İlin sonuna qədər Ermənistan iqtisadiyyatının ikirəqəmli artım tempinin təmin edilməsi ilə bağlı proqnoz qüvvədə qalır. Bu açıqlama ilə  Ermənistanın iqtisadiyyat naziri vəzifəsini icra edən Vaan Kerobyan çıxış edib. O  bildirib ki,  bütün beynəlxalq maliyyə təşkilatları, Mərkəzi Bank və hökumət  proqnozlarına düzəlişlər edərək onları əhəmiyyətli dərəcədə artırıb. Eyni zamanda Kerobyan  öz proqnozu üçün konkret rəqəm  açıqlamadan ÜDM-in 6% artımının (bu rəqəmi əvvəl  Mərkəzi Bank rəhbərliyi və baş nazir əvəzi elan edib - red.) mühafizəkar bir proqnoz olduğunu söyləyib.

Saxta.info Kerobyanın bu açıqlamasının reallıqla uyğun olub-olmadığını yoxlayıb.

Əvvəlcə beynəlxalq maliyyə təşkilatlarının proqnozlarının Kerobyanın iddia etdiyi kimi   müsbət olub- olmadığını yoxlayaq.

Dünya Bankı (DB) Ermənistanda ÜDM istehsalı ilə bağlı proqnozunu dəyişməz olaraq saxlayıb -  2021-ci il üçün 3,4 %,  2022-ci il üçün 4,3%, 2023-cü il üçün  5,3% (2020-ci ildə 7,4% geriləməyə qarşı). Bu, Dünya Bankının  iyun ayı üçün  "Qlobal İqtisadi Perspektivlər" (Global Economic Prospects, GEP) hesabatında əksini tapıb.

Beynəlxalq Valyuta Fondu isə  hələ 2020-ci ilin oktyabrında Ermənistanda 2021-ci üçün  ÜDM-in 3,5% artacağını proqnozlaşdırıb.  Amma  World Economic Outlook  dünya  iqtisadiyatının  aprel icmalında  2021-ci ildə Ermənistanda ÜDM artımı 1% səviyyəsində proqnozlaşdırılıb.  Yalnız 2022-ci ildə ölkə iqtisadiyyatı  3.5% artacaq.  Beynəlxalq Valyuta Fondunun  mütəxəssisləri hesab edir ki,  2021-ci ildə bu ölkədə  inflyasiya 3,9 %, 2022-ci ildə  3,2% olacaq.

Avropa İnkişaf və Yenidənqurma Bankının (AYİB) gözləntiləri isə Ermənistan Respublikasının rəsmi proqnozlarından daha pozitivdir. Bankın müntəzəm icmalında 2021-ci ildə Ermənistanda ümumi daxili məhsulun 4% artacağı proqnozlaşdırılıb.

Bundan əvvəl, AYİB 2021-ci ildə Ermənistanda ÜDM artımının 5,5%  olacağını bəyan edib.  2022-ci ildə bank Ermənistanın iqtisadi artımının 5% -ə qədər sürətlənəcəyini proqnozlaşdırır.  Öz növbəsində Fitch Ratings beynəlxalq reytinq agentliyi  2021-ci ildə Ermənistan iqtisadiyyatının 3,2%, 2022-ci ildə 4 %  həddində bərpa olunacağını gözləyir. Agentliyin mart ayında yayımladığı hesabatda bildirilir ki, bu, bankların kreditləşməsi və gəlir artımının perspektivlərini yaxşılaşdıracaq.

"Bəzi risklərdən çəkinmə və uzun müddət davam edən  qeyri-müəyyənlik artıma təsir edir və yaxın müddətli gəlir əldəetmə potensialını daha da məhdudlaşdırır" – deyə hesabatda bildirilir. 

Avrasiya İnkişaf Bankının (AİB) makroiqtisadi icmalının may sayında qeyd olunduğu kimi, Ermənistanda 2021-ci ilin birinci rübündə iqtisadi aktivliyin azalması səngiyib.

AİB-ə görə Ermənistan iqtisadiyyatı 2021-ci ildə ixrac, turizm və pul köçürmələrindən gələn gəlirlərin bərpa olunması hesabına 3,3 % artacaq.  Xatırladaq ki, Ermənistanın 2021-ci il dövlət büdcəsində iqtisadi artım 3,2%, inflyasiya isə 4% (± 1,5%) səviyyəsində nəzərdə tutulub.

Ermənistan Mərkəzi Bankı, ölkədəki iqtisadi artım proqnozunu 4.6% -ə, daha sonra 2021-ci ilin sonuna qədər   6%-ə yüksəldib.   Daha əvvəl də qeyd edildiyi kimi, Dünya Bankı 2021-ci ildə Ermənistan iqtisadiyyatının 3,4%, 2022-ci ildə 4,3%, 2023-cü ildə 5,3% artacağını proqnozlaşdırır. BVF isə 2021-ci ildə Ermənistanda ÜDM artımının 1%  səviyyəsində olacağını gözləyir.  S&P Global Ratings hesabatına görə, Ermənistanın real ÜDM artımı 2021-ci ildə 2,5%, 2022-2023-cü illərdə 4,5% olacaq. Fitch Ratings 2021-ci ildə Ermənistan iqtisadiyyatının 3,2 %, 2022-ci ildə 4%  həddində  bərpa oluncağını gözləyir.

Ermənistan Respublikasının rəsmi strukturları və beynəlxalq maliyyə təşkilatları tərəfindən təqdim olunan proqnozlar Kerobyanın vəd etdiyi "ikirəqəmli göstərici"ni heç bir şəkildə əsaslandırmır. Ölkədəki işgüzar fəaliyyətin mövcud vəziyyəti də bu ilin sonunadək iqtisadi artım dinamikasının belə sürətlənəcəyini gözləməyə əsas vermir.

Bəs ölkənin baş iqtisadçısının “proqnozu” nəyə əsaslanır?

Ermənistan Statistika Komitəsinin ilkin məlumatlarına görə, 2021-ci ilin yanvar-may aylarında 2020-ci ilin eyni dövrü ilə müqayisədə 4.3% iqtisadi artım qeydə alınıb diqqət çəkir.  Eyni zamanda, bu ilin may ayında 2020-ci ilin may ayı ilə müqayisədə iqtisadi aktivlik göstəricisi 10,9%, 2021-ci ilin apreli ilə müqayisədə 2% artıb.

Təqdim olunan məlumatlara görə, 2021-ci ilin yanvar-may aylarında sənaye istehsalının həcmi 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə 2,3% artaraq təxminən 840 701,6 milyon dram təşkil edib.  Eyni zamanda, 2021-ci ilin may ayında 2020-ci ilin may ayına nisbətən bu göstərici 7,9%, 2021-ci ilin aprelinə nisbətən isə 3,4% artıb.

Statistika komitəsinin ilk baxışdan nikbinlik yaradan göstəricilər real vəziyyəti  tam xarakterizə etmir.  Bu barədə “Ameria” Konsaltin         şirkətinin direktoru Tiqran Crbaşyan mətbuata açıqlamasında bildirib ki,   ÜDM artımı  dövlət sektoru, enerji, İT və mədən sənayesi hesabına baş verib.  Amma iki sektor - əyləncə və hələ də artım sferasına çatmayan istehsal sektoru ilə bağlı artım göstəriciləri  açıqlanmayıb.  Kənd təsərrüfatı isə ümumiyyətlə sıfır səviyyədədir və artım meylləri göstərmir.

Sadalananalar göstərir ki,  Ermənistanda bu ilin birinci rübündə qeydə alınan artım sadəcə vəziyyətin böhrandan əvvəlki ilə müqayisədə əhəmiyyətsiz yaxşılaşmasıdır.

Saxta.info yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlib ki,  Kerobyanın  bu ilin sonuna qədər Ermənistanda ÜDM-in “ikirəqəmli artımı” barədə proqnozu reallıqla uyğun  gəlmir.