Belə davam edərsə Azərbaycan Prezidenti Əliyev yeni güzəştlər tələb edəcək və təəssüf ki, onları  alacaq.  Bunu  ABŞ-da nəşr  olunan California Courier  nəşrinin baş redaktoru, erməni diasporunun nümayəndəsi Arut Sasunyan Ermənistanın NEWS.am saytına müsahibəsində deyib.  Ermənistanın hazırkı hakimiyyətini məğlubiyyətə, insan tələfatına və ərazi itkilərinə səbəb olan çoxsaylı səhvlərdə günahlandıran Sasunyan  hesab edir ki,  beş illik müddət sona çatan gün  (Rusiya sülhməramlılarının Qarabağda missiya müddəti nəzərdə tutulur - red)  azərbaycanlılar Stepanakertə (Xankəndi - red.) girəcək.

Ağdam rayonu üzrə minalanamış ərazilərin xəritəsinin Azərbaycana verilməsini  kobud səhv sayan Sasunyanın fikrincə, bu tendensiya davam edərsə, həm Artsax (Qarabağ  - red), həm də Ermənistan real təhlükə ilə üzləşəcək. Erməni əsilli  amerikalı naşir hesab edir ki, Ermənistanda hakimiyyətə yeni adam gəlsəydi, heç olmasa yeni itkilərin, güzəştlərin qarşısını almaq olardı.

Arut Sasunyan 

Saxta.info  Sasunyanın  Xankəndi və digər məsələlərlə bağlı qənaətinin əsaslı olub-olmadığını  araşdırıb.

Arut Sasunyanın digər açıqlamalarına keçməzdən öncə xatırladaq ki,  İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan  ərazilər, konkret olaraq Ağdam üzrə minalanmış sahələrin xəritələrini Azərbaycan tərəfinə vermək səhv addım deyil,  bu Ermənistan hakimiyyətinin xidməti də deyil, sadəcə olaraq beynəlxalq hüquqda təsbit edilmiş öhdəlikdir.

QHT-lər: “Erməni tərəfinin minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməsi Cenevrə konvensiyasına ziddir”

Cenevrə Konvensiyasına əlavə olunan “Minaların, mina-tələlərin və digər qurğulann tətbiqinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında’'   II Protokolun   7-ci və 9-cu maddələrinin  tələbinə əsasən  minalanmış  ərazilər,  minalanmış  rayonlar,  mina, mina-tələlər və digər bu tipli qurğular haqda  məlumatların qeydiyyatı aparılmalı və saxlanılmalıdır.   Aktiv döyüş əməliyyatları dayandırıldıqdan sonra  mülki insanları minalanmış ərazilərin təsirindən qorumaq məqsədilə  bu  məlumatlar, yəni minalanmış  sahələr haqda  qeydiyyat sənədlərini  münaqişə tərəfləri bir-birlərinə,  yaxud Birləşmiş Millətlər Təşkilatının baş katibinə  verməlidirlər.  Ermənistan BMT üzvü olaraq, şübhəsiz bu tələbləri yerinə yetirmək məcburiyyətindədir.

Rusiya sülhməramlılarının Dağlıq Qarabağda missiyası başa çatdıqdan sonra Azərbaycanın Xankəndinə nəzarət edəcəyi ilə bağlı Sasunyanın ssenarisini inkar etmək mümkün deyil. Çünki Azərbaycan öz suverenliyi çərçivəsində hərəkət edəcək. Və bu proses istər mülki institutların dinc şəkildə yerləşdirilməsi,  istərsə də antiterror əməliyyatı çərçivəsində reallaşmasından asılı olmayaraq qanuni sayılacaq. Çünki  bu ərazi bütün qanunlara əsasən Azərbaycana məxsusdur. Və bu fakt  beynəlxalq siyasətin nüfuzlu aktorlarının heç biri tərəfindən mübahisə obyektinə çevrilmir.

Bir sözlə  Bakı öz qərarı və  səlahiyyəti daxilində hərəkət edə bilər.  Üstəlik, onu da nəzərə almaq lazımdır ki, Rusiya sülhməramlılarının 5 illik missiyası sona çatdıqdan  sonra tərəflərdən birinin razılığı olmasa həmin müddət uzadılmayacaq və  bu məqam  İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq imzalanan  10 noyabr  tarixli  üçtərəfli bəyanatda əksini tapıb.

Amma Sasunyanın hadisələrin bu cür gedişatını Dağlıq Qarabağ da daxil olmaqla, ermənilər üçün “real təhlükə” hesab etməsi  səhv qənaət və ya qərəzli münasibətdən  qaynaqlanır.

Məsələ burasındadır ki,  Xankəndi başda olmaqla bütün Qarabağ ərazisinin Azərbaycana məxusus olması, həmçinin həmin ərazilərin Ermənistan tərəfindən işğal edilməsi faktı  Birləşmiş Millətlər Təşkilatının (BMT) ABŞ  Dövlət Departamentinin də  saytında  dərc olunan dörd qətnaməsində   təsdiqlənib.

Problemə digər yöndən nəzər salaq.  19-cu əsrdə ABŞ-ın Texas və Kaliforniya da daxil olmaqla qonşu Meksika ərazilərinin yarısından çoxunu ilhaq etdiyi məlumdur. Belə olan halda on milyonlarla Meksika kökənli  amerikalının bu fakta istinad edərək müstəqillik elan etmək və ya keçmişdə ilhaq edilmiş ərazilərin Meksikaya birləşdirilməsini tələb etmək hüququ varmı?  Cənab Sasunyan ABŞ-dakı Meksika icmasının belə bir tələbini əsaslandıra bilərmi?   

“Dağlıq Qarabağın müstəqilliyinin” erməni diasporundan olan tərəfdarları  xalqların öz müqəddəratlarını təyinetmə prinsipinin beynəlxalq hüquqda dövlətlərin ərazi bütövlüyü prinsipindən üstün olduğunu israr edirlər. Ancaq onlar bunu  ABŞ-a  qəbul  etdirə  bilərlərmi?

O zaman  ABŞ   bir çox ştatda kompakt şəkildə yaşayan erməni diasporunun  bir gün  bu ərazilərdə başqa bir erməni dövləti elan etmək  istəyindən narahat olmalıdır?    

Cavab əlbətdə  mənfi olacaq. Təbii ki,  Vaşinqton buna imkan verməz və Bakı da eyni şəkildə qəbul etmir.

On milyonlarla insanın həyatına son qoyan II Dünya Müharibəsindən sonra böyük dövlətlər sabit dünya nizamı barədə razılığa gəldilər və  Birləşmiş Millətlər Təşkilatı (BMT) bu stabilliyi  qorumaq üçün yaradıldı. İndi rəsmi olaraq tanınan ərazilərə təcavüz  qəbuledilməz  və cinayət sayılır.

Bu mənada  Azərbaycanın işğal olunmuş ərazilərini hərbi yolla azad etməsi  bu prinsipin toxunulmazlığını inandırıcı şəkildə təsdiqləyir.  Çünki Azərbaycanın bu addımı  məhdud  sayda olan  maraqlı tərəflərin qaldırdığı hay-küydən başqa, dünyada heç bir mənfi reaksiyaya səbəb olmadı.

Keçmiş Dağlıq Qarabağ Vilayətinin qalan hissəsinin də Azərbaycanın nəzarətinə keçməsinin ermənilər üçün təhlükəsinə gəlincə,  bu həqiqətdən çox uzaqdır.  SSRİ təcrübəsi  -  80-ci illərin  sonlarında  erməni milliətçiliyinin dağıdıcılığa  başlamasına qədər - ermənilərlə azərbaycanlıların onilliklər boyu yanaşı yaşadığını   sübut edir. 

Bu mənada, Bakı ermənilərinin Azərbaycan ərazilərinin işğalına son qoyulması üçün İrəvana təsir göstərmək tələbi ilə  ötən ilin aprelində  bütün ermənilərin katolikosu II Qareginə və dünya ermənilərinə göndərdiyi məktub göstərici hesab oluna bilər.

80-ci illərdə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinə və Bakıya səfər edənlər ermənilərin yaşayış səviyyəsinin və maddi təminatının yalnız Azərbaycan SSR-in bölgələrində deyil, Bakıda da yaxşı mənada seçildiyini əyani olaraq şahidi olurdurlar.

Hetq.am: Sovet dövründə Dağlıq Qarabağ infrastrukturdan məhrum idi

Bu gün Azərbaycanda azərbaycanlılarla yanaşı başqa millətlərin nümayəndələri  olan vətəndaşlar da yaşayır. Bunlar talışlar, tatlar, kürdlər, yəhudilər, ləzgilər, ruslar və başqalarıdır. Bundan əlavə, Azərbaycanda  minlərlə erməni yaşayır. Azərbaycan Respublikasının Konstitusiyası milliyətindən və dinindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar təmin edir, təbii olaraq onlardan dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü tanımağı və qorumağı tələb edir.

Bu mənada Dağlıq Qarabağın erməni əhalisi Azərbaycanın mərkəzi hökumətinin nəzərində ölkənin digər  sakinlərindən  heç nə ilə  fərqlənmir.

Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin noyabr ayında işğaldan azad edilmiş ərazilərə səfəri zamanı  bildirib ki,  Azərbaycanda bütün vətəndaşlar, bütün xalqların, dinlərin nümayəndələri normal,  mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq. Prezident əlavə edib ki, Azərbaycanda yaşayan ermənilər də bu ölkənin vətəndaşlarıdır və onlar Azərbaycan rəhbərliyi altında  yaxşı yaşayacaqlar.

Arut Sasunyanın Ermənistanı mövcud böhrandan çıxara biləcək  şəxslər barədə arzusuna gəlincə,  ad çəkməsə də görünür o,  son seçkidə  Nikol Paşinyanın rəqibi olan,  sabiq prezident  Robert Koçaryanı nəzərdə tutur.  Amma Ermənistanda Köçəryana  münasibətin mənfi olduğu məlumdur. Artıq bunu ermənilər özləri də dilə gətirir, onun əraziləri genişləndirmək  siyasətindən əl çəkmədiyini vurğulayırlar. 

Epress.am saytına müsahibəsində  erməni fəal Sevak Sofiya Kirakosyan Robert Köçəryan da daxil olmaqla  erməni  “elitası”nın   ekspansiya  siyasəti yürütməsindən danışıb.  

Bu bir faktdır ki, Koçaryan və Ermənistanın keçmiş rəhbərliyinin digər nümayəndələri  korrupsiyaya, iqtisadiyyatın çökməsinə səbəb olduqları, ən əsası da  qonşulara nifrət siyasəti yürütdükləri üçün  nəinki Azərbaycan, bölgədə sabitlik istəyən güclər, hətta  erməni xalqı tərəfindən də qəbul olunmadılar.  Xüsusilə, Robert Koçəryan və onun Qarabağlı tərəfdaşı keçmiş prezident Serj Sarqsyan  əsrin ¼-ni  erməni xalqını aldatmaqla məşğul oldular. Onlar  siyasi hakimiyyətdən sərvət toplamaq üçün istifadə etdilər,  Azərbaycana qarşı içğalçılıq siyasətindən əl çəkmədilər və bununla da danışıqlar prosesini ləngitdilər.

Bu arada, Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında  Dağlıq Qarabağın statusu məsələsinin aktual olmadığını,  gündəlikdən çıxarıldığını deyib.   Bu ilin may ayında Robert Köçəryan, ondan əvvəl Nikol Paşinyan da  münaqişənin hərbi yolla həllinin mümkün olmadığını etiraf ediblər.

Belə bir vəziyyətdə  böhrandan çıxmağın yeganə yolu qalır: Qarabağdakı erməni əhalinin  Azərbaycana  inteqrasiyasına dair rəsmi Bakının təklifini qəbul etmək.

Saxta.info sadalananlara əsasən bu qənaətə gəlib ki,  Azərbaycanın Xankəndiyə nəzarət edəcəyi ilə bağlı “The  California Courier” nəşrinin  baş redaktoru, ABŞ-dakı erməni diasporunun nümayəndəsi Arut Sasunyanın proqnozu   doğrudur.