Ermənilərin mülki obyektlərdən hərbi məqsədlərlə istifadə etməsinə dair daha bir sübut.

Saxta.info-nun araşdırması zamanı məlum olub ki, ermənilər Xocavəndin Qırmızı Bazar qəsəbəsindəki  (1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Ermənilər qəsəbəyə elə Qırmızı Bazar anlamı verən Кармир Шука adı qoyublar) orta məktəbin ərazisindən məhz hərbi məqsədlər üçün istifadə ediblər.  Bunu Azərbaycan ordusunun erməni hərbi birləşmələrinə endirdiyi növbəti zərbə ilə bağlı yayılan videoda da aydın görmək mümkündür.  Videoda  erməni hərbçilərin hərbi maşınlarla məktəb ərazisinə sursat gətirdikləri aydın şəkildə görünür. Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Ermənistan hərbi birləşmələri həmin binadan qərargah kimi istifadə edirmiş.

Ərazidəki tikilinin məktəb binası olduğunu google maps vasitəsilə də izləmək mümkündür. Bundan başqa məktəb binasının yaxınlığında uşaq bağçasının yerləşdiyi də işarələnib.  

Hətta bəzi erməni mənbələrində bu ərazidə Qırmızı Bazar icmasının hesabına iki yaşayış binasının tikintisinə start verildiyinə dair xəbərlər də var. Xəritədə həmin binaların özülləri də görünür. 2017-ci ildə start verilən tikinti işləri köhnə məktəbin yerində aparılırmış. Görünür ərazidə yeni məktəb binası tikildiyindən  köhnəsinin yerində  yaşayış binasının inşası qərara alınıb.

Ermənilərin mülki obyektlərdən hərbi məqsədlər üçün istifadə etməsi ilk hal deyil.  Bir müddət əvvəl separatçıların rəhbəri Araik Arutyunyanın uşaq bağçasında hərbçilərlə müşavirə təşkil etdiyinə dair xəbər yayılmışdı. Bunu feysbukda onun şəxsi səhifəsində oktyabrın 25-də  paylaşılan şəkillərdən də görmək mümkündür.

Bundan əvvəl isə ermənilərin belə üsullara əl atdığını Xankəndindən və Şuşadan reportaj hazırlayan məşhur “delfi.ru” saytının litvalı fotomüxbiri Vidmantas Balkunas ifşa edib. Jurnalist oktyabrın 21-də sözügedən saytda dərc edilən  məqaləsində mülki əhalinin yerləşdirildiyi sığınacaqdan erməni hərbçilərin  də istifadə etdiyinə diqqət çəkib. Daha sonra jurnalist ermənilərin şəhər parkında raket sistemləri yerləşdirdiyini, Mədəniyyət Evində hərbi sursat saxladığını, ermənilərin məskunlaşdığı qəsəbənin yaxınlığında isə “S 300” raket sistemi quraşdırdıqlarını qeyd edib.  Bunun məqsədli şəkildə icra edilməsinə işarə vuran jurnalist qeyd edir ki, belə olan halda mülki insanların və obyektlərin  zərər görəcəyi qaçılmazdır.

Bu faktlar bir daha  sübut edir ki, ermənilər özləri  mülki obyektlərdən,  xüsusilə də məktəb, uşaq bağçası kimi məkanlardan bilərəkdən hərbi məqsədlər üçün istifadə edir. Məqsəd sonradan Azərbaycan tərəfini mülki obyektləri vurmaqda ittiham etmək üçün baza hazırlamaqdır.