“Pandemiya nəticəsində kredit tarixçələri pisləşən vətəndaşların adları “qara siyahıya” salınmamalıdır.  Belə bir təkliflə iqtisadçı, millət vəkili Vüqar Bayramov  çıxış edib.  O  əlavə edib ki, banklar pandemiya səbəbindən ödənişi gecikdirənlərin kredit tarixçəsini  pisləşdirməməlidir.

Saxta.info iqtisadçının bu təklifinin əsaslı  olub-olmadığını yoxlayıb.

Öncə qeyd edək ki, Mərkəzi Bank  pandemiya səbəbindən bank sektorunda tətbiq olunan bir sıra requlyativ dəstək tədbirlərinin tətbiqini bu il iyulun 1-dək uzadıb.   Bura kredit öhdəliklərinin gecikdirilməsi halında əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması və borcludan tutulmaması kimi tədbirlər daxildir.  Bir sözlə Mərkəzi Bank  pandemiya səbəbindən gecikmələr  olduğu halda müştərinin kredit tarixçəsinin pisləşdirilməməsini tövsiyə edib. 

Qeyd edək ki, tədbirlər paketinə əhalinin, iqtisadiyyatın və bank sektorunun dəstəklənməsi, bir sıra iqtisadi subyektlərin ödəniş xidmətləri üzrə xərclərinin azaldılması, sığorta xidmətlərinin fasiləsizliyinin təmin edilməsi və pandemiyanın kapital bazarı iştirakçılarına mənfi təsirinin azaldılması daxildir.  Bu tədbirlər çərçivəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslərin dəstəklənməsi istiqamətində İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditlərinin restrukturizasiyası davam etdiriləcək. 1 mart 2020-ci il tarixinədək verilmiş kreditlərin keyfiyyəti pisləşdirilməyəcək, pandemiya ilə əlaqədar gecikmə ilə bağlı məlumatlar 2021-ci il aprelin 1-dək kredit bürosuna kredit tarixçəsi pisləşdirilmədən xüsusi qeydlə təqdim olunacaq.

Qeyd etmək lazımdır ki,  bu tədbirlər  Azərbaycan Prezidentinin  Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncamı çərçivəsində reallaşdırılır. Sözügedən sənədə əsasən  koronavirus pandemiyasının  mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bir  milyard manat ayrılması nəzərdə tutulub.

Ümumiyyətlə Azərbaycan hökuməti 2020-2021-ci illərdə sahibkarlara ümumilikdə 1 milyard manat məbləğində kreditlər üzrə subsidiyaların ödənilməsinə 100 milyon manat yönəltməyi planlaşdırır. 2021-ci ildə subsidiyaların ödənilməsinə 80 milyon manat yönəldiləcək.

Onu da xatırladaq ki,  Azərbaycan Prezidenti  bu ilin fevral ayında ““Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb.  Sənəddə növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimi 5  Milli Prioritetin  reallaşdırılması planlaşdırılıb.

Bu mənada borcluların müsbət kredit tarixçəsinin qorunması dövlət siyasətinin bariz nəticəsidir, çünki bu istiqamətdə pisləşmə ölkədə sahibkarlığın inkişafına, iqtisadiyyata və yaşayış səviyyəsinə mənfi təsir göstərə bilər.

Bu arada, müştərinin müsbət kredit tarixçəsinin qorunması praktikası yalnız Azərbaycanda mövcud deyil.

Məslən,  Rusiya Mərkəzi Bankı  banklardan və mikromaliyyə təşkilatlarından  götürülmüş kreditlərin koronavirus səbəbiylə qaytarılmasında yaranan gecikməyə görə müştərilərin kredit tarixçələrini pisləşdirməməyi tövsiyə edib.  Mərkəzi Bank kredit bürosuna  öz bal qiymətləndirmələrində  borcların restrukturizasiyası  faktını müvəqqəti nəzərə almamağı tövsiyə edib.  Məqsəd borcalanların kredit tarixçəsinin pisləşməməsidir.

Bununla yanaşı  Rusiya Prezidenti Vladimir Putin gəlirlərinin azalması, iş itkisi və xəstəliyə görə məzuniyyətlə əlaqədar bütün əhali üçün kredit tətillərinin uzadılmasını təklif edib.  Bu,  həm ipoteka, həm də istehlak kreditlərinə şamil olunacaq.  Artıq Rusiyada böyük banklar çətin vəziyyətdə olan müştərilərin müraciətlərinə fərdi baxılacağına dair söz veriblər. Bunların arasında Sberbank, VTB, Alfa-Bank, Qazprombank, Rosselxozbank, Promsvyazbank, MKB və digərləri var.

ABŞ-da  hökumət eyni anda bir neçə proqram qəbul eib.  Proqraamlar bütün növ kreditləri  - tələbə kreditlərindən istehlak kreditlərinə (kredit kartları daxil olmaqla), ipotekadan avtomobil kreditlərinə qədər bütün ödənişlərdə güzəştləri əhatə edir. Məsələn, US Bank  öz  proqramında  ipoteka krediti üzrə   180 gün güzəşt  təqdim edib.

Citibank   müştərilərinə ipoteka ödəmələri üçün 90 günlük,  kredit komisyonları üçün  iki aya qədər güzəşt təqdim edib. Güzəşt proqramına tələbə və ipoteka kreditlərinin təxirə salınması da daxildir. Wells Fargo isə ipoteka ödəmələri üçün üç aylıq güzəşt dövrü təklif edib.  Digər ödəmə şərtləri isə müştəri ilə ayrıca müzakirə olunur.

Almaniyada borcalan pandemiya səbəbindən gəlirlərində əhəmiyyətli  azalma olduğuna dair hərtərəfli bir sübut təqdim edərsə,  üç aya qədər güzəşt təqdim oliunur. İtaliyada və İspaniyada ipoteka borcalanları üçün bir neçə həftədən bir neçə aya qədər güzəşt nəzərdə tutulur. İngiltərədə pandemiya və karantin səbəbindən maddi vəziyyəti  nəzərəçarpacaq dərəcədə pisləşən müştərilərə  istehlak kreditlərinin ödənişi üçün üç aya qədər güzəşt  verilir.

Mütəxəssislərin fikrincə, kreditlərə olan tələbi sabit saxlamaq üçün mövcud bank mexanizmləri effektlidir.  Bunlardan ən geniş yayılanı borcların restrukturizasiyası, yəni kreditin müddətini və cədvəlini dəyişdirmək, güzəşt dövrü verməkdir.  Bu, Azərbaycan da daxil olmaqla bütün ölkələrdə bankların istifadə etdiyi ən vacib alətdir.

Beləliklə, millət vəkili Vüqar Bayramovun problemli kredit sahiblərinin müsbət kredit tarixçəsinin qorunması ilə bağlı təklifinin pandemiyanın fors-major şərtləri nəzərə alınmadan klassik bank siyasəti ilə ziddiyyət təşkil etdiyini görürük.  Buna baxmayaraq, koronavirus səbəbindən bir çox ölkədə bankların, o cümlədən ABŞ və Avropanın aparıcı maliyyə qurumlarının kiçik və orta sahibkarlığın zəifləməməsi üşün əmiyyətli güzəştlər etdiyi nəzərə alınmalıdır.

Saxta.info yuxarıda göstərilənləri nəzərə alaraq  millət vəkili Vüqar Bayramovun təklifinin əsasən  doğru  olduğu qənaətinə gəlib.