“İyunun 21-dən 25-dək işğaldan azad edilən ərazilərdə 84 piyada əleyhinə, 74 tank əleyhinə mina, 134 partlamamış hərbi sursat (PHS) aşkarlanıb. Deməli, 1 həftədə 158 mina zərərsizləşdirilib, bu o deməkdir ki, bu templə yalnız Ağdam rayonunu minalardan təmizləmək üçün 11,8 il lazım gələcək”. Bu iddia ilə Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədri, iqtisadçı   Qubad İbadoğlu  çıxış edibO,  bu fikri   Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin   (ANAMA) son hesabatına istinadən  söyləyib. İqtisadçı  hesablama apararkən Ağdam rayonunda 97 min minanın olmasını əsas götürüb.   

 

Saxta.info  İbadoğlunun açıqlamasının əsaslı olub-olmadığını araşdırb.

Mövzumuzun hədəfinə keçməzdən öncə xatırladaq ki, 2021-ci il iyunun 12-də Ermənistanın  Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 erməni  İərvana  təhvil  verilib.  

İndi isə  iqtisadçının  apardığı hesablamanın nə dərəcədə etibarlı olduğuna nəzər salaq.  Bir ildə 365 gün olduğunu nəzərə aldıqda 11,8 il  4.307 gün təşkil edir. 

ANAMA-nın son hesabatına görə, 5 gündə 158 ədəd mina və partlamamış hərbi sursat  aşkarlanıb. Günə 31.6 ədəd mina və partlamamış hərbi sursat düşür. 

İndi isə  ümumi mina sayını  gündəlik aşkarlanan mina və  hərbi sursatın sayına bölək. Nəticə  3069 gün olur. 

Bu isə 11,8 il deyil, 8,5 ildən də  az edir.  

Apardığımız dəqiqləşdirmə  göstərdi ki, iqtisadçı hesablama zamanı  yanlış nəticəyə gəlib, belə ki,  müddəti 3 il artırıb. 

Təbii ki, 5 günün hesabatı əsasında belə bir nəticəyə gəlmək məntiqli deyil. Birincisi, bu barədə Ağdam ərazisində qeyd edilən xəritələr üzrə mina təmizləmə əməliyyatı başladıqdan sonra müəyyən fikir yürütmək olar.  Digər tərəfdən hər həftə  eyni ərazi və eyni sayda mina və hərbi sursat aşkarlanmır. Rəqəmlər fərqlidir. Məsələn,   iyunun 21-dən 25-dək aparılan əməliyyat zamanı 111 hektar ərazi mina və hərbi sursatdan təmizlənib.    Mayın 10-dan 16-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı  82 ədəd piyada əleyhinə,  5 ədəd tank əleyhinə  mina, həmçinin  24 partlamamış hərbi sursat aşkarlanıb. Amma nəticədə  139.5 hektar  ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. 

Yaxud  mayın 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı 369 ədəd piyada əleyhinə, 74 ədəd tank əleyhinə mina və 1090 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 739,5 hektar  ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Mayın 31-dən iyunun 6-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı isə nəticə belə olub:  224 ədəd piyada əleyhinə,  36 ədəd tank əleyhinə  mina,  42 dədə  partlamamış hərbi sursat zərərsizləşdirilib.  159 hektar  ərazi  mina və partlamamış hərbi sursatdan təmizlənib.

Bir məqamı da nəzərə almaq lazımdır ki,  hazırda Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi xəritə olmadığına görə,  bütün ərazilərdə əməliyyat aparmaq məcburiyyətindədir.     

 

Bundan başqa  hazırda Azərbaycanda Türkiyə istehsalı olan  MEMATT (Mexaniki Mina Təmizləmə Təchizatı)  mina təmizləyən maşınlardan istifadə olunur. Hələ bu ilin fevral ayında ilk ixracatı Azərbaycana edilən MEMATT maşınlarının sınaq və təlim prosesi uğurla keçirilib.  Sınağı Azərbaycan Müdafiə Nazirliyi Mühəndis İstehkam Xidməti İdarəsinin rəisi general-mayor Anar Kərimov və ASFAT (Askeri Fabrika ve Tersane İşletme)  şirkətinin rəsmiləri izləyib. General Kərimov bildirib ki, bu maşından istifadə minalardan təmizləmə işlərini daha az vaxtda həyata keçirməyə imakan veerəcək, həm də  daha etibarlı olacaq.  Anar Kərimov Türkiyədən ümumilikdə 20 MEMATT texnikası alındığını bildirib.

Bu arada İsrailli politoloq, beynəlxalq hüquq sahəsi üzrə ekspert Mixail Finkel  mətbuata açıqlamasında deyib ki,  hazırda İsrail Azərbaycan tərəfinə Qarabağın minalardan təmizlənməsi üçün ən müasir texnologiyaların verilməsi üzərində işləyir. Bu texnologiya dronlardan istifadə etməklə torpağı dərindən skanlamaq, minaların olduğu yeri aşkarlamaq və informasiyanı operatora göndərmək imkanı verir. Yəni, bu texnologiya tez bir zamanda minalanmış ərazilərin xəritəsini yaradacaq. Finkelin sözlərinə görə, hazırda texnikanın son sınaqları keçirilir.

Yeri gəlmişkən,  ANAMA-dan verilən açıqlamaya görə, 7 ayda  işğaldan azad edilmiş ərazilərdə 2051 hektar sahə mina və partlamamış hərbi surstan təmizlənib. Nəticə 18,6 min mina və partlamamış hərbi sursat zərərsizləşdirilib.  İndi isə ərazisi 115 min hektar olan Ağdamda 97 min mina xəritəsinin verilməsinin nə demək olduğunu təsvir edək.  Aydındır ki, minalanmış sahələrin xəritələrinin olması təmizləmə işinin sürətini artırmağa imkan verəcək.

Ağdamda minlanmış ərazilərin 11,8 il ərzində tam minalardan təmizlənmə müddətinə dair proqnoza gəlincə, göründüyü kimi,  nə bu iddianın əsasını təşkil edən hesablamalar, nə də prinsipləri aktualdır.

Saxta.info yuxarıda qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlib ki, Qubad İbadoğlunun açıqlaması əsaslı deyil.