Son günlər Ermənistan  və ermənipərəst mediada  Azərbaycan və Türkiyə ordularının  Qars vilayətinədə palnalaşıdırlan birgə hərbi  təlimləri  müzakirə edilir.  Bəziləri bu  təlimləri  İkinci Qarabağ müharibəsinin nəticələri kontekstində qiymətləndirərək  Ermənistan üçün növbəti təhlükə kimi qiymətləndirirlər.

Bəziləri sərhədin bu üzündə, yəni Ermənistanda Rusiyanın 102-ci bazasının yerləşdiyini nəzərə alaraq  təlimlərin  Kreml üçün də aktuallıq kəsb etdiyini iddia edirlər.  Hətta erməni ekspertlər arasında Azərbaycan tərəfinin qazandıqları ilə kifayətlənməyəcəyini, maksimum nətcə üçün çalışdığını iddia edənlər də var.  Belələri bu baxımdan Qars təlimlərini bölgə üçün təhlükə sayırlar.

Bəzi nəşrlər isə hətta müharibə ssenarisi belə düşünürlər. Qeyd edirlər ki, növbəti mərhələdə Ankara və Bakı İrəvana sürətli hücum təşkil edəcək.  Rusiyanın da Azərbaycan ərazisinə ordu yeridəcək.  Azərbaycan və Türkiyənin birgə təlimlərini Rusiya və Ermənistana qarşı təxribat kimi qiymətləndirənlər də var. Bəzi saytlar isə hətta ikinci Qarabağ müharibəsində yalan məlumatları ilə “məşhurlaşan” WarGonzo layihəsinin müəllifi Semyon Peqovun fikirlərinə yer ayırıb.   Peqov bir qədər də irəli gedərək Azərbaycan-Türkiyə birgə hərbi təlimlərini Ermənistan sərhədi yaxınlığında “hücum məşqi” adalandırıb.

Ermənistanın sabiq müdafiə naziri, İkinci Qarabağ müharibəsində erməniləri özləri tərəfindən Şuşadan qorxaraq qaçmaqda ittiham olunan Seyran Ohanyan isə  iddia edib ki,  bu təlimlər təkcə Ermənistana deyil, Gürcüstana da psixoloji təsir göstərir.

Saxta.info bu iddiaların həqiqəti əks etdirib-etdirmədiyini yoxlayıb.

Öncə qeyd edək ki, Azərbaycan tərəfi İkinci Qarabağ Müharibəsində rəsmən  əsas məqsədin Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsi  olduğunu açıqlayıb.

Belə ki, Azərbaycan prezidenti İlham Əliyev 44 günlük müharibənin ilk günündə, 27 sentyabr 2020-ci ildə xalqa müraciəti zamanı bunu ifadə edib: “Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik”.  

Bu kontekstdə Ermənistanın sabiq baş naziri Nikol Paşinyanın sülıh danışıqlarının mahiyyətinə zidd olaraq “Qarabağ Ermənistandır” iddiasını, müharibədən bir qədər əvvəl isə Ermənistanın sabiq müdafiə naziri  David Tonoyanın “yeni-müharibə - yeni ərazilər” bəyanatını  xatırlatmaq yerinə düşür.    

Hərbi təlimlərə gəlincə, bu vasitənin,  ordunun döyüş, ölkənin isə müdafiə qabiliyyətinin artırılması məqsədi daşıdığı aydındır.  Bu məsələ xüsusi izahat tələb etmir. Təsadüfi deyil ki,  birgə təlimlər təcrübə mübadiləsi baxımından mühüm rol oynadığından dünya ölkələri tez-tez bu üsula müraciət edirlər. Təbii ki, bu proses hərbi əməkdaşlıq müstəvisində reallaşdırılır.

Konkret olaraq Qars təlimlərinə gəldikdə,  qeyd edək ki,  bununla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki,  Türkiyə Respublikasının Qars şəhərində keçiriləcək “Qış təlimi-2021”də      Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da iştirak edəcək. Bu məqsədlə təlimə cəlb edilmiş şəxsi heyət və hərbi texnikalar təlim yerinə yola salınıb.

Artır Azərbaycan hərbçiləri təlim hazırılığı ilə əlaqdar Qarsdadırlar. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən açıqlama verilib.

Türkiyə mediasının məlumatına görə,  1-12 fevral tarixlərində keçiriləcək təlimlərə  tank bölmələri, artilleriya batareyaları, snayperlər, xüsusi təyinatlı qüvvələr, komandolar və  helikopterlər cəlb ediləcək.

Qeyd edək ki,  Azərbaycan və Türkiyə  ordularının birgə  təlimləri  yenilik deyil.  İki ölkə arasında  hələ 2013-cü ilin iyul ayının 4-də  “Türkiyə Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında təlimlərin icrasına və ev sahibi ölkənin dəstəyinə dair Anlaşma Memorandumu”  imzalanıb.  

İyul ayının 13-də isə  memorandumu Türkiyənin o vaxtkı prezidenti  Abdullah  Gül  təsdiqləyib. Türkiyənin “Rəsmi qəzeti”in  məlumatına görə, sənəd iki ölkə arasında hərbi təlimlərin keçirilməsi, təlimlərə ev sahibliyi edən ölkə və şəxsi heyət göndərən ölkənin vəzifələrini, tərəflərin üzərinə düşən öhdəlikləri əhatə edir.

Bu sənədə əsasən Türkiyə və Azərbaycan orduları arasında onlarla təlim keçirilib. Təkcə 2019-cu ildə  13 birgə təlim  təşkil olunub.

Azərbaycan ordusu  Qarsda  keçirilən “Qış təlimi 2019-”da da iştirak edib. Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları çoxmillətli qış təlimində uğurla təmsil olunub.  

Yeri gəlmişkən,  Azərbaycan Türkiyənin ev sahibliyi etdiyi Beynəlxalq “Qış təlimi -2019”a da qatılıb.  2019-cu ilin fevralında  təşkil olunan təlimlərdə təkcə Azərbaycan deyil,  ümumilikdə 15 ölkədən hərbçi iştirak edib. 8 ölkə iştirakçı olub, 7 ölkə müşahidəci. Təlimlərə  Bosniya-Hersoqovina, Qətər, Almaniya, İtaliya,  Böyük Britaniya da öz hərbçiləri ilə qatılıb.

Yeri gəlmişkən, Azərbaycanla-Türkiyə arasında irimiqyaslı təlimlərdən biri də  ötən il  baş tutub. Müdafiə Nazirliyinin məlumatına görə, illik plana uyğun olaraq hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərə, zirehli texnika, artilleriya qurğuları və minaatanlar, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib.  Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində baş tutub.

Onu da qeyd edək ki,  Azərbaycanla Türkiyə arasında hərbi təlimlər ilik ölkə arasında imzalanan sənədlərlə yanaşı,  illik plana uyğun olaraq keçirilir.

Bununla bağlı  Azərbaycan Xarici İşlər Nazirliyi də açıqlama yayıb. Nazirıiyin mətbuat xxidməti idarəsinin rəhbəri Leyla Abdullayeva bildirib ki,  iki ölkənin birgə təlimi Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən və illik plana uyğun olaraq keçirilən təlimlərdir.

Xatırladaq ki, 2010-cu ildə   Azərbaycanla Türkiyə arasında “Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilə imzalanıb.  2011-ci ildə Azərbaycan Prezidenti sənədi təsdiqləyib. 

Müqavilə “Hərbi-siyasi və təhlükəsizlik”,   “Hərbi və hərbi-texniki əməkdaşlıq”,  “İqtisadi əməkdaşlıq” və  “Humanitar”  məsələləri əhatə edir.   Bu müqavilənin 9-cu maddəsində  birgə hərbi təlimlərin və müdafiə hazırlığı  üzrə tədbirlərin keçirilməsi  nəzərdə tutulub. Yuxarıda ,qeyd etdiyimiz kimi,  bundan sonra, 2013-cü ildə isə  “Türkiyə Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında təlimlərin icrasına və ev sahibi ölkənin dəstəyinə dair Anlaşma Memorandumu”  imzalanıb.

Belliklə, qeyd olunanlar göstərir ki, Azərbaycan-Türkiyə birgə hərbi təlimləri iki ölkə arasında imzalanan sənədlərə və illik plana uyğun təşkil edilir.

Yeri gəlmişkən, misal olaraq qeyd edək ki,  Ermənistanla Rusiya arasında da onlarla birgə hərbi təlimlər tez-tez keçirilib.  İki ölkə arasında ötən əsrin 90-cı illərinə dayanan hərbi əməkdaşlıq  mövcuddur.   

İki ölkə arasında geniş miqyaslı təlimlərdən biri  ötən ilin 23 iyul tarixində Ermənistanda baş tutub.  Ermənistan Müdafiə Nazirliyi  bu təlimdə  hava müdafiə sistemlərinin sınaqdan keçirildiyini,   əsasən  Pilotsuz Uçuş aparatlarına qarşı yeni mübarizə üsullarının inkişaf etdiriləcəyini açıqlayıb.

Bundan başqa ötən il sentyabrın 21-də (İkinci Qarabağ müharibəsindən 6 gün öncə) Ermənistan hərbçilərinin qatıldığı  Qafqaz -2020 hərbi təlimləri də keçirilib.  Bu təlimlərə hətta Pakistan, Çin, Mayanma, Belarus, hərbçiləri də qatılıb. Azərbaycan da daxil olmaqla bir sıra ölkələr isə müşahidəçi qismində iştirak ediblər.  

Oxşar faktları  başqa  regionun və  ölkələrin  timsalında da sadalamaq mümkündür.  Bu da onu göstərir ki,  bütün hərbi təlimlərin, xüsusilə də birgə  təlimlərin əsas hədəfi ordunun döyüş qabiliyyətini yüksəltmək, müasir təcrübəni mübadilə etməkdir.     

Təbii ki,  bütün ölkələr kimi Azərbaycan da bundan yararlanır. Nəzərə alsaq ki,  Türkiyə ordusu NATO-nun ikinci ən böyük, dünyanın isə ən güclü 9-cu ordusu hesab olunur, bu halda Azərbaycanın bu ölkə ilə birgə hərbi təlimləri seçməsi də aydın başa düşülər.

Bu təlimlərin başqa ölkələrə, xüsusilə Ermənistana  qarşı  təhdid olması ilə bağlı iddialara gəlincə, yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan rəsmi şəkildə  Ermənistanda hər hansı hərbi hədəfinin olmadığını bildirib.  Amma Ermənistan rəsmilərinin və bu ölkədə hakimiyyətə gəlmək istəyən müxalif qüvvələrin İkinci Qarabağ Müharibəsindən sonrakı  revanş çağırışları fonunda Azərbaycanın öz ordusunu gücləndirmək istəyi təbii hesab oluna bilər.

Saxta.info bu qənaətə gəlib ki, Ermənistan mediasının və bəzi ekspertlərin Azərbaycan-Türkiyə hərbi təlimlərinin Ermənistana və başqa ölkələrə yönəldiyinə dair açıqlamaları doğru deyil və Rusiyanın iştirakı ilə Dağlıq Qarabağa dair imzalanan bəyanatın fonunda təxribat kimi qiymətləndirilə bilər.