“Mediator üçün təcrübəli insanlara ehtiyac var”. Bu fikri Milli Məclisdə çıxışında  Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov səsləndirib.   Bir sıra qanunların,  o cümlədən  “Mediasiya haqqında” Qanuna dəyişiklik edilməsi barədə layihənin müzakirəsi zamanı deputat deyib ki,  indi bu funksiyanı telekanallar üzərinə götürüb: “Özünə normal ailə qura bilməyənlər gəlib verilişdə ailə dərsi verir, vətəndaş təhqir olunur, bir tərəf məsələ qaldırır, vətəndaşın ailə sirri açıqlanır, veriliş yaxşı olsun deyə bir adamı kənddə biabır edirlər.  Veriliş yaxşı gedə bilər, amma bu vətəndaşın da qohumu-əqrabası, dostu-tanışı var.  Bu funksiyanı kim verib, kim həvalə edib, hansı əsaslarla bu funksiyanı öz üzərinə götürüb, barışdırıcı mövqe axtarırsan, yaxud kimisə ayırırsan?”  Deputat diqqətə çatdırıb ki,  bunlar hüquqi məsələləridir və vətəndaşın ailə sirri konstitusiya ilə, başqa qanunlarla qorunur, verilişdə onları  açıqlamaq  olmaz”.

Saxta.info  deputatın  bu  fikrinin  əsaslı  olub-olmadığını  dəqiqləşdirib. 

Azərbaycan Respublikası Konstitusiyasının  32-ci maddəsinin (Şəxsi toxunulmazlıq hüququ)  II hissəsinə əsasən hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ var. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ var.  Həmin maddənin III hissəsində isə qeyd edilib ki,  öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

“Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun 3-cü maddəsininin  (Məişət zorakılığının qarşısının alınması sahəsində əsas prinsiplər)  3.0.4-cü hissəsinə əsasən  şəxsi və ailə həyatı sirrinin qorunması məqsədi ilə konfidensiallığa riayət edilməlidir. Bundan baqşa  həmin qanunun 12-ci maddəsinin  (Uzunmüddətli mühafizə orderinin verilməsi qaydası)  12.3-cü hissəsində qeyd edilir ki,  tərəflərin şəxsi və ailə həyatı sirrinin yayılmasının qarşısını almaq, habelə yetkinlik yaşına çatmamış şəxslərin maraqlarının təmin edilməsi məqsədi ilə uzunmüddətli mühafizə orderinin verilməsi barədə işə qanunvericiliklə müəyyən edilmiş qaydada qapalı məhkəmə iclasında baxıla bilər.

Həmçinin qanunun  17-ci  maddəsinin (Zərər çəkmiş şəxslərə yardım göstərildikdə konfidensiallığın təmin edilməsi)  17.2-ci hissəsinin tələbinə görə,   məişət zorakılığı ilə bağlı müraciətlərin araşdırılması, məişət zorakılığı ilə bağlı statistik məlumatların toplanılması, zərər çəkmiş şəxslərə yardımın göstərilməsi zamanı məlumatların konfidensiallığı, şəxsi və ailə sirrinin yayılmaması təmin edilməlidir.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin  199-cu maddəsində  (şəxsi və ailə sirrinin qorunması)   cinayət mühakimə icraatı zamanı şəxsi və ailə sirrini təşkil edən məlumatların qorunması üçün qanuna uyğun olaraq tədbirlər nəzərdə tutulub.  Maddənin  199.4-cü hissəsində bildirilir  ki,  şəxsi və ya ailə sirlərini açıqlayan sübutlar qapalı məhkəmə iclasında tədqiq edilməlidir.

Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 156-cı maddəsinə (Şəxsi həyatın toxunulmazlığını pozma)  əsasən  şəxsi və ailə sirrlərini yaymaq  cinayət məsuliyyətinə səbəb olur.  Belə ki, bu maddənin  156.1-ci hissəsinə əsasən  şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması  min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Eyni əməllər

vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə törədildikdə;

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

“Televiziya və radio yayımı haqqında” Qanunda isə  insanların şəxsi və ailə həyatına müdaxilənin yolverilməzliyi teleradio fəaliyyətinin əsas prinsipləri kimi müəyyən edilib.  Belə ki, qanunun 3-cü  maddəsinə əsasən  yayımçı öz fəaliyyətində informasiyanın əhatəliliyi, obyektivliyi, tam və doğru-dürüstlüyü, vətəndaşların öz fikir və baxışlarını sərbəst ifadə etməsi, ideoloji və siyasi plüralizm, tərəfsizlik və qərəzsizlik, insanların şəxsi və ailə həyatına müdaxilənin yolverilməzliyi, milli-mənəvi dəyərlərin qorunması, peşə etikasına və əxlaq normalarına riayət edilməsi, proqramların keyfiyyətliliyi prinsiplərinə əsaslanır. 

Qanunun  yayımçıların hüquq və vəzifələrini müəyyən edən  40-cı maddəsinin  40.2.4-cü hissəsində bildirilir ki,  insanların şəxsi və ailə həyatına, işgüzar nüfuzuna, şərəf və ləyaqətinə hörmətlə yanaşılmalıdır.

Yeri gəlmişkən,  Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının 3-cü prinsipi  məhz şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı ilə bağlıdır.  Həmin qaydalara görə,  jurnalist vətəndaşların şəxsi həyatına aid faktları, onlar cəmiyyətin maraqlarına toxunmursa, hüquqa zidd deyilsə və ya ictimai əhəmiyyət kəsb etmirsə, özlərinin razılığı olmadan yaya bilməz. 

Saxta.info sadalanan qanunvericilik aktlarına əsaslanaraq bu qənaətə gəlib ki,   Milli Məclisin  Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun açıqlaması əsaslıdır.