BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) hesabatına görə,  2019-cu ildə Azərbaycana 1 milyard 504 milyon dollar xarici investisiya yatırılıb. Ötən il,  yəni 2020-ci ildə bu rəqəm cəmi 507 milyon dollar olub. Bu açıqlama ilə  REAL partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli çıxış edib. O iddia edir ki,  2020-ci ildə investisiyanın azalması Azərbaycanda investisiya mühitinin problemləri ilə bağlıdır.

Saxta.info Cəfərlinin gəldiyi bu qənətin reallıqla uyğun olub-olmadığını araşdırıb.

Əvvəlcə Cəfərlinin istinad etdiyi  hesabatla tanış olduq. Doğrudan da BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) "Dünya İnvestisiya Hesabatı" (World Investment Report 2021) adlı sənədində qeyd edilən rəqəmlər əksini tapıb.  Amma BMT-nin Ticarət və İnkişaf üzrə  Konfransı kimi nüfuzlu bir  təşkilatın  rəsmi məlumatlara deyil, kənar  mənbələrin (The Financial Times Ltd, fDi Markets  www.fDimarkets.com)    məlumatlarına istinad etməsi diqqət çəkir.

Müqayisə edilən məlumatlar dünyanın ən böyük açıq məlumat kataloqu olan Knoema saytına qoyulub.  Saytdakı məlumatlar Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun məlumatlarına əsaslanır.

Bu arada, Azərbaycan Mərkəzi Bankının statistikası UNCTAD hesabatında göstərilənlərdən tamamilə fərqlidir.

Cədvələ nəzər saldıqda BMT və Azərbaycan Mərkəzi Bankının rəqəmlərinin kökündən fərqli olduğu üzə çıxır. Beləliklə, Mərkəzi Bankın məlumatına  görə, Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi  2019-cu ildə  4 milyard 527,7 milyon dollar,  2020-ci ildə isə 4 milyard 275,2 milyon dollar təşkil edib.  Belliklə 2020-ci ildə birbaşa xarici investisiyalar 5,9 % artıb.

2018-ci ildə isə  Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar əvvəlki ilə nisbətən 28,1% azalaraq 4,1 milyard dollar təşkil edib.  Mərkəzi Bankın məlumatına görə, 2017-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 5,7 milyard dollar olub.  2016-cı ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7,3 milyard dollar təşkil edib. Beləliklə, 2017-ci ildə birbaşa xarici investisiyalar 21,9% azalıb.

Azərbaycan Mərkəzi Bankının məlumatları ilə UNCTAD hesabatındakı rəqəmlər arasında  kəskin fərqə baxmayaraq, ölkədəki investisiya mühitinin yaxşı və ya pis olduğunu öyrənməyə çalışacağıq.

Knoema saytındakı qrafikdə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların dinamikasını görürük ki, bu da ümumilikdə Beynəlxalq Valyuta Fondunun proqnozunda əks olunan iqtisadi fəaliyyətdəki qlobal tendensiyalarla üst-üstə düşür.  Nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın xarici investorlar, o cümlədən iqtisadiyyatın qeyri-neft sektoru üçün cəlbediciliyinin əhəmiyyətli dərəcədə artdığını qeyd edirlər.

2020-ci ildə, Avropa ölkələrinin Avropa Palatası (EuCham) tərəfindən açıqlanan  investisiya cəlbediciliyi reytinqində Azərbaycan 53 xalla 41-ci yeri tutub. 2019-cu illə müqayisədə Azərbaycan 3 pillə irəliləyib.

Elə həmin il Dünya Bankı (DB) 2020-ci il üçün Doing Business hesabatında Azərbaycanın göstəricilərini yaxşılaşdırıb, beləliklə, dünya sıralamasında Azərbaycan 191 ölkə arasında 28-ci yerə (əvvəlcə 34-cü yer) yüksəlib və ilk 10 “islahatçı  ölkə”  siyahısına daxil edilib.

Azərbaycan Respublikasında investisiya mühitinin yaxşılaşdırılmasına dair oxşar müşahidələr ABŞ Dövlət Departamentinin hesabatında yer alıb

Sənəddə, xüsusilə Azərbaycan qanunvericiliyinə uyğun olaraq xarici investisiyaların tam və qeyd-şərtsiz hüquqi müdafiədən istifadə etdiyi, milliləşdirilə və mənimsənilə bilinməyəcəyi qeyd olunur. Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında İkitərəfli İnvestisiya Müqaviləsi (BIT) amerikalı investorlara investisiya mübahisələrini Beynəlxalq İnvestisiya Mübahisələrinin Həlli Mərkəzi (ICSID) vasitəsilə həll etmək imkanı verir.

Araşdırmamızın başlanğıc nöqtəsi olan UNCTAD-ın  hesabatına qayıdaraq onu da qeyd edək ki, COVID-19 pandemiyasının təsirindən yaranan makroiqtisadi tənəzzül səbəbiylə 2020-ci ildə dünya səviyyəsində investisiyalar azalıb.  2020-ci ilin sonunda bu göstərici bir il əvvəl 1,5 trilyon dollara qarşı 1 trilyon dollar olub. Keçid iqtisadiyyatı dövründə olan ölkələrə 2020-ci ildə  birbaşa xarici investisiya axını 77% azalaraq 13 milyard dollara düşüb.  Bu fonda Azərbaycan iqtisadiyyatında birbaşa xarici investisiyaların azalma tempinin 66,1% təşkil etməsi  ümumi tendensiyaya uyğun gəlir.

Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq bu nəticəyə gəlirik ki,  hətta UNCTAD-ın hesabatında əksini tapan məlumat düzgün olsa belə, bu,  heç də Azərbaycanda pis investisiya mühitinin göztəricisi hesab oluna bilməz.  Bu vəziyyət UNCTAD tərəfindən dünyadakı vəziyyətə dair qeydə alınan ümumi tənəzzüllə tamamilə uyğun gəlir.

Saxta.info bu qənaətə gəlib ki,  Natiq Cəfərlinin Azərbaycanda investisiya mühiti barədə dedikləri faktlarla manipulyasiya cəhdidir.