“Formula 1 bütün dünyada zənginlərin izlədiyi  yarışma olduğundan Azərbaycanın dünyada tanınması, turizm sektorunun inkişafı üçün çox vacibdir”.  Bu fikri  azərbaycanlı hüquqşünas Aslan İsmayılov Formula 1 Azərbaycan  Qran Prisi  ilə bağlı Bakıda yolların bağlanmasına münasibət bildirərkən deyib.

 Saxta.info  Formula 1 üzrə dünya çempionatının zənginlərin izlədiyi yarış olmasına dair hüquqşünasın açıqlamasının əsaslı olub-olmadığını  yoxlayıb.  

Formula 1  üzrə ilk dünya çempionatı  1950-ci ilin may ayının 13-də İngiltərnin Silverstoun trasında  keçirilib.  21 avtomibilin iştirakı ilə keçirilən yarışı  Böyük Britaniya krallıq ailəsi  izləyib.  İlk çempionatın qalibi italiyan pilot  Emilio Cüzeppe  Farina  olub. 

Ümumiyyətlə 10 komanda, 20 sürücü ilə 21 ölkədə  keçirilən Formula 1-in  hər bir yarışını  150 ölkədən  2 milyarda yaxın tamaşaçı izləyir.  Yarış boyunca onlarla ölkədə aparılan yayımlar təqribən 50 min saata çatır. Formula 1 yarışında istifadə edilən bir avtomobilin istehsal xərci minimum 7 milyon dollardır. Bu avtomobillərin 1 sezonluq yanacaq sərfiyyatı 500 min dollar təşkil edir.  

Formula 1 dünyanın ən çox pul xərclənən  yarışlarından biri  hesab olunur.  Bu yarışa sərmayə qoyan,  sponsorluq edən şəxslər Forbes-in siyahısına düşən milyarderlərdir. Məsələn,   Red Bull Racing komandasına aid avtomobilin arxa qanadlarındakı Claro etiketinin aid olduğu   Claro (Braziliya) şirkəti   Forbes-in tərtib etdiyi  2 min şirkətin sırasında yer alır və kompaniyanın illik gəliri 50 milyard dollardır.   Claro-nun rəhbəri  Karlos Slim Elu-nun şəxsi varidatı 62.8 milyard dollar həcmində qiymətləndirilir.  Forbes-in məlumatlarına görə,   Karlos Slim dünyanın ən zəngin 16 adamından biridir.  Red Bull  markasının  50 %-nə sahib olan  Ditrix Mateşis isə həm də  Formula 1-in “ən varlı komanda sahibi” ünvanına sahibdir.  Forbes-in siyahısında 56-cı yerdə olan Mateşisin  sərvəti  26.9 milyard  dollardır.

Luis Hamilton

Formula 1-in  hazırda  yarışlara qatılan  pilotları arasında ən zəngini Luis Hamiltondur.  7 dəfə dünya çempionu olan Hamiltonun illik gəliri 55 milyon dollardır. Pilotun  sərvəti  300-500 milyon dollar arasında qiymətləndirilir.  Hamilton  7 dəfə dünya çempionu olan alman pilot Mixail Şumaxerlə  bır sıranı bölüşür.  Yeri gəlmişkən,  Şumaxerin sərvətinin  600-800 milyon dollar arasında olduğu bildirilir.  Şumaxerin adı  Forbes-in  1999 – 2000-ci illərdə  ən çox qazanan idmançıların reytinq  sıralamasında ilk yerdədir. Onun vaxtilə  “Ferrari” komandasında illik gəlirinin 80 milyon dollar  olduğu bildirlir.

Formula 1-in təşkilatçıları arasında da milyarderlər var.  Monako  şahzadəsi Albert,   ailə sərvəti 150 milyard dollar olan   Abu Dabi Əmiri  Xəlifə Bin Zayed Al Nəhyan, sərvəti 4 milyard dollar qiymətləndirilən Bəhreyn Karallıq ailəsi də zəngun təşkilatçılar sırasındadır. Formula 1-in sahibi amerikalı iş adamı  Con Malounun sərvəti  isə  7,9 milyard dollar həcmindədir.   

 

Lourens  Stroll 

Formula 1 yarışı ilə bağlı diqqət çəkən məqamlardan biri də bəzi pilotların ataları ilə bağlıdır. Məsələn,  Böyük Britaniyanın  “Aston Martin”  komandasının  kanadalı pilotu Lens Stroll  demək olar ki, atası üçün yarışır.  Məsələ burasındadır ki,  sərvəti  Forbes tərəfindən 3,2 milyard dollar məbləğində qiymətləndirilən   Lourens  Stroll  həm də komandanın ortağıdır.  

ABŞ-ın  “Haas 1”  komandasının  rusiyalı  pilotu  Nikita Mazepinin atası  “Uralxim” kompaniyasının sahibi  Dmitri Mazepinin var-dövləti  7 milyard dollardır.   Böyük Britaniyanın  Williams  komandasının Kanadadan olan pilotu  Nikolas Latifinin  atası   İran əsilli biznesmen  Maykl Latifidir.  Açıq mənbələrdə onun var-dövləti haqda  məlumat azdır. Bəzi  mənbələr  onun  sərvətinin  8 milyard dollar olduğunu qeyd edir.   Onun Formula 1 komandası Maklaren-ə 200 milyon dollar sərmayə qoyduğu da bildirilir.  Formula 1 azarkeşi  olan  Latifinin  Mixael Şumaxerin F2004,  Kimi Raykonnenin F2007 avtomobilini satın alaraq  sürdüyü də məlumdur.  

Formula 1 yarışlarının keçirildiyi yarış zolaqları  içərisində ən bahalısı Abu-Dabi şəhəri  yaxınlığındakı 2500  hektarlıq süni Yas adasında qurulan Yas Marina trasıdır.   Süni ada 36 milyard dollara başa gəlib.  Yas Marina zolağının tikinti dəyəri  isə 1 milyard dollardır.  Zolağın tikintisində 14 mindən çox işçi 35 milyon saat işləyib,  təxminən 225.000 m3 beton, 720.000 m2 asfalt istifadə edilib.

Formula 1 yarışlarının diqqət çəkən tərəflərindən biri biletlərin qiyməti ilə bağlıdır. Məsələn,  Formula 1 Azərbaycan Qran-Prisi  2017-də  ən bahalı bilet 520 dollar olub.  Ən ucuz bilet isə 40 dollara başa gəlib.  2018-ci ildə Formula 1-in  Soçi mərhələsində  3 günlük yarış müddəti üçün nəzərdə tutulan “qızıl  bilet”in qiyməti  indiki məzənnə ilə  322 min rubl təşkil edib.  Şənbə və bazar günləri üçünsə biletin qiyməti 292 min rubl olub. Sadə yerlər üçün  biletlər  35 min rubla satılıb.

Yarış günlərində  Formula 1-in tribunalarından əlavə  bir sıra ölkələrdə binaların eyvanları da  kirayəyə çıxarılır.  Məsələn,  Formula 1 yarışının  keçirildiyi  ən populyar  məkanlardan olan  Monakoda  yerli sakinlər  eyvanlarını rallini izləmək istəyən imkanlı şəxslərə  adambaşı 2500 avroya  kirayəyə verir. 

2021 Abu Dabi Qran Prisi üçün də biletlərin baha olacağı indidən bəllidir.  2021-ci ilin dekabr ayı üçün nəzərdə tutulan yarışa artıq bilet satışı başlayıb.  Ən ucuz biletin qiyməti 350, nisbətən bahalı tribunalarda  500, VİP yerlər üçünsə  1000  avrodan başlayır.

ABŞ-ın biletlərin dəyişdirilməsi və təkrar satışı ilə məşğul olan StubHub kompaniyası  hətta satışa  yarışın Abu Dabi mərhələsi üçün 7 min 922 avroya bilet çıxarıb.     Kompaniyanın saytında bu qiymətə cəmi 10 bilet qaldığı əksini tapır.

Saxta.info  sadalanan faktlara əsaslanaraq bu qənaətə gəlib ki, hüquqşünasın  Formula 1 yarışı ilə bağlı açıqlaması əsaslıdır.