“Şuşa erməni mədəniyyət mərkəzi olaraq qalır”.  Bu iddia ilə Ermənistanın xarici işlər naziri Ara Ayvazyan çıxış edib.   Ayvazyan deyib ki, erməni tərəfi  Şuşanın Azərbaycan mədəniyyətinin mərkəzi olması ilə razılaşmır.

Saxta.info Ara Ayvazyanın bu iddasını tarixi faktlar əsasında  araşdırıb.

Bundan öncə Ara Ayvazyan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfəri,  burada qondarma “respublika” “rəsmiləri” ilə görüşməsi və noyabr razılaşmasının mahiyyətinə zidd açıqlamalar verməsi ilə gündəmə gəlmişdi.

Azərbaycan tərəfi onun bu səfərini qanunsuz və təxribat kimi qiymətləndirib, prezident İlham Əliyev bununla bağlı rəsmi İrəvana xəbərdarlıq edib.

İlk növbədə qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev  yanvar ayının  5-də Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edib.  O, bu barədə açıqlamasında deyib ki, Şuşa bu ada layiqdir, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Bununla yanaşı Azərbaycan prezidenti Şuşa şəhərinin restavrasiyası, ilkin və tarixi simasının bərpası ilə bağlı tapşırıq verib.

Mövzumuzun əsas hədəfinə giriş etməzdən  öncə qeyd edək ki, Şuşa şəhərinin əsasının qoyulması Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşirin adı ilə bağlıdır.  Belə ki,  1747-ci ildə Nadir şah Əfşarın öldürülməsindən sonra Cənubi Qafqazda siyasi gərginlik yaranmışdı. Bu isə Pənahəli xanı xanlığın təhlükəsizliyini təmin etmək üçün  tədbirlər görməyə məcbur edirdi. Düzdür, 1748 və 1751-52-ci illərdə Bayat və Şahbulaq qalaları inşa olunmuşdu. Amma bunları xanlığın mühafizəsi baxımından etibarlı saymayan Pənahəli xan dəniz səviyyəsindən 1300-1600 metr yüksəklikdə, keçilməz ərazidə şəhər-qala saldırır. 1756-57-ci illərdə xanlığın paytaxtı yeni salınmış şəhər-qalaya köçürülür.  Şəhər ilk dövlərdə Pənahəli xanın şərəfinə  Pənahabad, onun ölümündən sonra isə Şuşa adlandırılıb.

Şuşa adının mənşəyi ilə bağlı müxtəlif fikirlər var.  Eramızın II əsrində yaşamış qədim Roma tarixçisi Tasit Korneli Qafqaz ərazisində dondar türk tayfasına məxsus Sosu (latın dilində "ş" səsi yoxdur) şəhərinin olması haqqında məlumat verib. Bəzi məlumatlara görə, ərazinin havası saf və şəfalı olduğu üçün onu "Şuşa" (şüşə) adlandırblar. "Şuşa" sözünün skiflərə məxsus olduğu da ehtimal olunur.    Tədqiqatçılar arasında Şuşa sözünü türk dilində mənası "uc", "yüksək" olan "şiş" komponenti ilə izah edənlər də var. Hətta Şuşa adının qədim türk sərkərdəsi Sunun (e. ə. 344—334) Makedoniyalı İskəndərlə vuruşan səxsin tikdirdiyi "Su" qalası ilə eyniliyi, Şumer (şu+er) adı ilə səsləşdiyi  qeyd  edilir.

Şuşanın bir şəhər kimi formalaşması 3 əsas mərhələdən keçib. Pənahəli xanın hakimiyyət dövrünü (1748-1763) əhatə edən birinci mərhələdə Şuşanın ilk böyük məhəlləsi, sonralar Aşağı məhəllə adlandırılan Təbrizli məhəlləsi salınıb.  Bu məhəllə  sənətkarların məskunlaşdığı  Çuxur, Qurdlar, Culfalar, Seyidli, Quyular, Merdinli, Hacı Yusifli, Qazançalı və Çöl qala məhəllələrini özündə bidlərşdirirdi. İkinci mərhəlr İbrahimxəlil xanın hakimiyyəti dövrünü (1763-1806) əhatə edir. Bu mərhələdə Şuşanın 8 kiçik məhəllədən (Xanlıq, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam qabağı, Təzə) ibarət olan ikinci böyük məhəlləsi – Yuxarı məhəllə formalaşıb. Şəhərin formalaşmasının üçüncü mərhələsi isə Qarabağ xanlığının 1806-cı ildə Rusiya imperiyası tərəfindən işğal edilməsindən sonra başlayıb və uzun müddət davam edib.  Tarixçilər qeyd edirlər ki, şəhərdəki bütün məhəllələrin adları bu şəhəri yaradan, onun aborigen əhalisi olan Azərbaycan türklərinə məxsus idi.

Şuşa müxtəlif vaxtlarda Qarabağın inzibati – siyasi mərkəzi olsa da,  elə 18-ci əsrdən etibarən mədəni mərkəz kimi də özünü biruzə verib. Tarixçi alim Firdovsiyyə Əhmədova qeyd edir ki,  şəhərsalma mədəniyyətinin XVIII əsr üçün bəlli elementlərinin şamil edildiyi Şuşa “hər bir məhəllə üçün məscid, hamam, mədrəsə” və digər zəruri tikililərilə birgə inşa edilib.  Bu baxımdan Şuşa XVIII əsr üçün müasir şəhərsalma mədəniyyətinin Azərbaycanda son nailiyyəti sayıla bilər.

Qala şəhər etibarlı mövqedə olduyğu üçün uzun illər əmin-amanlıq hökm sürüb və bu da şəhərdə mədəni quruculuq səviyyəsinin yüksəlməsi ilə nəticələnib. Belə ki, Xan sarayı, «Gövhər ağa» məscidi, türbələr, minarələr, karvansaralar, bulaqlar unikal memarlıq nümunələri inşa olunub.  

Ümumiyyətlə Şuşada  549 qədim bina, uzunluğu 1203 metr olan daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud olub. Qarabağ xan sarayı, Xan qızı Natəvanın evi həmşçinin  başqa dövlət xadimlərinin və tanınmış şəxslərin evləri  memarlıq üslubu ilə fərqlənib. 

Şuşada memarlıq abidələrindən söz açanda ilk növbədə Yuxarı Gövhər Ağa məscidi qeyd edilir.  Azərbaycan Mədəniyyət Nazirliyinin ölkə əhəmiyyətli tarix-mədəniyyət abidə  kimi qeydiyyata aldığı  cümə  məscidi 1883-cü ildə Gövhər ağanın vəsaiti hesabına inşa olunub. Memarı  Kərbalayi Səfixan Qarabaği olan məscidin  minarələrinin dekoru və yaxınlığındakı  mədərəsinin otaqlarından birinin rəsmləri  o düövrün məşhur şair və rəssamı Mir Möhsün Nəvvab tərədindən işlənib.

Şəhərdə ipək parça toxuculuğu, xalçaçılıq  aparıcı yer tutub. XIX əsrin sonlarında artıq Şuşada 2 minə yaxın sənətkar  yaşayırdı.

Maarifçiliyin inkişafı baxımından Şuşa fərqlənib. Hələ İbrahim xan məscidi nəzdində 1801-ci ildə əsası qoyulmuş məktəb fəaliyyətə başlamışdı. Azərbaycanda ilk qəza məktəbi də 1830-cu ildə Şuşada açılıb.  İlk müsəlman məktəbi açılanda da  Şuşa öncüllük edib,  şəhərdə ali ibtidai məktəb fəaliyyət göstərib. Şuşada kütləvi kitabxanalar təşkil edilib.

Şuşada poeziya da öz yüksəliş dövrünü yaşayıb,  Molla Pənah Vaqif məktəbi bütüm Şərqdə məşhur olub.

1872-ci ildə  Mir Möhsün Nəvvabın evində təşkil edilən  “Məclisi Fəramusan”  ədəbi məclisi 1910-cu ilədək fəaliyyət göstərib.  Mir Möhsün Nəvvab, Həsənəli xan Qaradaği, Fatma xanım Kəminə, Abdulla bəy Asi, Məşədi Əyyub Baki, Baxış bəy Səbur və başqaları məclisin iştirakçısı olublar. “Məclisi-Fəramusan” Azərbaycan musiqisinin və muğam sənətinin inkişafında, yeni-yeni xanəndələr və musiqiçilər  nəslinin  yetişməsində  mühüm  rol  oynayıb.  

 

Ədəbi-musiqili məclis, Məclisi-üns  isə  1864-cü ildə  Şuşada, şair Hacı Abbas Agahın evində təşkil olunub və Xurşudbanu Natəvanın rəhbərliyi ilə 1897-ci ilədək fəaliyyətini davam etdirib. Burada isə Natəvan, Mirzə Rəhim Fəna, Mirzə Ələsgər Növrəs,  Mirzə  Həsən  Yüzbaşov –  Qarabaği, Mamo bəy Məmai kimi ədiblər iştirak ediblər.

Şuşada ilk tetar tamaşası 1848-ci ildə təşkil edilib.  Həmin illərdə artıq şəhərdə mərkəzi teatr və sirk mövcud olub. 1870-ci illərdə bu sahəyə maraq daha da artıb.   1871-ci ildən Şuşadakı köhnə klub binası yenidən təmir edilib burada yerli həvəskarlar tamaşalar təqdim ediblər.   XIX əsrdə Qafqazın mədəni mərkəzi səviyyəsinə gələn Şuşada 1874-cü ildə yerli ziyalılar və məktəb şagirdləri Mirzə Fətəli Axundovun "Hacı Qara" komediyasını  tamaşaya qoyublar. 

1882-ci ildən Şuşada  teatr fəaliyyəti müntəzəm xarakter alıb.   İlk illərdə Mirzə Fətəli Axundovun əsərləri səhnələşdirilib. Tamaşalarda Yusif bəy Məlikhaqnəzərov,  Haşım bəy Vəzirov, Bədəlbəy Bədəlbəyov, Həsənəli Sarıcalinski, İsmayıl Şəfibəyov,  Cabbar Qaryağdıoğlu  oynayırdılar.

Sonrakı dövrdə Əbdürrəhim bəy Haqverdiyevin, Nəcəf bəy Vəzirovun, Rəşid bəy Əfəndiyevin, Haşım bəy Vəzirovun əsərələri səhnələşdirilib. Hətta Şuşada ilk dəfə opera səpkisində "Məcnun Leylinin qəbri üstündə" səhnəciyi göstərilib. Cabbar Qaryağdı oğlu Məcnunun rolunu oynayıb və gələcəyin dahi bəstəkarı Üzeyir bəy Hacıbəyli bu tamaşada xorda oxuyub.  1891-ci ildə Şuşada bəyzadə Xandəmirov yeni teatr binası inşa etdirib.  Bundan sonra tamaşaların sayı da artıb.

Ümumiyyətlə, 1880–1919-cu illər aarasında şəhərdə Mirzə Muxtar Məmmədov, Bədəl bəy Bədəlbəyli, Əbülfət Vəli (Vəliyev), Firudin bəy Köçərli, Həsənəli Sarcalinski, İsmayıl Şəfıbəyov, Cabbar Qaryağdıoğlu,  Cəlil bəy, Qambay bəy, Xosrov bəy və Azad bəy Əmirovlar, Rzaqulu Nəcəfov, Surxay Adıgözəlov, doktor Kərim Mehmandarov, Yusif bəy Ağayev, Rəsul Tahirov, Salah bəy Zöhrabbəyov, Cavad Vəzirov, Mirzə Ələkbər Axundov, Hüsü Mamayev, Xosrov Mamayev, Həbib bəy Köçərli, Zülfüqar Seyidbəyov, Məmmədəli Orucov kimi səhnə həvəskarları olub. Onlar  Mirzə Fətəli Axundzadənin, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin, Haşım bəy Vəzirovun, Sultan Məcid Qənizadənin əsərlərini, Üzeyir bəy Hacıbəylinin, Zülfüqar bəy Hacıbəylinin opera və operettalanda oynayırdılar.  Şeksprin dramaturgiyasına da Azərbaycanda ilk dəfə Şuşa teatrının nümayəndələri müraciət ediblər. 1904-cü ildə  ədibin "Otello" faciəsi burada səhnələşdirilib.

Sovet illərində də Şuşada teatr fəaliyyəti davam etdirilib.  1992-ci ildə Ermənistan silahlı qüvvələri şəhəri işğal etdikdən sonra Şuşa Musiqili Dram Teatrı Bakıya köçmək məcburiyyətində qalıb.

19-cu əsrin ortalarında Xarrat Qulu tərəfindən yaradılan “Muğam məktəbi”  əsasən dini xarakterli olsa da burada muğamatı və oxumaq qaydaları da öyrədilib. Bu məktəb sonradan muğam tədris edən musiqi məktəblərinin təşkilində nümunə olub. Təsadüfi deyil ki,  Qarabağın ən görkəmli xanəndələri Hacı Hüsü, Məşədi İsi, Dəli İsmayıl, Şahnaz Abbas, Əbdülbağı Zülalov (Bülbülcan), Keştazlı Həşim, Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu və tarzən Sadıqcan həmin məktəbin yetirmələridir.

Daha sonra  bu prosesi   Kor Xəlifə adlı şəxsin  1883-cü ildə açdığı  musiqi məktəbi davam etdirib. Burada da şərq şairlərinin və mütəfəkkirlərinin əsərləri, klassik muğamlar, onları oxumaq qaydaları, xanəndəlik sənətinin incəlikləri, musiqi nəzəriyyəsi və praktikası, muğam oxumaq, tar, kamança və digər musiqi alətlərində çalmaq da öyrədilib.

XIX əsrin axırlarında isə Şuşada Molla İbrahim adlı  şəxs musiqi məktəbi yaradıb. Gənclərə klassik muğam, fars, ərəb dilləri, dini mərasimlər öyrədilən məktəbdə Qarabağın bir çox musiqi xadimləri, muğam ustaları, o cümlədən, Bahadur Mehralı oğlu,  Bülbül  və başqa sənətkarlar musiqi təhsili alıblar.  Məktəb təxminən 1920-ci illərə qədər fəaliyyətini davam etdirib.

Maraqlı məqamlardan biri də odur ki,  XIX əsrin 80-90-cı illərindən başlayaraq, xanəndə dəstələri teatr tamaşalarının fasilələrində çıxış edirdilər. Qafqazda ilk belə çıxışlar məhz Tiflisdə və Şuşada təşkil olunub. Xanəndələrin teatr tamaşalarındakı çıxışları Azərbaycanda musiqili teatrın meydana gəlməsinə təkan verib.

Azərbaycanda ilk şərq konserti də məhz Şuşada təşkil  olunub. Dramaturq Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi altında keçirilən bu konsertdə məşhur sənətkarlar Cabbar Qaryağdı oğlu, Keçəçi Məhəmməd, Məşədi Dadaş, tarzən Sadıqcan, Məşədi Zeynal, Ata Bağdagüloğlu, aşıqlardan Abbasqulu, Nəcəfqulu və başqaları iştirak ediblər.

Artıq   XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Buranı "Kiçik Paris”, "Qafqazın sənət məbədi”, "Azərbaycan musiqisinin beşiyi”, "Zaqafqaziyanın konservatoriyası” adlandırırdılar.

Qeyd edək ki,  sovet dövründə Şuşada  ilk musiqi texnikumu təşkil olunub.   M. M. Nəvvabın adını daşıyan Şuşa musiqi texnikumunda fortepiano, xor dirijorluğu, musiqi nəzəriyyəsi, xanəndəlik və xalq çalğı alətləri şöbələri fəaliyyət göstərib.

Bundan başqa Şuşada  1982-ci ildən etibarən  Vaqif poeziya günləri,  1989-cu ildən isə “Xarı bülbül” musiqi festivalı təşkil olunb. Ermənistan silahlı qüvvələri şəhəri işğal etdikdən sonra bu mühüm mədəniyyət tədbirləri  keçirilmir. 

Bir müddət öncə Şuşaya səfər edən Azərbaycan prezidenti  İlham Əliyev hər iki tədbirin yenidən bərpası ilə bağlı göstəriş verib.

Şuşa Azərbaycan  mədədniyyəti və ədəbiyyatına  Qasım bəy Zakir (şair),  Xurşudbanu Natəvan (şair),  Mir Möhsün Nəvvab  (şair, rəssam, musiqişünas, xəttat, nəqqaş)  Nəcəf bəy Vəzirov  – (yazıçı),   Əbdürrəhim bəy Haqverdiyev (Dramaturq, rejissor)   Yusif Vəzir Çəmənzəminli  (yazıçı), Firidun bəy Köçərli  (Ədəbiyyatşünas, tənqidçi), Əhməd bəy Ağayev (Əhməd Ağaoğlu)  jurnalist, publisist, “Difai” təşkilatının yaradıcısı),    Əbdülbaqi Bülbülcan Zülalov  (Xanəndə),  Cabbar Qaryağdı oğlu  (Xanəndə), İslam Əbdül oğlu Abdullayev (Segah İslam) (Xanəndə),  Qasım Abdullayev (Zabul Qasım) ( Xanəndə),  Seyid Şuşinski (Xanəndə), Bülbül (SSRİ Xalq artisti, müğənni), Xan Şuşinski (Xanəndə), Rəşid Behbudov  (SSRİ Xalq artisti, müğənni),   Sadıq Əsədulla oğlu (Sadıqcan)  (Tarzən), Qurban Pirimov (Tarzən),  Üzeyir bəy Hacıbəyli,  (bəstəkar, şərqin ilk operasının yaradıcısı, Azərbaycan himninin müəllifi),  Niyazi (SSRİ  xalq artisti, drijor) kimi şəxsiyyətlər bəxş edib.

Bu arada  Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildikdən sonra Ermənistan mediası babası, yaxud özü Şuşada doğulan bir neçə tanınmış erməninin siyahısını dərc etməyə başlayıb.  

Şuşada ermənilərin yaşdığı sirr deyil. Amma onlar 19-cu əsrin əvvəllərində Qarabağ ərazisinə köçürülən ermənilər idi.  Məsələn,  1823-cü ilə aid statistik məlumatlara görə,  Qarabağ xanlığında yaşayan 20.035 ailədən 15.729-nu azərbaycanlı, 4.366-nı isə xristian ailələri təşkil edirdi. Qarabağda, o cümlədən Şuşada yaşayan əhalinin mütləq əksəriyyəti azərbaycanlılar olub.  Bölgədə alban mənşəli xristian əhalinin erməniləşmə prosesi ilə yanaşı Rusiyanın 1828-ci ildə İranla imzaladığı Türkmənçay sülh müqaviləsindən sonra Türkiyə və İrandan ermənilərin bura köçürülməsi nəticəsində onların sayı artıb.  Uzun illər əhalisinin əksəriyyəti  azərbaycanlılar olan Şuşa şəhəri də  demoqrafik dəyişikliklə üz-üzə qalıb.  Köçürmə hesabına ermənilərin  sayı artıb. Azərbaycanlılar isə şəhərdən sıxışdırılıb. 1905-1906-cı illərdə  azərbaycanlılara qarşı törədilən terror və soyqırım aktları da bu məsələdə  az rol oynamayıb. Bununla belə 1989-cu ilin statistikasına görə,  Şuşada yaşayan 20.579  nəfərin cəmi 1.377-si erməni  olub. 

Yeri gəlmişkən, yanvar ayının 20-də  Ermənistanın baş naziri Nikol Paşinyan deputatların sualını cavablandırarkən bildirib ki,  azərbaycanlı köçkünlərin Şuşaya qayıtmaması Qarabağ  üzrə danışıqlar prosesinin predmeti olmayıb. Və münaqişədən əvvəl (1992-ci il Şuşanın işğalı - red) Şuşada azərbaycanlıların sayı 90 faizdən çox olub.  Paşinyan fikrilərini belə yekunlaşdırıb: “Siz demək istəyirsiniz ki,  əhalisinin 90 % -dən çoxu azərbaycanlı olan Şuşa erməni statusundadır?”.

Digər tərəfdən tarixi faktlar göstərir  ki, Ermənistan mediasında adları dərc olunan ermənilər  özləri və ya babaları Şuşada doğulsalar da  onlar  Azərbaycanın adları sadalanan görkəmli şəxsiyyətləri ilə bərabər şəhərin  mədəniyyət mərkəzi kimi formalaşmasında iştirak  etməyiblər, daha dəqiq desək bu prosesdə heç bir rolları olmayıb. Elə dərc olunan yazılarda da sadəcə onların bu şəhərdə dünyaya gəldikləri vurğulanır.  

Saxta.info sadalanan faktlar əsasında bu qənaətə gəlib ki,  Şuşanın erməni mədəniyyət mərkəzi olması ilə bağlı Ara Ayvazyanın iddiası yalandır.