“Son vaxtlar, xüsusilə də yay aylarında enerji içkisi adı ilə istehlak edilən məhsulların sayı artıb. Təkcə Azərbaycanda deyil,  dünyanın bir sıra dövlətlərində bu məhsulların istehlakı artıb”.  Bu fikri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılov deyib.  O bildirib ki, enerji içkilərinin insan orqanizminə mənfi təsirləri mövcuddur. Enerji içkilərinin tərkibində mərkəzi sinir sisteminə stimullaşdırıcı təsir edən və yuxuqovucu maddələr qatıldığını deyən Elxan Mikayılov əlavə edib ki,  enerji içkilərinin insan orqanizminə mənfi təsirləri elmi araşdırmalarla sübut edilib.

Elxan Mikayılov 

Saxta.info AQTA nümayəndəsinin bu açıqlamasının əsaslı olub-olmadığını araşdırıb.

61 il əvvəl  ilk dəfə Yaponiyada istehsal olunan alkaqolsuz enerji içkiləri ötən müddət ərzində ciddi məbləğdə qazanc mənbəyinə çevrilib. İndi də sənayenin bu sektoru  sürətlə inkişaf edir. Təkcə 2006-cı ildə dünyada 500 yeni enerji içkisi buraxılıb.  2008-2012-ci illərdə enerji içkisindən gələn gəlir 12,5 milyard dolları ötüb. 2020-ci ildə enerji içkisinin satış həcmi  57,4 milayrd dollar təşkil edib. Proqnozlara görə.  2025-ci ilə qədər bu həcmin 7%  artacağı gözlənilir.

Gəlirin artması ilə yanaşı enerji içkilərinin insan sağlamlığı üçün təhlükəyə çevrildiyinə dair məlumatlar da çoxalıb. Energetik içkidən həyatını itirənlərlə bağlı məlumatlara da indi çox rast gəlinir.

2017-ci ilin aprelində ABŞ-ın Cənubi Karolina ştatından olan 16 yaşlı Devis Kreepin  qəfildən huşunu itirməsi, təcili yardım  yetişinə qədər ölməsi həkimlərdə şübhələrə yol açıb.  Məktəblinin  meyiti  ekspertiza olunub və  onun  qəbul etdiyi müxtəlif növ içkilərdən həyatını itirdiyi təsdiqlənib.  Şahid ifadələri zamanı məlum olub ki, 16 yaşlı amerikalı  2 saat ərzində  bir ədəd  McDonald's latte,  bir ədəd Mountain Dew qazlı içki və bir ədəd enerji içkisi qəbul edib.  Kardioloq Harri Uotts bildirib ki, yeniyetmədə  əvəlldən ürək çatışmazlığı  olmayıb,  qısa müddətdə  bir  neçə içki qəbul etdiyindən ürək ritmi pozulub və bu da ölümlə nəticələnib.

Nyu Yorkun Bruklin rayonunda həvəskar basketbolçu 33 yaşlı  Korri Terri yüksək doza energetik içki qəbul edərək, daha yaxşı nəticə göstərəcəyini düşündüyü halda infarkt keçirərək həyatını itirib. Terrinin ailəsi istehsalçı firmaya qarşı 85 milyon dollarlıq iddia qaldırıb. İrlandiyada  4 banka enerji içkisi qəbul edib basketbol oynayan 18 yaşlı  Ross Kooney də oyun zamanı həyatını itirib. Məhz bundan sonra  İrlandiyanın baş naziri enerji içkisi ilə bağlı  araşdırma aparılmasına dair göstəriş verib.

2019-cu ildə Azərbaycan mediasında da Aydan Vəliyeva adlı gənc qızın enerji içkilərinin qurbanı olduğuna dair məlumatlar yer alıb.  Məlumatda bildirilir ki,  gənc qız həddindən artıq  enerji içkisi içdiyindən sağlamlığında ciddi problemlər yaranıb və nəticədə o komaya düşüb. Bir ay  komada qaldıqdan sonra dünyasını dəyişib.

Gənclərin enerji içkilərinə aludəçiliyi tədqiqatlarla sübut olunub.  Avropa Qida Təhlükəsizliyi Təşkilatının (EFSA) 16 ölkədə apardığı  tədqiqat nəticəsində məlum olub ki,  yeniyetmələrin  68% -i, böyüklərin 30% -i,  uşaqların 18% -i  bu içkini qəbul edir.

Xüsusilə son illər  enerji içkilərinin alkoqolla qarışdırılması təcrübəsi getdikcə genişlənir.  18-29 yaş arasında olan gənclərin 70 %-dən çoxunun bu üsuldan  istifadə etdiyi aşkarlanıb. Mütəxəssislər hesab edirlər ki, gənclərin əyləncə kimi yanaşdığı bu hal  onlarda  alkoqoldan asılılıq  riskini artırır.  ABŞ-da kollec tələbələri arasında aparılan araşdırma göstərib ki, energetik içkiləri alkoqolla qatıb içənlər yalnız spitli içki qəbul edənlərə nisbətən daha çox mənfi təsirlərə məruz qalır.  Enerji içkilərinin tərkibindəki kofein spirtli içkinin təsirini azalmağa qoymur,  oyaq  saxlayır  və  daha çox  içki  içmək imkanı yaradır. 

Şimali Kentukki Universitetinin psixologiya fakültəsinin apardığı araşdırma zamanı məlum olub ki,  enerji içkisini spirtli içki ilə qarşıdırıb içənlərin bardan sərxoş çıxma ehtimalı  spirtli içki içənlərdən 3 dəfə,  sərxoş avtomobil idarə etmə ehtimalı isə  4  dəfə çoxdur.  Türkiyəli mütəxəssis  Deniz Şener bildirir ki,  insanlarda enerji içkisinin  alkoqolun təsirini azaldacağına dair yanlış məlumat var.  Alimin sözlərinə görə,  həddindən artıq  spirtli içki ilə  energetik içkinin tərkibindəki kofein və  taurinin birləşməsi  ölümlə nəticələnə bilər.  İsveçdə bu ehtimalı sübut edən hadisələr baş verib.  Belə ki,  enerji içkisi ilə spirtli içkinin kokteylini qəbul edən 2 nəfər həyatını  itirib. 

ABŞ-da aparılan araşdırma göstərir ki,  davamlı şəkildə enerji içkisi qəbul edənlərdə dava-dalaşa, avtomobili yüksək sürətlə sürməyə, təhlükəsilzik kəmərindən istifadə etməməyə, yüksək riskli davranışlara, narkotik maddəyə, spirtli içkiyə meyl daha yüksək olur.  ABŞ-da aparılan başqa bir araşdırma isə enerji içkisi içən hərbçilər  arasında intihar nisbətinin daha yüksək olduğunu ortaya çıxarıb.

Enerji içkisinin sağlamlıq üçün təhlükəsi əsasən kofein tərkibli olması ilə əlaqəlidir. Mütəxəssislər bildirirlər ki,  kofeinin həddindən artıq qəbulu  taxikardiya (ürək döyüntüsü), qan təzyiqinin davamlı yüksəlməsi (Arterial hipertenziya),   dierez, mərkəzi sinir sisteminin stimullaşdırılması, ürək bulanması, qusma,  hiperkalsemiya, metabolik asidoz və  qıcolmalara, bəzi hallarda  ölümə də səbəb ola bilər. Məsələn, Avstraliyada  ağır fiziki işlə məşğul olan kişinin 7-8 banka enerji işkisi içdikdən sonra  ürək tutması keçirdiyi bildirilir.  Tədqiqatlar da göstıərib ki,  ağır fiziki fəaliyyət zamanı həddindən artıq  kofein qəbulu  təhlükəlidir.  Avropada  aparılan  araşdırma göstərib ki,  gənclərin 41 %-i məhz fiziki aktivliyi artırmaq üçün  enerji içkisi qəbul edir.  Hətta gənclər arasında bu cür içkilərin imtahana daha yaxşı hazırlasmağa kömək etdiyinə inananlar da az deyil.  Halbuki tibb alimləri  bu cür içkilərin zehni problemlər yaratdığını  irəli sürürülər. Yeri gəlmişkən, idmançıların da bu məqsədlə enerji içkisi qəbul etdiyi məlumdur.

Kofein qan təzyiqi, 2-ci tip şəkərli diabet riskini artırır. Bu,  sözügedən maddənin çox qəbulu nəticəsində insulinin azalması ilə bağlıdır. Hamilə qadınlara  enerji içkisi içmək ümumiyyətlə tövsiyə edilmir. Çünki yüksək dozada  kofein  ölü doğum riskini artırır. Bundan başqa enerji içkilərində şəkər faizi yüksək olduğundan  piylənməyə, dişlərdə erroziyaya yol açır. 

Qeyd edək ki, hələ 2014-cü ildə  Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri aparılan tədqiqatların nəticəsi olaraq enerji içkilərinin uşaq və yeniyetmələr üçün zərərli olduğuna dair xəbərdarlıq edib.  Tədqiqatçılar bildiriblər ki,  enerji içkisinin təkibindəki  kofein ürək döyüntüsünün artmasına, yüksək qan təzyiqinə, ürək bulanmasına və qusmağa, ürək tutmalarına, psixoza və bəzi  hallarda ölümə də  yola aça bilər.

Kanadalı bioloqların  cmajopen.ca internet nəşrində dərc olunan araşdırmasına görə,  intensiv olaraq enerji içkisi içən gənclərdə taxikardiya, ürək bulanması, ürək tutmaları yaranır.  Tədqiqata cəlb edilən gənclərin 5%-də ürək bulanma, qusma və ishal əmələ gəldiyi, 0,2 %-də  ürək tutma və huşunu itirmə halı müşahidə edilib.  Kanadalı mütəxəssislər həmçinin əlavə ediblər ki,   enerji içkilərinin mənfi təsiri təksi kofein tərkibli olması ilə bağlı deyil.   Bu, içkilərə əlavə edilən, amma orqanizm üçün yan təsirləri dərindən öyrənilməyən digər komponentlərlə də bağlıdır.  Bu problemləri nəzərə alaraq kanadalı mütəxəssislər hökuməti  enerji işkisinin dövriyyəsini məhdudlaşdıran qanunların qəbulunu tezləşdirməyi, gənclərə və uşaqlara yönələn reklamları qadağan etməyi təklif ediblər.

Ümumiyyətlə yüksək dozada kofein qəbulu ilə bağlı təhlükə bir sıra ölkələrdə, Danimarka, Türkiyə, Norveç, Uruqvay, İslandiya, Fransada enerji içkilərinin satışının qadağan edilməsi ilə nəticələnib. Sonradan bu qadağalar qaldırılsa da  yetkinlik yaşına çatmayanlara enerji içkisi satmaq məhdudiyyəti saxlanılıb.  Məsələn, Avropa Birliyi ölkələrində enerji içkilərinin satışına sərbəstlik verilsə də yetkinlik yaşına çatmayanlarla bağlı məhdudlaşdırıcı satış qaydaları tətbiq edilir. Rusiyada   2018-ci ildən  enerji içkilərinin alkoqollu variantlarının istehsalı və ölkə daxilində dövriyyəsi qadağan edilib. Azərbaycanda da 2020-ci ilin noyabrından etibarən 18 yaşına çatmamış şəxslərə  energetik içki satılması qadağan edilib. 

Saxta.info sadalanan fakt və tədqiqatlara, rəylərə əsaslanaraq bu qənaətə gəlib ki,  enerji içkilərinin insan orqanizminə mənfi təsirinin elmi araşdırmalarla sübut edildiyinə dair AQTA nümayəndəsinin  irəli sürdüyü fikir doğrudur.