Nobel akkreditə olunmur!!!  Ona görə ki,  bütün ölkələrdəki  yerli təşkilat komitələri akkreditasiya üçün icazə verməlidir. İndi o, Londona ya da Amsterdama getməyəcək. Çünki Bakıdakı təşkilat komitəsi onu milli prinsiplər əsasında bloklayıb.  Bu barədə rusiyalı idamn şərhçisi, bloqer Vasili Utkin  telegram kanalında yazıb.

Saxta.info bloqerin bu açıqlamasının   əsaslı olub-olmadığını açıqlayıb.

Koronavirus pandemiyası səbəbindən  təxirə salınan futbol üzrə Avropa  Çempionatının  bir sıra  oyunları bu il iyunun 11-dən iyulun 11-dək, Azərbaycanda keçiriləcək.   Qeyd edək ki, “Avro 2020”-yə  dünyanın 10 ölkəsində 11 şəhər  ev sahibliyi edəcək. Bura Roma (İtaliya), Bakı (Azərbaycan), Kopenhagen (Danimarka), Sankt-Peterburq (Rusiya), Amsterdam (Hollandiya), Buxarest (Rumıniya) , Budapeşt (Macarıstan), Münhen (Almaniya), Sevilya (İspaniya), London və Qlazqo (Böyük  Britaniya) şəhərləri daxildir.

Rusiyalı şərhçi Nobel Arustamyana gəlincə, onun adı Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Qarabağa  qanunsuz səfər edən şəxslərin siyahısına daxil edilib.

Dünyanın bir çox ölkəsinin vətəndaşlarının adlarının düşdüyü siyahı ilə tanışlıq, etnik məsələnin seçimdə heç bir rol oynamadığını göstərir. Bunu siyahıya salınan şəxslərin adları və soyadları sübut edir.

Rəsmi Bakının mövqeyi ondan ibarətdir ki, mərkəzi hakimiyyət orqanlarının icazəsi olmadan Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən xarici vətəndaşlar ölkənin qanunlarını pozur və ərazi bütövlüyünə, suverenliyinə xələl gətirir. Həmçinin, Azərbaycan Xarici İşlər Nazirliyi dəfələrlə xarici jurnalistlərə müraciət edərək, onları Bakıdan akkreditasiya almadan işğal olunmuş ərazilərə getməmələrini xahiş edib.

Xatırladaq ki, Azərbaycan ərazisinə səfər "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Qanunun müddəalarına uyğun olaraq həyata keçirilir.   Qanunun 12-ci maddəsinə əsasən  əcnəbilər və vətəndaşlığı olmayan şəxslər   qanunda nəzərdə tutulmuş qaydada xüsusi ayrılmış nəzarət məntəqələrindən keçmək şərti ilə şəxsi pasportları və beynəlxalq müqavilələrə uyğun olaraq rəsmiləşdirilmiş icazə—viza əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından kedə bilərlər. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilər şəxsi pasportları (digər sərhədkeçmə sənədləri) və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələri əsasında Azərbaycan Respublikasından gedə və Azərbaycan Respublikasına qayıda bilərlər.   

Siyahıdan da göründüyü kimi, Nobel Arustamyanın Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri 2014-cü ildə qeydə alınıb.  Arustamyan 2014-cü ildə bir qrup rusiyalı jurnalistin sırasında Dağlıq Qarabağa səfər edib və burada onların iştirakı ilə futbol matçı təşkil edilib.  Arzuolunmaz şəxslər siyahısına  Nobel Arustamyandan əlavə “NTV Plus”un şərhçiləri Mixail Mossakovski, Filip Kudryavtsev, Eurosport-un şərhçisi İqor Kıtmanov, “Radio Sport”un şərhçisi Roman Şerba, “Sportbox”un əməkdaşı Maksim Allanazarov, jurnalistlər Maksim Korotin, İqor Xoroşin, Semyon Vasilyiev və Samvel Arustamyan daxil edilib.

Təbii ki, bu qanunsuz səfərdən sonra həmin şəxslərin  Azərbaycana girişinə qadağa qoyulub.

Qeyd edək ki,  Arustamyan özünün Facebook səhifəsində dəfələrlə  Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü şübhə altına alan paylaşımlaraı ilə gündəmə gəlib. O həmçinin Bakını  eskalasiyada  ittiham edib.

Nobel Arustamyanın qeydiyyata alınmamasının səbəbləri barədə danışan Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) icraçı vitse-prezidenti Elxan Məmmədov  qeyd edib ki, AVRO-2020 UEFA-nın bayrağı altında vahid sistem şəklində təşkil olunur: “Bu, eyni zamanda UEFA-nın akkreditasiya qeydiyyatı sisteminə də aiddir. Yəni akkreditasiya üçün müraciət etmiş hər hansı şəxslə bağlı AVRO-2020-nin oyunlarının keçiriləcəyi 11 şəhərin hər birinin Təşkilat Komitəsi tərəfindən təsdiq cavabı gəldikdən sonra qeydiyyat təsdiqlənir və müraciət edən şəxs akkreditasiyadan keçmiş hesab olunur. Konkret bu situasiyada adı qeyd olunan media nümayəndəsi hər hansı problemə üzləşibsə, ona tövsiyə edərdik ki, bununla əlaqədar UEFA-ya müraciət etsin”.

Materialımızın əvvəlinə qayıdaraq qeyd edək ki,  şərhçi  Vasil Utkinin  rəsmi Bakının millətçi əhval-ruhiyyəsində ittiham etməsi gülüncdür. Çünki  erməni əsilli idmançılar dəfələrlə Azərbaycanda keçirilən yarışlarda iştirak ediblər.  Xüsusilə, 2019-cu ildə Rusiya milli komandasının tərkibində çıxış edən Qarsevan və Duxik Canazyanlar Bakıda təşkil olunan idman aerobikası üzrə Avropa çempionatında iştirak ediblər. 2015-ci ildə Bakıda keçirilən 1-ci Avropa Oyunlarında Prezident İlham Əliyev şəxsən aralarında erməni əsilli Ukraynalı idmançı Gevorq Manukyanın da olduğu  boksçulara medallar təqdim edib.

Nobel Arustamyanın akkreditasiyasına qadağa qoymaq,  başqa bir məsələdir. Məsələ burasındadır ki,  o,  Azərbaycan hökumət orqanlarının rəsmi icazəsi olmadan Qarabağı gələrək nəinki Azərbaycan qanunlarını pozub, həm də nümayişkaranə şəkildə dövlətə və xalqa hörmətsizlik göstərib. Belə olan vəziyyətdə Azərbaycan akkreditasiyaynın qarşısnı almaqla tamamilə hüquqi prizmadan hərəkət edib. Və bununla da Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etmiş olub.

Qeyd edək ki, bundan əvvəl  Azərbaycan Xarici İşlər Nazirliyi ölkəyə qanunsuz girişlərinə görə üzr istəyən xarici vətəndaşların adlarını “arzuolunmazlar” siyahısından çıxarıb. Bir qayda olaraq, bu cür məktublarda Azərbaycanın suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ərazi bütövlüyünə və ölkənin qanunlarına hörmət ifadə edilir.

Arustamyan da oxşar müraciətlə  bu vəziyyətdən qaça bilərdi.  Ancaq son 7 ildə o belə bir addım atmayıb.  Bu durum  göstərir ki,  Arustamyanla bağlı məsələni siyasiləşdirmək  cəhdi   əvvəldən planlaşdırılıb. 

Saxta.info,  bu qənaətə gəlib ki,  Nobel Arustamyanın Avro 2020 oyunları üçün akkreditasiyadan məhrum edilməsi ilə bağlı  rus şərhçi Vasili Utkinin  açıqlaması  əsassızdır.