Ən müasir avadanlıqlarla təchiz edilmiş “Ağıllı kənd”  layihəsi İran əleyhinə casusluq məqsədi daşıyır. Bu layihə İranın dezinteqrasiyası üçün planlaşdırılıb və  döyüşçü yetişdirmək,  operativ agentura şəbəkəsi qurmaq üçün platformadır.  Bu ağılasığmaz iddia ilə Rus-Erməni Universitetinin şərqşünaslıq institutunun professoru Viktoriya Arakelova çıxış edib.   Arakelova bu iddianı irəli sürərəkən  Azərbaycanın işğaldan azad edilmiş ərazilərində  icra ediləcək  “Ağıllı kənd” konsepsiyasını nəzərdə tutub.

Arakelova bir qədər də dərinə gedərək bildirib ki,  "ağıllı kənd" layihəsi Azərbaycanın  Dağlıq Qarabağa nəzarəti ələ keçirməzdən  əvvəl formalaşdırılıb və  dörd mərhələdən ibarətdir.

Layihə iştirakçılarının aranətrafı zolaq üzərində tam nəzarəti.

Bu ərazilərə qaçqınların, o cümlədən azərbaycanlılar arasından da köçürülmənin qarşısının alınması.

Etnik və konfessional mənzərədə dəyişikliklər - ərazinin bir hissəsində türkmanlar, Türkiyə tərəfdarı olan ərəb döyüşçülərin  tədricən məskunlaşması

Azərbaycanla İranın sərhədində talışların yaşadığı rayonlarda sünni zonasının  yaradılması.

Ərazilərin İran mədəni irsindən tamamilə təmizlənməsi, bütün zolağın etnik və dini komponentinin tamamilə dəyişdirilməsi.

Arakelova  iddia edib ki,  layihənin nəticəsinə görə,   Rusiya, Ermənistan və İran türk-ərəb sünni dünyası ilə sərhəd olmalıdır.  O bildirib ki, əldə etdiyi məlumatlar görə,  “ağıllı kənd” layihəsində ən azı üç ölkə iştirak edir. Guya ABŞ və İsrail proqram təminatı ilə məşğul olur, Səudiyyə Ərəbistanı, xüsusən Aramco şirkəti isə maliyyə məsələlərini həll edir.  Arakelova İran, Rusiya və Ermənistanı bu layihələrə müqavimət göstərməyə çağırıb.

Saxta.info erməni professorun iddiaları ilə bağlı dəqiqləşdirmələr aparıb.

Öncə qeyd edək ki, bu ilin aprel ayında Zəngilandan olan bir qrup məcburi köçkün “ağıllı kənd” pilot layihəsinə start vermək üçün  Azərbaycan Prezidenti ilə birlikdə Zəngilan rayonuna səfər edib.   30 ilə yaxın davam edən erməni işğalı səbəbindən evlərini tərk etmək məcburiyyətində qalan bu insanlar  öz torpaqlarına qayıtmağa hazırlaşırlar.

Arakelovanın iddia etdiyi kimi,  onların arasında türkmənlər və ərəb silahlıları olmayıb.  Mərasimdə doğma kəndlərinə qayıtmağa hazırlaşan Zəngilanın Ağalı kəndinin sakinləri iştirak ediblər. "Ağıllı kənd" layihəsi çərçivəsində ilk olaraq Ağalı kəndi bərpa olunduğundan zəngilanlılar  kəndin gələcək sakinləri kimi təməl qoyma mərasiminə qatılıblar. Onlar bir nəfər kimi öz doğma yurdlarına qayıdacaqlarını bildiriblər.

Qeyd edək ki, “Böyük qayıdış” layihəsindən irəli gələn məsələləri həll etmək üçün Azərbaycanda Ələqələndirmə Qərargahı yaradılıb. Qərargahda müxtəlif istiqamətlər üzrə  17 işçi qrup  fəaliyyət göstərir.   Ümumiyyətlə, erməni işğalından azad edilmiş ərazilərə  bir milyona qədər insanın köçürülməsi planlaşdırılır.   Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin sözlərinə görə Qarabağdan məcburi köçkün düşən  Azərbaycan əhalisinin təxminən  70 %-i  işağldan azad edilən  ərazilərə  qayıdacaq.

Qeyd edilənlərdən bu qənaətə gəlmək olar ki,  İranla sərhəd rayonlar da daxil olmaqla, ümumiyyətlə işğaldan azad edilən ərazilər  erməni işğalı nəticəsində  evlərindən didərgin salınan azərbaycanlıların köçürüləcəyi  yer kimi qəbul edilir. Bu fikir  Zəngilan rayonundakı  "ağıllı kənd" üçün də keçərlidir.

Bəs "ağıllı kənd" nədir?  "Ağıllı kənd" kəndlərdə yaşayış yerlərinin yaradılması konsepsiyasıdır, burada yalnız  aqrar fəaliyyət üçün  rahat şərait yaradılması deyil, həmçinin bu prosesin ən yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqi ilə reallaşdırılmasını nəzərdə tutur.  Üstünlüklər bununla bitmir.  "Ağıllı kənd" ən qabaqcıl planlaşdırma və şəhərsalma standartlarının tətbiqini, işıqlandırma, istilik və enerji təchizatı, nəqliyyat, uyğun infrastruktur, ətraf mühit standartlarına uyğunluq, "yaşıl enerji" istifadəsi üçün "ağıllı" sistemlərin yaradılmasını özündə bidlərşdirir.

Xatırladaq ki,  Azərbaycan prezidenti  bu ilin aprel ayının 26-da  Zəngilanın Ağalı kəndində "ağıllı kənd"in  təməlini qoyub.  İlk pilot layihə Zəngilan rayonunun I, II, III Ağalı kəndlərini əhatə edir. Layihə əsasən 5 komponentdən ibarət olacaq. Bunlar mənzil sektoru, istehsal sektorları, sosial xidmətlər, ağıllı kənd təsərrüfatı və alternativ enerji. Ərazidə, ilk növbədə, müasir tikinti materiallarından istifadə edilərək  200 fərdi evin tikintisi planlaşdırılır.

Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək.

Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcəklər.   Bu şirkətlərin hədəfləri son dərəcə  sülhpərvərdir,   kəşfiyyat və casusluqla  heç bir əlaqəsi yoxdur. Məsələn,  Türkiyə şirkəti tərəfindən təqdim olunan "Arximed" sistemi "ağıllı kənd"in elektrik enerjisinə olan bütün daxili ehtiyaclarını təmin edəcək, hətta  artıq enerji xaricə satıla bilər. Bununla yanaşı sistemdən çıxan isti su evlərə və otelə veriləcək.

Huawei-Azerbaijan, Qarabağda ən yeni məhsul  və texnologiyaları təqdim edəcək. İlk dəfə olaraq fiber optik xətlərin uzunluğunu 10 kilometrdən 1 kilometrə endirəcək AirPON Gigabyte texnologiyası tətbiq ediləcək. Həmçinin şirkət ağıllı təhsil, ağıllı səhiyyə və ağıllı əkinçilik kimi seqmentlərə də diqqət ayıracaq.

İtaliya şirkəti isə üzərinə müasir yüksək texnologiyalı südçülük təsərrüfatının qurulmasını götürüb. Kənddə məskunlaşmadan sonra sakinlərin iş yerlərinə ehtiyac duyacağını nəzərə alaraq, şirkət ilk mərhələdə evləri və təsərrüfatları birləşdirən model qurmağı planlaşdırır. Bu sakinlərə  evlərlə təmin edilməzdən öncə  fermalarda işləməsinə imkan verəcək. 

İsrail şirkəti isə  300-400 başlıq camış ferması tikəcək.  Ağıllı fermalar üzrə texnologiya ilə işləyən  şirkət bu fermada mal-qaranın yemlənməsi, sağlamlığı və sağılması ilə əlaqədar sistem quracaq.  Şirkət  gübrə və bioqaz əldə etməyi də planlaşdırıb.

Göründüyü kimi, ortada innovativ texnologiyalar əsasında yaradılan və mülki əhalinin həyatı və işi üçün nəzərdə tutulmuş qəsəbə layihəsi var. Burada nəzərdə tutulan fəaliyyət sahələrinin əksəriyyəti Qarabağ münaqişəsindən əvvəl də aqrar sektorda işləyən sakinlər üçün ənənəvi haldır. Bu mənada Arakelovanın Ağalı kəndində casus bazası yaradılması barədə dedikləri həqiqətdən uzaqdır.

Erməni professorun diqqət çəkən iddialarından biri də işğaldan azad edilmiş ərazilərin  İranın mədəni irsindən tamamilə təmizlənməsi, bütün zolağın etnik və dini komponentinin tamamilə dəyişdirilməsi ilə bağlıdır.

Azərbaycanın İranla həmsərhəd olan, Ermənistanın işğalından azad edilmiş iki rayonunun etnik tərkibini nəzərdən keçirək.

Sovet dövründə Zəngilan rayonunun  etnik tərkibi belə olub:

Bu məlumat  Qarabağ münaqişəsinin başlanğıcına qədər rayonda  Azərbaycan əhalisinin üstünlüyünün daha da artdığını göstərir.

Cəbrayıl rayonu üçün də  eyni mənzərədir:

Statistik məlumatların təhlili göstərir ki,  Qarabağın cənub rayonlarının əhalisinin etnik və ya konfessional tərkibində heç bir dəyişiklik təhlükəsi  yoxdur.  Çünki Azərbaycan əhalisi tarixən həmişə böyük əksəriyyəti təşkil edib. Bu mənada xanım Arakelovanın  əndişəsi  tamamilə əbəsdir.

Onun "İranın mədəni irsinin təmizlənməsi" ilə bağlı narahatlıqları da təəccübləndirməyə bilməz. Məsələ bundadır ki, Azərbaycan ərazisində "İran irsi" barədə söhbətlər 90-cı illərin əvvəllərində işğaldan sonra meydana çıxıb. Bu mövzunu erməni təbliğatı ortaya atıb. Halbuki "fars irsi" bizim ərazidə prinsipcə heç olmayıb. 2001-ci ildə Ermənistan İranın dəstəyi ilə Göy məscidi fars irsinin obyekti qismində YUNESKO-nun ilkin siyahısına salmağa çalışmışdı. Bu, İrəvanda İran tərəfinin köməyi ilə təmir olunmuş Azərbaycan məscididir. Həmin vaxt onların bu cəhdi alınmadı,   2019-cu ildə Ermənistan yenidən cəhd göstərsə də uğursuz oldu.  Bundan başqa Şuşadakı Yuxarı Govhər Ağa məscidi də İran şirkətinin köməyi ilə bərpa edildi və  erməni tərəfi   bu abidəni  "İran tarixi və  mədəni" obyekti kimi təqdim etdi.

Bu məsələ  ilə bağlı  Azərbaycan Prezidenti  İlham Əliyev bildirib ki,  təmir zamanı  məscidin tarixi siması dəyişdirilib: “Məscidin daxili tərtibatına yenidən baxmaq lazımdır. O təmir bizə lazım deyil. Biz oranı yenidən təmir etdirəcəyik, ona öz simasını qaytaracağıq”.

Erməni tərəfi  44 günlük müharibə zamanı da “Fars məscidi” amilindən istifadə etməyə çalışırdı.  Ermənipərəst  bloqer  Semyon Pegov məlumatı belə ötürürdü: “Azərbaycan Silahlı Qüvvələri Şuşa şəhərindəki İran məscidinə zərbə endirdi.  Maraqlıdır ki,  Azərbaycan  müxtəlif platformalardan ermənilərin  Dağlıq Qarabağdakı  Azərbaycan tarixi abidələrini məhv etdiyini qışqırır,  Şuşadakı məscidləri öz adlarına çıxırlar.  Lakin  “Artsax səlahiyyətliləri” bu mədəni irsin “həqiqi sahibi” İranın köməyi ilə keçən il  birinci Qarabağ müharibəsi zamanı sözün həqiqi mənasında  “Azərbaycan tərəfindən dağıdılmış” məscidləri tamamilə bərpa edib”.

Qeyd edək ki, ermənilər  Qarabağın "fars irsi"ni ilk növbədə İrandan gələn turistlər üçün tələ kimi istifadə etməyə  çalışıblar.     Separatçılar  yalnız məscidləri deyil, türbələr və digər mədəniyyət abidələrini də  "İranın mədəni irsi"  sayırdılar.

Son vaxtlara qədər İran tərəfi də bu isteriyaya dəstək verərək  bəyan edirdi ki,  tarixən Azərbaycan, Türkmənistan, Əfqanıstan, Hindistan, Pakistan və Orta Asiya İran sivilizasiyası və mədəniyyəti zonasında yerləşib.  Qeyd edək ki,  bu fikri   mütəxəssis və ya siyasətçi deyil, İranın  mədəniyyət naziri  Əli Cənnəti səsləndirib. İddiaların səbəbi Nizami Gəncəvinin məzarı üzərindəki Fars yazılarının Azərbaycan mətni ilə əvəzlənməsi idi.

Bu arada Nizaminin Azərbaycan şairi olduğunu  tədqiqatçılar  təsdiqləyib.  Ermənistan SSR Elmlər Akademiyasının ilk prezidenti, Ermitajın direktoru  akademik İosif Orbeli Nizamini “böyük Azərbaycan şairi” adlandırıb.  Tanınmış  erməni şair Nizami yaradıcılığının tədqiqatçısı   və bir sıra şeirlərinin  tərcüməçisi Marietta Şaqinyan yazıb: “40-cı illərdə İranda  yubiiley ərəfəsində Nizaminin Fars mədəniyyətinə mənsub olması barədə qızğın  kampaniya başlanıb”. Məşhur sovet şərqşünası Nikolay  Marr  da  Nizaminin fars şairi olmadığını qeyd edirdi: "Nizami Fars şairi deyil, Azərbaycan mühitində yaşayıb işlələyib və şeirləri Fars üçün anlaşılmazdır". 

Saxta.info  bu qənaətə gəlib ki,  erməni professorun  açıqlamaları  yalandır və  təxribat  xarakteri daşıyır.