“Azərbaycan tərəfi Ermənistanın sərhədyanı bölgələrində yaşayan  sakinlərin beynəlxalq səviyyədə tanınmış hüquqlarını pozmaqda davam edir”.  Bu iddia ilə Ermənistanın ombudsmanı Arman Tatoyan çıxış edib. Tatoyan bildirib ki,  Azərbaycan hərbçiləri Qafan şəhərindən Çakaten və digər kəndlərə gedən yolda Azərbaycan və ingilis dillərində "Azərbaycana xoş gəlmisiniz" yazılmış  lövhələr, həmçinin  Azərbaycan bayraqları qaldırıblar. Ombudsman əlavə edir ki, Ermənistanın Çakatren, Şikaox, Sraşen, Tsav, Nerkin And, Şişkert kəndlərinin, həmçinin Qafan şəhərinin sakinləri bundan narahat olur, bunu özləri üçün  təhlükə, mülkiyyət və insan hüquqlarının pozulması kimi qəbul edirlər.

Saxta.info Tatoyanın bu iddiası ilə bağlı dəqiqləşdirmə aparıb.

Öncə qeyd  edək  ki,  İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycanın  işğal altında olan rayonlarının azad edilməsi ilə Azərbaycan-Ermənistan dövlət sərhədinin dəqiqləşdirilməsi, delimitasiya və demarkasiya prosesləri də gündəmə gəlib. Azərbaycanın Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonları ilə Ermənistanın sərhəd  bölgələri arasında  sovet dövrünə aid xəritələr əsasında sərhəd xəttinin dəqiqləşdirilməsinə start verilib.

Aparılan proses çərçivəsində vaxtilə, yəni Ermənistan silahlı qüvvələrinin işğalından  əvvəl   Azərbaycana aid olan bəzi ərazilər  geri qaytarılıb. Rəsmi informasiyalara görə, Azərbaycan tərəfi həmin ərazilərdə nəzarəti bərpa  edib.

Məsələn, həmin ərazilərdən  biri, Şurnux kəndində, kəndin 12 ev yerləşən ərazisi Azərbaycanın nəzarətinə qaytarılıb.   Erməni mənbələrinin verdiyi məlumata görə, təqribən 3 min hektar ərazi Azərbaycanın nəzarətinə  keçib.  Bura  Sünik vilayətinin (Keçmiş Zəngəzur)  Xoznavar, Xnatsax kəndlərinin daxil olduğu Tex icmasına aid 2 min,  Vorotan kəndinə aid (keçmiş Şahverdilər) 236 hektardan çox,  Ağarak kəndinə aid 60, Yeqvarda aid 160, Çakatren kəndinə aid 55 hektar  kənd təsərrüfatı torpağı  daxildir. 

Arman Tatoyan: “Ermənistanın 3 min hektar ərazisi Azərbaycanın nəzarətinə keçib”

Bundan başqa  68 kilometrlik  Gorus-Qafan yolunun 21 kilometri də Azərbaycanın ərazisindən keçdiyinə görə,  burada da Azərbaycan Silahlı Qüvvələri ərazilərə nəzarət edir.  Amma Azərbaycan tərəfi bu yoldan ermənilərin istifadə  etməsinə qadağa qoymayıb.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev yanvar ayının əvvəlində keçirilən müşavirədə açıqlama verib. Bildirib ki, ermənilərə Qubadlı rayonundan keçən yoldan istifadə etməyə icazə verilib: “Bunu gərək onlar qiymətləndirsin, yoxsa yox. Bu, bizim torpağımızdır. Başa düşürük ki, yol oradan keçib. Sovet vaxtında sərhədlərin o qədər də böyük əhəmiyyəti yox idi, orada yaşayan erməni əhalisi bəlkə də bilməyib ki, bu, Azərbaycan ərazisidir. Çünki kim onlara deyə bilərdi ki, bu, Azərbaycan ərazisidir. Onlar hesab ediblər ki, bu, Ermənistan ərazisidir”.

Karen Mkrtçyan: Sovet dövründə Gorus-Qafan yolunun sol tərəfi Azərbaycan, sağ tərəfi Ermənistan idi

Ermənistan tərəfi, xüsusilə də bəzi siyasi qüvvələr və dövlət qurumlarının təmsilçiləri  sözügedən ərazilərin  vaxtilə  ermənilərə məxsus olduğunu iddia edir,  Azərbaycana verildiyinə dair açıqlamalar yayırlar.  Yeri gəlmişkən, belə açıqlama və bəyanatların müəlliflərindən biri də elə Ermənistanın ombudsmanı Arman Tatoyandır.  

Sərhəd xəttinin dəqiqləşdirilməsi ilə bağlı gedən prosesə etiraz edən ermənilərə Ermənistanın baş naziri Nikol Paşinyanın verdiyi cavabı xatırlatmaq yerinə düşər.

Qeyd edək ki, Nikol Paşinyan prosesin  hələ 2010-cu ildə qəbul olunan “Ermənistanın  inzibati ərazi bölgüsü haqqında” qanunun tələbləri əsasında həyata keçirildiyini deyib,  qanunda sərhəd bölgüsünün təsvir olunduğunu bildirib.  O hətta konkret olaraq  Zod qızıl yatağı olan ərazi, həmçinin Sünik vilayətinin bir sıra kəndləri ilə bağlı konkret misallar çəkib.

Gevorq Parsyan: “Kapan-Aqarak yolunun bir hissəsi Azərbaycanın nəzarətinə keçib, kəndlər mühasirəyə düşüb”

Hətta Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hələ ötən ilin dekabr ayında verdiyi açıqlamada bildirmişdi ki,  proses Ermənistan üçün bir sıra çətinliklər yaratsa da sənədlərə əsaslanan delimitasiya prosesinin getdiyini başa düşmək lazımdır.

Qafan-Gorus yolunun 21 kilometrlik hissəsinin Azərbaycanın nəzarətinə keçməsinə isə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri Suren Papikyan aydınlıq gətirib.  Papikyan Gorus-Qafan yolunun bir hissəsinin Azərbaycan ərazisindən keçdiyini bildirib,  sovet dövründə yolun hər iki respublikanın ərazisindən keçməsinin problem yaratmadığını xatırladıb.  Həmçinin Gorus-Qafan yolunun  konkret olaraq  beş sahəsinin  Azərbaycanın ərazisinə keçdiyini və yenidən Ermənistan ərazisinə daxil olduğunu diqqətə çatdırıb.

Bütün bu qeyd olunanlar təkcə GPS texnologiyasına deyil,  keçmiş SSRİ Baş Qərargahının topoqrafik xəritələrinə əsaslanır. Həmin xəritələrlə GPS texnologiyası ilə dəqiqləşdirilən sərhəd xəttini tutuşdurmaqla bunu dəqiq görmək  olar.

Məsələn, Gorus-Qafan yolu Qubadlı rayonunun Eyvazlı kəndindən, Bazarçayın kənarı ilə keçir,  sonra Gorusun Voratan kəndinə dönür.  Bu,  keçmiş SSRİ Baş Qərargahının tərtib etdiyi 1975-ci ilə aid  topoqrafik  xəritədə də  aydın şəkildə görünür. 

Ümumiyyətlə, Gorus-Qafan yolunun Vorotan (keçmiş adı Şahverdilər) - Davitbek (keçmiş adı Zeyvə)  hissəsinin   (söhbət 21 kilometr məsafədən gedir)  Azərbaycan ərazisindən keçdiyi xəritələrdə  təsbit olunub.   

Ermənistan ombudsmanı  Arman Tatoyanın iddia etdiyi əraziyə gəlincə, söhbət Qafan şəhəri ilə Çakatren və digər yaşayış məntəqələrini birləşdirən  yoldan gedir.

GPS texnologiyası ilə müəyyənləşmiş xəritədə Qafan-Çakatren yolunun bir neşə yerdə Azərbaycan ərazisinə keçdiyini görmək olar.

Keçmiş SSRİ Baş Qərargahının topoqrafik xəritəsində də bu məqam təsbit olunub.

Xəritəyə əsasən deyə bilərik ki, Sünik vilayətinin Şikaox, Sraşen, Tsav, Nerkin And, Şişkert kəndlərinin sakinləri də bu yoldan istifadə edir. Böyük ehtimalla Tatoyan bu səbəbdən həmin kəndlərin sakinləri adından danışır.

Beləliklə qeyd edilənlərdən aydın olur ki, Tatoyanın iddia etdiyi yolun bir hissəsi Azərbaycan ərazisindən keçir və bu mənada sərhəddə Azərbaycana aid atributların olması, yaxud “Azərbaycana xoş gəlmisiniz” sözləri yazılan lövhənin quraşdırılması  təbiidir.   

Görünür, Tatoyan və onun adından danışdığı sakinlər sadəcə bu vəziyyətə öyrəşməyiblər. Çünki əsasən Zəngilan  rayonunun ərazisinə aid olan bu sahələr 30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında olub. Ermənilər isə bu yoldan öz əraziləri kimi  sərbəst istifadə ediblər.

Yeri gəlmişkən, Armen Tatoyandan fərqli olaraq Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyan bir müddət əvvəl bu durumu dəyişmək üçün plan hazırlandığına dair açıqlama verib. O, Ermənistanın yaşayış məntəqlərini Azərbaycandan keçməklə birləşdirən yollara alternativ yollar çəkiləcəyini bildirib.   

Saxta.info bu qənaətə gəlib ki, qeyd edilənlər fonunda Ermənistan ombudsmanının açıqlaması reallığı əks etdirmir.