“Təəssüf ki, bu günə qədər biz hərbi əsirlər məsələsini həll edə bilməmişik və bu, ən həssas və ağrılı məsələdir. Ona görə ki, bu, humanitar məsələdir. Biz bu istiqamətdə işi davam etdirmək barədə razılığa gəlmişik. Lakin hesab edirik ki, konkret olaraq bizim birgə Bəyanatın 8-ci bəndi, təəssüf ki, tam yerinə yetirilmir”.  Bu fikirləri yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdə Ermənistanın baş naziri səsləndirib.

Saxta.info Ermənistanın baş nazirinin bu açıqlamasının doğru olub-olmadığını yoxlayıb.

Öncə qeyd edək ki, ötən il sentyabrın 27-də başlayan 44 günlük İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq  noyabrın 10-u 2020-ci ildə Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında üçtərəfli bəyanat  imzalanıb. Bəyanata əsasən  Dağlıq Qarabağda əməliyyatlar dayandırılıb.  9 bəndlik razılaşma sənədinin 8-ci bəndində hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulub.

Yeri gəlmişkən, bu sənəddə,  konkret olaraq 8-ci bənddə prosesin reallaşması ilə bağlı konkret olaraq vaxt qoyulmayıb.

Təbii ki, müharibədən dərhal sonra  hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsinin həyata keçirilməsi prosesini reallaşdırmaq o qədər də asan proses deyil.

Xatırladaq ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlamasında xüsusu olaraq vurğulamışdı. Ermənistan tərəfinin prosesin qəsdən ləngidilməsi ilə bağlı fikirlərinə münasibət bildirən  Lavrov qeyd etmişdi ki,  prosesin qəsdən ləngidildiyini demək çətindir, çünki biz belə bir hal  müşahidə etmirik. Rusiya XİN rəhbəri prosesin sürətli həllinə çətinlik yaradan obyektiv çətinliklərin olduğunu diqqətə çatdırmışdı.   Qeyd etmişdi ki,  döyüş əməliyyatalarının getdiyi ərazinin  relyefi,  itkin düşənlərin dəqiq siyahısının olmaması prosesi çətinləşdirir.

Amma faktlar göstərir ki, Azərbaycan tərəfi bu məsələnin sürətli həlli üçün addımlar atıb. Hələ müharibənin gedişatında Azərbaycan tərəfi humanistlik nümayiş etdirərək  erməni hərbçilərinin Hadrut qəsəbəsində köməksiz vəziyyətdə qoyub getdiyi erməni sakinləri birtərəfli qaydada  geri qaytarıb. Belə ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə ötən il oktyabrın 28-də Azərbaycan-Gürcüstan sərhədindən keçirilməklə 85 yaşlı Yevgeniya Babayanı  qarşı tərəfə təhvil verib.  

Digər sakin, Azərbaycan əsgərləri tərəfindən xilas edilən 84 yaşlı Mişa Melkumyanı isə Ermənistan tərəfi  qeyri-humanistlik göstərərək son anda təhvil almaqdan imtina edib.  Həmin şəxsə Azərbaycanda  bütün tibbi xidmət göstərilib. Amma vəziyyəti ağırlaşdığından dünyasını dəyişib. Sonra onun da meyiti yaxınlarına təhvil verilib.

Oktaybarın 29-da isə  Azərbaycan Müdafiə Nazirliyinin iştirakı, ATƏT-in və BQXK-nın vasitəçiliyi ilə Dövlət Komissiyası 30 erməni hərbçisinin meyitini birtərəfli qaydada Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində Ermənistan  tərəfinə  təhvil  verib.

Ötən il noyabrın 17-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer mediaya açıqlamasında   tərəflər arasında artıq  200 cəsədin mübadiləsinin  aparıldığını, bu istiqamətdə səylərin davam etdirildiyini bildirib.

Bundan başqa Ermənistana hazırda Azərbaycanın nəzarətində olan ərazilərdə meiyitlərin axtarılması üçün şərait də yaradılıb.  Ermənistan mediasının məlumatına görə,  yanvar ayının 11-dək 1211 erməni hərbçisinin cəsədi döyüş meydanından götürülüb.

Göründüyü kimi, cəsədlərin mübadiləsi, döyüş meydanından götürülməsi prosesi davamlı olaraq gedir.

Belə olan halda təbii olaraq sual yaranır: Ermənistan tərəfinin, konkret olaraq baş nazir Paşinyanın narahatlığı nədən qaynaqlanır? 

Yuxarıda da qeyd olunduğu kimi, döyüşdən dərhal sonra cəsədlərin mübadiləsi, döyüş meydanından götürülməsi o qədər də asan və tez yerinə yetiriləcək proses deyil. Bunu təbii ki, Ermənistan tərəfi də yaxşı anlayır. Sadəcə olaraq Ermənistan hökuməti  istər müharibənin gedişatında, istərsə də sonrakı  dövrdə ordusunun real itkisini gizlədib.

Belə ki,  dekabrın sonlarında  media Ermənistanın baş naziri Nikol Paşinyana istinadən  təqribən 2400 erməni hərbçisinin öldüyünü açıqlayıb.  Qondarma “Dağlıq Qarabağ respublikası”nın  “müdafiə nazirliyi”  isə  1777  ölən hərbçinin siyahısını dərc edib.

Ermənistan Səhiyyə Nazirliyinin yanvar ayının 5-nə olan məlumata görə, məhkəmə ekspertləri Qarabağ münaqişəsində həlak olan 3360 erməni əsgərinin qalıqlarını müəyyənləşdiriblər.

Halbuki,  müharibədən bir neçə gün sonra  Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minsayan  4750 hərbçinin öldüyünü açıqlamışdı. Ermənistan Strateji Araşdırmalar Mərkəzinin direktoru Tiqran Arutyunyan da təqribən 5 min hərbçinin öldüyünə dair məlumat yayıb.

Bütün bunlar isə nəticə etibarilə Ermənistan ictimaiyyətinin, xüsusilə də övladı ilə bağlı konkret məlumat ala bilməyən valideynlərdə ciddi narazılığa səbəb olub. Demək olar bununla bağlı Ermənistanda  hökumət binasının qarşısında hər gün  aksiya keçirilir.  Onlara isə qeyri-müəyyən cavablar verilir.  

Əsir və girovların dəyişdirilməsinə gəlincə,  bu prosesə ötən il  dekabrın əvvəlində start verilib. Tərəflər   əvvəlcə  Beynəlxalq Qızıl Xaç Komitəsinə siyahı təqdim ediblər. Dekabrın 14-də  ilk əsir mübadiləsi baş tutub.  Mübadilə çərçivəsində Azərbaycan Ermənistana 44 nəfər,  Ermənistan isə  14 nəfər qaytarıb.

Növbəti əsir mübadiləsi  dekbarın sonlarında  gerçəkləşdirilib.  Ermənistanda əsir saxlanılan iki azərbaycanlı və Azərbaycanda saxlanılan dörd erməni müvafiq olaraq qarşı tərəfə təhvil verilib.

Hazırda bu istiqamətdə proseslər davam etdirilir.  Belə ki,  yanvarın 8-də və 10-da Azərbaycan və Ermənistanın təhlükəsizlik və sərhəd xidmətləri rəhbərlərinin növbəti görüşləri keçirilib. Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə,  görüşlərdə  Azərbaycan Respublikasının Dağlıq Qarabağ və işğaldan azad olunmuş ərazilərinin təhlükəsizliyi, döyüş zonalarında meyitlərin basdırıldığı yerlərin müəyyənləşdirilməsi və əsirlərin dəyişdirilməsi, həmçinin Birinci Qarabağ və Vətən müharibəsində itkin düşmüş, girov götürülmüş şəxslərin talelərinin aydınlaşdırılması ilə bağlı məsələlər müzakirə olunub.

Oxşar görüş  bundan əvvəl dekabrın sonlarında Moskvada  Rusiya FTX-nin direktoru Aleksandr Bortnikovun vasitəçiliyi ilə Azərbaycan Dövlət Təhlükəsizliyi Xitmətinin rəisi  general-polkovnik Əli Nağıyev və Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan arasında keçirilib.

Bu məlumatlar göstərir ki, əsir və girov mübadiləsi  istiqamətində də işlər dayandırılmayıb, proses gedir.  Bu mənada prosesin ləngiməsi ilə bağlı Ermənistan tərəfinin  arqumentləri əsaslı sayıla bilməz. 

Müşahidələrimiz göstərir ki, Ermənistan tərəfinin bu “narahatlığı”nın da özünəməxus səbəbi  var.  Ermənistan mediaslında yayaılan məlumatlardan, rəsmi və qeyri rəsmi şəxslərin açıqlamalarından belə qənaətə gəlmək olur ki, İrəvan noyabrın 10-u 2020-ci ildə imzalanan razılaşmadan sonra  işğaldan azad edilmiş ərazidə təxribat törədərkən əsir götürülən erməni hərbçiləri də tələb edir.

Xatırladaq ki, atəşkəs imzalanmasından 16 gün sonra,  2020-ci il noyabr ayının 26-da Xocavənd rayonun Sur kəndində,  dekabrın 8-də Hadrut qəsəbəsi yaxınlığında, dekabrın 27-də isə Xocavəndin  Ağdam (Akaku) kəndi istiqamətində erməni silahlı qrupları təxribat törədiblər. Təxribat nəticəsində Azərbaycanın 5 hərbi qulluqçusu həlak olub,  3 hərbiçi,  1 mülki şəxs isə yaralanıb.

Bu səbəbdən də  Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti həmin ərazidə anti-terror əməliyyatı keçirmək məcburiyyətində qalmışdı.  Görülən tədbirlər nəticəsində bir qrup erməni silahlısı məhv edilib, bir qrup silahlı isə saxlanılmışdı.  Ermənistan mediası  konkret olraq 60 nəfərin əsir götürüldüyünə dair məlumat yaymışdı.

Artıq Azərbaycan tərəfi həmin  şəxslərlə bağlı mövqeyini açıqlayıb.  Belə ki, ötən il dekabrın 31-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin milli müdafiə naziri Hülusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən azad  edilmiş ərazilərdə hələ də erməni silahlı birləşmələrinin möcud olduğunu deyib. Bidlirib ki, onların bir çoxu zərərsizləşdirlib, bir çoxu həbs edilib və bu şəxslər müharibə əsirləri sayıla bilməz,  terrorçudurlar. Prezident xatırladıb ki, onlara bölgədən çıxmaq  üçün  imakan yaradılıb. Amma bu silahlıların  bir qismi  ərazini tərk etməyib, üstəlik Azərbaycana qarşı  terror aktları törədiblər.

Daha sonra, bununla bağlı  Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin baş katibi Antonio Quterreşə ünvanlandığı məktub təşkilatın Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.

Məktubda məhz 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra  Azərbaycanın işğaldan azad olunmuş Xocavənd rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin diversiya-təxribat əməli törətdiyi qeyd olunub. Əlavə edilib ki, Azərbaycanın müvafiq qurumları tərəfindən aparılan anti-terror əməliyyatı nəticəsində Ermənistan vətəndaşları olan 62 nəfərdən ibarət diversiya qrupunun üzvləri saxlanılıb.

Bununla da Azərbaycan həmin şəxslərin hərbi əsir deyil, terrorçu olduğunu, həmçinin atəşkəs razılaşmasından sonra  tutulduqlarını  diqqətə çatdırıb.

Saxta.info qeyd edilən fakt və arqumentləri nəzərə alaraq bu qənaətə gəlib ki, birgə bəyanatın 8-cı bəndinin tam yerinə yetirilməsməsi ilə bağlı Ermənistanın baş naziri  Nikol  Paşinyanın açıqlaması həqiqəti əks  etdirmir.