“Türkiyəyə uçuşlarla bağlı hər gün çoxlu sayda müraciət alırıq.  Yazırlar ki, biz Türkiyədən dünya ölkələrinə aşağı qiymətlə uçuruq. Azərbaycana isə aviabilet  bahadır.  Mətbuatda gedən məlumatlara görə,  bu fikirləri millət vəkili Qənirə Paşayeva Milli Məclisdə  çıxışı zamanı səsləndirib. Deputat əlavə edib ki,  Azərbaycandan da vətəndaşlar Türkiyəyə yalnız turist səfərləri etmirlər, təhsil almağa, müalicə olunmağa gedənlər var: “Biz xahiş edirik, bu qiymətlərə baxılsın. Bu qiymətlər sadəcə turizm üçün önəmli deyil. Ona görə də mən buradan AZAL-a və müvafiq qurumlara çağırış edirəm, bu qiymətlərə baxılsın və bu çağırışlar nəzərə alınsın”.

Saxta.info millət vəkilinin Türkiyəyə və əksinə aviabiletlərin baha olmasına dair açıqlamasının əsaslı olub-olmadığını dəqiqləşdirib.

AZAL-ın rəsmi internet saytında iyul ayının ilk həftəsinə  Bakı-İstanbul, İstanbul -Bakı reysləri  üzrə  qiymətlər belədir: 

Ekonom-klass tarifləri üzrə

Bakı-İstanbul,  bir nəfər üçün gediş qiyməti -  394 manat

İstanbul-Bakı, bir nəfər üçün  dönüş qiyməti -  365 manat  

Cəmi  gediş-dönüş qiyməti:  759 manat   

Biznes-klass tarifləri üzrə

Bakı-İstanbul,  bir nəfər üçün  gediş qiyməti – 787 manat

İstanbul-Bakı, bir nəfər üçün  dönüş qiyməti  -  763 manat

Cəmi  gediş-dönüş  qiyməti:   1550 manat   

İstanbuldan başqa ölkə və şəhərlərə təşkil olunan aviareyslərə gəlincə, regionun daha 3 şəhəri ilə apardığımız müqayisəni tqədim edirik.  

 

Türk Hava yollarının rəsmi saytında iyul ayının ilk günləri üçün  İstanbul-Tbilisi-İstanbul  reysləri üzrə qiymətlər belədir:   

Ekonom- klass tarifləri üzrə

İstanbul-Tbilisi,  bir nəfər üçün  gedişı qiyməti -  518  manat

Tbilisi - İstanbul, bir nəfər üçün  dönüş qiyməti -  144 manat   

Cəmi gediş-dönüş  qiyməti:  662 manat    

Biznes-klass tarifləri üzrə

İstanbul-Tbilisi,  bir nəfər üçün gediş qiyməti -  870 manat  

Tbilisi – İstanbul,   bir nəfər üçün  dönüş qiyməti  -  424 manat  

Cəmi, gediş-dönüş qiyməti:   1294 manat  

Yeri gəlmişkən,  İstanbulun Sabiha Gökçen Hava Limanından Tbilisiyə  Türk Hava yollarının nəzdindəki  AnadoluJet kompaniyası ilə  bir qədər də aşağı qiymətə səfər etmək  mümkündür.   Belə ki,  İstanbul-Tbilisi reysi üçün biletin qiyməti 335 manat, Tbilisi-İstanbul reysi üzrə 122 manatdır .  Cəmi gediş-dönüş biletinin qiyməti  457  manat  təşkil edir.

Türk Hava Yolları şirkətinin Ukraynanın paytaxtı Kiyev şəhərinə təşkil etdiyi aviareyslər üzrə biletlərin qiymətinə nəzər salaq.

Ekonom-klass tarifləri üzrə

İstanbul-Kiyev  -    284 manat

Kiyev – İstanbul  -  270 manat  

Cəmi  gediş-dönüş qiyməti -  554 manat   

Biznes-klass tarifləri üzrə

İstanbul-Kiyev   -  472 manat

Kiyev – İstanbul -   667 manat

Cəmi  gediş-dönüş qiyməti  -   1139 manat

İstanbul-Moskva – İstanbul  reysi üzrə isə gediş-dönüş biletinin  qiyməti  628 manat təşkil edir.  

Bu nəticəyə gəlirik ki, Bakı-İstanbul-Bakı reysi üzrə biletin qiyməti  İstanbul-Tbilisi-İstanbul reysindən  ekonom-klas tarifi üzrə 97 manat, biznes-klass tarifi üzrə 256 manat bahadır. O cümlədən Bakı-İstanbul-Bakı reysi üzrə biletin qiyməti  İstanbul-Kiyev-İstanbul reysinin qiymətinin  ekonom-klas tarifi üzrə 205 manat, biznes- klass tarifi üzrə 411 manat  artıqdır. İstanbul-Moskva-İstanbul reysinin qiyməti isə Bakı-İstanbul-Bakı reysindən 131 manat ucuzdur. 

Saxta.info  qiymətlərin  müqayisəsi əsasında bu qənaətə gəlib ki,  deputatın Azərbaycandan Türkiyəyə və əksinə təşkil olunan aviareyslər üzrə qiymətin yüksək olmasına dair fikri əsaslıdır. Bunu digər şəhərlərə təşkil olunan reyslərin qiyməti də təsdiqləyir.