Ermənistan Beynəlxalq İnsan İnkişafı Mərkəzinin rəhbəri Tevan Poqosyan “Ermənistanın Səsi” radiosuna müsahibəsində “Azərbaycan işğalı haqda sənəd” hazırladığını bildirib. O deyib ki,  "Dağlıq Qarabağ Respublikası Bəyannaməsi"ni heç kim ləğv etməyib, Ermənistan parlamentinin 1991-1992-ci illərdə "DQR" istiqamətində hər hansı bir sənədin imzalanmasının yolverilməzliyi barədə qərarı mövcuddur.   Poqosyan hesab edir ki, Ermənistan parlamenti dərhal separatçı qurumun tanınması prosesinə başlamalı, "Hadrut, Şuşa, Talış və Madagiz" məsələsinin hələ bağlanmadığını bildirməlidir.  "Açar söz "respublikadır". Önəmli olan odur ki, biz konstitusiya, bayraq və sairə kimi öz sərhədləri və atributları olan dövlət strukturundan danışırıq", - deyə Poqosyan bildirib.

Saxta.info, Tevan Poqosyanın qeyd etdikləri məqamların  nə dərəcədə qanuni olduğunu və 1991-ci ildə separatçıların verdiyi qərarların hüquqi əsasının olub-olmadığını  yoxlayıb.

Məlumdur ki,  ermənilər 1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ Muxtar Vilayəti və Azərbaycan SSR-in Şaumyan (kənd) rayonu hüdudlarında qondarma “Dağlıq Qarabağ Respublikası” (“DQR”) elan ediblər.  Həmin il dekabrın 10-da isə  Qarabağda  guya “beynəlxalq müşahidəçilər”in iştirakı ilə qondarma referendum keçirilib.  Yerli ermənilər Azərbaycandan ayrılmağa səs veriblər.  1992-ci ildə isə  qondarma “parlament”də  "Dövlət müstəqilliyi haqqında" bəyannamə qəbul olunub.

Bu sənədlərin heç birinin qanuni əsası olmadığını sübut etmək o qədər də çətin deyil. İlk olaraq bütün bunları  Ermənistanın baş naziri Nikol Paşinyanın  qanunsuz hesab etməsindən başlayaq. Ermənistanda keçirilən parlament seçkiləri ərəfəsində o, televiziya efirində çıxışı zamanı  Qarabağda  keçirilən  "referendum"un, azərbaycanlılar iştirak etmədiyinə görə  qanuni sayılmadığını bildirib.  

Bir neçə il əvvəl Azərbaycan Prezident Administrasiyası  Serj Sarqsyanın "Exo Moskva" radiosuna verdiyi açıqlamaları şərh edərkən,   1991-ci ildə  Dağlıq Qarabağda keçirilən qanunsuz “referendum”un nəticələrinin tanınmasını istisna edib.  

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll yollarından danışan Sarqsyan iddia etmişdi ki,  münaqişənin həllinin yeganə yolu sülh yoludur və  bu yeganə yol Dağlıq Qarabağda referendum keçirmək və ya  1991-ci ildə Sovet İttifaqı qanunvericiliyinə və beynəlxalq hüquqa tam uyğun olaraq keçirilən referendumun nəticələrini tanımaqdır.

Bununla əlaqədar olaraq, Azərbaycan Prezident Admnistarasiyası  bəyan edib ki,  1991-ci il dekabrın 10-da Dağlıq Qarabağda  qanunsuz olaraq keçirilən  qondarma "referendum"un  nəticələrinin tanınması mümkün deyil. Hüquqşünasların rəyinə görə,  bu referendum həm  SSRİ qanunvericiliyinə zidd olaraq keçirilib, həm də  beynəlxalq hüquq baxımından heç bir  hüquqi əsası yoxdur.

Administrasiyanın açıqlamasında  qeyd edilib  ki,  ərazi bütövlüyü hallanmır və müxtəlif formaları yoxdur, halbuki xalqların öz müqəddəratını təyin etməsi konteksdən asılı olaraq, müxtəlif növdə - həm daxili, həm də xarici olur. ATƏT-in Minsk qrupunun Madrid təklifləri bu iki prinsipin bir araya sığışdırılmasını nəzərdə tutursa, bu, məntiqə görə, suveren dövlətin ərazi bütövlüyünün pozulmasına aparmayan öz müqəddəratının təyinetmə formasının seçilməsi deməkdir. Bu iki prinsipin bir araya sığışdırılmasının yeganə forması sülh prosesinin, əsas kimi qəbul edilən 1975-ci il Helsinki Yekun Aktının VIII maddəsinə uyğun olaraq, ərazi bütövlüyü çərçivəsində öz müqəddəratını təyinetmədir.  Yəni, bu, daxili öz müqəddəratının təyin edilməsidir. Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılmasına aparan öz müqəddəratını təyinetmə ərazi bütövlüyünü pozur və deməli, ilk növbədə Madrid prinsiplərinin məntiqinə ziddir. Buna görə də, belə sxemi qəbul edən Azərbaycanın mövqeyi tam həcmdə kompromislidir. Burada sizə öz müqəddəratını təyinetmə imkanı verən ərazi bütövlüyü və ərazi bütövlüyünü pozmayan öz müqəddəratını təyinetmə var”.

Xatırladaq ki, bu şərh on il əvvəl, Azərbaycan ərazilərinin 20 faizi erməni işğalı altında olan vaxt verilib.  O zaman Azərbaycan tərəfi hələ də Qarabağ ermənilərinə - öz sərhədləri daxilində status vermək imkanlarını nəzərdən keçirirdi. Bu gün  əldə olunan zəfər və ərazilərin azad edilməsindən sonra Azərbaycan Qarabağ erməniləri üçün  status məsələsini birmənalı şəkildə  bağlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev 10 noyabr 2020-ci ildə  üçtərəfli bəyanatın imzalanması münasibətilə  xalqa müraciətində bu məqama diqqət çəkib: “Bəs hanı Ermənistan tərəfinin tələbləri ki, Dağlıq Qarabağa müstəqillik verilməlidir? Mən onlara muxtariyyət təklif edəndə buna razı olmadılar, dedilər ki, yox, bu, “müstəqil dövlətdir”. Bunlar uzun illərdir “müstəqil dövlət” kimi yaşayır və onlar Azərbaycandan müstəqillik almalıdırlar...  Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq”.

Ermənistanın tələblərindən fərqli olaraq, Azərbaycanın yanaşması sovet, milli və beynəlxalq qanunvericiliyə tam uyğundur. Ermənilər "müstəqillik" iddialarında SSRİ qanunlarını rəhbər tutmağa çalışırlar. Ancaq bu qanunlara görə onların belə bir hüququ varmı?

Polşa tarixçisi Pşemıslav Adamçevski hesab edir ki, "DQR"in yaradılmasını SSRİ qanunvericiliyi əsasında qanuniləşdirmək cəhdi məzhəkədir. Onun 2012-ci ildə "Qafqaz və Qloballaşma" jurnalında dərc olunan "SSRİ qanunvericiliyinə uyğun olaraq “Dağlıq Qarabağ Respublikası”nın yaradılmasının qanuniliyi məsələsi" adlı  məqaləsində  bir çox sualların cavabı əksini tapıb.

Polşa tarixçisi vurğulayıb ki,  ermənilər  3 iyul 1990-cı ildə SSRİ Ali Sovetinin  “İttifaq respublikalarının  SSRİ-dən ayrılması  ilə bağlı məsələlərin həlli qaydası"na  dair  qəbul etdiyi sənəd əsasında   "DQR"i   qanuniləşdirməyə çalışırlar.  Onun sözlərinə görə, belə olan halda hər muxtariyyətdə ittifaqdan ayrılmaq üçün referendum keçirilməli idi. Lakin 10 dekabr 1991-ci il tarixli referendumu "Prosedur haqqında ..." qanunla nəzərdə tutulan referenduma bərabərləşdirmək olmaz, çünki fərqli məsələlərə aiddir.

Bu qanunla muxtar respublikaların və digər muxtar qurumların,  yaxud ittifaq respublikalarının SSRİ-nin tərkibindən çıxma şərtləri nizamlanırdı.  Həmin vaxt   Dağlıq Qarabağda keçirilən "referendumda" səsverməyə belə bir sual qoyulmuşdu: "Dağlıq Qarabağ Respublikası"nın digər dövlətlər və icmalarla əməkdaşlıq formalarını müstəqil olaraq təyin edən müstəqil bir dövlət olmasına  razısınızmı?"

Belə bir referendumun SSRİ  qanunvericiliyində heç bir əsası yox idi. Həmçinin qanuna əlavə muxtariyyətin birtərəfli qəbul edilməsinə  yol vermirdi.  Ümumiyyətlə  Adamçevskinin  fikrincə  ermənilərin öz iddialarının qanuni olduğunu Sovet qanunlarının müddəaları ilə  sübut etmək cəhdi onları daha da pis vəziyyətə  salır. 

Poqosyana görə  nəticələri ləğv edilməyən, "referendum" adlandırılan bu qanunsuz hərəkət  dünyada heç kim tətəfindən  tanınmayıb.

10 dekabr 1991-ci ildə DQMV-də keçirilən "referendum", o dövrdə qüvvədə olan SSRİ Konstitusiyasının 78 və 79-cu maddələrinə zidd  və qanuni qüvvəsi olmayan bi addım idi və Azərbaycan Respublikasının sərhədlərini dəyişdirmək məqsədi daşıyırdı.

SSRİ Konstitusiyasının yuxarıda qeyd olunan maddələrində deyilirdi:

Maddə 78.  "İttifaq respublikasının ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz. İttifaq respublikaları arasındakı sərhədlər müvafiq respublikaların qarşılıqlı sazişi ilə dəyişdirilə bilər və bu saziş SSR İttifaqı tərəfindən təsdiq edilməlidir".

Maddə 79. Müttəfiq  respublika öz diyar, vilayət, mahal, rayon bölgüsünü müəyyən edir və inzibati ərazi quruluşunun  başqa məsələlərini həll edir".

Bundan başqa, Ermənistan rəhbərliyinin qanunsuz keçirilmiş referenduma qanuni don geyindirmək üçün  

"Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında" 1990-cı il 3 aprel tarixli SSRİ Qanununun müddəalarına istinad etmək cəhdləri tamamilə əsassızdır. Çünki bu qanun 1991-ci il sentyabrın 5-6-da keçirilmiş SSRİ Xalq Deputatlarının növbədənkənar qurultayı tərəfindən müttəfiq respublikanın SSRİ tərkibindən çıxmasının yeni qaydasını müəyyən etmiş "SSRİ prezidentinin və müttəfiq respublikaların ali rəhbərlərinin birgə bəyanatından və SSRİ Ali Sovetinin növbədənkənar sessiyasının qərarlarından irəli gələn tədbirlər haqqında" qərar qəbul edilməsi nəticəsində öz qüvvəsini itirmişdi.

SSRİ tarixində ittifaqın ali hakimiyyət orqanlarının ən son qərarı isə SSRİ Dövlət Şurasının "Dağlıq  Qarabağ  Muxtar  Vilayətinin SSRİ Konstitusiyasında təsbit edilmiş hüquqi statusunu dəyişdirən" bütün aktları qeyri-konstitusion hesab edib. Və "DQMV ərazisində konstitusion qaydanın bərpa edilməsini" qərara almış "Dağlıq Qarabağ Muxtar Vilayətində və Azərbaycan Respublikası ilə Ermənistan Respublikasının sərhəd rayonlarında vəziyyətin sabitləşdirilməsi üzrə tədbirlər haqqında" 1991-ci il 27 noyabr tarixli qərarı və SSRİ Konstitusiya Nəzarəti Komitəsinin Ermənistan SSR Ali Sovetinin "Ermənistan SSR-in və Dağlıq Qarabağın yenidən birləşdirilməsi haqqında" 1989-cu il 1 dekabr tarixli qərarının və Ermənistan SSR MSK-nın DQMV ərazisində Ermənistan SSR Ali Sovetinə seçkilər üzrə seçki dairələrinin yaradılması haqqında qərarının SSRİ Konstitusiyasına və SSRİ qanunlarına zidd, Azərbaycan Respublikası Ali Sovetinin DQMV-nin ləğv edilməsi haqqında 1991-ci il 23 noyabr tarixli qərarının isə SSRİ Konstitusiyasının 86-cı və 87-ci maddələrinə uyğun gəlməyən hesab etmiş "SSRİ Ali Sovetinin və onun Rəyasət Heyətinin, Azərbaycan SSR (Azərbaycan Respublikası) Ali Sovetinin və Ermənistan SSR (Ermənistan Respublikası) Ali Sovetinin Dağlıq Qarabağ Muxtar Vilayətinə dair aktları haqqında" 1991-ci il 28 noyabr tarixli qərarı olub.

1991-ci il 27 noyabr və 1991-ci il 28 noyabr tarixli bu iki qərar  1991-ci il sentyabrın 2-də DQMV-nin və Azərbaycan SSR-in bir sıra başqa rayonlarının yerində qondarma "Dağlıq Qarabağ Respublikası" yaradılması haqqında özbaşına bəyannaməni ləğv edərək,  DQMV-nin Azərbaycan SSR tərkibində statusunu təsdiq edib.

Beləliklə, Dağlıq Qarabağ regionu de-jure məhz Azərbaycan Respublikasının tərkibində qalmaqla, SSRİ-dən çıxmış və beynəlxalq hüququn uti possidetis juris  prinsipi üzrə beynəlxalq birlik, o cümlədən BMT tərəfindən, istisna olaraq Azərbaycan dövlətinin tərkib hissəsi kimi tanınıb.

Qanunsuz olan təkcə 1991-ci il dekabrın 10-da Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətində keçirilmiş qondarma "referendum" deyildi, əgər bundan sonra da birtərəfli qaydada "referendum" keçirilərsə, o da qanunsuz sayılacaqdı.  Çünki o, Azərbaycan Respublikasının (tərkibinə Dağlıq Qarabağın de-jure daxil olduğu dövlətin) qüvvədə olan Konstitusiyasının 3-cü maddəsinə zidd olacaqdı. Həmin maddədə göstərilir ki, "Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər" və "Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi məsələsi yalnız referendumla həll oluna bilər".

Aktiv təbliğata, lobbilərin alınmasına, dünyanın nüfuzlu ölkələrinin parlamentlərində öz qruplarının yaradılmasına baxmayaraq, Ermənistan Qarabağ "referendum"larına baxışı dəyişdirə bilməyib.  Bu tipli  qanunsuz hərəkətlər Dağlıq Qarabağ işğal altında olarkən bir neçə dəfə həyata keçirilib və dəfələrlə  beynəlxalq təşkilatlar və ölkələr oxşar aksiyaların  legitim saymayıblar.

"Düzünü desək bu illər ərzində Minsk Qrupunun həmsədrlərindən heç biri və hətta Ermənistan prezidentinin özü belə  referendumun ola biləcəyinə inanmayıb.. Bu mənada,  bizim  “ermənilər buna "referendum" adlandırır,   ancaq bu - "neverendum”dur  (İngilis dilindən heç vaxt - red.) deyə zarafatımız olub".  Bu fikiləri ATƏT-in keçmiş həmsədri Metyu Brayza bildirib.

"Referendumlar"ın və "seçkilər"in  mənasızlığına baxmayaraq, ermənilər   bu tipli aksiyalarıın təşkilini davam etdiriblər.  2006-cı ildə təşkil edilən "konstitusiya referendumu" 90-cı illərin əvvəllərindəki "referendum"la eyni aqibəti yaşadı,  heç kim tərəfindən tanınmadı. Avropa Birliyi də  Dağlıq Qarabağdakı referendumun nəticələrini tanımaqdan imtina etdi.

Referendum ATƏT-in Minsk Qrupunun nümayəndələrindən də oxşar qiymətləndirmə aldı. Referendumu "faydasız" adlandırdılar və bunun tənzimləmə perspektivlərinə heç bir təsiri olmayacağını qeyd etdilər.  Avropa Şurasının baş katibi Terri Devis "Dağlıq Qarabağın ilk Konstitusiyası" nın qəbuluna dair "referendumu" qanunsuz saydı. 

2017-ci ilin fevralında isə  "səsvermə günü"ndən əvvəl qanunsuz elan edilmiş başqa bir "konstitusiya referendumu" keçirildi.

ATƏT-in Minsk Qrupunun  həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Riçard Hoqland (ABŞ) "referendum"un nəticələrini qəbul etməyəcəklərini bildirdilər, həmçinin qeyd etdilər ki,  bunun nəticələri Dağlıq Qarabağın yekun statusu üçün həlledici olmayacaq.  

Qarabağda  ən son "prezident seçkiləri" 2020-ci ilin may ayında keçirildi.  

Ötən ilin oktyabr ayında Yaponiyanın Nikkei qəzetinə verdiyi müsahibədə Azərbaycan Prezidenti İlham Əliyev gələcəkdə Qarabağda referendum keçirilməyəcəyini  bildirdi:   "Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Biz bununla heç vaxt razılaşmayacağıq. Biz danışıqlar zamanı buna razılıq vermədik və indi ərazinin böyük bir hissəsini geri aldığımız bir vaxtda bundan söhbət gedə bilməz”.

Beləliklə, sadalananlara əsasən bu nəticəyə gəlirik ki, 30 il  Azərbaycanın Qarabağ bölgəsində  keçirilən qanunsuz səsvermənin və referendumların heç bir qanuni əsası yoxdur,  bölgənin hər hansı status qazanmasına heç bir şəkildə təsir göstərə bilməz. Ermənistanın Azərbaycan torpaqlarında həyata keçirdiyi bu cür aksiyaların  hamısı beynəlxalq və milli qanunvericilik çərçivəsindən kənardır. Buradan belə çıxır ki, Tevan Poqosyan siyasi mülahizələrə əsaslanaraq Qarabağ ermənilərinə yanlış məlumat verir və onlara boş ümidlər vəd edir.

Saxta.info sadalanan fakt və rəylərə əsasən bu qənaətə gəıib ki,  Tevan Poqosyanın açıqlaması  yalandır.