Rusiyanın om1.ru nəşri  Novosibrskdə  polisin 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi öldürməsindən sonra guya Azərbaycanda ruslara qarşı təzyiq olunduğuna dair məqalə dərc edib.  Məqalədə 19 yaşlı gəncin ölümü ilə əlaqədar  Novosibirskdəki yaranan millətlərarası qarşıdurmadan sonra Bakıda rusların sıxışdırıldığı iddia olunur. Qəzet yazır ki,  Azərbaycan tərəfi  saxlanılan şəxsin ölümündən sonra polisin sərbəst buraxılmasına əmr edən Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr  Bastırkinin  cəzalandırılmasını tələb edir.

“Başqa Rusiya”  partiyasının koordinatoru Andrey Dmitriyev iddia edir ki,  məlum hadisədən sonra Bakıda ruslar təzyiqə məruz qalıb: “Əslində Azərbaycanda yaşayan ruslar Prezident İlham Əliyevin girovudurlar və hakimiyyətin onlardan tələb etdiyi hər şeyi edirlər. Sonuncu müharibə zamanı Rus Pravoslav Kilsəsinin yerli yeparxiyasının Bakını necə fəal şəkildə dəstəklədiyini,  Türk dünyası adına Qarabağ xristianlarının məhv edilməsini, kilsələrin, xaçların  təhqir edilməsini və digər xoşagəlməz epizodları xatırlamaq kifayətdir”.

Dmitriyev əlavə edir ki,  Əliyev rejimi Kremllə dost  münasibətindən rahatlanıb: “Vurulan Rusiya helikopterini və ölən pilotlara görə heç kimin cəzalandırılmadığını xatırlatmaq kifayətdir. Və ya pilotsuz təyyarənin Şuşada məbədə zərbə endirməsi nəticəsində rusiyalı jurnalistlər Yuri Kotyonka və Levon Arzanovun yaralanması”.

Saxta.info, rus şovinistinin açıqlamalarında irəli sürdüyü iddialarla bağlı araşdırma aparıb.

Şuşa kilsəsinin damına mərminin düşməsi faktı ətrafında çox səs-küy olmasına baxmayaraq, insidentlə bağlı şübhəli məqamlar çoxdur, hətta təxribatın ola biləcəyi də istisna deyil.   Xatırladaq ki,  ötən ilnin noyabrında Azərbaycan Prezidenti İlham Əliyev də BBC-yə verdiyi müsahibədə bu hadisənin səhvən baş verməsi ehtimalını irləli sürüb.  Yeri gəlmişkən,  Azərbaycan Müdafiə Nazirliyi Şuşada kilsənin vurulmasının Azərbaycan ordusunun hərbi əməliyyatları ilə heç bir əlaqəsi olmadığını açıqlayıb.

Rusiyalı hərbi ekspert Aleksey Xlopotovun fikrincə, Azərbaycan ordusu Qazançı kilsəsinə məqsədyönlü şəkilə zərbə endirsəydi məbəd xarabalığa çevrilərdi.. Əslində kilsəyə günbəzi yararaq yalnız bir mərmi düşüb. Bununla yanaşı mərni “nədənsə”  partlamyıb.

Özünüz bir baxın: cəbhəyə gedən hərbçilər dua etdikdən dərhal sonra boş gilizin dəqiq düşməsi baş verir və yaxınlıqda "təsadüfən" rusiyalı jurnalistlər peyda olur. Onlardan biri, Yuri Kotyonok "təkrar" atəş zamanı ağır yaralanır. Təkrar atəş zamanı kilsə zərər çəkməyib, amma dağıntıları qeydə alan jurnalist isə ağır yaralanır. Möcüzədir! Həmin gün elə Şuşada erməni-rusiyalı təbliğatçılarının (məhz belə) məlumatına görə, daha iki jurnalist yaralanıb.

Ancaq təbliğat nədənsə həmin şəxslərin adlarını və hansı şəraitdə yaralandıqlarını  gizlədir.  Səbəbi aydındır.  Əslində yalnız iki jurnalist olub.  İkincinin adı Levon Arzanovdur. "Jurnalist" adlandırılan üçüncü şəxs Qrant Badalyan adlı  bələdçi imiş.  Belə vəziyyətdə hadisələrin işıqlandırılmasında  qərəzsizlikdən danışmaz mümkündürmü,  deyə  Xlopotov qeyd edib.

Beləliklə, Azərbaycan tərəfinin Şuşadakı  kilsəni "atəşə tutması" iddiasının sübuta yetirilmədiyini aydınlaşdırdıq.

Millətçi  Rusiya nəşrinin Azərbaycan Pravoslav Kilsəsi ilə bağlı iddiasına gəlincə, söhbət sözügedən kilsənin 44 günlük müharibə zamanı Azərbaycana verdiyi dəstəkdən  gedir.  Qeyd edək ki, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının mətbuat katibi Konstantin Pominov dəfələrlə bu barədə açıqlamalar verib.  Qeyd edib ki,  pravoslav xristianlar Azərbaycan xalqının ayrılmaz hissəsidir: “Biz birlikdə sevinirik, birlikdə kədərlənirik”.

 “Konstitusiya yalnız azərbaycanlılar üçün deyil, ölkənin bütün vətəndaşları üçün yazılıb.  Azərbaycan fərqli etiqadalara  və millətlərə münasibətin çox yaxşı olduğu dünyəvi demokratik bir ölkədir.  Qədim dövrlərdən bəri həmişə belə olub. Azərbaycan çox tolerant ölkədir. Bu gün Azərbaycandakı  bütün dini   konfessiyaların məbədlərində sülh və qələbə dualarının oxunması bir olduğumuzu sübut edir. Müsəlmanlar, xristianlar və yəhudilər – biz  hamımız bir xalqıq. Bəli, fərqli millətlərə, fərqli dinlərə sahibik, amma hamımız dövlətimiz, Vətənimiz üçün bir nəfər kimi birləşmişik“. Bu fikirləri Konstantin Pominov  müsahibələrindən birində vurğulayıb.

Bu açıqlamalar erməni tərəfi və Rus Pravoslav Kilsəsində hiddət doğurub. Rusiaylı jurnalistlər Pominovdan izahat tələb etdikdə, o deyib:  “İstər-istəməz  siyasətdə iştirak etməliyik.  Necə yəni,  Azərbaycandakı kilsə - öz torpağı üçün  narahat olmayacaq? Döyüşlər gedəndə Moskvadan mənə dedilər ki, həddindən artıq siyasiləşmisən. Cavab verdim: “Uşaqlar, Qarabağı ermənilərə verməyə çağırmalıyam? Mən  Azərbaycan vətəndaşı olaraq erməniləri torpaqları bizə qaytarmağa çağırıram. Onlar məni anladılar..."

Pominov münaqişəni xristian-islam qarşıdurması kimi təqdim etməyə çalışanların ermənilərin olduğuna diqqət çəkib.  “Azərbaycan xristianlara qarşı döyüşsəydi, əvvəlcə bizi məhv edərdi”  deyə  Pominov sözlərinə əlavə edib.

Erməni tərəfi dəfələrlə azərbaycanlılarla ruslar arasında qarşıdurma məqsədilə pravoslav amilindən istifadə etməyə cəhd göstərib. 2010-cu ildə Bakının razılığı olmadan işğal altındakı Xankəndidə  rus kilsəsinin təməlinin qoyulması ətrafında qalmaqal  yaşanıb. Bakı və Xəzəryanı bölgənin Arxiyepiskopu Aleksandr  bununla əlaqədar Moskva Patriarxlığına öz narazılığını bildirib. Yepiskop həmçinin kilsənin təməlinin qoyulmasında iştirak etməsi ilə bağlı  xəbər yayan Rusiyanın  “İnterfaks” xəbər agentliyinin Bakı nümayəndəliyinə etirazını bildirib.

“İnterfaks”ın yaydığı məlumatlarda  yepiskop Aleksandrın guya təməlqoyma mərasimindən sonra  Qarabağın Rus icması üçün  kilsə tikdirmək qərarına görə qondarma DQR “səlahiyyətlilərinə” minnətdarlığını bildirdiyi iddia olunub.  Bakı və Xəzəryanı bölgənin arxiyepiskopu  xəbəri təkzib edərək  heç vaxt Dağlıq Qarabağda olmadığını və kilsənin təməlqoyma mərasimində  iştirak etmədiyini bildirib.  Ünumiyyətlə bu mərasimdə Bakı və Xəzəryanı yeparxiyanın  nümayəndəsinin  olmadığını qeyd edib.

Bu etirazdan sonra "İnterfaks”  məlumatın yenilənmiş varinatını yayıb. Bu məlumatda mərasimdə Moskva Patriarxlığının nümayəndəsi Aleksandr Vasyutinin təməl daşı qoyduğu,  inşaat sahəsində ibadət  etdiyi bildirlib.

Məsələ burasındadır ki,  Xankəndində  qanusuz kilsənin  təməli qoyulduğu gün Bakı və Xəzəryanı bölgənin yepiskopu  ümumiyyətlə Azərbaycandan kənarda olub.  Dağıstanın keçmiş rəhbəri Maqomedali Maqomedovun 80 illiyinə həsr olunmuş təntənəli tədbirlərdə iştirak etmək üçün Azərbaycan nümayəndə heyətinin tərkibində Dağıstana gedib.

Azərbaycandakı Pravoslav Kilsəsinə real münasibəti, hörməti bu günlərdə dünyasını dəyişən Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşeinə  dövlət səviyyəsində təşkil olunan vida mərasimi və Aleksandr Atanın  Birinci Fəxri Xiyabanda dəfn edilməsi də aydın şəkildə görünür. Xatırladaq ki,  Aleksandr İşein Azərbaycanın yüksək dövlət mükafatlarına - "Şöhrət" və "Dostluq" ordenlərinə, habelə 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomuna layiq görülüb.

Azərbaycanda milli, dini və irqi dözümsüzlüyün olmamasının əsas sübutu, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən otuz il davam edən  işğalına və etnik təmizləmələrə baxmayaraq, minlərlə erməninin Azərbaycanda təhlükəsiz şəraitdə yaşamasıdır.  Azərbaycan Prezidenti İtaliyanın “La Republica” qəzetinə verdiyi müsahibədə  minlərlə erməninin Azərbaycanın müxtəlif yerlərində, əsasən Bakıda yaşadığını vurğulayıb.  Əlavə edib ki, Dağlıq Qarabağda yaşayan ermənilər əmin ola bilərlər ki, onların təhlükəsizliyi təmin ediləcək, onların maddi vəziyyəti daha yaxşı olacaq və onlar bu gün Dağlıq Qarabağdakı xunta rejiminin basqısı altında olduğundan daha yaxşı həyat sürəcəklər.

Təəssüf ki, təkcə om1.ru deyil, Rusiyanın  digər  KİV-ləri də Azərbaycanda etnik nifrəti qızışdırmaq cəhdləri ilə fərqlənilər. Bu ilin fevral ayında, Xocalı soyqırımını  günü, “Tsarqrad” telekanalının saytında “Ruslar, getməyin, kölə və fahişələrə ehtiyacımız var”  sərlövhəli  yazı dərc edilib.

Azərbaycandakı Rus İcması Rusiyanın Baş Prokuroru İqor Krasnova yazının müəllli  Vladimir Xomyakovun millətlərarası qarşıdurmaya təhrik,  düşmənçilik və nifrət yaymaq məqsədi daşıyan məqaləsinə xüsusi diqqət yetirilməsi xahişi ilə rəsmi məktub göndərib.  İcma üzvləri  məqalədə fakt və hadisələrin təhrif edildiyini, tarixin saxtalaşdırıldığımı diqqətə çatdırıblar.

Məktubda qeyd edilib ki, biz, Azərbaycan rusları, müəllifin yazdığı kimi özümüzü “repressiya edilmiş xalq”  hesab etmirik və xüsusilə Vladimir Xomyakov kimilərinin  müdafiəsinə  ehtiyac duymuruq: “Ana dilimizdə sərbəst danışırıq, uşaqlarımız orta və ali məktəblərdə rus dilində  təhsil alır,  rus dilində jurnal, qəzet oxuyur, rus dilində televiziya kanallarına baxırıq”.

Qeyd edək ki, Azərbaycandakı rus icması ən böyük (azərbaycanlılardan və ləzgilərdən sonra) üçüncü etnik qrupdur və  Rusiya xaricindəki ən böyük rus diasporlarından biridir.

Hazırda Azərbaycanda 120 mindən çox rus yaşayır.  Azərbaycanda müstəqillik illərində (Cənubi Qafqazdakı qonşularından fərqli olaraq), rus dili siniflərinin sayının azalmasına baxmayaraq bir dənə də olsun rus dilli məktəb bağlanmayıb.  Aparıcı universitetlər bir sıra ixtisaslar üzrə rus dilində dərs verir, rus bölmələri fəaliyyət göstərir.

Bu mənada  Ümumilli lider Heydər Əliyevin  13 iyun 2000-ci il tarixli Fərmanı ilə   yaradılan Bakı Slavyan Universiteti (BSU) xüsusilə diqqətəlayiqdir. BSU-nun fəxri doktorları arasında Rusiya Federasiyasının Prezidenti V.V.Putin, Moskva və Bütün Rusiyanın Patriarxı və başqaları var.

Bu ilin yanvarında Rusiya KİV-ləri, erməni teleqram kanallarına istinadən   guya Bakıda keçirilən aksiyada rusların öldürülməsinə çağırışlar edildiyinə dair xəbərlər yayıb.

Yayılan video  ilə bağlı  qısa araşdırma  bu kadrların bir neçə il əvvəl İranın Azərbaycandakı səfirliyi qarşısında  keçirilən aksiya zamanı çəkildiyi aydın olur. Yeri gəlmişkən, video yayılan kanala  @ermeniyaxshi adı seçməkdə məqsəd  təxribatın arsaxında kimin durduğunu gizlətmək  olub.  Üstəlik  videoda nə rusları, nə də başqalarını öldürmək çağırışları eşidilmir.

Azərbaycanda rus icması ilə azərbaycanlılar arasında münasibət  həmişə yaxşı olub. Bunu İkinci Qarabağ müharibəsində  ruslar da daxil olmaqla digər millətlərin nümayəndələrinin qəhrəmancasına vuruşması da göstərir.

İlk günlərdən hərbi əməliyyatlarda iştirak edən gəncəli Andrey və Maksim Buzanov qardaşlarının medallarla təltif olunduğu bütün ölkəyə yayıldı.  Böyük qardaş helikopter uçuş mühəndisi, Azərbaycan Hərbi Hava Qüvvələrinin mayoru  Andrey Buzanov - "Xocavəndin azadlığına görə", kiçik  qardaş - N saylı hərbi hissəsinin əsgəri, Zirehli Transpartyor mexaniki Maksim Buzanov  isə "Füzulinin azadlığına görə" və "Cəsur Döyüşçü" medallarına layiq görülüblər.

20 yaşlı Vladislav Karçaşkin Cəbrayıl, Füzuli, Xocavənd rayonlarının azadlığı uğrunda qəhrəmancasına döyüşüb, Şuşaya qədər döyüş yolu keçib.  Medallarla təltif olunub.  Denis Pronin və Dmitri Solntsev isə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olublar. Dmitri Solntsev İkinci Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri  şöbəsinin müdiri Hikmət Hacıyev Twitter hesabında Azərbaycanda yaşayan bütün etnik qruplarla bağlı  paylaşım edib. Payşımda bu sözlər əksini tapır: "Azərbaycanın Rus icmasına və bütün digər etnik qruplara çox təşəkkür edirəm. Siz Azərbaycanın layiqli vətəndaşlarısınız. Multikulturalizm Azərbaycanın qürurudur".

Beynəlxalq münaqişələr üzrə tanınmış Rusiyalı mütəxəssis, araşdırmaçı jurnalist Yevgeni Mixaylov  İkinci Qarabağ müharibəsində şəhid olan  ruslarla bağlı film hazırlayıb.  Mixaylov bu yaxınlarda Azərbaycana səfəri zamanı Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin yaxınları ilə görüşüb. Bu görüşlər və təəssüratların əsasında qısametrajlı  film  çəkilib.

Azərbaycan Milli Məclisinin deputatı, Rus icmasının sədri Mixail Zabelinin dediyinə görə, Qarabağda azad edilmiş ərazilərdəki evlərinə qayıtmaq istəyən rus ailələri ona müraciət ediblər.

Tanınmış politoloq Maksim Şevçenko İsmayıllının İvanovka kəndinin timsalında rusların Azərbaycanda necə yaşadıqlarından bəhs edib.  Şevçenko çıxışında  "niyə rus xalqı Rusiyanın özündən başqa hər yerdə daha yaxşı yaşayır" sualı da ünvanlayıb. Yeri gəlmişkən, İvanovkadan 44 günlük Vətən Müharibəsində 17 nəfər iştirak edib.    

Yuxarıda göstərilən faktlar Azərbaycanda yaşayan ruslara qarşı mənfi münasibətlə bağlı  iddiaları təkzib edir.

10 Noyabr üçtərəfli  bəyanatın imzalanmasından bir qədər əvvəl Rusiyanın Azərbaycan-Ermənistan sərhədində vurulan Mi-24 təyyarəsi ilə bağlı insidentə gəlincə, bu məsələ hələ də  tam aydınlaşmayıb.  Cinayət işi əvvəlcə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 351-ci maddəsi ilə (uçuş qaydalarının pozulması və ya onlara hazırlıq, ehtiyatsızlıqdan ölümlə nəticələnmə) başlanılıb, sonra  istintaq  daha ağır,  105-ci maddənin 2-ci hissəsi  (iki və ya daha çox şəxsin qəsdən öldürülməsi) üzrə  davam  etdirilib.

Xatırladaq ki,  9 noyabr tarixində saat 18:30-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopteri vurulub. Ekipaj üzvlərindin 2-si həyatını itirib, biri yaralanıb.   Bununla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi açıqlama yayıb. Açıqlamada qeyd edilir ki,   

- helikopter Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında aktiv hərbi döyüşlərin davam etdiyi bir vaxtda Ermənistan-Azərbaycan dövlət sərhədinin tam yaxınlığında uçuşu həyata keçirib.

- uçuş günün qaranlıq vaxtında, aşağı hündürlükdə, hava müdafiəsi sisteminin radar müşahidəsindən kənar zonada həyata keçirilib.

- bundan öncə həmin ərazidə Rusiya Federasiyası Hərbi Hava Qüvvələrinin helikopterləri müşahidə edilməyib.

Qeyd olunan amilləri və bölgədəki gərgin vəziyyəti, habelə erməni tərəfinin mümkün təxribatları ilə əlaqədar yüksək döyüş hazırlığını nəzərə alaraq, növbətçi hərbi bölüm tərəfindən atəşin açılması qərarı verilib.

Rəsmi Bakı  faciəvi hadisə ilə bağlı Rusiya tərəfinə başsağlığı verib üzrxahlığını bildirib, həlak olan pilotların ailələrinə  kompensasiya ödəməyə hazır olduğunu bildirib.

Yeri gəlmişkən, bmpd.livejournal.com saytında dərc olunan açıqlamada rusiyalı ekspertlər   bildiriblər ki,  gecə vaxtı hərbi kalon göndərilməsi bardə Rusiya komandanlığı Azərbaycanı əvvəlcədən xəbərdar etməyib.

Saxta.info sadalanan faktlara əsasən  bu qənaətə gəlib ki,  om1.ru nəşrində əksini tapan iddialar həqiqətə uyğun gəlmir və açıq şəkildə təxribat xarakterlidir.