“Gürcüstan artıq bir neçə ildir ki, Avropa Birliyi ilə üst səviyyəli əməkdaşlıq sənədini imzalayıb. Ermənistan 27 fevral 2017-ci ildə daha aşağı səviyyəli, amma yenə də AB ilə ortaq sənəd imzalayıb. Azərbaycan Avropa Birliyi ilə ortaq sənəd imzalamaq istəmir”.  Bu fikirləri  REAL Partiasının icra katibi, iqtisadçı Natiq Cəfərli  bildirib.  O iddia edib ki,  Azərbaycan tərəfi  sənədin razılaşdırılmasını uzadır, halbuki, 90%-dən çox məsələlər artıq razılaşdırılıb.

Saxta.info Natiq Cəfərlinin iddiasının əsaslı olub-olmadığını yoxlayıb.

Öncə qeyd edək ki, Avropa İttifaqı (Aİ)  ilə Azərbaycan arasında əməkdaşlıq  1991-ci ildə yaranıb.  Tərərflər arasında  1996-cı ildə  imzalanan  Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (1999-cu ildə qüvvəyə minmişdir) siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədiyyət sahəsində əməkdaşlığı əhatə edib.   1998-ci il tarixində Aİ Azərbaycana xüsusi elçi təyin edib. 2000-ci ildə Azərbaycanın Aİ yanında Nümayəndəliyi təsis olunub.   2003-cü ilin iyul ayında Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndə təyin edib.  Bundan başqa  2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə  Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan Şərq Tərəfdaşlığı proqramına daxil edilib.

Azərbaycanla Aİ arasında ticarət əlaqələri Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə tənzimlənir. Aİ Azərbaycanın ticarət tərəfdaşları arasında birinci yeri tutur.  Aİ Azərbaycanın həm ixracda, həm də idxalda ən böyük ticarət tərəfdaşıdır.

18 iyul 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin birgə mətbuat konfransında Azərbaycan Prezidenti bu məqamla bağlı son ststistik məlumatları diqqətə çatdırıb.  O bildirib ki,  Azərbaycanın  ticarətinin demək olar ki, 40 %  Avropa İttifaqı ilə aparılır. 2020-ci ildə  ittifaqla ticarət dövriyyəsi demək olar ki, 9,5 milyard dollar olub.  Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard dollar  təşkil edir. İttiqfaq üzv  dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir.  Bundan başqa  Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib.

Bu kontekstdə  Azərbaycanın Aİ ilə   ticarət dövriyyəsi, ittifaq ölkələrinin Azərbaycama yatırımları  Gürcüstan və Ermənistanla müqayisədə dəfələrlə çoxdur.  Məsələn, 2020-ci ildə Aİ ilə  Ermənistan arasında ticarət dövriyəsi 1 milyard dollardan bir qədər çox olub.

Bundan başqa, Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələsində mühüm rol oynayır. Xatırladaq ki,  ötən ilin sonunda  Cənub Qaz Dəhlizinin dördüncü seqmenti olan Trans-Adriatik kəməri istismara verilib. Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub.

Bundan başqa 2018-ci ilin  iyul ayının 11-də  “Azərbaycan-Avropa İttifaqı Tərəfdaşlıq Prioritetləri” sənəd paraflanıb.

Natiq Cəfərlinin barəsində söz açdığı sənədə gəlincə,  söhbət  Aİ ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişindən gedir.  Son illərdə bu saziş üzərində  hər iki tərəfdən işlər  intensivləşdiriib və qeyd edildiyi ki, sazişlə bağlı  məsələlərin 90 %-i razılaşdırılıb. Düzdür, Azərbaycan  bu sazişin imzalanmasında maraqlı olduğunu dəfələrlə bəyan edib,  amma bu prosesin bir sıra şərtlər daxilində yerinə yetirilməsi şərti qoyub.  Bu mənada  rəsmi Bakının ortaq sənədi imzalamamasına dair fikir doğru olsa da, bunun bir sıra  səbəbləri var və  bu səbəbləri qeyd etmədən  məsələyə  obyektiv qiymət vermək düzgün olmazdı.

Səbəblərə gəlincə, Azərbaycan tərəfi bəyan edib ki, 

saziş hər iki tərəfin maraqlarını təmin etməlidir

sazişdə həm strateji əhəmiyyət daşıyan məsələlər, həm də Azərbaycanı maraqlandıran məsələlər öz əksini tapmalıdır.

saziş bərabərhüquqlu tərəflər arasında imzalanmalıdır

saziş bütün bərabərhüquqlu əməkdaşlığa zidd olan məqamlardan azad olmalıdır.

Saziş üzrə razılıq əldə olunmayan, müzakirə mövzusu  olaraq qalan konkret məsələlərə gəlincə,  bunlardan biri  Azərbaycanın Dünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaması ilə bağlıdır. Rəsmi Bakı  ÜTT-yə üzvlükdən imtinasını onunla əsaslandırır ki,  Azərbaycanın  ixracının əsas hissəsi hələ ki, neft-qaz məhsullarıdır və bu məhsulları ixrac etmək üçün sözügedən təşkilata üzv olmaq lazım deyil.

Digər arqument  qeyri-neft sektorunun inkişafı, yəni yerli istehsalın artımıdır ki, bunun üçün də  daxili bazar qorumalıdır.  Azərbaycan tərəfi hesab edir ki,  əgər ölkə indi ÜTT-yə  üzv olsa,  sənaye, kənd təsərrüfatı sektorundakı yerli  istehsalçılar problemlərlə üzləşə bilərlər.  Yəni,  ÜTTÜyə üzvlük nəticəsində Azərbaycana böyük həcmdə idxal məhsulları gələcək və bu da öz növbəsində yerli istehsala ziyan vuracaq.  

Tərəflər arasında müzakirə mövzusu olaraq qalan digər məsələ energetika sektoru ilə bağlıdır.  Avropa İttifaqı (Aİ )  Azərbaycana  təbii qazın daxili qiyməti ilə  ixrac qiymətini  bərabərlişdirməyi təkilf edir.  Azərbaycan tərəfi isə bəyan edib ki,  təklif qəbul olunsa Azərbaycan  qazın daxili qiymətlərini ən azı on dəfə qaldırmalıdır.  Bu isə qəbul edilməzdir. Bu mənada rəsmi Bakı  bəyan edib ki, Azərbaycan üçün sənədin keyfiyyəti onun nə qədər vaxtda razılaşdırılmasından daha vacibdir.

Sadalananlara əsasən belə demək olar ki,  Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin  ləngiməsində Azərbaycan tərəfinin rolu olsa da  bunun obyektiv  səbəbləri var. 

Saxta.info bu qənaətə gəlib ki, Natiq Cəfərlinin açıqlaması əsasən yanlışdır.