“Azərbaycan vətəndaşları öz qazı  üçün  Türkiyə və Gürcüstandan daha çox pul ödəyir”. Bu iddia ilə  “Milli Şura” üzvü Gültəkin Hacıbəyli Facebook səhifəsində çıxış edib.  Azərbaycan Tarif Şurasının qazın qiymətinin artması ilə bağlı  qəraraını şərh edən   Hacıbəyli iddia edib ki,  nefti və qazı olmayan Gürcüstan və Ermənistan pandemiya dönəmində öz vətəndaşlarına işıq və qaz təchizatı ilə bağlı böyük güzəştlər edib.

Saxta.info azərbaycanlı siyasətçinin bu açıqlamasının əsaslı olub-olmadığını yoxlayıb.

Xatırladaq ki,  Tarif Şurasının 30 iyun 2021-ci il tarixli qərarı ilə  iyulun 1-dən  Azərbaycanda yeni qaz tarifləri müəyyənləşib. Qərara əsasən  əhali abonentlərinin təxminən 51%-ni (5 milyon nəfər) əhatə edən istehlakçılar üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün qiymət  dəyişdirilməyib və hazırkı (1 kub metr üçün 10 qəpik) səviyyədə saxlanılıb. İstehlak edilən qazın 1200 - 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib. 

Yeri gəlmişkən,  qərara əsasən  elektrik stansiyalarına verilən təbii qazın tarifi cəmi 1 qəpik artırılmaqla 12 qəpikdən 13 qəpiyə dəyişdirilib.  "Azəristiliktəchizat" ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirilib. Bununla yanaşı  ictimai nəqliyyat vasitələrinin xərclərini azaltmaq məqsədilə qazın satışını həyata keçirən qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifi 20 qəpikdən 13 qəpiyə salınıb.

Bir daha qeyd edək ki,  yeni tariflə  Azərbaycanda əhali üçün qazın  qiyməti  illik istehlakdan asılı olaraq  10-25 qəpik arasındadır.  Qeyd etmək lazımdır ki, Azərbaycanda yalnız  yerli   qaz istehlak olunur.

İndi isə  Gültəkin  Hacıbəylinin qeyd etdiyi Gürcüstan və Ermənistanda tətbiq olunan “ciddi güzəştləri” nəzərdən keçirək.  Ötən ilin avqust ayında Gürcüstan hökuməti ayda 200 kilovattadək elektrik enerjisi və 200 kubmetr qaz istehlakına görə vətəndaşların  borclarını ödəmək barədə qərar qəbul edib.  Bu anti-böhran tədbirinin müddəti sonradan 2021-ci ilin  fevralına qədər uzadıldı.

Apreldə Ermənistanda elan edildi ki, elektrik enerjisinə görə 5000 dram (12 dollar) və qaza görə 10 000 dram (24 dollar) limiti ötməyən istehlakçılara 50 faiz subsidoya, fevralda isə 5001- 10 000 dramdan çox elektrik və 10 001-30 000 dram qaz sərf edənlərə isə (24-72 dollar) xərclərin 30 faizi qədər kompensasiya veriləcək.

450.827 istehlakçıya  qaz və elektrik enerjisi üçün 50 % , ümumilikdə  786 milyon dram (638 min dollardan çox), 486.434 nəfər üçünsə  30%, 1,8 milyard dram  (3 milyon 752 min dollardan çox) güzəşt tətbiq edildi.  Hökumətin dəstəyinə baxmayaraq, Ermənistanın əksər sakini kommunal xərclərini ödəyə bilmədi və əlaqədar qurumlar   elektrik enerjisini və qazı  kəsməyə başladılar.  Ermənistanın Baş naziri Nikol Paşinyan  bu ilin aprelində Facebook səhifəsində canlı yayım zamanı  bildirdi ki,  Ermənistanda 775 min abonent elektrik enerjisi, 623 min abonent qaz istehlak edir.  Onlardan 4 min  300 abonentin xidmət haqqını ödəmədiyi üçün elektrik enerjisi,  736 abonentin isə   qazı kəsilib.

Ermənistan və Gürcüstanda əhalinin enerji təminatını dəstəkləmək üçün həyata keçirilən tədbirləri  maliyyələşdirmə müddəti və həcmi baxımından  ciddi tədbir adlandırmaq çətindir.  Həmçinin bu ölkələrdə  pandemiya zamanı elektrik enerjisi və qaz təchizatında  sadalananlardan başqa  güzəşt  olunduğuna dair  məlumat yoxdur.

Gürcüstan  bu il  SOCAR-dan 1 milyard 504 milyon kubmetr (artım 4,4%), "Şahdəniz" layihəsi çərçivəsində isə 1 milyard 14,7 milyon kubmetr (artım 14,2%) qaz almağı planlaşdırır. Rusiyadan 2020-ci ildə olduğu kimi bu il də qaz idxalının 200 milyon kubmetr olacağı  proqnozlaşdırılır.  Gürcüstanın öz təbii qaz hasilatının 11,1 milyon kubmetr olacağı gözlənilir ki, bu da 2020-ci illə müqayisədə 2,8% çoxdur.

Gürcüstanda  illik qaz istehlakı  2 milyard 694,8 milyon  kubmetr  təyin edilib   (artım 6,6%).  Xüsusilə, SOCAR Georgia Gas MMC-nin ƏDV daxil olmaqla istehlak tarifi 56.928 tetri / m3-dir. Sakorgas Ltd-nin yeni müştəriləri üçün tarif  əlavə dəyər vergisi daxil olmaqla 56.990 tetri / m3 (təxminən $ 0.18) təşkil edir.

Gəlin Ermənistana nəzər salaq.  Öncə qeyd edək ki,  Ermənistanda  yalnız xaricdən idxal olunan  təbii qaz istehlak edilir.  İrandan idxal olunan qazın həcmi Ermənistanın tələbinin təxminən 15% -ni təşkil edir. Bu ölkənin əsas qaz tədarükçüsü Rusiyadır. 2020-ci ilin əvvəlindən etibarən Ermənistan Rusiya qazını sərhəddə  1000 kubmetri 165 dollara alır.  Əhali üçünsə qiymət  1000 kubmetri 290 dollardır.

Bu ilin iyun ayında Ermənistanın Dövlət Xidmətləri Tənzimləmə Komissiyası ölkənin qaz operatoru "Qazprom Armenia"nın qaz tarifini artırmaq və imkansız vətəndaşlar üçün güzəştli tarifin ləğvi təklifini qəbul etməyib.  Komissiyanın qərarı ilə tarif  kubmetrə görə 100 və 139 dram (0.2019 və 0.2806 dollar) nisbətində saxlanılıb.

Türkiyəyə gəlincə, Enerji Bazarı Tənzimləmə Şurasından verilən (EPDK)  məlumata görə, 2021-ci ilin aprel ayında ölkə boru kəmərləri ilə 4,14 milyard kubmetr təbii qaz idxal edib,  578 milyon kubmetr isə  mayeləşdirilmiş təbii  qaz (LNG)  alınıb.  Bu, boru kəməri qaz idxalında yüzdə 199 faiz artım, LNG idxalında isə 53,6 % azalma deməkdir.

Rusiya  Türkiyəyə  2,50 milyard kubmetr qaz tədarük edən əsas qaz ixracatçısıdır.   Bu ölkəni  müvafiq olaraq 867 və 771  milyon kubmetr qaz tədarükü ilə İran və Azərbaycan izləyir.   Aprel ayında Rusiyadan və İrandan qaz idxalı 2020-ci ilin eyni dövrünə nisbətən   433 faiz,  Azərbaycandan isə 16 faiz artıb. Türkiyədə ümumi qaz istehlakı da 51,9 % artaraq 4,90 milyard kubmetrə yüksəlib. 2020-ci ilin aprelində bu göstərici  təxminən 3,22 milyard kubmetr olub.

Açıq mənbələrdə yayılan məlumata görə,   Türkiyədə 1 kubmetr qaz 0,3-0,4 manata, Gürcüstanda təxminən 0,2-0,3 manata satılır ki, bu da şübhəsiz ki, Azərbaycanda əhali üçün  0,1 - 0,25 manat arasında tarifdən  yüksəkdir.  

Bu arada, nümunə kimi göstərilən dörd ölkədə qaz tariflərini müqayisəsini aparmaq yanlışdır.   Çünki Azərbaycan istisna olmaqla, digər üç ölkədə istehlakçı bir neçə mənbədən qaz alır, həmçinin qazın qiyməti, nəqli, tranzit tarifləri, digər əlaqəli xərclər səbəbindən istehlakçı üçün son qiymət fərqli olur.  Bundan başqa aydındır ki, hətta bu ölkələrdə qazın qiymətini bilməklə belə Azərbaycan qazının ümumi istehlakda payını müəyyən etmək mümkün deyil və deməli bu ölkələrdə onun qiymətini də təyin etmək olmur.

Saxta.info  qeyd edilən fakt və arqumentləri nəzərə alaraq bu qənaətə gəlib ki,  Gültəkin Hacıbəylinin açıqlaması  reallığı əks etdirmir və  manipulyasiyaya cəhddir.