“Peyvənd hesab edildiyi qədər təsirli deyil. Ona görə də hesab edirəm ki, COVİD pasportaları vətəndaşa immunitet testindən keçdikdən sonra verilməlidir. Operativ Qəraragah yalnız peyvənd vurulmuş vətəndaşlara COVİD pasportu vermək prinsipinə deyil, məhz bu prinsipə əməl etməlidir”. Bu fikirləri tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

Saxta.info professorun bu açıqlamasının əsaslı olub-olmadığını yoxlayıb.

Professorun məntiqindən belə çıxır ki,  koronavirus keçirənlərdə yaranan immunitet  peyvənd nəticəsində əmələ gələn immunitetdən daha güclüdür. Tibb dünyasında bu fikrə münasibət birmənalı deyil.  Bir sıra tədqiqatların nəticələrinə görə peyvəndin təsiri, xəstəlikdən sonra insanda yaranan anticisimlə müqayisədə daha effektlidir.

ABŞ-ın Fred Hantinqton Xərçəng Tədqiqat Mərkəzinin əməkdaşları  müqayisə məqsədilə  koronavirus keçirənlərlə peyvənd olunanlar  üzərində tədqiqat aparıblar.  Bunun üçün yeni koronavirusun iki variantını - orijinal Wuhan-Hu-1 ştammını və daha təhlükəli Cənubi Afrika B.1.351 ştammını təsirsiz hala salmağa çalışıblar.

Eksperimentin nəticələrinə görə müəyyən edilib ki, xəstələnib sağalanlardan götürülən peyvəndlər Wuhan-Hu-1-i zəif neytrallaşdırıb və B.1.351-ə isə heç təsir etməyib. Lakin istənilən vaksinlə immunlaşdırma isə B və CD4+ T immun hüceyrələrinin əmələ gəlməsinə və hər iki ştama qarşı neytrallaşdırıcı anticismlərin titrlərinin min dəfə artımına səbəb olub. Bu o deməkdir ki, SARS-CoV-2 virusunun yeni mutant ştamlarının əmələ gəlməsi təkrar yoluxmalara gətirib çıxara bilər. Belə ki, əvvəlki ştamlarla rastlaşan anticismlər, demək olar, işləmir. Vaksinlər isə həqiqətən müdafiə edir.

Oxşar nəticə N.F.Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzində də əldə edilib.  Rusiyalı mütəxəssislər bu qənaətə gəliblər ki, koronavirus infeksiyasına qarşı peyvənd olunduqdan sonra insan orqanizmindəki anticisimlərin səviyyəsi xəstəlikdən sonra yaranan anticisimlərdən daha yüksəkdir. Rusialı alimlərin qənaəti israilli həmkarlarının müşahidələri ilə də üst-üstə düşür.

Lomonosov adına Moskva Dövlət Universitetinin molekulyar biologiya laboratoriyasının aparıcı tədqiqatçısı Roman Zinovkində bildirib ki, peyvənd birmənalı şəkildə xəstəlikdən sonra yaranan immunitetdən daha  effektlidir. Həm də bu istənilən yaş qrupu üçün keçərlidir.   Üstəlik laboratoriya əməkdaşları COVID-19-a yoluxub sağalan şəxsin də peyvənd olunmasını məqəsədəuyğun sayırlar.

Bununla yanaşı, amerikalı elm adamları sürətli yayılma və davamlı mutasiya səbəbilə infeksiyadan sonra bədəndə yaranan anticisimlərin virusun yeni ştammına qarşı  az effektli olduğunu bildirirlər.  Avstriyada aparılan araşdırma zamanı isə məlum olub ki,  koronavirus hüceyrələrə daxil olduqdan sonra yaranan anticisimin sayı  - xüsusilə xəstəlik   yüngül keçdikdə sürətlə azalır.

Qeyd etmək lazımdır ki, koronavirusa qarşı təkcə anticisimlərin  təsirli olması ilə bağlı ağıllarda mövcud olan fikir dəqiq deyil.  Bundan başqa  orqanizmdə  T-hüceyrə və ya T – limfositlər hesabına T-hüceyrə cavabı da mövcuddur.  Rusiya Səhiyyə Nazirliyinin Milli Tibbi Tədqiqat Hematologiya Mərkəzinin əməkdaşları hesab edirlər ki, koronavirusu keçirən şəxslərdə anticisim olmadığı təqdirdə, immunitetin bu komponenti xəstəliyin öhdəsindən gəlməyə kömək edir.

Bu arada, bəzi tədqiqatlar bütün dünyada ən çox tələb olunan və bu gün Azərbaycanda istifadə edilən PCR testlərinin  qeyd edildiyi kimi etibarlı olmadığını göstərir. Məsələn, Berlindəki Charite klinikasının virusoloqu Kristian Drosten bu üsulu  torla akvariumdan qızıl balıq tutmaqla müqayisə edir. Mütəxəssis deyir ki, tor boşdursa, bu, akvariumda balıq olmadığı anlamına gəlmir. Bu mənada analizin nəticəsində virus tapılmaması hələ həmin insanın virusa yoluxmaması demək deyil. Çünki virus təkcə  insanın boğazında və ağciyərində deyil  orqanizminin digər hissələrində də aşkarlana abilər.

Tibb dünyasında hakim olan fikir budur ki, koronavirusla tam mübarizə aparmaq üçün fundamental tədqiqatlara ehtiyac var. Fərdi tədqiqatların nəticələri bu sahədəki məlumatları artırsa da virusun mutasiya etməsi fonunda tam mənzərəni  aydınlaşdırmaq hələ ki mümükün deyil.

Buna baxmayaraq, dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda genişmiqyaslı peyvəndləmə şəraitində koronavirus infeksiyasının yayılma nisbəti azalır. ÜST rəhbəri Tedros Adanom Qebreisus dünyada yeni koronavirus infeksiyası hadisələrinin sayının may ayından bəri hər həftə azaldığını deyib.

Bununla belə tibb alimləri hazırda koronavirusa qarşı ən təsirli qorumanın  peyvənd olduğunu deyirlər. Avropa Birliyi ölkələri arasında vətəndaşların hərəkətini asanlaşdırmaq üçün sertifikatlar tətbiq olunur. Bu sənədlər ya koronavirus əleyhinə vaksinasiyanı,  ya  testin neqativ olduğuna dair cavabı, və ya COVID-19-a qarşı immunitet olduğunu təsdiqləyir.   Bununla yanaşı, ekspert cəmiyyətində, COVİD pasport və sertifikatlarının verilməsi meyarı olaraq immunitet testlərinin etibarlılığına mütləq əminlik yoxdur. Təqdirəlayiq haqldır ki,  Azərbaycanda peyvənd vurulmasına aid pasportala yanaşı immunitet sertifikatı da verilir.

Nəzərdən keçirilən elmi araşdırmaların nəticələri və mütəxəssis rəyləri onu deməyə əsas verir ki, dünya ekspert birliyində hansı tip immunitetin koronavirusdan müdafiə baxımından etibarlı olması barədə vahid fikir yoxdur. Buna görə də nə vaksinasiya, nə də PCR-testin nəticələri kovid pasportunun verilməsi üçün ideal meyar ola bilməz.

Saxta.info bu qənaətə gəlib ki, professor Adil Qeybullanın COVİD pasportalarının vətəndaşa immunitet testindən keçdikdən sonra verilməli olduğuna dair  rəyi  əsasən yanlışdır.