Erməni arxeoloq Hamlet Petrosyan  Ermənistanın, erməni şəhərlərinin və erməni mütəxəssislərinin bu ilin oktyabr ayında Danimarkada keçiriləcək  “Cities on the Edge: Exploring Late Antique urbanism in the Southern Caucasus (AD 300–600)”  "Kənarda olan şəhərlər: Cənubi Qafqazda antik şəhərsalmanın araşdırılması (AD 300-600)" adlı konfransdan kənarda qalmasını  düşünülmüş addım hesab edir.

Petrosyan iddia edib ki, bu, Ermənistan-Azərbaycan-Türkiyə qarşıdurmasının təzahürüdür və siyasəti elm sahəsinə gətirməyə çalıışırlar. O bildirib ki,  Azərbaycan tərəfi tez-tez ermənilərin Qafqaza sonradan gəldiyini,  Qarabağda ümumiyyətlə erməni olmadığını  irəli sürür.  “Görünən odur ki, bu ideologiya tarixə, keçmişə, yaddaşlara yayılıb  və  Cənubi Qafqazın 3-6-cı əsrlərə aid şəhərlərini  Ermənistan olmadan araşdırmağı planlayan bu konfrans da onun sübutudur”  deyə   Petrosyan vurğulayıb.

Hamlet Petrosyan 

Petrosyan  Ağdamın işğal olunmuş ərazisində aparılan qanunsuz qazıntılar zamanı tapılan arxeoloji materialların Ermənistana aparılmasına  Azərbaycan tərəfinin kəskin reaksiyasından da narazı qalıb. O, deyib ki,  “Tigranakert”dəki arxeoloji qazıntılar  “Artsax rəhbərliyi”nin rəsmi dəvəti və  icazəsi ilə aparılıb.  Petrosyan iddia edib ki,  ötən əsrin 60-80-ci illərində bu ərazidə işləyən Azərbaycan arxeoloqları köhnə şəhərin arxeoloji izlərini görməyiblər. “Onları tapa bilmədiklərinə həsəd aparmamağa  çağırıram”  deyə  Petrosyan sözlərinə əlavə edib.

Saxta.info uzun illər işğal altında olan Ağdamda qanunsuz arxeoloji qazıntılara rəhbərlik edən Hamlet Petrosyanın bu iddialarının əsaslı olub-olmadığını yoxlayıb.

Həqiqətən, bu ilin oktyabr ayında Danimarka Orxus və Oxford Universitetləri tərəfindən təşkil olunacaq beynəlxalq  elmi konfransa  ev sahibliyi edəcək. Danimarkanın Heyberq şəhərindəki (Orxus ətrafı) Moesgaard Muzeyində keçiriləcək konfrans dünyanın müxtəlif ölkələrindən görkəmli Qafqazşünas və albanşünas alimləri bir araya gətirəcək.

Konfransın saytındakı məlumatlara görə, məruzəçilər arasında həqiqətən Ermənistanın nümayəndəsi yoxdur. 

Hamlet Petrosyanın səsləndirdiyi fikirlərin arasında  yalnız  bu məlumat doğrudur.

Qeyd edək ki,  44 günlük müharibənin bitməsinə bir neçə gün qalmış ermənilər Ağdamda Şahbulaq qalası ərazisində apardıqları qanunsuz  qazıntılar nəticəsində toplanan arxeoloji materialları Ermənistana aparıblar.  Ermənilərin bu əməlinin   oğurluq olduğu və beynəlxalq normaların pozulduğu aydın şəkildə ortada olsa da Petrosyan bu  oğurluğa  “qurtuluş" donu geyindirməyə çalışır. Bununla belə  arxeoloqlar tarixi dəyərlərin oğurlandığını gizlətməyiblər və  uyğun fotoları Facebook səhifələrində yerləşdiriblər.

Faktla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının  (AMEA)   Arxeologiya və Etnoqrafiya İnstitutu Azərbaycan Baş Prokurorluğuna müraciət edib.  Müraciətdə  2005-ci ildən bəri Ermənistan Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun bir qrup əməkdaşının  Ağdam rayonunda, Şahbulaq qalasının yaxınlığında qanunsuz qazıntı işləri apardığı qeyd edilir.

İrəvan Dövlət Universitetinin Kulturologiya kafedrasının müdiri Hamlet Petrosyanın rəhbərlik etdiyi bu qrup 2006-cı ildən bəri qanunsuz qazıntılar aparıb. 14  il  qədim  Azərbaycan şəhərinin qalıqlarını qarışdıran Petrosyan və onun dəstəsi erməni sivilizasiyasının qalası - "Tiqranakert" şəhərinin qalıqlarını  tapdıqlarını iddia ediblər.

2009-cu ildə Qarabağ xanlığına məxsus Şahbulaq qalasının  ərazisində “Tiqranakert qoruğu” yaradan ermənilər 2010-cu ildə burada  "Tiqranakert Arxeologiya Muzeyi"i də açıblar.  Əvvəllər qala yaxınlığında aşkarlanan  tapıntılar da muzeyə köçürülüb.  Baş prokurorluğa  ünvanlanan müraciətdə qeyd edilir ki,  İkinci Qarabağ müharibəsi nəticəsində  Azərbaycan torpaqları azad edildikdən sonra Petrosyan  özü Facebook səhifəsində bütün maddi və mədəni irs nümunələrinin muzeydən Ermənistana aparıldığını yazıb.

Beləliklə, erməni tərəfi 1998-ci il tarixli "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanununü, "Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına 1999-cu ildə əlavə olunan  Protokolun tələblərini (Ermənistan bu Protokolun iştiraçısıdır) kobud şəkildə pozub.  Həmçinin ermənilər  “Arxeoloji İrsin Qorunması haqqında” 1992-ci il Avropa Konvensiyasının tələblərinə də məhəl qoymayıblar.

Müraciət Baş Prokurorluğa daxil olduqdan dərhal sonra istintaq orqanları sadalanan faktlar üzrə   cinayət işi qaldırıblar.

Ermənilər də öz növbələrində addım atmağa çalışıblar. Beləliklə, noyabr ayında Rusiya mətbuatı Rusiya ermənilərinin başçısı Ara Abramyanın Dağlıq Qarabağdakı "erməni" abidələrini qorumaq xahişi ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciətini yayımladı.  Müraciətdə  "Tigranakert"in də adı xatırlanırdı.

Ancaq Putin ermənilərə heç bir şəkildə kömək edə bilmədi, çünki beynəlxalq hüquq Azərbaycanın tərəfində idi.  

“Silahlı qarşıdurma zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyası bu mövzu ilə bağlı olan  ilk beynəlxalq müqavilədir. Birinci protokol 14 May 1954-cü ildə Haaqa Konvensiyası ilə eyni vaxtda qəbul edilib. Konvensiyanın ilk protokolu daşınar əmlakın işğal olunmuş ərazidən çıxarılmasını qadağan edir, həmçinin hərbi əməliyyat  başa çatdıqdan sonra orijinal ərazilərinə qaytarılmasını tələb edir.  

"Mədəni sərvətlərin qanunsuz idxalının, ixracının və mülkiyyətinin verilməsinin qadağan edilməsi və qarşısının alınmasına yönələn tədbirlər haqqında" Konvensiya 1970-ci ildə imzalanıb. Sənədə görə, arxeoloji tapıntılar və arxeoloji kəşflər mədəni dəyər hesab olunur.

Beləliklə Hamlet Petrosyanın hərəkətinin  Azərbaycan qanunvericiliyinə olduğu kimi, beynəlxalq hüquqi aktlara da zidd olduğu açıq-aşkar görünür.

Petrosyan iddia edir ki, "Tigranakert”də aparılan arxeoloji qazıntılar  “Artsax rəhbərliyi”nin dəvəti və icazəsi ilə  aparılıb.  Bu həqiqətdən uzaq bir tezisdir. Çünki qondarma "DQR" dünya tərəfindən tanınmayıb və legitim deyil.  Heç bir ölkə  , hətta Ermənist an özü də  separatçı rejimi tanımayıb.  Ən sonda "DQR"i tanıyan ilk dövlətin Uruqvay olacağı gözlənilirdi, anacaq bu da baş tutmadı.

BMT Təhlükəsizlik Şurası, BMT Baş Məclisi, Avropa Şurası və bir sıra digər beynəlxalq təşkilatlar da  dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildiriblər.  Bu mövqe BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsində də təsbit edilib. BMT, NATO, Avropa Birliyi, Avropa Şurası, ATƏT, İƏT və GUAM Qarabağda keçirilmiş hakimiyyət orqanlarına seçkiləri qanuni saymayıb.

Buradan belə bir nəticə çıxır: tanınmayan,  separatçı rejim  suveren  dövlətin ərazilərində arxeoloji işlərin aparılmasına icazə verə bilməz. Nəticədə Hamlet Petrosyan Ağdamda qanunsuz olaraq qazıntı işləri aparıb. Üstəlik,   Ermənistan yuxarıda qeyd olunduğu kimi hərbi münaqişə zamanı ələ keçirilən ərazidə qazıntıların aparılmasına qadağa qoyan beynəlxalq konvensiyanın protokoluna imza atıb, amma  hər yerdə  bu sənədin tələblərini pozub.

İndi isə Azərbaycan arxeoloqlarının ermənilərə qısqanclıq etməsi üçün bir səbəbin olub-olmaması barədə.

İdeal Nərimanov 

1965-ci ildə Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə  müdiri, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü, professor İdeal Nərimanov Ağdam bölgəsində aparılan arxeoloji qazıntılar zamanı sensasiyalı bir tapıntı aşkarlayıb.  Axtarışların nəticəsində  Ağdam yaxınlığında  eneolit dövrünə aid  Çalağantəpə  yaşayış yeri üzə çıxıb.

Radiokarbon analizin nəticəsində görə yaşayış məskəninin yaşı eramızdan əvvəl V minilliyin birinci yarısına təsadüf edir.  1983-cü ildə Ağdam şəhərində açılan "Çörək Muzeyi"ndə nümayiş olunan ən  qədim eksponatlar  məhz Çalağantəpədən tapılmış əşyalar idi.

Qarabağ arxeoloji ekspedisiyasının rəhbəri, Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi Xaqani Alməmmədov bu ərazidə 2008-ci ildən bəri qazıntı işlərini davam etdirir. Arxeoloqlar işğal altındakı bölgədən cəmi 2 kilometr aralı  Şahbulaq  və qondarma "Tigranakert"in yaxınlığında qazıntılar aparıblar.  Ermənilərin “kəşf etdikləri” yaşayış məskəninin Nərimanovun tapdığı qədim İsmayılbəy (əvvəllər Çalağantəpə adlanıb) yaşayış yerinin davamı olduğu ortaya çıxıb.  Beləliklə azərbaycanlı arxeoloqlar 7000 yaşı olan  bir şəhərin qalıqlarını üzə çıxarıblar.

Qeyd edək ki,  Ağdam rayonunun Eyvazlı kəndi yaxınlığındakı Neolit dövrünə aid İsmayılbəy  yaşayış məskəni  AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ neolit-eneolit ekspedisiyası tərəfindən 2012-ci ildən tədqiq olunur. 2012-2017-ci illərdə təpənin şərq hissəsində 400 kvadratmetr ərazidə arxeoloji qazıntı işləri aparılıb. 16 tikili qalığı, 3 mindən çox maddi mədəniyyət nümunəsi aşkar edilərək öyrənilib. Bu tapıntılar Qarabağın dünyanın sivilizasiya mərkəzlərindən olduğunu bir daha təsdiqləyir.

Xatırladaq ki,  ötən ilin sonlarında ermənilər  Azərbaycanın Ağdam yaxınlığında Şahbulaq kəndində yerləşən “antik erməni şəhəri Tiqranakert”i məhv edə biləcəyi barədə hay-küy qaldırdığı ərəfədə Azərbaycan Respublikası Mədəniyyət və Müdafiə nazirliklərinin dəstəyi və Qafqaz Tarixi Mərkəzinin direktoru tarixçi Rizvan Hüseynovun rəhbərliyi ilə bir qrup tədqiqatçı Ağdam rayonunun işğaldan azad edilmiş hissəsini ziyarət ediblər.   Səfərin əsas məqsədi Şahbulaq kəndi və ətrafındakı abidələrlə bağlı vəziyyəti öyrənmək və qeyd etmək idi.

Rizvan Hüseynov

Azərbaycanlı tədqiqatçılar “Tiqranakert”in Şahbulaq qala kompleksinin, daha doğrusu onun ictimai binalarının bir hissəsi olduğunu aydınlaşdırıb.  Bununla bağlı mətbuata açıqlama verən tarixçi Rizvan Hüseynovun sözlərinə görə,  məlum olub ki,  qazıntı zamanı  erməni arxeoloqları tikililərin qalıqlarına yeni arxeoloji formalar verib, bəzi memarlıq elementlərini ləğv edib və əvəzinə yeni “antik” elementlər əlavə ediblər. Hətta burada yerləşən şərq hamamı və ovdan  xarabalıqlarını V-VI əsrlərə aid xristian məbədinin qalıqları adlandırıblar və daha inandırıcı olması üçün yaxınlığına üzərində erməni xaçı olan “qədim” daş yerləşdiriblər.

İsmayılbəy yaşayış yeri  Qafqazın ən qədim yaşayış məskənidir.  Buradan tapılan kərpic nümunələri İsrail və Yaponiyada laborator analizlərdən keçirilib və  nümunələrin  eramızdan əvvəl V minilliyə aid olduğu üzə çıxıb.

Beləliklə, Hamlet Petrosyanın   dediklərində  yeganə  həqiqətin erməni alimlərinin Danimarkadakı konfransa dəvət edilməməsi barədə məlumatdır. Qalanları sadəcə fərziyyədir. Bundan əlavə, Petrosyanın hərəkətlərində cinayət tərkibinin olduğu da aydın olur.

Saxta.info bu qənaətə gəlib ki,  erməni arxeoloq Hamlet Petrosyanın açıqlaması əsaslı deyil.