Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan  Minsk Qrupunun  həmsədrlərini Azərbaycanı dəstəkləməkdə ittiham edib.  O bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri (Rusiya, Fransa, ABŞ - red) Qarabağ nizamlanması ilə bağlı Azərbaycanla eyni mövqe ifadə ediblər və  bu mövqe 2018-ci ildə deyil, ondan daha əvvəl formalaşıb.

Saxta.info Paşinyanın iddiasının əsaslı olub-olmamasını  araşdırıb. 

1994-cü ilin dekabr ayından  fəaliyyət  göstərən  həmsədrlik institutunun tarixinə  nəzər salmazdan öncə, ən yaxın tarixə, 44 günlük İkinci Qarabağ Müharibəsi ərəfəsində  baş verənlərə  diqqət edək.

Məlumdur ki, 44 günlük müharibə ərzində  BMT Təhlükəsizlik Şurasının iki qapalı iclası keçirilib.  Hər iki  iclas Dağlıq Qarabağdakı vəziyyətə həsr edilib. İclaslardan biri  müharibənin 2-ci günündə, 29 sentyabr 2020-ci il tarixdə, digəri isə 20 gün sonra 19 oktyabr tarixində baş tutub.  Hər iki iclasın çağırılmasında Minsk Qrupunun üzvləri  xüsusi fəallıq göstərib.  Üstəlik oktyabrın 19-da keçirilən qapalı iclasdan sonra  ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan Rusiya və Fransa tərəfindən xüsusi bəyanat layihəsi hazırlanaraq razılaşdırılması üçün üzv ölkələr arasında yayılıb.

Lakin  Qoşulmama Hərəkatının  BMT Təhlükəsizlik Şurasında təmsil olunan 7 üzvü (İndoneziya, Nigeriya, Vyetnam, Tunis, Cənubi Afrika Respublikası, Dominikan Respublikası, Sent Vinsent və Qrenadin)  bu layihənin əleyhinə çıxıb.  Qoşulmama Hərəkatının üzvləri bəyanat layihəsində  BMT Təhlükəsizlik Şurasının məlum  4 qətnaməsinə   (822, 853874 və 884 saylı qətnamələr - red)  istinad edilməməsini əsas gətirib və  bu məqamın layihəyə  salınmasını təklif ediblər. 

Amma həmsədr ölkələr bu təklifi qəbul etməyiblər. Üstəlik  Rusiya və Fransa bəyanatın iki dəfə sükut proseduru vasitəsilə qəbuluna cəhd göstəriblər. Amma Qoşulmama Hərəkatına üzv ölkələr geri çəkilməyib və bəyanat qəbul edilməyib. Beynəlxalq münasibətlər üzrə mütəxəsislər bildirirlər ki, sənəd qəbul olunacağı təqdirdə Qarabağda hərbi əməliyyatları dayandırmaq məcburiyyəti yaranacaqdı. Amma  Qoşulmama Hərkatına üzv ölkələrin prinsipiallığı nətiəsində bu şans həmsədr ölkələrin, xüsusilə də Fransa və Rusiyanın əlindən alınıb. Bu isə sonrakı 20 gün ərzində Azərbaycana ərazi bütövlüyünü bərpa etmək, xüsusilə də tarixi Azərbaycan şəhəri Şuşanı işğaldan  azad etmək imkanı yaradıb.

25 noyabr 2020-ci il tarixdə isə Minsk Qrupunun həmsədri olan Fransa  yenidən Ermənistana dəstək üçün cəhd edib.  Bu dəfə Fransa senatında qondarma  “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsi qəbul edilib.  Düzdür,  Fransa hökuməti  sənədi  təsdiqləməyib. Amma  bu  məsələnin senatın müzakirəsinə çıxarılması faktı  həmsədr statusuna malik olan  Parisin Ermənistanı dəstəklədiyini deməyə kifayət edir.

Yeri gəlmişkən, Fransanın həmsədr mövqeyindən çox ermənipərəst mövqeyi Azərbaycanla Ermənistan arasında gedən sərhəd dədqiləşdirməsində də  özünü biruzə verir.  Azərbaycanın beynəlxalq səviyyədə tanınan dövlət sərhədini bərpa etməsinə Parisin  İrəvanın mövqeyindən reaksiya verməsi belə deməyə əsas verir.  Xatırladaq ki,  iyunun 1-də Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Parisə səfəri zamanı Fransa prezidenti Makron “Azərbaycan qoşunları Ermənistan ərazisini tərk etməlidir, tərəflər mayın 11-dək tutduqları mövqelərə qayıtmalıdırlar” fikri ilə çıxış edib.

1997-ci ildən həmsədrlik statusu daşıyan Fransa  bu müddətdə “Ermənistan Silahlı Qüvvələri  işğal altında olan Azərbaycan torpaqlarından çıxarılmalıdır” bəyanatı ilə çıxış  etməyib.  Halbuki bu, elə Fransanın özünün də təsdiqlədiyi BMT Təhlükəsizlik Şurasının qətnamələrində əksini tapıb.

Yeri gəlmişkən, BMT Təhlükəsizlik  Şurasının 5 daimi üzvündən üçü -  Rusiya, Fransa, ABŞ məhz Minsk qrupunun həmsədrləridir.  Erməni hərbi birləşmələrinin  Azərbaycanın   işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən  dörd  qətnamə də  1993-cü ilin 30 aprel, 29 iyul, 14 oktyabr və 12 noyabr tarixlərində bu üç ölkənin iştirakı ilə qəbul olunub.  Amma  ötən illər ərzində  həmin ölkələr qətnamələrin Ermənistan tərəfindən icrası üçün nəinki konkret addım atıb, bəyanat belə verməyiblər.  

Əksinə həmsədr ölkələr ayrı-ayrılıqda Ermənistanın xeyrinə olan addımlar atıblar.

Məsələn,  Qarabağ Ermənistanın işğalı altında olan illərdə Qərb ölkələrinin burada minatəmizlımə əməliyyatları adı ilə maliyyə ayırdığına dair məlumatlar  verilib.  Açıq mənbələrdə yer alan məlumatlara görə, bu prosesi əsasən ABŞ-Böyük Britaniya özəl hərbi şirkəti olan “The Halo Trust” icra edib. 2011-ci ildə Azərbaycanın tələbi ilə Böyük Britaniya bu təşkilata vəsait ayırmağı dayandırsa da Minsk Qrupunun həmsədrlərindən olan ABŞ Beynəlxlaq İnkişaf Agentliyinin  (USAİD)   xətti ilə  təşkilata pul ayrılmasını davam etdirib. Bəzi mənbələrdə ABŞ-ın 2001-ci ildən  bəri  təşkilata 17 milyon dollar ayırdığı bildirilir.

Erməni mənbələri təşkilatın 2000-ci ildən Dağlıq Qarabağda fəaliyyət göstərdiyini yazır.  2017-ci ilin mart ayında yayılan digər məlumatda  “The Halo Trust”un Qarabağda minatəmizləmə işləri aparmaq üçün əlavə 1 milyon dollar topladığı qeyd edilib. Bildirilib ki, mina sahələrinin təmizləməsi üçün  8 milyon dollar tələb olunur. Təşkilat  artıq 70 minalanmış sahənin təmizlənməsi üçün  4 milyon dollar ödəyən “naməlum” donor tapıb.  Adı  açıqlanmayan  “donor”  qalan  vəsait tapılacağı   təqdirdə  4 milyon dolları ödəyəcəyini vəd edib.  Qeyd edək ki,  “The HALO Trust”  2000-ci ildən başlayan prosesin 2020-ci ilədək başa çatdırmağı planlaşdırırdı.

Göründüyü kimi 20 ilə yaxın müddətdə  Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisində qanunsuz fəaliyyət göstərən  təşkilat birbaşa həmsədr ölkədən maliyyə yardımı alıb.  Bu isə dolayısı ilə Ermənistanın maraqlarının  təmin edilməsi idi.

Üstəlik, Qarabağ işğaldan azad edildikdən sonra minalanmış sahələrlə bağlı yaranmış vəziyyət  vəsaitin qeyd edilən istiqamətdə xərcləndiyini şübhə altına alır.  

ABŞ-ın Ermənistana bu tipli yardımları indi də gündəmdədir. Bu günlərdə Co Bayden  administrasiyası  postmüharibə dövrünü aradan qaldırmaq üçün Ermənistana 24 milyon dollar yardım təklif edib.  ABŞ konqresmenləri isə  bu məsələdə bir qədər də irəli gedərək hökuməti Qarabağa və Ermənistana 100 milyon dollar yardım göstərməyə çağırırlar.

Digər həmsədr  ölkə olan Rusiyanın Ermənistanı müxtəlif yollarla silahlandırdığına dair  açıq mənbələrdə kifayət qədər məlumat var.  Hətta  Moskva  öz  silahlarını   Ermənistanın ala bilməsi üçün bir neçə dəfə  bu ölkəyə böyük məbləğdə  kredit ayırıb.  Belə kredit sazişlərindən biri  illik 3 faiz olmaq şərtilə 2015-ci ilin iyun ayında imzalanıb. Dəyəri  200 milyon dollarlıq  saziş çərçivəsində  Ermənistana sonuncu silah tədarükü 2018-ci ilin iyul ayında yekunlaşıb.  Ermənistanın o zamankı müdafiə naziri David Tonoyan jurnalistlərə açıqlamasında Rusiyadan ən müasir silahlar tədarük edildiyini,  hətta bu cür silahların  Rusiya ordusunun arsenalında olmadığını iddia edib.

 2017-ci ildə  Rusiya bu ölkəyə illik 4  faizlə daha 100 milyon dollar  kredit ayırıb. Razılaşmaya əsasən Ermənistan krediti 15 il müddətinə (2023-2037 illər ərzində) qaytarmalıdır. Kreditdən istifadə müddəti isə 2018-2022-ci illəri əhatə edir. Yeri gəlmişkən,  Rusiyanın Ermənistana silah tadarükünü əks etdirən fotlara Nikol Paşinyanın feysbuk səhifəsində  də rast gəlmək olar. 2016-cı ildə   Rusiyanın Ermənistana İskəndər Operativ Taktiki Raket Kompleksi  verdiyi də  məlumdur.

İkinci Qarabağ müharibəsi zamanı ermənilərin həmin raketdən Şuşa istiqamətində atması başqa bir faktı da  üzə çıxardı. Azərbaycan tərəfinin təqdim etdiyi faktlardan məlum oldu ki, Rusiyadan Ermənistana məhz ixracına qadağa qoyulan “İskəndər -M” kompleksi ötürülüb.

Bundan əvvəl,  bir qədər də konkret desək 2008-ci ildə Rusiyanın Ermənistana verdiyi silahlar  dünya miqyasında müzakirələrə səbəb olmuşdu.  Rusiyanın Şimali Qafqaz Hərbi Dairəsi komandanının silahlanma üzrə müavini, general-leytenant Vyaçeslav Qolovçenkonun imzası ilə verilən silahların dəyəri ekspert qiymətləndirmələrinə görə,  800 milyon dollar təşkil  edirdi.

Silah arsenalına

21 ədəd T-72 tankı; 27 ədəd BMP-2, 12 ədəd BTR 70/80, 5 ədəd BMP-1 bazasında hazırlanmış BREM-2 döyüş maşınları; 4 ədəd ZSU 23-4 “Şilka” raketi; müxtəlif markalı “Strela” raketləri; 875 yeşik F-1, RQD-5 qumbaraları; 1050 yeşik RKQ-3/3 EM qumbarası; 7897 ədəd müxtəlif markalı (122 mm RS, 152 mm 2S3, 122 mm D-30 və s.) döyüş sursatı; 120 ədəd QP-25 lüləaltı qumbaraatanı; 2846 ədəd 5,45 millimetrlik AK-74 və AKS-74 avtomat silahları; 1472 ədəd 7,62 millimetrlik AKM və AKMS avtomat silahları; 103 ədəd NB-8 gecəgörmə cihazı; trotil şaşkaları; müxtəlif markalı (TM 62 M/P, OZM-72, PMN) minalar; 14 ədəd BM-37 minaatanları; 9 ədəd “Qrad” qurğusu (RSZO 9K51 BM-21); 10 ədəd T-55 bazasında hazırlanmış “Akasiya” qaubitsası (SAU 152 mm 1S); 14 ədəd MT-LBU bazasında hazırlanmış “Qvozdika” qaubitsası (SAU 122 mm 2 S1); 5 ədəd 100 millimetrlik “Rapira” topu (MT-12r); 210 ədəd 3 M9M3 “Kub” raketi və başqa silah, hərbi sursat, texnika və avadanlıqlar  daxil olub. 

Saxta.info sadalanan faktlara əsaslanaraq bu qənaətə gəlib ki,  Paşinyanın açıqlaması həqiqətdən uzaqdır.