13 iyul tarixində, saat 20.27-dən 20.53-dək, Şuşa şəhərinin şimal-qərbindəki ərazidə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin bölmələri arasında atıcı silahlardan dağınıq atəş müşahidə edilib. Bu məlumat  Rusiya Müdafiə Nazirliyində  Qarabağdakı  Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı  bülletenində əksini tapıb.

Saxta.info, ciddi suallar doğuran bu açıqlamanın bəzi təfərrüatlarını  araşdırmağa çalışıb.

İlk növbədə Rusiya Müdafiə Nazirliyinin yaydığı mətnlə Azərbaycan Müdafiə Nazirliyinin  eyni insident barədə  yaydığı  mətn arasında  uyğunsuzluq  diqqət çəkir.  Azərbaycan Müdafiə Nazirliyinin  məlumatında atəşin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən  açıldığı bildirilib.

Haqlı olaraq sual yaranır,  nəyə görə  Rusiya Müdafiə Nazirliyi  Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən sülhmərmalıların məsuliyyət zonasındakı erməni silahlılarını  Ermənistan Silahlı Qüvvələri kimi xarakterizə edir? Və ən əsası  nəyə görə  statusundan asılı olmayaraq  silahlı şəxslər Rusiya sülhməramlı kontingentinin nəzarəti altında olan suveren Azərbaycan ərazisində yerləşiblər?

Bu məsələ  təəccüb doğurur, çünki Azərbaycan Respublikası Prezidenti, Ermənistan Respublikası Baş naziri və Rusiya Federasiyası Prezidenti tərəfindən 10 noyabrda Qarabağla bağlı imzalanan üçtərəfli bəyanatın əsas şərtlərindən biri  bütün erməni silahlı qüvvələrinin  Qarabağdan  çıxarılması   ilə bağlıdır.

Bu məsələ  bəyanatın    4-cü bəndində əksini tapıb. Həmin bənddə qeyd edilir:

Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyətini Tərəflərdən hər hansı biri bəyan etməzsə, avtomatik olaraq növbəti 5 illik müddətlərə uzadılır.

Bəyanat imzalandıqdan dərhal sonra,  noyabrın 11-dən etibarən Rusiya  sülhməramlı qüvvələrinin Qarabağa gəlişi başladı. Qərargahı Xankəndi şəhərində yerləşən  Rusiya sülhməramalı kontingenti  27 məntəqədə  müvəqqəti olaraq yerləşdirildi. Rusiya Müdafiə Nazirliyi  kontingentin yerləşmə xəritəsini yayımladı.

Qeyd etdiyimiz kimi, Qarabağla bağlı üçtərəfli bəyanatın tələbinə görə,  Ermənistan Silahlı Qüvvələrinin bir hərbçisi belə Qarabağda qalmamalı idi. Ancaq silhahlılar nəinki Qarabağda qaldılar,  üstəlik Ermənistandan bir neçə dəfə dəstək də aldılar. 

Təsadüfi deyil ki, 27 fevral 2021-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyi İrəvandan hərbçilərin Azərbaycan ərazisinə yerləşdirilməsinə son qoymağı tələb edib. Bəyanatda qeyd olunub ki,  erməni hərbçilər məhz Laçın dəhlizi ilə  keçərək  Azərbaycanın Qarabağ bölgəsində  yerləşirlər.

Bundan əvvəl, yanvarın 8-də Azərbaycanın  xarici işlər naziri Ceyhun Bayramovun  bu məsələ ilə bağlı  BMT Baş Katibi Antonio Quterreşə ünvanladığı məktub BMT Baş Məclisi və Təhlükəsizlik Şurasının sənədi olaraq yayılıb.  Xüsusilə məktubda Azərbaycanın müvafiq strukturları tərəfindən aparılan antiterror əməliyyatları nəticəsində Ermənistan vətəndaşı olan təxribat qrupunun 62 üzvünün tutulduğu qeyd edilib.  Müdafiə Nazirliyi və Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin dekabrın 13-də yaydığı   birgə məlumatda onların Xocavənd bölgəsində saxlanıldığı  bildirilib.  Qeyd edilib ki, həmin qrupun təxribatı nəticəsində  Azərbaycan tərəfdən dörd hərbi qulluqçu həlak olub,  biri hərbçi olmaqla 3 nəfər də yaralanıb.

Bu, Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan Laçın dəhlizi vasitəsilə Azərbaycan ərazisinə keçən erməni hərbçilərinin törətdiyi yeganə hadisə deyil.  Belə ki, iyulun 6-da saat 17:50-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutulub.  Atəş nəticəsində yol təkmilləşdirmə işlərinə cəlb olunan hərbi qulluqçu  baş gizir Dadaşov Sakit Əhliman oğlu yaralanıb.  

Digər diqqət çəkən məqam odur ki,  ötən ilin dekabrında Azərbaycanın Xocavənd rayonu ərazisində tutulan erməni hərçiləri bu günlərdə Bakıda keçirilən məhkəmə prosesi zamanı Azərbaycan ərazisinə rus sülhmərmalıların gözü qabağında keçdiklərini, sülhməramlıların onları yoxlamadığını etiraf   ediblər. 

Bu il fevralın 27-də  Azərbaycan Prezidenti İlham Əliyev keçirdiyi mətbuat konfarnsında  Laçın dəhlizində yerləşdirilən rus sülhməramlıların vəzifələrinə laqeyd yanaşdığını bəyan edib: “Rusiya sülhməramlıları tərəfindən xarici vətəndaşların Dağlıq Qarabağa gizli buraxılışı istiqamətində fəaliyyətləri görəndə bu, bizdə təəccüb doğurur. Biz Rusiya tərəfi ilə razılaşmışıq ki, ora əcnəbilər yalnız bizim razılıqla daxil ola bilər. Razılaşma da pozulur. Əlavə heç nə deməyəcəyəm, bəlkə, bunu yenə şərh etmək lazım olacaq. Ancaq ora kimin girib-çıxdığını soyadınadək bilirik”.

Rusiya sülhməramlı qüvvələrinin vəzifəsi  yalnız erməni hərbi personalının Qarabağ ərazisinə daxil olmasının qarşısını almaqla bitmir,  onlar  orada qalan erməni hərbçilərinin çıxarılmasını da  təmin etməlidir. Buna baxmayaraq, Moskva bu öhdəliyi yerinə yetirmir. Bunu həm adi istifadəçilər, həm də separatçıların Qarabağda qalan və özünü “rəsmi şəxs” kimi təqdim edən şəxslərin çoxsaylı videoları sübut edir.

Üstəlik, ötən il noyabr ayının 16-da  Ermənistan baş baziri Nikol Paşinyan "Artsax Müdafiə Ordusu"nun öz mövcudluğunu davam etdiriəcəyini  bildirmişdi.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin  informasiya bülletenindəki “yanlışlıq” təkcə Azərbaycan ərazisindəki qanunsuz silahlı dəstələrin   “Ermənistan Silahlı Qüvvələri” adlandırılıması ilə bitmir. Bu mövqe Azərbaycanın qədim yaşayış yerlərinin adlarına münasibətdə də özünü biruzə verir. Xsusilə  Xankəndi Stepanakert, Xocavənd Martuni kimi təqdim edilir.   Eyni mənzərə nazirliyin saytında mütəmadi olaraq dərc olunan Rusiya sülhməramlı qüvvələrinin yerləşdirmə xəritələrində də müşahidə olunur.

Bütün bunlarla  yanaşı  Qarabağdakı rus hərbçilər arasında bölgənin erməni sakinlərinə qarşı məişət səviyyəsində xeyirxahlıq hökm sürməsi  diqqət çəkir ki, bu da  qarşıdurma  iştirakçılarına bərabərhüquqlu münasibət tələb edən sülhməramlı fəlsəfəyə ziddir. Bu cür videolar sosial media mənbələrində kifayət qədər yaygındır. Və bunun Kremlin iradəsindən kənar baş verdiyini güman etmək sadəlövlük olaradı.

Saxta.info bu qənaətə gəlib ki,  Rusiya Müdafiə Nazirliyinin Şuşa yaxınlığında qeydə alınan hadisə ilə bağlı yaydığı məlumat  10 noyabr bəyanatının 4-cü bəndinin Moskva tərəfindən  pozulduğunu sübut edir.