“Beynəlxalq metodologiyalar əsasında hesablamalar göstərir ki, minalardan təmizlənməyə sərf olunan resurslar, minalanma üçün xərcləri dəfələrlə üstələyir”. Bu açıqlama ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) rəhbəri Vüsal Qasımlı çıxış edib. O bildirib ki,  Azərbaycanın Ermənistandan  mina xəritələrini alması bu istiqamətdə çəkəcəyi xərcləri və verə biləcəyi insan və digər itkiləri aradan qaldırmış olacaq. İİTKM rəhbəri  nümunə olaraq qeyd edib ki, minalı ərazilərin təmizlənməsi üçün Bosniyada hər kvadrat metrə 3 manat, Xorvatiyada 5,1 manat xərc çəkilib.

Vüsal Qasımlı

Saxta.info Vüsal Qasımlının bu açıqlamasının əsaslı olub-olmadığını yoxlayıb.

Xatırladaq ki,  3  iyul 2021-ci il tarixdə  Rusiyanın  təşəbbüsü ilə Ermənistan  Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minanın xəritələrini Azərbaycan tərəfinə verib. Azərbaycan tərəfi də humanist addım olaraq  məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin olunmuş cəza müddəti bitən 15 erməni əsilli şəxsi Ermənistana qaytarıb.   Bundan əvvəl, 12 iyun 2021-ci ildə  Azərbaycanın 15 nəfər erməni hərbçini qaytarması müqablində Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanın xəritələrini  Azərbaycan tərəfinə təqdim edib. 

Ekspertlər bildirirlər ki, bu,  Azərbaycana  Qarabağda minalanmış əraziləri daha tez və az xərclə təmizləməyə  imkan verəcək.  Qeyd edək ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA)   mütəxəssisləri  xəritələr alınmamışdan əvvəl  partlamamış döyüş sursatlarının zərərsizləşdirilməsi üçün 5-6 il, minaların zərərsizləşdirilməsi üçün 10-13 il vaxt lazım olacağını proqnozlaşdırıblar.  Üç rayonda  minalı sahələrin xəritəsi əldə edildikdən sonra sözügedən  qurum yeni proqnoz açıqlamayıb, amma hər halda ekspertlər prosesin həm ucuz, həm  bir qədər  təhlükəsiz və  tez başa gələcəyini ehtimal edirlər.

Ümumiyyətlə Ermənistan tərəfinin Qaqarabağı işğalda saxladığı müddətdə müxtəlif ərazilərə xeyli sayda piyada  və tank əleyhinə əleyhinə mina basdırdığı bildirilir.  Əslində bunu,  Ağdam,  Füzuli və Zəngilanda  basdırılan minaların sayı da təsdiqləyir. Ermənistandan alınan xəritələrə əsasən  Ağdamda 97, Füzuli və Zəngilanda 92 min mina basdırılıb.  Bu isə ümumilikdə 189 min mina deməkdir.       

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının  xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “The Washington Times”  nəşrində dərc edilən məqaləsində  Qarabağın  dünyada  ən intensiv şəkildə minalanmış ərazi  hesab olunduğunu qeyd edib.  O,  Birinci Qarabağ müharibəsindən bəri bu yaxınlaradək mövcud olmuş təmas xətti boyunca 1,5 milyard kvadrat metrdən çox ərazidə partlayıcı quraşdırıldığını  diqqətə çatdırıb.

Hətta Qarabağda elə ərazilər var ki, 30 metr enində mina xəttindən 100-150 mina çıxarılır.  Bu məlumatı mina təmizləmə üzrə əməliyyat meneceri Mədəd Məmmədov  mətbuata açıqlamasında  deyib.  Onun sözlərinə görə, ön xətdə 200 metr eni  olan sahədə  7-8 mina xətti  var.

Rusiyalı politoloq  Oleq Kuznetsov isə  hərbi mütəxəssislərin hesablamalarına istinadən  ermənilərin  işğal dövründə  Qarabağ ərazisində 4-5 milyon mina basdırdığını deyib.  Rusiya mediası mütəxəssislərin hesablamalarına istinadən  erməni tərəfinin Qarabağda minalanma prosesinə  340 milyon dollar xərclədiyini  yazır.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov  bildirib ki,  minalanmış sahələrin xəritəsi  bu prosesin tez, təhlükəsiz, hımçinin daha az maliyyə vəsaiti hesabına yekunlaşması üçün vacibdir.  Onun sözlrinə görə,  minaların axtarılıb tapılması və zərərsizləşdirilməsi çox pul tələb edən və  vaxt aparan  prosesedir. Belə ki,  bir minanın zavodda istehsalı 3-30 dollara başa gəlir, amma onun tapılıb çıxarılması və zərərsizləşdirilməsi 300-1000 dollara qədər vəsait tələb edir.   Ukraynalı hərbi ekspert Mixail Jiroxov da hesab edir ki,  bir minanın aşkar edilib zərərsizləşdirilməsi 1000-5000 dollar məbləğə başa gələ bilər.

Yeri gəlmişkən, BBC Landmine Monitor Report dərgisinə istinadən yazır ki, hələ 2007-ci ildə  Azərbaycan hökuməti və Dünya Bankının birgə araşdırması nəticəsində işğal olunmuş torpaqların minalardan təmizlənməsi üçün 600 milyon dollar tələb olunduğu üzə çıxıb. Nəşrin məlumatına görə,  Qarabağda minalanmış ərazilərin ümumi sahəsi 350 kv km-dən 830 kv km-dək ola bilər.

Prosesin  külli miqdarda vəsait tələb etdiyini ərazisi minalanmış ölkələrin təcrübəsi də sübut edir.  Məslən  Xorvatiya  1995-ci  ildən 2018-ci ilə qədər minaların təmizlənməsi  əməliyyatlarına  743 milyon avro (5,5 milyard kuna) xərcləyib.    Amma hələ də 400   kvadrat kilometrdən çox ərazidə  təmizləmə prosesi tam bitməyib.  Əlaqədar qurumlar  prosesin 2019-cu ildə başa çatacağını elan etsələr də sonradan bunun  mümkün olmayacağını etitaf ediblər.  Bununla da Xorvatiyada minatəmizləmə prosesinin müddəti  1 mart 2026-cı ilə  qədər  uzadılıb.  Prosesin bu qədər çəkməsi ölən və yaralananların da sayının artması ilə nəticələnib.  Belə ki,  müharibədən sonra Xorvatiyada 593 nəfər minaya düşüb, onlardan 203 nəfəri həyatını itirib.

Bosniya və Herseqovina

Bosniya və  Herseqovinada da uzun illərdir minatəmizləmə əməliyyatları aparılır. Amma bu ölkə  dünyanın ən çox minalanmış ölkələrindən biri olaraq qalır.   1996-cı ildən başlayan əməliyatlar zamanı  3000 kvadrat kilometrdən çox ərazi minadan təmizlənib.  Ötən müddət  ərzində 1750 nəfər minaya düşüb, onlardan 612-si həyatını itirib. Rəsmi açıqlamalara görə,  hələ də ölkənin 2,2 %-də  mina təhlükəsi var. Bəzi hesablamalara görə, ölkə ərazisində  80 minədək zərərsizləşdirilməmiş mina qalır. 2009-2016-cı illərdə  Bosniyada mina təmizləmə əmliyyatlarına 338 milyon avro ayrılıb. Bu vəsaitin 169 milyon avrosu problemin həlli istiqamətində xərclənib. Bütün ölkə  ərazisinin 2019-cu ilədək minalardan təmizlənəcəyi açıqlansa da bu, mümkün olmayıb.   Prosesin ən yaxşı halda 2024-2025-ci illərə qədər davam edəcəyi bildirilir. Bunun üçünsə  168 milyon avroya ehtiyac var.  Səlahiyətli qurumlar  ümumiyyətlə prosesin ləngiməsinin əsasən  maliyyə çatışmazlığı ilə bağlı olduğunu deyib.

Qeyd edək ki, hər iki ölkədə minatəmizləmə prosesinin ləngiməsi əsasən müharibə vaxtı minaların  nizamsız  basdırılması,  maliyyə çatışmazlığı, relyef çətinliyi,  bəzi  yerlərin isə illər ötdükcə  meşəliklə  örtülməsi ilə izah olunur.

Ukraynada da minalınmış ərazilərin, xüsusilə təmas  xəttində basdırılan minaların sxemi yoxdur.  Bu ölkənin   müvəqqəti işğal olunmuş ərazilər və didərgin düşmüş vətəndaşların işi üzrə naziri Vadim Çernışın sözlərinə görə,  sözügedən ərazilərin  minalardan təmizlənməsi üçün 800 milyon dollar vəsait tələb olunacaq.

Saxta.info bu qənaətə gəlib ki, Vüsal Qasımlının açıqlaması əsaslıdır.