“Mobil radiobaza ötürücü stansiyalarının heç birində şüalanma ağacların məhv olmasına gətirib çıxaracaq qədər yüksək deyil”.  Bunu Trend-ə açıqlamasında Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.  O əlavə edib ki,  yaşayış binalarının üzərində quraşdırılan ötürücü-qəbuledici stansiyaların qorxusu yoxdur. Antenaların bir neçə yüz metr məsafədə olan ağaclara mənfi təsiri  müəyyənləşdirilməyib.

Saxta.info nazirlik nümayəndəsinin söylədiklərinin əsaslı olub-olmadığını yoxlayıb. 

Mövzumuzun əsas hədəfinə keçməzdən öncə qeyd edək ki,  mobil  baza stansiyaları  çıxış gücü və  əhatə  dairəsinə görə  üç sinfə  -   böyük  (makro)  ölçülü,  kiçik (mikro) ölçülü   və  çox kiçik  ölçülü  stansiyalara bölünür.  Bu stansiyalar  relyef şəraitindən və digər texniki parametrlərdən asılı olaraq  0 - 35 km məsafədə  siqnal ötürə bilir.  Makro  stansiyalar  geniş əhatə dairəsi tələb olunan yerdə, daha sadə şəkildə desək kənd yaşayış məntəqələrində,  şəhərlərarası yollarda, mikro stansiyalar şəhər içində,  mobil telefonun çox olduğu ərazilərdə, küçə və meydanlarda,  çox kiçik stansiyalar ticarət mərkəzlərində,  otelərdə, bir sözlə  binanın işərisində mobil əlaqəni təmin etmək məqsədilə qurulur.

Mobil baza stansiyalarının  zərərli olub-olmamasına gəlincə, bu yöndə çoxsaylı, həm də ziddiyyətli  fikirlər var. 

Türkiyənin Boğaziçi Universitetinin professoru Selim Şeker bildirir  ki,  bu tipli stansiyalardan yayılan radiomaqnit dalğalar insanlara və ətraf mühitə  zərər verir. Alimin sözlərinə görə, baza stansiyalarının çoxalması nəticəsində  ətraf mühitdə quşlar, ağaclar azalıb. Professor mobil telefonun fəsadlarının daha çox olduğuna diqqət çəkib.  O bildirib ki, insan doğulandan hüceyrələri  də daim yenilənir. Yalnız  beyin hüceyrələri  yenilənmir. 

Mobil telefonun beyinə verdiyi zərər isə  ömür boyunca davam edir.  Mobil telefondakı şüalanmanın gücü zəif olsa da  uzun müddət davam etdiyindən  müxtəlif xəstəliklərə, xüsusilə xərçəng, sonsuzluq, alzheimer, parkinsona səbəb  ola bilər.

Türkiyəli onkoloq  Yavuz Dizdar  bildirir ki, mobil baza stansiyaları harda gəldi quraşdırılır.  Belə ki,  mobil operatorlar işin asan və ucuz başa gəlməsi üçün qurğuları  hazır bina və dirəklərin üzərində quraşdırmağa üstünlük verirlər.  Halbuki  baza stansiyaları  yüksəkdə qurulmalıdır, bununn üçün də mobil operator lazım gəldiyi yerdə  özü dirək, qüllə qaldırmalıdır.  Bu normaya əməl olunmasını vacib sayan onkoloq bildirir ki,  son zamanlar baza stansiyalarının sayının artması da narahatlıq yaradır. Amma bununla belə stansiyaların sayının azaldılması  çıxış yolu deyil. Çünki baza stansiyası azaldıqca mobil telefonun əhatə dairəsi zəifləyir. Belə olan halda telefonun siqanlı güclənir ətrafa daha çox radiasiya yaymağa başlayır.

Son bir ildə  Rusiyanın İstehlak Bazarına Nəzarət Xidmətinin (Rospotrebnadzor)  Kuban şöbəsinə  miqren, yorğunluqdan şikayət edən 3 min nəfər müraciət edib.  Vətəndaçlar bunun səbəbini regonada quraşdırılan stansiyaların çoxluğu ilə əlaqələndiriblər. Xüsusilə sakinlər  evlərinin yaxınlığında olan stansiyaların təsirinə məruz qaldıqlarını deyirblər.

Aparılan araşdırmalar iddiaları tam təsdiqləməyib.  Qurumun Krasnodar vilayəti üzrə bölmə rəisi Viktor  Tolokonnikov  deyib ki, müraciətlər  yoxlanılıb,  “zərərli radiasiya” ilə bağlı müraciətlər təsdiqini  tapmayıb.  Mütəxəssis əlavə edib ki,  baza stansiyaları elektrik çaydanı, elektrik xətti səviyyəsində elektromaqnit dalğalara səbəb olduğundan təhlükəli deyil.

Rusiyanın icbari tibbi sığorta üzrə milli agentliyinin aparıcı mütəxəssisi Yevgeni Rabtsun  baza stansiyalarının mənfi təsir göstərdiyini deyib, amma  o, bu təsirin deyildiyi kimi güclü olmadığını vurğulayıb.  Mütəxəssis  müqayisə apararaq deyib ki,  müasir dövrdə insalnar onsuz da  mobil telefon,  mikrodalğalı soba işlədir.  Bu qurğular da  eyni şəkildə elektromaqint dalğalar yayır, amma insana mənfi təsiri yoxdur.   

Mobil  operatorun nümayəndəsi İqor Aleksandrov deyib ki,  bir baza stansiyasının qurulması ən azı 6 ay çəkir. Bu müddət ərzində həm yer seçimi aparılır, həm də avadanlıqların laborator müayinəsi aparılır.  Mütəxəssis əlavə edib ki,  baza stansiyaları hər tərəfi əhatə etmir,  istiqamətləndirici fəaliyyət göstərir. Yəni birbaşa vətəndaşın evinə yönəlmir.  Mobil operator nümayəndəsi müqayisə apararaq bildirib ki,  bir mikrodalğalı sobanın radiasiyası 30 baza stansiyasının buraxdığı dalğaya bərabərdir. Amma mikrodalğalı sobada yemək qızdıran şəxs radiasiyaya məruz qalmır.

Bu mövzu inkişaf etmiş Avropa ölkələrində də aktuallıq kəsb edir. Avropa ölkələrində bu istiqamətdə tez-tez araşdırmalar aparılır. Belə araşdırmalardan biri mobil telefonun həm istehsalı, həm də istifadəsi baxımından öndə olan İsveçdə aparılıb.  Məsələ burasındadır ki, 3 mobil operatrun xidmət göstərdiyi İsveçdə  dirəklərə, damlara, evlərin divarlarına quraşdırılan baza stansiyalarının sayı həddindən artıq çoxdur.  Bunu nəzərər alaraq İsveç  Radiasiyadan Mühafizə İnstitutu  (SSİ) radiasiya səviyyəsini  yoxlayıb. 

Məlum olub ki,  mobil  baza  qurğusundakı  bir  verici  tam  gücü  ilə  yalnız  8  abunəçi  eyni  anda danışdığı halda  işləyir. Bu güc isə maksimum 100 Vatt-a çatır. Bundan başqa antenalar konkret istiqamətlər üzrə quraşdırıldığından hrə tərəfə radiasiya yaymır.  Antenadan 5 metr aralıda radiasiya azalır.  Bu məsafə 15 metr olduqda isə  radiasiya tərisi də 1/9-ə düşür.  Qurğu yüksəkdə olduğundan dibinə radiasiya vermir, üstəlik antenalar alt və üst tərəflərinə dalğa buraxmır.

Araşdırma zamanı əldə olunan nəticələr:

Baza stansiyasının dirək üstünə və ya binanın damına quraşdırıldığından insanların güclü  radiasiyaya məruz qalması mümkün deyil.

Qurğudan 10 metr aralıda radiasiya təsiri çox zəifdir.

Baza stansiyalarındakı cihazlar və xətlərdən güclü radiasiya yayılmır.

Göründüyü kimi,  mövzu ilə bağlı ziddiyyətli fikirlər olsa da, mobil baza stansiyalarının  ətraf mühitə və insanlara ciddi zərər vurma ehtimalı təsdiqlənmir. Mütəxəssislər  bildirirlər ki, baza stansiyaları ilə bağlı cəmiyyətdə formalaşan fikirlər yanlışdır. Digər tərəfdən bu stansiyalardan imtina mobil telefondan imtina deməkdir.     

Saxta.info sadalanan faktorları nəzərə alaraq bu qənaətə gəlib ki, ETSN nümayəndəsinin  mobil baza stansiyaları ilə bağlı açıqlaması əsaslıdır.