“Atəşkəs əldə edilib, ancaq müharibə bitməyib, sülh müqaviləsi yoxdur”.  Bu sözləri Qazaxıstanda səfərdə olan Ermənistan prezidenti Armen Sarkisyan erməni icması ilə görüşü zamanı deyib.

Saxta.info Ermənistan prezidentinin bu açıqlamasının reallığı əks etdirib-etdirmədiyini araşdırıb.

Əvvəlcədən deyək ki, Armen Sarkisyanın bu açıqlamasının əsas məğzi ondan ibarətdir ki, formal sülh sazişinin olmaması guya münaqişə tərəfləri arasında əlaqələrin normallaşdırılmasını istisna edir. Belə ki, çıxışı zamanı o, əsasən Dağlıq Qarabağın statusu probleminin həll olunmamasına diqqət çəkib. 

Bununla yanaşı  qeyd edək ki,  sülh müqaviləsi - bir-biri ilə müharibə vəziyyətində olan (silahlı qarşıdurma) iki və ya daha çox tərəfin yazılı bir razılaşma əsasında döyüş əməliyyatlarına son qoymaq öhdəliklərini qəbul etməsidir.

1969-cu ildə qəbul  edilən və  müxtəlif mövzularda bağlanan beynəlxalq müqavilələrin meyarlarını və normalarını tənzimləyən Vyana Konvensiyasının 2-ci maddəsinin "a" bəndində bu konsepsiyasının tərifi belə verilib:  “Müqavilə” dedikdə dövlətlər arasında yazılı formada bağlanılan və beynəlxalq hüquqla tənzimlənən, bir sənəddə və ya öz arasında əlaqəli olan iki və ya daha çox sənəddə əks olunmasından və konkret adından asılı olmayaraq beynəlxalq razılaşma başa düşülür.  

Beləliklə, Azərbaycan və Rusiya prezidentlərinin, həmçinin Ermənistanın baş nazirinin imzaladığı 10 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli Bəyannamələr əslində Vyana Konvensiyasının meyarlarına uyğundur və nəticə etibarilə beynəlxalq hüquq normalarına cavab verir, çünki üçtərəfli müqavilələr bu ölkələrin legitim rəhbərləri tərəfindən imzalanıb.  Düzdür, qeyd edilən Konvensiya bu sənədlərin qüvvəyə minməsi üçün iştirakçı ölkələrin qanunları çərçivəsində təsdiqlənməsini nəzərdə tutur.  Hələlik  bu prosedura   rəsmi olaraq  əməl edilməyib.

Bununla belə,  tarixdə dövlətlərin barışıq əldə etdikləri zaman  formal olaraq sülh müqaviləsini təsdiqləmədikləri, hətta bəzən imzalamadıqlarına dair nümunələr var.

Bunlardan ən məşhuru, ABŞ hökumətinin Birinci Dünya müharibəsindən sonra 28 iyun 1919-cu ildə bağlanmış Versal Müqaviləsini təsdiqləməkdən imtina etməsidir. Versal Müqaviləsi 10 yanvar 1920-ci ildə Almaniya və dörd müttəfiq - Böyük Britaniya, Fransa, İtaliya və Yaponiya tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minib. Versal müqaviləsini imzalayan dövlətlərdən ABŞ, Hicaz və Ekvador sonradan müqaviləni təsdiqləməyi rədd ediblər. ABŞ-ın müqaviləni ratifikasiya etməməsinin səbəbi   V.Vilsonun təşəbbüsü ilə yaradılan və  ABŞ-ın dünyada aparıcı rolunu müəyyən etməli olan Millətlər İttifaqında İngiltərə və Fransanın mövqeyinin üstünlüyü idi. 

1921-ci ilin avqustunda ABŞ Almaniya ilə ikitərəfli sülh müqaviləsi bağlayıb.  Bu müqavilə Versal sülhü ilə eyni olsa da, burada Millətlər İttifaqı barəsində maddələr yox idi.  Bu, sonrakı dövrdə ABŞ-ın  Avropa ölkələri ilə qarşılıqlı əlaqələrini davam etdirməsinə və II Dünya Müharibəsindən sonra  qitənin yenidənqurma və inkişafında fəal iştirakına mane olmadı.

1945-ci ilin mayında Almaniyanın təslim olmasından sonra ölkə qalib gələn güclər arasında işğal sektorlarına bölündüyündən, nasist Reyxinin vahid qanuni varisi, sülh müqaviləsi  bağlayacaq  kimsə yox idi. Bu mənada texniki mənada müharibə vəziyyəti  1990-cı ildə Almaniyanın birləşməsinə qədər davam etdi.

Məlumdur ki,  Yaponiya Silahlı Qüvvələrinin 7 dekabr 1941-ci il tarixində ABŞ dəniz bazası Pörl Harbora hücumundan sonra İkinci Dünya Müharibəsinin bir hissəsinə çevrilən Çin-Yapon müharibəsi (1937-1945-ci illər) 2 sentyabr 1945-ci ildə Yaponiyanın təslim olması ilə sona çatıb.

Bununla belə,  Yaponiyanın  münasibətləri normallaşdırmaq  məqsədilə  Tayvana təzminat təklifi əyalətin rəhbəri  genralissimus Çan Kayşi  tərəfindən rədd edilib.  Yaponiyanın Çinlə də münasibət qurmaq istəyi qəbul edilməyib.  Çinin kommunist lideri Mao  Tszedun  da Çan Kayşi kimi Yaponiyanın təklifini rədd edib.  Hətta 1978-ci ildə iki ölkə arasında intensiv iqtisadi əməkdaşlıq fonunda sülh və dostluq müqaviləsi imzalandıqdan sonra da (Çin Yaponiyanın əsas ticarət tərəfdaşı hesab olunur)  iki ölkə arasında  qarşıdurma  davam edir.

Yaponiya qətiyyətlə Çinin Cənubi Çin dənizində hərbi mövcudluğunu gücləndirilməsinə qarşı çıxır. Bununla belə,  ikitərəfli münasibətlərin iqtisadi komponenti  zərər görmür.  İkinci Dünya Müharibəsindən sonra Yaponiya ilə Rusiya Federasiyası arasında sülh müqaviləsi  imzalanmamasına,  ciddi geosiyasi fərqlər olmasına baxmayaraq, ikitərəfli münasibətləri olduqca sabitdir.

Üstəlik Rusiya ilə Yaponiya arasında Kuril adları ilə də bağlı  mübahisəli vəziyyət mövcuddur. Bununla belə iki ölkə arasında iqtisadi və siyasi  münasibətlər davam edir.

Olduqca maraqlı başqa bir nümunə də Yaponiyaya aiddir. 1904-cü ildə Rus-Yapon müharibəsi başlayanda Çernoqoriya Rusiyanın tərəfini tutaraq Yaponiyaya müharibə elan edib. 1905-ci ildə sülh sazişi imzalanarkən səhvən Çernoqoriya sülh bağlayan ölkələr sırasına daxil edilmədiyindən  Yaponiya rəsmi olaraq növbəti 100 il ərzində Çernoqoriya ilə müharibə vəziyyətində qalıb. Yalnız 2006-cı ildə iki ölkə  sülh  müqaviləsi imzalayıblar.

Ermənistan prezidenti Armen Sarkisyanın bəyanatına qayıdaraq qeyd etmək lazımdır ki, bir sıra tarixi nümunə onun Dağlıq Qarabağın statusunun və Azərbaycanla formal sülh sazişinin olmamasına istinad etməsini köklü şəkildə ifşa edir. O bu arqumentləri iki ölkə arasında əlaqələrin normallaşdırılmasının və sülh şəraitində olmasının qeyri-mümkünlüyünü əsaslandırmaq üçün səsləndirib. 

Saxta.info bu qənaətə gəlib ki,  Ermənistan prezidentinin açıqlamasının mövcud reallıqla heç bir əlaqəsi yoxudr və  sırf siyasi xarakter daşıyır.