifəsinin tutulması rəqabət əsasında həyata keçirilir. Müsabiqə elan  dərc edildikdən sonra vakant vəzifələri olan dövlət orqanı tərəfindən aparılır və 3 mərhələni əhatə edir:

1) vakansiya elan edən müvafiq dövlət orqanlarının seçim komissiyası tərəfindən müsabiqə iştirakçılarının sənədlərinin qəbulu və ilkin baxışı;

2) səlahiyyətli orqan tərəfindən namizədlərin sınağı;

3) müsabiqə komissiyası tərəfindən namizədlərlə müsahibə.

Bu arada, qonşu Gürcüstanda dövlət (ictimai) qulluğuna qəbul müsahibədən daha mürəkkəb prosedur əsasında həyata keçirilir. Gürcüstanın “Dövlət xidməti haqqında” Qanunu  namizədlərin qiymətləndirmə, məsələn, yazılı və ya şifahi tapşırıq (imtahan), habelə müsahibə mərhələlərini əhatə edir.

Saxta.info bu qənaətə gəlib ki,  Qüdrət Həsənquliyevin dövlət qulluğuna qəbul üçün namizədlərin qiymətləndirilməsi metodları ilə bağlı fikri əsasən yanlışdır.