“Operativ Qərargahın məscidlərə qoyduğu məhdudiyyətlərin bir çoxu əyləncə və ictimai iaşə sahələrindəki sərbəstləşmə sürəti ilə uyğunlaşmır”. Bu fikri  azərbaycanlı siyasətşi REAL partiyasının sədri İlqar Məmmədov öz feysbuk səhifəsində paylaşıb.  Partiya sədri iddia edib ki,  bu səbəbdən məscidə gedə bilməyən vətəndaş vəziyyətə baxıb haqlarının pozulduğu haqda nəticə çıxarmalı olur.

Saxta.info siyasətçinin bu açıqlamasının əsaslı olub-olmadığını yoxlayıb.

Qeyd edək ki,  Nazirlər Kabineti yanında  Operativ Qərargahın  verdiyi qərara əsasən  iyunun 10-dan etibarən məscid, sinaqoq və kilsələrə  qoyulan qadağa qaldırılacaq.  Mövcud epidemioloji vəziyyətə uyğun olaraq Qafqaz Müsəlmanları İdarəsi  Operativ Qərargahın tövsiyələri əsasında məscid və digər ibadət yerlərində riayət olunmalı qaydaları müəyyənləşdirib.

Qaydalara əsasən dini ibadət (eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən)  ümumi olaraq 50 nəfərdən çox olmamaq şərtilə təşkil edilə bilər.  Bundan başqa  yalnız COVID-19 pasportuna (peyvənd vurulmasına dair və ya immunitet sertifikatına) malik olan şəxslər ibadət yerlərinə buraxılacaq.  Yaşı 14-dən yuxarı olmayan  uşaqların   ibadət yerlərinə gətirilməsinə yol verilməyəck.  Özündə  COVID-19 xəstəliyinin əlamətlərini hiss edən şəxslərin  məscidə və digər ibadət yerlərinə girişi qadağan ediləcək. Həmçinin  tibbi maska,  antiseptik məhluldan istifadə etmək,  əl ilə görüşməmək tələbləri qoyulub. İbadət zamanı   ara məsafəsi  dörd  bir tərəfdən minimum 1,5 metr, sahə imkan verdikdə daha çox olmalıdır.

Sağlam düşüncə prizmasından bu cür məhdudiyyətlər tamamilə düzgündür, çünki dünyada koronavirusdan qorunmaq üçün  1,5-2 metrlik sosial məsafə optimal  hesab edilir. Bu tipli  məhdudiyyət Azərbaycanın bütün böyük ticarət obyektlərində qüvvədədir, həmçinin xüsusi nişanlama da  şərtdir.  Bundan başqa  iaşə obyektlərində eyni masada əyləşənlər arasında 1 metr, masalar arasında 2 metr məsafənin saxlanılması tələb olunur.  Restoran və kafelərdə mövcud yerlərin  50 % -dən çox olmayaraq   doldurulmasına icazə verilir.

İnsanların adətən bir-birinə yaxınlaşmadığı kafe və restoranlardakı davranış qaydaları köklü şəkildə məscidlərdə baş verənlərdən fərqlənir. Xüsusən də insanların dini ayinləri yerinə yetirdikləri kütləvi namaz vaxtı insanların bəzi bədən hərəkətləri edərkən məsafə saxlaması çətin olur. Həmçinin müsəlmanların kollektiv dualar zamanı kütləvilik və sıxlığını hər bir halda şadlıq evlərinin işləmədiyi hazırkı vaxtda restoran və kafelərdəki insanların sayı ilə müqayisə etmək olmaz.  

Məsələn, məşhur “Təzəpir” məscidini götürək. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, məscidin daxili sahəsi 400 kvadratmetrdir. Bu, təxminən 1000 nəfərin  (qadın və kişilər ayrı-ayrı  zallarda) namaz qılmasına imkan verir. Cinsə görə  ayrılma bu rəqəmi yarıya endirir. Bununla yanaşı, namaz qılanlar arasında məsafənin 360 dərəcədə ən azı 1.5 metr olması, hər bir insanın tutduğu yer, namaz zamanı bədənin yerdəyişməsinin nəzərə alınması bu rəqəmi dörd dəfə azaldır.  Bu, kollektiv namaz halında zəruri  məsafədir, çünki ibadət sabit halda icra edilmir. Kollektiv namaz zamanı ibadət edənlərin sağa və sola döndüklərini, yenidən ayağa qalxdıqlarını və oturduqlarını nəzərə alsaq, zalın 50 %-ə qədərinin məhdudlaşıdırlması  kifayət qədər məntiqlidir.

Bakıda yerləşən Hacı Cavad məscidində də  400 kvadrat metrlik ərazidə 500 nəfərin eyni vaxtda  namaz qılması mümkündür. Ancaq yuxarıda göstərilənləri nəzərə alaraq, bu sayın  dörd dəfə  məhdudlaşdırılması  vacib qərardır.

Bu arada Azərbaycanda müxtəlif ölçülü və tutumlu bir çox məscid var. Məsələn, Bakıda yerləşən Heydər Məscidində eyni vaxtda 5000-7000 nəfər ibadət edə bilər. Lənkəran şəhərində normal şəraitdə 250 nəfərin ibadət etməsi üçün nəzərdə tutulan ümumi sahəsi 260 kvadratmetr olan Kiçik Bazar Məscidi  var.

Kiçik Bazar məscidi 

Eyni zamanda, kənd rayonlarında,  Bakıətrafı kənd və qəsəbələrdə  yuxarıdakı nümunələrlə  müqayisəsi mümkün olmayan daha kiçik məscidlər fəaliyyət göstərir.  Məsələn, Fatmayı kəndindəki "Hacı Heybət" məscidində eyni anda yalnız 110 nəfər namaz qıla bilər.   Aydındır ki, Qafqaz Müsəlmanları İdarəsi  bərabərlilik və ədalətlilik prinsipini əsas götürərək  ölçüsü və tutumundan asılı olmayaraq bütün məscidlər üçün ümumi qaydalar tətbiq edib.

COVID-19 pasportu ilə bağlı tələbə gəlincə, bu yalnız məscidlərə şamil olunmayacaq.  İyulun 1-dən etibarən bəzi xidmət sahələrində işləyənlərin minimum 80 faizindən COVID-19 pasportu (peyvənd vurulmasına dair və ya immunitet sertifikatı)  tələb olunacaq.  Azərbaycanın Baş naziri Əli Əsədovun imzaladığı qərara əsasən bura Bakı Metropoliteni, şəhərlərarası və bölgələrarası sərnişindaşıma, ibadət yerləri, çimərliklər, idman salonları, böyük ticarət mərkəzləri daxildir.

Yaxın gələcəkdə bu cür pasport sahiblərinin idman salonlarına, sağlamlıq mərkəzlərinə,  konsertə, teatra, kinoteatrlara, toy və digər şənliklərə də  sərbəst şəkildə gedə  biləcəyi gözlənilir.

Yeri gəlmişkən,  Səudiyyə Ərəbistanı hökuməti bu il Həcc ziyarətinə icazə veriləcəyini açıqlayıb. Bu ölkənin naziri Tevfiq Əl-Rabiyə  qeyd edib ki,  Həcc ziyarətində iştirak üçün əsas şərt  koronavirusa qarşı  vaskinasiya olunmaqdır.   Eyni zamanda,  Səudiyyə Ərəbistanı səlahiyyətliləri mart ayının 17-də  məscidlərdə birgə namaz qılmağa qoyulan qadağını  may ayında ləğv edib.  Ötən il hətta koronavirus pandemiyası səbəbindən Həcc ziyarətinə yalnız ölkə vətəndaşlarına və  daimi sakinlərə icazə verilmişdi.

Almaniyada da iki aylıq bir fasilədən sonra  may ayında  məscidlər  kollektiv namaz üçün açılıb.  Məscidlərin  girişində  dindarlardan fərdi məlumatlar, koordinatlar,  əllərin dezinfeksiyası tələb olunur.  Bundan başqa məscidin içərisində 1,5 metrlik sosial məsafə saxlanılmlı,  hamı maska ​​taxmalıdır. Azərbaycanda olduğu kimi,  Almaniyadakı məscidlərdə də  kütləvi namazda  50 nəfərdən çox adam iştirak edə bilməz.  Türkiyədə də  74 günlük fasilədən sonra ilk dəfə məscidlər cümə namazı üçün  açılıb. Dindarlardan öz canamazını  gətirmək,  tibbi maska taxmaq və  sosial məsafə gözləmək tələb olunur. 

Sadalanan faktalara əsasən ibadətə qoyulan məhdudiyyətləri möminlərə qarşı atılmış addım kimi deyil,  məntiqi addım kimi qiymətləndrimək  mümkündür.

Saxta.info bu qənaətə gəlib ki,  REAL partiyasının sədri İlqar Məmmədovun açıqlaması faktlarla manipulyasiya cəhdidir və  dindarlar arasında emosiyaları  qızışdırmağa yönəlib.