“Azərbaycanda plastik qablarla bağlı yeni qaydaya riayət etmək bir qədər çətin olacaq”. Bunu Azad İstehlakçılar Birliyinin (AİB)  sədri Eyyub Hüseynov iyulun 1-dən qüvvəyə minəcək birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qablaşdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların idxalı, istehsalı və satışına qoyulan qadağaya münasibət bildirərkən deyib. Ekspertin fikrincə,  çətinlik qadağa qoyulan məhsula alternativ təklif olunmaması ilə bağlıdır. Onun sözlərinə görə, qida məhsulalrının böyük hissəsi plastik qablarda qablaşdırılır. Bu səbəbdən belə çıxır ki, müəssisələr öz fəaliyyətini dayandırmalıdır.

Saxta.info AİB sədrinin açıqlamasının nə qədər əsaslı olduğunu yoxlayıb.

Xartırladaq ki,  “Ətraf mühitin mühafizəsi haqqında” Qanuna 26 noyabr 2020-ci il tarixli dəyişikliyə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların idxalına qadağa qoyulub.  Dəyişikliyə əsasən 2021-ci il yanvarın 1-dən etibarən qalınlığı 15 mikronadək olan polietilen torbaların,  iyulun 1-dən isə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların sahibkarlar tərəfindən istehsalı və idxalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya xidmət zamanı istifadəsi qadağandır.

“Ətraf mühitin mühafizəsi haqqında”  Qanuna edilən dəyişiklikdə dövriyyəsi qadağan olunan birdəfəlik plastik qabların  konkret adları sadalanıb, lakin “birdəfəlik plastik qablaşdırma” həmin siyahıda yoxdur.  Bu, mütəxəssisin plastik qablaşdırma müəssisələrinin istehsalını dayandırmaq məcburiyyətində qalacağına dair iddiasının  əsassız olduğunu göstərir.

AİB sədrinin qadağa ilə yanaşı alternativ təklif edilməli idi, fikrincə gəlincə  bu, bir sıra suallar doğurur.   İlk növbədə qeyd edək ki,  birdəfəlik istifadə olunan plastik qablara alternativ təklifi ilə çıxış etmək parlamentin funksiyasına daxil deyil.

Digər tərəfdən  məlumdur ki, tələb təklif yaradır, bazarda plastik qab-qacaq və paketlərin olmaması istər-istəməz müəssisələri əlverişli, ticari baxımdan alternativ axtarmağa məcbur edəcək.

Əslində dünyada plastik paketlər və digər birdəfəlik polimer məhsulların istehsalının azaldılması tendensiyası uzun müddətdir davam edir. Tendensiyanın məntiqi sadədir - bu cür məhsullar uzun müddət davam gətirmir, lakin çürüməsi  yüz illər boyu davam edir, ətraf mühiti çirkləndirir, bütün canlılara zərər verir.  Bu qənaət Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) məlumatlarında da təsdiqlənir.  

Ümumilikdə, dünyanın 90-dan çox ölkəsi artıq birdəfəlik istifadə olunan plastik paketlərin  və oxşar  məhsulların istifadəsini qadağan edib. Digər 36 ölkə müxtəlif vergilərin köməyi ilə dövriyyəni məhdudlaşdırmağa çalışır. 2020-ci ilin əvvəlində Çin hökuməti 2025-ci ilə qədər bütün ölkədə plastik paketlərdən  imtina ediləcəyini açıqlayıb.

Avropada bu istiqamətə işlər 2000-ci illərdən başlayıb. Avropa Birliyi ölkələrində ümumi tendensiya, ticarət şəbəkəsində plastik paketlərin pulsuz paylanmasına sərt məhdudiyyət tətbiqi ilə bağlıdır.  Məsələn, İrlandiyada 2002-ci ildən bəri supermarketlərdə birdəfəlik plastik paketlərin  qiyməti artırılıb.  Bu tədbirlər 2002-ci ildən 2019-cu ilədək ölkədə paket istehlakının  95% azalması və adambaşına ildə cəmi 18 paket təşkil etməsi ilə nəticələnib.  

Niderlandda plastik paketlər üçün  minimum qiymət -   avronun 1/4 – qədər -  2016-cı ildə tətbiq olunub. Britaniyada beş pens məbləğində ödəniş tətbiq edildikdən üç il sonra, birdəfəlik paketddən istifadə demək olar ki iki dəfə azalıb. 2007-ci ildə Belçikada pulsuz olan plastik paketlər üçün minimum qiymət təyin olunub və bu, plastik paket dövriyyəsinin 80 % azalması ilə nəticələnib. Almaniya mağazalarında birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik paketin minimum qiyməti 22 avrosentdir. 2016-cı ildə Fransa, tutumu on litrdən,  qalınlığı 50 mikrondan az olan  plastik paketləri tamamilə qadağan edib. Latviyada belə paketləri müştərilərinə təqdim edən mağazalar əlavə vergi ödəyirlər.

Bu mənada Norveçin təcrübəsi maraqlıdır. 2016-cı ildə Norveçdə təxminən 600 milyon plastik şüşə, yəni bu tip bütün qabların 97% -i emal olunub.  Norveçdə bütün plastik qablarda olan içkilər bir krona satılır. Həmin içkini almaq üçün butulkanı daim marketlərdə olan xüsusi avtomata  qaytarmaq lazımdır. Çünki şüşə təkrar emala göndərilir.  Bir şüşə 12 dəfəyə qədər təkrar emal edilə bilər. Bu ölkədə içki istehsal edən şirkətlər  emal üçün pul ödəyir və əvəzində vergi güzəştləri əldə edirlər.

Bu arada dünyada tətbiq olunan qablaşdırma və paketlər  də daxil olmaqla bir çox ixtira var. Ancaq hamısı mükəmməl deyil.  Məsələn, polimerlər tamamilə bio-əsaslıdır (nişasta, selüloz, polilaktik turşu, yosun  "ekstraktlar" və s.) xüsusi atılma şərtləri tələb edir, təkrar emal üçün uyğun deyil, ətraf mühiti çirkləndirir və nisbətən bahalıdır. Bir sıra Avropa ölkələrində məhdud miqyasda istifadə olunan kağız və parça paketlər də   mükəmməl deyil. 

Bu gün ən məqbul variant sellüloz, ağac, bambuk, şəkər qamışı, tökülən yarpaqlar və hopdurulmuş sərt kartondan hazırlanan birdəfəlik bioparçalanan qab və qablaşdırma hesab olunur. İstehsalı ənənəvi polietilen və digər ənənəvi polimerlərdən daha ucuzdur.

Polietilen paketlərə gəlincə, onları bu gün Rusiya, ÇinTürkiyə daxil olmaqla bir sıra ölkələrdə istehsal olunan bioparçalanan plyonkalardan hazırlanan məmulatla  əvəz etmək olar.

Beləliklə, nəzərdən keçirdiyimiz bir sıra nümunələr göstərir ki,  dövriyyəsi qadağan edilmiş birdəfəlik plastik qabların idxal ilə əvəzlənməsi üçün bazarda kifayət qədər təkliflər var. Üstəlik, xaricdən texnologiya  cəlb edilməsi ilə oxşar məhsulların yerli xammal hesabına,  məsələn,  Azərbaycanda da bol olan qamış və yararsız dəniz yosunu əsasında  istehsalı  mümkündür. 

Saxta.info bu qənaətə gəlib ki, AİB sədrinin birdəfəlik plastik qablara qoyulan qadağanın yerinə yetirilməsinin çətin olacağına dair açıqlaması əsasən yanlışdır.