“Formula 1, futbol yaxınlaşır koronavirus “fasilə” götürür. Beynəlxalq tədbirlərə görə Azərbaycanda koronavirusa yoluxanların sayı azalır. Dünənə qədər metroda koronavirus  yayılırdı,  amma futbol başlayan kimi yayılmır”. Bu açıqlama ilə Ağ  Partiyasının sədri Tural Abbaslı laf.tv  internet televiziyasının efirində çıxış edib. 

Saxta.info  təşkilat rəhbərinin bu mövqeyinin əsaslı olub-olmadığını araşdırıb.

Öncə bir məqamı dəqiqləşdirək ki, söhbət bu günlərdə başa çatan Formula 1 Azərbaycan Qran Prisindən və Futbol üzrə Avropa Çempionatının iyun ayında Azərbaycanın paytaxtı Bakıda   keçiriləcək  oyunlarından gedir.  Təşkilat rəhbərinin mövqeyindən belə çıxır ki, məhz  bu beynəlxalq tədbirlərə görə,  Azərbaycanda koronavirusa yoluxma sayı azaldılıb.  Abbaslının açıqlamasının məntiqli olub-olmadığını yoxlamaq üçün dünyada koronavirusa yoluxma vəziyyətinə  müqayisəli şəkildə nəzər salmaq lazımdır. 

Azərbaycanda koronavirusa yoluxma sayı aprel ayının sonlarından etibarən azalmağa başlayıb.  Belə ki,  aprelin ilk günlərində  ölkə üzrə gündəlik yoluxma sayı  pik həddə, 2932-yə qalxıb.  Aprelin 22-nə qədər yoluxma sayı  2000 min ətrafında olub.  Həmin vaxtdan koronavirusa yoluxanların sayında azalma başlayıb, günədlik say 2 mindən aşağı düşüb.  May ayının əvvələrində  Azərbaycanda yoluxma sayı 1000-dən aşağı düşüb və azalma intensiv xarakter alıb. Ayın ikinci ongünlüyünün sonlarından etibarən koronavirusa yoluxma 500-dən də aşağı düşüb.  İyun ayında isə koronavirusa yoluxanların sayı 200-dən də aşağı olub və son günlərdə  bu rəqəm daha da azalıb. Məsələn, son 3 gündə gündəlik yoluxma sayı belə olub:   5 iyun - 108 nəfər,  6 iyun  -  68 nəfər,  7  iyun  - 32 nəfər.

Rəqəmlər həqiqətən Azərbaycanda koronavirusa gündəlik yoluxma sayının azaldığını və əvvəlki  dövrlərlə müqayisədə minimum həddə düşdüyünü göstərir. Maraqlıdır, bu ərəfədə təkcə Azərbaycanda  koronavirusa yoluxma sayı azalıb?  

Aprel ayının 29-da dünya üzrə koronavirusa yoluxma sayı gündəlik  903 min 342-yə qalxıb.  Həmin tarixdən etibarən  gündəlik olaraq  virusa yoluxanların sayı azalıb. Bir ay sonra, may ayının 29-da yoluxma sayı  500 min  935-ə düşüb.  İyunun əvəllində gündəlik yoluxma sayı 500 mindən aşağı düşüb, iyun  ayının 7-də isə  312 min 267 yoluxma halı qeydə alınıb. 

 

Göründüyü kimi, son aylarda koronavirusa yoluxma sayı təkcə Azərbaycanda deyil, ümumiyyətlə dünya üzrə azalıb. Bunu konkret ölkələr üzrə aparılan statistik rəqəmlərlə müqayisə də sübut edir. Məsələn, aprel ayının əvvəllərində ABŞ-da koronavirusa yoluxma halı 80-85 min ətrafında olub.  May ayının əvvəlində bu rəqəm 50 minə,  iyun ayında isə 8-10 minə qədər azalıb. 

Türkiyədə də  gündəlik yoluxma sayı may ayının əvvəlində qeydə alınan 28 min 997-dən 5 min 647-yə düşüb.

Mütəxəssislər azalmanı ilk növbədə karantin rejimi çərçivəsində məhdudiyətlərin tətbiqi, həmçinin proflaktiki tədbirlərin həyata keçirilməsi ilə izah edirlər.   Koronavirusun səngiməsində əvvəldən də proqnozlaşdırıldığı kimi, vaksinasiyanın ciddi rol oynadığı  hər ötən gün öz təsdiqini tapır. 

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Roşel Valenski  The New York Times qəzetinə açıqlamasında irəliləyiş əlamətlərinin qeydə alındığını  deyib.  Yoluxma sayının azaldığını deyən mütəxəssis bildirib ki,  azalma  vaksinasiya və insanların tətbiq olunan məhdudiyyətlərə əməl etməsi ilə bağlıdır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB)  elmi komitəsinin sədri  professor Akif Qurbanov hesab edir ki, həm peyvənd vurulan, həm də xəstələnib sağalan insanları nəzərə aldıqda  Azərbaycanda əhalinin yarısında koronavirusa qarşı immunitet formalaşdığını demək olar.  Mütəxəssis hesab edir ki, bu mənada son günlər koronavirusa yoluxanların sayının azalmasında həqiqətən də vaksinasiyanın rol oynaması ehtimalı böyükdür.  

Qeyd edək ki, iyun ayının 7-nə qədər Azərbaycanda 2 milyon 546 min 770  nəfərə peyvənd vurulub. Birinci mərhələdə peyvənd olunanların sayı,  1 milyon 611 min 499,  ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə  935 min 271 nəfər təşkil edir. Beləliklə, 2021-ci ilin yanvar ayından bəri  Azərbaycanda  ümumi əhalinin 25 %-i vaksinasiyaya cəlb edilib.  Bundan 16 %-i birinci mərhələ, 9  %-i  hər iki mərhələ üzrə peyvənd  olunub. 

Yeri gəlmişkən, bütün dünya üzrə vaksinasiyaya cəlb olunanların sayı 2 milyard 146 milyon 484 min 300-ə çatıb.  

Sadalanan fakt və statistik rəqəmlər göstərir ki, koronavirusa yoluxanların sayında azalma təkcə Azərbaycanda deyil, bütün dünya üzrə qeydə alınır.  Saxta.info  bu qənaətə gəlib ki,  Tural Abbaslının açıqlaması reallıqdan uzaqdır.