“Qiymət artımı sərnişin və yük daşımalarında gediş haqlarına əhəmiyyətli təsir etməsə də istehlakçıların xərclərini yüksəldəcək.  Amma bu o demək deyil ki, ictimai nəqliyyatda qiymətlər olduğu kimi qalacaq”.  Bu sözləri  Demokratiya və Rifah Hərəkatının sədri,  iqtisadçı Qubad İbadoğlu Azərbaycanda “Aİ-95”  və  “Aİ -98”  markalı  benzinin bahalaşmasını şərh edərkən  deyib.  İqtisadçı iddia edib ki, böyük ehtimalla gələn aydan növbəti qiymət artımı nəqliyyat və kommunal sektorlarda olacaq.

Saxta.info iqtisadçının nəqliyyat və kommunal sektorlarda qiymət artımına dair iddiasının əsaslı olub-olmadığını dəqiqləşdirib.

Xatırladaq ki,  iyun ayının 2-dən  Azərbaycanda bəzi benzin növlərinin qiyməti artıb.  “Aİ-95” premium markalı benzinin qiyməti 1 manat 25 qəpikdən 1 manat 40 qəpiyə, Aİ-98-in (super) qiyməti  1 manat 40 qəpikdən  1 manat 55 qəpiyə qaldırılıb. SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov “APA-Economics” internet nəşrinə bildirib ki,  “Aİ-95” və “Aİ-98”in qiymətinin artımı dünya bazarında neftin və neft məhsullarının bahalaşması ilə əlaqədardır. Hər iki benzin növü Azərbaycana idxal olunduğundan qiyməti də beynəlxalq bazarda olan qiymətlərdən asılıdır.  “Dünyada neftin və neft məhsullarının qiyməti artdıqca, bu benzin növlərinin də Azərbaycanda qiyməti artır, azaldıqca – azalır” deyə İ.Əhmədov qeyd edib.  

Qeyd edək ki,  2020-ci ildə bu benzin növlərinin qiymətində artıb-azalma olub.  Məsələn,  ötən ilin mart ayında  “Aİ-95” markalı benzinin qiyməti 1 manat 50 qəpikdən 1 manat 20 qəpiyə, may ayının əvvəlində isə  daha 10 qəpik ucuzlaşaraq  1 manat 10  qəpiyə  düşüb.  1 manat 60 qəpiyə  satılan  “Aİ-98” markalı benzinin  qiyməti isə 20 qəpik  ucuzlaşaraq 1 manat 40 qəpik olub.  Beləliklə,   “Aİ-95”  26 %,  “Aİ -98”  12,5 %  ucuzlaşıb.

Həmin ərəfədə oxşar proses dünya neft bazarında da yaşanıb.  Belə ki,  2020-ci ilin əvvəlində Brent markalı neftin qiyməti 69 dollar olub.  Sonrakı aylarda   neftin qiymətində azalma qeydə alınaraq,  hətta mart ayında 22 dollara, aprelin 21-də 19,33 dollara düşüb. İlboyu Brent markalı neftin qiyməti 30-40 dollar ətrafında dəyişib. WTI markalı neftin qiyməti  yanvar-aprel aylarında   51,56 dollardan  18,84 dollara qədər azalıb.  İl  ərzində  qiymət 40 dollar ətrafında  dəyişib. 

2021-ci ilin əvvəlindən neftin qiymətində artım başlayıb və müşahidə göstərir ki, bu, intensiv xarakter daşıyıb. Belə ki,  yanvar ayının əvvəlində  Brent markalı neftin qiyməti 50 dolları ötüb.  Fevral, mart, aprel aylarında 1 barrelin qiyməti  60 dollardan yuxarı olub.  May ayında qiymət 70 dollara yaxınlaşıb, son günlərdə isə 70 dolları ötüb.  WTI markalı neftin qiyməti də  ilin əvvəlində qeydə alınan 52 dollardan 69,15 dollara qədər artıb.

Müqayisə göstərir ki, dünya neft bazarında baş verən ucuzlaşma və bahalaşma Azərbaycana idxal  olunan  “Aİ-95”  və  “Aİ -98”  markalı  benzinin   qiymətində  özünü göstərir.

“Aİ-95”  və  “Aİ -98”-in  bahalaşmasından  sonra  kommunal sektorda və  ictimai nəqliyyatda qiymət artımı ehtimalına gəlincə, əslində iqtisadçı Qubad  İbadoğlu  özü də konkret fikir bildirməkdən yayınıb,  bu fikri ehtimal kimi irəli sürüb. 

Maraqlıdır, bəs benzinin bahalaşması ilə əlaqəli kommunal sektorda, yaxud ictimai nəqliyyatda qiymət artımını proqnozlaşdırmaq üçün əsas varmı?  Apardığımız araşdırma göstərir ki,  sözügedən benzin markalarının qiymətində qalxıb-enmələr  kommunal xidmət və ictimai nəqliyyatda özünü biruzə verməyib.

Məsələn,  Azərbaycanda təbii qazın qiyməti (əhali qrupu üzrə) uzun illərdir  ki, illik istehlak həcminin 2200 m3-dək  olan hissəsi üçün  bir kub metrə görə 10 qəpikdir.  2016-cı ilin dekabrında qeyri-əhali qrupu üçün  bir kub metrə görə  qiymət  20 qəpiyə qaldırılsa da əhali qrupu üçün 10 qəpik saxlanılıb. 

Elektrik enerjisinin qiyməti 5 il əvvəl,  2016-cı il 14 iyul tarixində artırılıb.  Tarif (qiymət) Şurasının qərarı ilə elektrik  enerjisinin pərakəndə satış tarifi 7 qəpik müəyyən edilib (bundan əvvəl elektrik enerjisinin pərakəndə satış tarifi 6 qəpik olub. Sonuncu dəfə elektrik enerjisinin tarifi 2007-ci ilin yanvar ayında dəyişdirilib).  

İçməli suyun tarifləri  isə  4 ay əvvəl,  2021-ci il fevralın 1-dən artırılıb.  Tarif Şurasının qərarı ilə  Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda  bir kub metr su üçün 70 qəpik, digər rayonlar üzrə 60 qəpik məbləğ təsdiqlənib.  Bundan əvvəl  suyun tarifləri Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda bir kub metr üçün   35 qəpik, digər rayonlarda 30 qəpik olub.

İctimai nəqliyyata gəlincə, bu sektorda  gediş haqqı 2018-ci ilin avqust ayında qaldırılıb. Tarif Şurasının qərarı ilə şəhərdaxili marşrutlarda məsafədən asılı olmayaraq 30 qəpik,  şəhərətrafı və qəsəbələrarası marşrutlarda məsafədən asılı olaraq 30-90 qəpik arasında müəyyən edilib.  O cümlədən metroda da  gediş haqqı  30 qəpiyə qaldırılıb. Müntəzəm şəhərlərarası avtobus marşrutlarında   sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 2,4 qəpik təsdiq edilib.

Digər tərəfdən  sərnişin avtobuslarında  “Aİ-95”  və  “Aİ -98” markalı benzindən istifadə edilmədiyi məlumdur.  Üstəlik  sərnişin avtobuslarının böyük əksəriyyəti  qaz və dizel yanacağı  ilə işləyir.  Məsələn, Bakıda hər gün 170 marşrut xəttinə 2 mindən çox avtobus buraxılır. Bunlardan “Bakubus”  şirkətinə məxsus 600 avtobus sıxılmış qazla, qalanları isə dizellə işləyir. 

Bundan əlavə  aparılan hesablamalara görə, ölkə üzrə  mövcud olan  1 milyon  450 mindən  çox avtomobilin  təqribən  10-12 %-də  “Aİ-95” markalı  benzindən istifadə olunur.  Digər avtomobillərin əsas yanacaq növü  dizel və  Aİ-92  markalı benzindir.  Bu  yanacaqların qiyməti yanvar ayının 4-də qəbul olunan -   bir litr üçün 80 qəpik və 1 manat  səvəyyəsində saxlanılıb.   İqtisadçılar hesab edirlər ki,  nəqliyyat vasitələrinin böyük hissəsində “Aİ-92”  və dizel yanacağından istifadə edildiyindən “Aİ-95”  və  “Aİ -98” markalı benzin növlərinin bahalaşması digər sahələrə ciddi təsir etməyəcək.

Sadalanan detallar göstərir ki, “Aİ-95” və “Aİ-98” markalı benzinin bahalaşmasının konkret olaraq kommunal və ictimai nəqliyyat sektorlarına təsiri müzakirə mövzusu ola bilməz. Çünki indiyə qədər bu benzin növlərinin bahalaşmasının ardınca sözügedən sektorlarda qiymət dəyişikliyi qeydə alınmayıb.  Kommunal və ictimai nəqliyyat sektorlarında qiymət artımı digər səbəblərlə əsaslandırılıb. Xüsusilə xidmət səviyyəsinin artırılması üçün  qoyulan investisiyalar, müasir avadanlıqlarla təminat  məsələləri önə çəkilib.

Saxta.info bu qənaətə gəlib ki, iqtisadçı Qubad İbadoğlunun nəqliyyat və kommunal sektorlarda qiymət artımı olacağına dair irəli sürdüyü ehtimal  faktlarla manipulyasiya cəhdidir.