Ermənistanın keçmiş maliyyə naziri Vardan Aramyan ölkəsinin iqtisadi kollaps və defoltla üzləşəcəyini deyib.   O bildirib ki, koronavirus pandemiyasından və Qarabağ müharibəsindən əvvəl Ermənistanda investisiyaların həcmi onsuz da 14 %  azalmışdı, 2020-ci ildə isə 20 % azalma olub.  

Saxta.info Vardan Aramyanın arqumentinin doğruluğunu yoxlayıb.

Öncə qeyd edək ki, Vardan Aramyan öz arqumentlərini və  proqnozunu əsaslandırmaq üçün müxtəlif rəqəmlər təqdim edib. O bildirib ki, 2020-ci ildə ölkədə  minimum əmək haqqı 55 min dramdan (təqribən 110 dollar) 68000 drama, əsas pensiya 16000-dən 18000-ə, doğum müavinəti 50.000 dən, 300.000 drama çatdırılıb.  Nəticədə, 2021-ci ilin büdcəsi daxilində cari xərclər 2018-ci ilin cari xərcləri ilə müqayisədə 335 milyard dram artıb. Aramyan əlavə edib ki, amma bunun üçün kifayət qədər büdcə fondu olmadığından,  Ermənistan hökuməti yeni mənbələrdən borc götürmək məcburiyyətində qalacaq.

Aramyan həmçinin 2021-ci ilin büdcəsinin digər bir göstəricisinə - iqtisadi artım potensialının 3,2% olmasına şübhə ilə yanaşır.  O bildirib ki,  bu cür  artım üçün investisiyalara ehtiyac var. Ermənistanda investisiya həcmi əksinə azalıb. Onun proqnozun görə, 2019-cu ilə qədər iqtisadi artım potensialı 4-4,5% səviyyəsində qiymətləndirilirdi, lakin indi Ermənistan 2% artıma ümid edə bilər.

Keçmiş nazirin sözlərinə görə, hökumətin son iki il yarımda əsassız iqtisadi siyasəti Ermənistan iqtisadiyyatının onurğa sütununu qırıb.

Bundan əlavə, 2021-ci ildə Ermənistanı ciddi risklər təhdid edir. İnkişafın 4 əsas amilinin,  vergi-büdcə sabitliyi, pul-kredit- maliyyə sabitliyi, siyasi sabitlik və təhlükəsizlik amillərinin Ermənistanda mövcud olmadığını deyən Aramyanın fikrincə ölkə cari xərcləri ödəmək üçün kifayət qədər pul qazaana bilməyəcəyi bir nöqtəyə gələ bilər, belə olan halda isə  kreditorlar ya borc verməyi dayandıracaqlar, ya da astronomik faiz dərəcələri ilə borc verəcəklər. Nə vaxt ki, investorlar  pul verməkdən imtina edir və defolt baş verir,  bu vəziyyətdə kollaps yaranır.

Ermənistana investisiya qoyuluşunun azalması əslində yeni problem deyil. 2017-ci ildə də bu ölkədə investisiyanın həcmi azalmışdı. Milli Statistika Xidməti və Mərkəzi Bankın verdiyi məlumata görə, 2016-cı illə müqayisədə 2017-ci ildə Ermənistana birbaşa xarici investisiyalar 27,3% azalaraq 245,7 milyon dollar təşkil edib. Bu, 2008-ci ildən bəri ikinci ən pis göstərici olub. Birinci göstərici isə 2015-ci ildə qeydə alınıb.   Həmin il Ermənistanda investisiya qoyuluşu 178, 2 milyon dollar olub.

Müxalif Erməni Milli Konqresinin nümayəndəsi,  iqtisadçı, Vahan Xaçatryanın fikincə bu rəqəmlər investorların Ermənistan rəhbərliyinə inanmadıqlarını göstərir.  İqtisadçı bildirir ki,  245 milyon dollarlıq  sərmayə özü-özlüyündə  o qədər kişik məbləğdir ki,  bununla ölkənin sosial-iqtisadi problemlərini  həll etmək mümkün deyil.

Vahan Xaçatryan müqayisə üçün bildirir ki,  2017-ci ildə  Ermənistanla müqayisədə Gürcüstana qoyulan birbaşa xarici investisiyaların həcmi 7,5 dəfə,  Azərbaycanda isə 26 dəfə çox olub.

Ermənistanda investisiyaların həcminin azalması  2019-cu ildə də davam edib.

Məsələn,  müxalif “Çiçəklənən Ermənistan" fraksiyasından olan millət vəkili Mikael Melkumyan 2019-cu ildə xarici investisiyaların ötən ilə nisbətən 2 dəfə azaldığını deyib.  Onun sözlərinə görə, bu il martın 14-dən mayın 14-dək Ermənistan Ümum Daxili Məhsulun dəyərində hər gün 40 milyon dollar itirib. Hökumət isə gündə 3.8 milyon dollar sərmayə qoyub. Yəni itki gündə 36 milyon dollar təşkil edib. Bu itki necə ödəniləcək, məlum deyil. Çünki on minlərlə iş yeri bağlanıb.

Erməni iqtisadçılar 2019-cu ildə mediaya verdikləri açıqlamalarında bildirirdilər ki,  “məxməri inqilab”dan (Nikol Paşinyanın hakimiyyət gəlməsi nəzərdə tutulur - red) bir il ötməsinə baxmayaraq potensial investorlar  hələ  də  Ermənistanı müşahidə etməyə üstünlük veririlər.  

Məsələ burasındadır ki, Ermənistanın Statistika Komitəsinin rəsmi məlumatlarına görə, 2019-cu ilin  birinci rübündə birbaşa investisiyalar 37 milyard 043,5 milyon dram azalıb. Əgər 2018-ci ilin birinci rübündə bu rəqəm 40 milyard 756,6 milyon dram idisə, 2019-cu ilin eyni dövründə - 3 milyard 713,1 milyon dram azalma qeydə alınıb.

2020-ci ildə də Ermənistana investisiya qoyuluşu azalmaqda davam edib. Ermənistan iqtisadiyyatının real sektoruna ümumi xarici sərmayələrin həcmi 2020-ci ilin birinci rübündə 38,6% azalaraq 418 mln dollar təşkil edib, halbuki bir il əvvəl  12,7% artım qeydə alınmışdı.

Ermənistana birbaşa xarici investisiyaların həcmi 2020-ci ilin birinci rübündə 2019-cu ilin eyni göstəricisi ilə müqayisədə 20,8 milyard dram azalıb. Milli Statistika Komitəsinin məlumatlarına görə, 2019-cu ilin yanvarından mart ayına qədər ümumi investisiya axını 56,5 milyard dram,  birbaşa xarici investisiyalar 9,5 milyard dram təşkil edib.  2020-ci ilin eyni dövründə ümumi investisiya axını 17,1 milyard dram azalıb və bu da ümumilikdə  73,6 milyard dram azalma ilə nəticələnib.

Birbaşa investisiyalarla əlaqədar olaraq, daxilolma 11,3 milyard dram azalıb və bu, birbaşa xarici investisiyalar daxilində 20,8 milyard dram azalma ilə yekunlaşıb. Konkret olaraq Rusiyadan gələn investisiyalara gəlincə  2019-cu ilin hesabat dövründə ümumi investisiyaların axını 32,9 milyard dram, birbaşa investisiyalar isə 12,5 milyard dram təşkil edirdisə, 2020-ci ildə bu göstəricilər müvafiq olaraq 34,2 milyard dram və 8,2 milyard dram azalıb.

Bəs, Ermənistana investisiya axını niyə azalır?  Erməni iqtisadçılar  bunun  əsas səbəbinin Amulsar qızıl mədəni ətrafında yaranan qalmaqalla əlaqəli olduğunu deyirlər. Xatırladaq ki, ehtiyatlarının həcminə görə  Ermənistanda ikinci yerdə olan mədənin idarəçiliyi  Kanada- Britaniya şirkəti  Lydian International-a  (törəmə şirkəti - Lydian Armenia vasitəsilə) həvalə olunub. Ekoloqlar  mədəndən çıxan tozun Çermuk kurort şəhəri üçün təhlükəli ola biləcəyini, yeraltı sular vasitəsilə Sevan gölünə (Göyçə) qarışacağını  iddia edirdilər. 

Hökumət isə mədəndə təkrar ekspertiza ilə bağlı qərar  verdikdən sonra işlər dayanıb. İqtisadçı Panduxt Martirosyan  bildirir ki, xarici investorlar  sərmayə qoymazdan əvvəl ölkədə hansı xarici kompaniyaların işləməsi ilə maraqlanırlar. Bu mənada dünya bazarında yaxşı tanınan Lydian International şirkətinin üzləşdiyi problemlər  Ermənistana sərmayə qoyuluşuna mənfi təsir göstərir.

Qeyd edək ki, Amulsar qızıl mədəni ətrafında baş verənlər ekoloji problem kimi təqdim edilsə də əslində arxa planda Qərblə Rusiyanın investisiya savaşı kimi şərh olunur.  Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin 2019-cu ildə Cermuk şəhərində, Amulsar mədəni yaxınlığında dincələrkən səfrliyin internet səhifəsində ailəvi şəkil paylaşaraq bu yerlə bağlı öz təəsüratlarını bölüşməsi Ermənistanın baş nazirinə gözlənilməz eyham kimi şərh edildi.  

lragir.am nəşrində dərc olunan təhlildə bildirlir ki, əslində  bu,  Rusiyalı diplomatın  yatağın istismarına etiraz edən vətəndaşların "Amulsar dağ olaraq qalmalıdır" şüarını dəstəklməsi anlamına gəlir. Bu isə Rusiyanın etiraz edən tərəfin mübarizəsini dəstəkləməsi deməkdir.

Həmin ərəfədə  Amerika Ticarət Palatsının (AmCham) Amulsar mədəni ətrafında yaranan problemlə bağlı Ermənistanın baş naziri Paşinyana ünvanladığı məktubda  isə qeyd edilirdi ki,  bu hal potensial investorlara neqativ impulslar göndərir və Ermənistanı investisiya üçün xoşa gəlməyən ölkəyə çevirir.

Bu arada  İngiltərənin Oxford Analytica mərkəzinin 2018-ci ilin yekunlarına dair hesabatında siyasi vəziyyətin Ermənistanın iqtisadi inkişafına təsir göstərdiyi əksini tapmışdı. Mərkəz hesab edirdi ki,  Ermənstanda investisiya mühiti əlverişsiz olub.  Bu səbəbdən də  Ermənistana CR reytinqi verilib, bu da iqtisadiyyata siyasi təsir riskinin yüksək olması anlamına gəlir.

Sözügedən mərkəzin hesabatını şərh edən erməni iqtisadçı Suren Parsyan deyib ki,  bu sənəd  investorları Ermənistana investisiya qoymaqan çəkindirəcək. Onun sözlərinə görə, hesabatda Ermənistanın investisiya mühitinə görə Afrika ölkələri, Suriya və digər ölkələrlə bir sırada olmasında Amulsar qızıl mədəni ətrafında yaranan mübahisələr rol oynayıb.  Parsyanın fikrincə 10-20 nəfərin etirazların görə böyük investisiya layhəsi  dayandırıla bilməz. 

Ötən ilin may ayında  Ermənistan baş naziri Nikol Paşinyan baş nazirliyinin ildönümü ilə bağlı keçrdiyi mətbuat konfransında özü də  investisiyanın azalmasını Amulsar Qızıl yatağını istismar edən şirkətin fəaliyyətini dayandırması ilə bağlı olduğunu etiraf etmişdi. 

Bundan başqa iqtisadçılar Ermənistanda  Vergi Məsəlləsi ilə bağlı müzakirələrin uzun çəkməsinin,   azad iqtisadi zonaların effekt verməməsinin,  həmçinin ölkədə müstəqil məhkəmə sisteminin olmamasının da xarici investisiya qoyuluşuna maneə  törətdiyini  qeyd edirlər.

Ekspertlər hesab edirlər ki, Ermənistana sərmayə qoyuluşunu azaldacaq amillərdən  biri də  İkinci Qarabağ müharibəsindən sonra  bu ölkədə yaranan və hələ də davam edən siyasi gərginlikdir.

17 siyasi partiyanın birləşərək baş nazir Nikol Paşinyanın istefasını tələb etməsi, demək olar ki, hər gün İrəvanda təşkil edilən mitinqlər, aksiyalar ölkədə  siyasi qeyri stabilliklə nəticələnib.   

Təsadüfi deyil ki,  Ermənistanın maliyyə naziri Atom Cancuqazyan parlamentdə 2020-ci ilin dövlət büdcəsini təqdim edərəkən  Ermənistanın iqtisadi inkişaf və investisiya axınını təmin etmək üçün sabitliyə ehtiyac olduğunu bildirib.  Nazir əlavə edib ki, investorun hədəfi  minimum risklə maksimum mənfəət əldə etməkdir. Bu mənada sərmayəçi, sərmayə qoymazdan əvvəl hansı risk zonasına girdiyini, nə qədər investisiyanı geri ala biləcəyini təhlil edir.

Ermənistan iqtisadiyyatının üzləşdiyi çətinliklər təkcə investisiya qoyuluşunun azalması ilə bağlı deyil.  Bu amillərdən biri də həddi ötən dövlət borcudur.  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Ermənistanın iqtisadi durumu ilə bağlı bu ilin noyabr ayında hazırladığı  təhlildə  qeyd edilir ki, Ermənistanda dövlət borcu yanvar-avqust aylarında 8,8% artaraq 7,97 milyard ABŞ dollarını keçib. Daxili borc 2020-ci ilin sentyabr ayına qədər 24,3% artaraq 1,9 milyard dollara çatıb.

Xarici dövlət borcunun yüksək olması ölkənin reytinqlərinə mənfi təsir göstərən amil hesab olunur.   Ermənistan 2019-cu ildə dərc olunan “Qlobal Rəqabətlilik Hesabatı”nda dövlət borcu indikatoru üzrə 141 ölkə arasında 64-cü yerdə qərarlaşıb. Ümumiyyətlə, Ermənistanın xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti region ölkələri ilə müqayisədə yüksəkdir. Belə ki, 2019-cu ildə sözügedən göstərici Ermənistanda 42,5% olduğu halda, Gürcüstanda 32,3%, Ukraynada 29%, Belarusda 27,1%, Moldovada 14,4% və Qazaxıstanda 6,9% təşkil edib.

Yeri gəlmişkən, Fitch Beynəlxalq Reytinq Agentliyinin proqnozlarına görə, Ermənistanın dövlət borcu  2020-ci ilin yekunlarına əsasən Ümum Daxili Məhsulun  63,9 faizinə çata bilər. 2019-cu ildə isə bu rəqəm 53,5% idiı.

Ermənistan Strateji Araşdırmalar Mərkəzinin direktoru Tiqran Arutyunyan isə Nikol Paşinyan və komandasının  2 il yarımlıq fəaliyyətini təhlil edib və  ortaya dəhşətli nətcələr  çıxdığını  bildirib. Ekspert öz feysbuk hesabında Paşinyan və onun komandasının yürütdüyü siyasətin nəticələrini belə sadalayıb.  

- Məğlub edilən, dağılmış və döyüş qabiliyyəti olmayan ordu. Müharibədə təqribən Ermənistan tərəfdən 5 min adam ölüb, təxminən 10 min nəfər yaralanıb, təxminən 2 min nəfər itkin düşüb, 300 nəfər əsir götürülüb. Minlərlə ailə çörək qazanan kişini itirib.

-  İqtisadi kollaps, sıfıra meylli investisiyalar,  8 milyard xarici borc, ÜDM-in 7,5 % azalması. Artan yoxsulluq,  alıcılıq qabiliyyətinin düşməsi, gəlirin azalması, ən böyük qızıl yatağının, enerji qaynaqlarının 15%-nin, əkinçilik ərazilərinin təxminən 10% -nin itirilməsi.

- Pandemiyaya qarşı mübarizənin uğursuzluğu. Koronsvirusun yayılma sürəti,  ölüm sayı baxımından, Ermənistan dünyada ən pis göstəricilərdən birinə sahibdir.

- Təhsil sisteminin dağılması.

- Dağıdılmış məhkəmə  sistemi

Bu arada  Fitch  Reytinq Agentliyi  Ermənistanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini (IDR) BB - dan B + səviyyəsinə endirib. Hələ bu ilin aprel ayının əvvəlində agentlik Ermənistanın Uzunmüddətli Emitent Defolt Reytinqinə (IDR) baxışı sabitdən mənfiyə dəyişib və Uzunmüddətli Emitentin Defolt Reytinqini (IDR) BB - səviyyəsində təsdiqləyib. Təşkilat 2020-ci ildə Ermənistan iqtisadiyyatının 6,2% azalacağını da proqnozlaşdırıb.  İqtisadi aktivlik indeksi də  6,4% azalıb

Beynəlxalq Valyuta Fondu (BVF) isə  2020-ci ilin yekunları üçün Ermənistanım Ümumdaxili Məhsul istehsalında 7,25% azalma proqnozlaşdırıb. Bu, BVF-nin Ermənistana yardımla bağlı Stand-By kredit sazişi çərçivəsində üçüncü yoxlamanın koordinasiyasından sonra verdiyi açıqlamada bildirilir. 

Eyni zamanda, açıqlamaya əlavə edilmiş cədvəldə isə  2021-ci il üçün Ermənistanda ÜDM-in artım səviyyəsi   1%  həddində proqnozlaşdırılıb

Saxta.info bu qənaətə gəlib ki, Ermənistan iqtisadiyyatının durumu ilə bağlı qeyd olunan rəylər, rəqəmlər, beynəlxalq təşkilatların hesabatları   Vardan Aramyanın Ermənistanın  iqtisadi kollaps və defolt təhlükəsi ilə üzləşəcəyinə dair fikrinin doğru olduğunu göstərir.