Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitter hesabında  Kəlbəcərdə ermənilərin basdırdığı minaya düşərək şəhid olan jurnalistlərlə bağlı paylaşım edib.  O qeyd edib ki,  AzTV və AZƏRTAC-ın əməkdaşları Ermənistan qoşunlarının Kəlbəcərdən çıxarkən qəsdən yerləşdirdikləri minanın qurbanı olublar.

Saxta.info Hikmət Hacıyevin bu açıqlaması ilə bağlı araşdırma aparıb.

Xatırladaq ki, faciəli hadisə 4 iyun 2021-ci il tarixdə saat 11 radələrində baş verib. Xidməti vəzifə ilə əlaqədar Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobili rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb. Nəticədə  3 nəfər – Az TV telekanalının operatoru  Sirac Abışov,  Azərtac Xəbər Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov, Kəlbəcər Rayon İcra Hakimiyyəti (RİH) başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini  Arif Əliyev həlak olub, 4 nəfər yaralanıb.

Qeyd edək ki, İkinci Qarabağ Müharibəsinin nəticəsi olaraq Azərbaycan və Rusiya prezidentlərinin, həmçinin Ermənistan baş nazirinin imzaladığı 10 noyabr tarixli bəyanata əsasən Kəlbəcər rayonu  5 gün sonra, yəni 15 noyabr 2020-ci il tarixdə Azərbaycanın nəzarətinə qaytarılmalı idi.  Bu, sənədin 6-cı bəndində əksini tapıb.  Daha sonra ermənilər rayonu tərk etmək üçün əlavə 10 gün vaxt istədilər.    Hava şəraiti, ərazinin coğrafiyası və relyefinin mürəkkəbliyi nəzərə alınaraq həmin vaxt noyabrın  25-dək uzadıldı.  

Yerli və xarici medianın yaydığı məlumatlar,  görüntülər ermənilərin bu vaxtdan rayonu daha rahat tərk etmək üçün deyil, evləri və meşələri yandırmaq üçün istifadə etdiyini göstərir.  Ermənilər özləri açıq şəkildə evləri və meşələri qəsdən yandırdıqlarını, ağacları qəsdən kəsdiklərini etiraf edirlər.  Müsahibələrində Kəlbəcərə 25 il əvvəl köçürüldüklərini etiraf edən ermənilər (Yeri gəlmişkən, bunu ATƏT-in Faktaraşdırıcı Missiyası  da təsdiq edib – red) rayonu tərk edərkən apara bilmədikləri  nə varsa məhv edib, yandırıblar.

Ermənilərin  Kəlbəcərdən çıxarkən törətdiyi əməllərlə bağlı  yüzlərlə foto və videofaktlar  qeydə  alınıb.   

Ermənilər Kəlbəcəri tərk edərəkən təkcə evləri və meşələri yandırmaqla kifayətlənməyiblər,  işğal dövründə qurduqları hərbi hissəsləri də partladırblar.  Bununla bağlı Rusiya mediası məlumat və görüntülər  yayıb.     

Partaladılan hərbi hissənin zabiti РИА Новости agentliyinin əməkdaşı ilə söhbətində  sonuncu hərbi  hissəni tərk etdiklərini,  Azərbaycan tərəfinə  qalmasın deyə binanın partladıldığını deyib. Erməni hərbçilərin  Kəlbəcəri tərk edərkən hərbi hissələri parlatması onu deməyə əsas verir ki, onlar əlavə olunan 10  gün ərzində planlı hərəkət ediblər və bu planın tərkibinə ərazilərin, xüsusilə də yolların  minalanması daxil  olub.  

Bunu Azərbaycan Müdafiə Nazirliyinin  noyabrın 25-də yaydığı videomaterial sübut edir. Azərbaycan ordusu Kəlbəcərə daxil olarkən mühəndis-istehkam bölmələrinin yolun içində aşkarladığı tank  əleyhinə minalar, həmin minaların zərərsizləşdirlməsinə dair görüntülər sübut edir ki,  ermənilər ərazini tərk edərkən məhz Azərbaycan ordusunun  rayona daxil olacağı yollara kütləvi şəkildə minalar basdırıblar.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı BBC-yə müsahibəsində  ermənilərin  rayonu tərk edərəkən yolları minaladığını təsdiqləyib.

Kəlbəcərin müxtəlif ərazilərinin minalandığını may ayının əvvəlində yayılan videogörüntülər də təsdiqləyir. Görüntülərdən aydın olur ki, qar əridikdən sonra böyük bir ərazidə yüzlərlə mina aşkarlanıb.

Qeyd edək ki, bununla bağlı Azərbaycanın Ombudsman Aparatı  məlumat  yayıb.

Ermənilərin  Susuzluq kəndinin ərazisinə  rayonu  tərk edən ərəfədə mina basdırdığını  başqa bir amil də təsdiqləyir.

Məsələ burasındadır ki,  sözügedən kənd cəbhə xətti prizmasından elə bir ərazidə yerləşir ki, işğal illərində ermənilərin həmin ərazini minalayacağı hərbi-taktiki baxımdan ağılabatan deyil. Bu mənada ermənilərin məhz Kəlbəcəri tərk edərkən Susuzluq ərazisini minalamasına dair versiya daha diqqət çəkir.

Videogörüntülərin təhlili də belə deməyə əsas verir ki, ermənilər Kəlbəcərin bəzi  ərazilərini böyük ehtimalla noyabr ayında onlara verilən 10 günlük güzəşt zamanı minalayıblar.  Bəzi yerə bir, bəzi ərazilərə çox sayda mina basdırılması da belə deməyə əsas verir.

Yəni erməni hərbçilər  həmin günlərdən maksimum yararlanmağa çalışıblar, amma minalama işini tələsik icra etdikləri də aydın görünür.  

Saxta.info sadalanan məlumat və videofaktlara, təhlillərə əsaslanaraq bu qənaətə gəlib ki,  Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin ermənilərin  Kəlbəcəri tərk edərəkən əraziləri minalamasına dair açıqlaması həqiqəti əks etdirir.