“Fermerlərin əhəmiyyətli hissəsi subsidiya ala bilmir, çünki aidiyyatı nazirliklər bunun üçün torpaq analizinin nəticələrini tələb edir”. Bu açıqlama ilə milət vəkili  Əli Məsimli  Milli Məclisin iclasında çıxış edib. Millət vəkili hesab edir ki,  bu,   fermerlərə subsidiya verilməməsi üçün bəhanədir.

Saxta.info  millət vəkilinin açıqlamasının əsaslı olub-olmadığını araşdırb.

Əvvəlcə qeyd edək ki, 2020-ci il yanvar ayının 1-dən etibarən Azərbaycanda kənd təsərrüfatına subsidiya verilməsinin yeni mexanizmi tətbiq olunub. Belə ki,   Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS)  qurulub. Bu sistemə aid olan “kənd təsərrüfatı subyektlərinin qeydiyyatı” altsistemi vasitəsilə fermerlərin, təchizatçıların və tədarükçülərin, habelə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən digər subyektlərin qeydiyyatının aparılması, onların fəaliyyəti üzrə tələb olunan məlumatların və sənədlərin daxil edilməsi, torpaq sahələrinin xəritəsinin tərtibi nəzərdə tutulub.

Beləliklə, ötən ilin  yanvarın 1-dən etibarən subsidiya almaq istəyən hər bir fermer  sözügedən sistemdə  qeydiyyatdan keçməli, müvafiq məlumatları subsidiya alt sisteminə daxil etməlidir.

Torpağın aqrokimyəvi analizinə gəldikdə, bu prosedur  fermerlərə subsidiyaların verilməsinin ilkin şərti olaraq  Aqrar Subsidiya Şurasının qərarı  ilə  tətbiq edilib.  Bu ildən etibarən  aqrokimyəvi analiz tələbi  10 hektar və daha çox sahəsi olan  torpaq istifadəçilərinə şamil olunur.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə,  ərazilərdən götürülmüş nümunələr nazirliyin regional aqrokimya laboratoriyalarında yoxlanılır. Torpaq analizinin nəticələri monitorinqin nəticələri ilə birlikdə elektron kənd təsərrüfatı informasiya sisteminə daxil edildikdən sonra subsidiyalar ödənilir. Qurumdan verilən məlumata görə, 10 hektardan çox torpaq sahəsi olan fermerlərin siyahısı artıq bölgələrə göndərilib.

Baza analiz paketinə torpağın pH-ı, duzluluq (EC), mütəhərrik fosfor (P2O5), mənimsənilən kalium (K2O) və ümumi azot (N) daxildir. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Regional Aqrokimya Laboratoriyalarında baza analizlər daxil olan paketin bir nümunə üçün qiyməti 28 manat təşkil edir. Analiz üçün əkin sahələrindən hər 5 ha-dan bir nümunə götürülməsi tövsiyə olunur.

Torpağın aqrokimyəvi analizi üçün təyin olunan bu tarif  fermerlər üçün sərfəlidir. Çünki  yaz əkini üçün subsidiyaların baza ölçüsü (nəticəsindən asılı olmayaraq) əkin sahələrinin hər hektarı üçün 200 manat təşkil edir.  Yay (təkrar) əkini üçün isə fermerlər hər hektar üçün 60 manat alırlar.

Həmçinin  2021-ci ildə  6 növ meyvə bitkisi üzrə yeni intensiv bağların salınması üçün xərcləri qismən kompensasiya etmək məqsədilə birdəfəlik əkin subsidiyası verilməsi nəzərdə tutulub.  Birdəfəlik subsidiya 2021-ci ildə salınacaq bir hektar limon bağı üçün 11 min,  1 hektar portağal, naringi bağı üçün 9 min, deqradasiyaya uğramış və bonitet balı aşağı olan torpaq sahələrində salınacaq nar bağlarının bir  hektarlna görə  5 min,  bir hektar zeytun bağı üçün 4 min 900,  boş olan Meşə Fondu torpaqlarında, dağlıq və dağətəyi ərazilərdə salınan fındıq bağlarının hər hektarına isə  4400 manat ayrılacaq.

Yeri gəlmişkən,  hər bir fermer   aqrokimyəvi analiz üçün  torpağı  özü laboratoriyalara təqdim edə bilər.  Bu məqsədlə “aqrokimyəvi analizlərin aparılması üçün nümunələrin götürülmə təlimatı” hazırlanıb.  Bu təlimata əməl etmək şərtilə  fermerlər  torpaq nümunələrini özləri  respublikanın 11 bölgəsində (Abşeron, Şamaxı, Göygöl, Sabirabad, Quba, Tovuz, Şəki, Lənkaran, Səlyan, Ucar və Bərdə)  qurulan Regional Aqrokimyəvi Laboratoriyalara və ya regionlarda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzlərində təşkil olunmuş qəbul şöbələrinə təqdim edə bilərlər.

Azərbaycanda əkin sahələrinə göstərilən bu diqqət təsadüfi deyil. Azərbaycan Prezidenti İlham Əliyev  Nazirlər Kabinetinin iclasında bu məsələyə toxunub. Prezident bildirib ki,  iqlimdə mənfi dəyişikliklər Azərbaycana da aiddir. “Bəzi ekspertlərin rəyinə görə, əgər bu gün Azərbaycanda zəruri addımlar atılmazsa, 2030-cu ilə qədər bəzi rayonlarda səhralaşma baş verə bilər”.

Təsadüfi deyil ki,  Qlobal Ekoloji Fond (QEF)  BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanda deqradasiyaya uğramış torpaqların və bioloji müxtəlifliyin bərpası üzrə layihəsinin dəstəklənməsi ilə bağlı qərar qəbul edib. Təşkilatdan bildirilib ki, layihə torpaqların deqradasiyasının neytrallaşdırılması, həmçinin Abşeron yarımadasında deqradasiyaya uğramış torpaqların bərpasına kömək məqsədilə pilot layihələrin işlənib hazırlanması və həyata keçirilməsi istiqamətlərini əhatə edir.  Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirilən layihənin dəyəri 19 milyon 31,781 min dollar təşkil edir. Bunun 2 milyon 91,781 mini QEF-in qrantı, 198,719 min dolları isə   Fondun müxtəlif agentliklərinin vəsaitləridir.

Bu arada, əkin ərazilərinin vəziyyətinin müəyyənləşdirilməsi və qorunması, bərpası və genişləndirilməsi beynəlxalq birliyin, xüsusilə Birləşmiş Millətlər Təşkilatının prioritetlərindən biridir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə,  planetdə torpaq qatının 33% -i  deqradasiyaya uğrayıb.  Münbit torpaq qatı cəmi 60 il davam edə bilər. Hesablamalara görə, 2-3 sm münbit qatın əmələ gəlməsi üçün 1000 ilə qədər vaxt lazımdır. Bu problemləri önləmək üçün  2017-ci ilin noyabrında 368 ixtisaslaşmış laboratoriyadan ibarət qlobal torpaq laboratoriyası şəbəkəsi (The Global Soil Laboratory Network)  yaradılıb. Şəbəkə bu müəssisələrin torpaq analizi ilə bağlı işlərini koordinasiya edir, həmçinin təcrübə mübadiləsinə  şərait yaradır.

Qeyd edilənlər göstərir ki,  ilk növbədə torpağın aqrokimyəvi analizi ilk növbədə Azərbaycan fermerlərinin müəyyən bir hissəsinə şamil olunur. Bundan başqa  torpağın aqrokimyəvi analizi  maddi baxımdan ağır deyil, həmçinin  ölkənin müxtəlif yerlərində bu prosedur üçün şərait yaradılıb.  Digər tərəfdən torpağı deqradasiyadan qorumaq üçün onun öyrənilməsinə ehtiyac təkcə Azərbaycan üçün deyil, qlobal xarakter daşıyır.

Saxta.info bu qənaətə gəlib ki,  millət vəkili Əli Məsimlinin açıqlaması reallığı əks etdirmir.