Tez-tez koronavirus mövzusunda çıxış edən tanınmış həkim, professor Adil Qeybulla deyib ki, koronavirusun “Delta” növü ölkəmizə yayılarsa, vəziyyətin necə olacağını bilmirik. O bildirib ki, “Delta” ştammının təhlükəli olması birmənalıdır. Hindistanda 400 mindən çox insan bu virus səbəbilə dünyasını dəyişib. Neçə milyon insan yoluxub. “Delta” ştammının yoluxuculuq və öldürücülük xüsusiyyətinin yüksək olduğunu deyən professor əlavə edib ki, vaksinin virusun bu növünə davamlılığı ilə bağlı birmənalı rəy yoxdur.

Buna görə karantin tədbirlərinə ciddi riayət etməliyik. Faktların yoxlanılması üzrə ixtisaslaşan Saxta.info saytı həkimin dediyinin doğru olub-olmadığını araşdırıb. Doğrudanmı Delta çox yoluxdurucu və öldürücüdür? Koronavirusun “Delta” növü ilk dəfə 2020-ci ilin oktyabr ayının 5-də Hindistanın Maharaştra ştatında aşkarlanıb. İndiyə qədər koronavirusun Böyük Britaniyada aşkarlanan "Alfa", Cənubi Afrikada aşkarlanan "Beta", Braziliyada yayılan "Qamma" növləri qeydə alınıb. Bu günlərdə isə Delta ştammı mutasiyaya uğrayıb və ortaya yeni növ çıxıb. Yeni növə “Delta plyus” adı verilib. “Delta plyus” növü də Hindistanın ştatlarında aşkarlanıb. Koronavirusun “Delta” variantının əvvəlki variantlara nisbətən daha sürətlə yayıldığını və yoluxdurucu olduğunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da təsdiqləyir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş elmi işçisi Sumya Svaminatan Tvitter hesabı vasi təsilə sualları cavablandırarakən “Delta”nın iki dəfə çox yoluxucu xüsusiyyətə malik olduğunu deyib.

Mütəxəssis əlavə edib ki, koronavirusun bu növü orijinal variantdan daha asan yoluxur və yoluxan insan 2 nəfəri deyil, dörd, altı, hətta səkkiz nəfəri yoluxdura bilər. Mütəxəssis bildirib ki, üstəlik Delta plyus koronavirusa qarşı anticismlərin effektivliyinə təsir imkınına malikdir. İngilis mütəxəssislər hesab edirlər ki, “Delta” Böyük Britaniyada qeydə alınan “Alfa” növündən 1,6 dəfə çox yoluxdurucudur. Həmçinin “alfa”ya yoluxanlara nisbətən bu növə yoluxanların xəstəxanaya düşmə ehtimalı 2,26 dəfə, reanimasiyaya düşmə ehtimalı isə 1,45 dəfə yüksəkdir. Koronavirusun “Delta” variantının yayıldığı ölkələr arasında Azərbaycana yaxın Türkiyə, Rusiya və Gürcüstan da var. Belə ki, iyun ayının 29-na olan məlumata görə, Türkiyədə 224 nəfərdə “Delta” aşkarlanıb, yoluxma halının 134-ü təkcə İstanbulda qeydə alınıb. Qonşu Gürcüstanda da “Delta”ya yoluxanların sayı artıb. Gürcüstanda son bir ayda 27 nəfər məhz koronavirusun “Delta” variantına yoluxub. Rusiyada isə artıq COVID-19-un yeni “delta plyus” ştammı qeydə alınıb. Ümumiyyətlə Rusiyanın paytaxtı Moskvada virusa yoluxanların artıq 90 %-i “Delta”nın payına düşür. Koronavirusun Delta ştammının sürətlə yoluxduğunu Ümumdünya Tibb Assosiasiyası da təsdiqləyib. Təşkilatın rəhbəri Frank Montqomeri bunun səbəbini mutasiyaya uğrayan virusun dərhal xəstənin boğazında kök salması ilə izah edib. Mütəxəssis bildirib ki, məhz bu səbəbdən koronavirusa yoluxan şəxs bir neçə saatdan sonra “Delta”nın daşıyıcısına çevrilir və özü də bilmədən virusu yayır. Hindistanın Milli Virusologiya İnstitutunun əməkdaşları araşdırma zamanı hüceyrələrə daxil olan Delta-nın “tikanında” 8 mutasiya olduğunu təsbit ediblər.

Və bunlardan ikisi virusu daha sürətlə yoluxdurur. İngilis mütəxəssislər bu qənaətə gəliblər ki, "Delta" sürətli yayılmaqla yanaşı anticismlərin təsirindən də yayına bilir. Qeyd edildiyi kimi “Delta” varinatı bu ölkədə 2020-ci ilin oktyabr ayının 5-də aşkarlanıb. Statistika göstərir ki, yeni ştamm Hindistanda dərhal deyil, təxminən 5 ay sonra sürətlə yayılmağa başlayıb. Aprelin sonu may ayının əvvəlində rəqəmlərdə pik hədd qeydə alınıb. Hətta may ayının 6-da günədlik yoluxma halı 414 mini ötüb. Həmin ərəfələrdə Hindistanda koronavirusdan gündəlik ölüm halı da 4 mindən çox olub, bəzi günlərdə 5 minə yaxınlaşıb. Ümumiyyətlə Hindistanda koronavirus aşkarlanandan bəri 30 milyon 362 mindən çox şəxs virusa yoluxub. İyun ayının 29-na olan məlumata görə, onlardan 398 min 484 nəfəri ölüb. Amma onların hamısının məhz virusun “delta” variantına yoluxduğu təsdiqlənmir. Statistik hesabat göstərir ki, “delta” varinatı aşkarlanana qədər Hindistanda koronavirusdan ölənlərin sayı 102 min 272 nəfər olub. Həmin vaxtdan 29 iyun 2021-ci ilədək koronavirusdan ölüm sayı 294 min 212 nəfər təşkil edib. . Peyvəndlərin “Delta” ştammına qarşı təsirinə gəlincə, mütəxəssislər yekdil şəkildə bütün peyvəndlərin bu varinata qarşı effektli olduğunu bildirirlər. Hətta bəzi məlumatlara görə, Pfizer-BioNTech “delta”ya qarşı 88%, AstraZeneca 92 % effektlidir. Amma hələ ki, Adil Qeybullanın da dediyi kimi, peyvəndlərin “Delta plyus” ştammına qarşı təsirli olub-olmaması barədə konkret fikir yoxdur. Saxta.info bu qənaətə gəlib ki, professor Adil Qeybulanın açıqlaması əsasən doğrudur.