Azərbaycanın  Ermənistanla sərhədində aparılan dəqiqləşdirmə çərçivəsində daha bir ərazi Azərbaycana qaytarılıb. Söhbət Ermənistanın Sünik vilayətinin (keçmiş Zəngəzur) Nerkin Xndzoresk kəndinin ərazisindən gedir.  Kəndin icma rəhbəri Yervand Malunts bildirib ki, fevralın 4-də Ermənistan silahlı bölmələri bir sıra mövqedən çəkilib və həmin mövqelərdə Azərbaycan hərbçiləri yerləşib.  İcma rəhbəri deyib ki,  indi ferma ərazisindəki evlərlə ən yaxın Azərbaycan mövqeyi arasındakı məsafə bir neçə yüz metrdir. Qeyd edək ki, Ermənistan mediası bu ərazinin Azərbaycana qaytarılması kimi deyil, verilməsi kimi təqdim  edirlər.

Ermənistanın ombudsmanı Arman Tatoyan isə Azərbaycan tərəfinin ermənilərə məxsus külək elektrik stansiyalarının yerləşdiyi ərazini zəbt etdiyini iddia edib. Tatoyan  bildirib ki,  Azərbaycan Qeqarkunik bölgəsində (keçmiş Göyçə mahalı) stansiyanın yerləşdiyi  ərazini ələ keçirib və bununla da sahibkar orada fəaliyyətini dayandırmalı olub. 

Saxta.info hər iki açıqlama ilə  bağlı dəqiqləşdirmə aparıb.

Öncə qeyd edək ki, Azərbaycanın qələbəsi ilə başa çatan İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin dəqiqləşdirilməsi prosesi aparılır. İndiyə qədər bir sıra ərazilərdə bu proses reallaşdırılıb.   Dəqiqləşdirmə  sovet dövrünə aid xəritələr əsasında  aparılır.  

Haqqında söhbət açılan Nerkin Xndzoresk kəndi Ermənistanın Gorus rayonunun izabati ərazi vahidinə daxildir.  Kənd  Azərbaycanın Laçın rayonu ilə sərhəddə, yerləşir. Ermənilərin iddiasından belə anlaşılır ki, vaxtilə bu mövqelər Ermənistanın sərhədləri daxilində olub, indi isə Azərbaycanın nəzarətinə keçib.

Bu məqamı aydınlaşdırmaq üçün xəritələrə nəzərə salaq. Keçmiş SSRİ Baş Qərargahının 1975-ci ilə  aid topoqrafik xəritəsində  Nerkin Xndzoresk kəndinin yerləşdiyi ərazinin Laçın rayonu ilə sərhəd xətti  belədir (Şəkil 1)

Şəkil 1 

Bu  şəkildə isə (Şəkil 2)  GPS texnologiyası ilə  aparılan dəqiqləşdirmənin nəticəsini görə bilərsiniz.  

Hər iki xəritədə, istər topoqrafik, istər peyk görüntülərində sərhəd xətti eyni yerlərdən keçir.  Bu isə onun sübut edir ki, Azərbaycan tərəfi Ermənistan ərazisinə keçməyib. Sadəcə olaraq sovet xəritəsinə əsasən sərhəd bərpa olunub və ermənilərin Laçın rayonunu işğalda saxladığı vaxt irəli çəkdiyi mövqelər ləğv edilib. Bununla da ermənilər əvvəlki sərhəd xəttinin içərilərinə qayıtmalı olublar.  Azərbaycan hərbçiləri isə həmin mövqelərdə yerləşib.  

Xatırladaq ki,  ermənilər bundan əvvəl Sünik vilayətinin Şurnux, Vorotan (keçmiş Şahverdilər) kəndləri, Gorus-Qafan yolunun bəzi hissələri ilə bağlı oxşar fikirlər səsləndirirdilər. Amma sonra  sovet dövrünə aid xəritələrə əsasən həmin ərazilərin Azərbaycana aid olduğunu etiraf etdilər.

Yeri gəlmişkən, Ermənistan Silahlı qüvvələri Laçın rayonunu 18 may 1992-ci ildə işğal edib. İkinci Qarabağ müharibəsində rayonun cənub hissəsi Azərbaycan silahlı qüvvələri tərəfindən işğaldan azad edilib. Müharibənin yekunu olaraq imzalanan 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmaya əsasən  1 dekabr 2020-ci ildə Laçın rayonu Azərbaycana qaytaralıb.   

Arman Tatoyan:  Azərbaycan Ermənistanın külək elektrik stansiyaları olan ərazisini zəbt edib

Ombudsman Arman Tatoyanın iddiasına gəlincə, xatırladaq  ki, İkinci Qarabağ Müharibəsinin nəticəsi olaraq imzalanan 10 noyabr razılaşmasına əsasən Ermənistan noyabrın 25-də Kəlbəcəri  Azərbaycana təhvil verib. Bundan sonra Kəlbəcərin Ermənistanla, konkret olaraq Vardenis (Keçmiş Basarkeçər)  rayonu ilə sərhədində  dəqiləşdirmə aparılıb.

Bu proses çərçivəsində Zod qızıl yatağının ərazisi də sovet dövrünün xəritələrinə əsasən dəqiqləşdirilib. Yataq yerləşən ərazinin 74 %-nin Azərbaycan ərazinə düşdüyü bildirilib. Bu barədə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Xidmətinin rəisi Əli Əliyev  mətbuata məlumat verib.

O ki qaldı ərazidə külək elektrik stansiyalarının qurulmasına, əvvəlcə qeyd edək ki,  Arman Tatoyan  bu barədə ətraflı məlumat vermir. Sadəcə ərazidə külək elektrik stansiyalarının olduğunu bildirir. Nə sahibkarın, nə şirkətin adını çəkir, nə də Ermənistan hökumətinin verdiyi sənədi nümayiş etdirir.

Adı çəkilməyən kompaniya  guya  20 il əvvəl 2000-ci ildə Qeqarkunik vilayətinin Qeqamsar icmasına aid Sotk (Zod -red) aşırımının ərazisində 200 hektar torpaq sahəsini 30 illliyə icarələyib və bu ərazinin 75 hektarında 2 külək turbini inşa edib.  2018-ci ildə kompaniyaya 2039-cu ilədək enerji istehsal etmək üçün  lisenziya verilib. Daha sonra icarə hüququ 2048-ci ilin aprelinə qədər uzadılıb. Proqrama görə, ərazinin digər hissəsində daha 21  külək turbininin  inşa olunması planlaşdırılıb. Amma ötən il noyabrın 25-də  Kəlbəcər bölgəsi Azərbaycana təhvil veriləndə  Sotk aşırımı  da (Zod aşırımı - red) Azərbaycan tərəfindən zəbt edilib və ərazidə olan stansiya Azərbaycanın nəzarətinə keçib.  Bununla da iş adamına 5 milyon dollar ziyan dəyib, onun konstitsion hüquqları pozulub.

Araşdırma zamanı məlum oldu ki,  Zod aşırımında, qızıl yatağının yaxınlığında  sözügedən külək turbinlərini təsisçisi Sergey Azaryan olan Zod Wind şirkəti quraşdırıb. Ümumi gücü 1,3 Mvt olan stansiyaların gücünün gələcəkdə  30 MVt-a çatdırılması planlaşdırlıb.  

Açıq mənbələrdə şirkətin nə vaxt yarandığı, fəaliyyəti, xüsusilə energetika sahəsində icra edtiyi layihələrlə bağlı ətraflı məlumat tapmaq mümkün deyil.  Şirkətin saytında yalnız Zod aşırımında külək enerjisi layihəsi icra edən özəl  şirkət kimi təqdim edilib. Zod aşırımında 140 hektar sahə icarəyə götürdüyü qeyd olunub və iki külək turbininin quraşdırıldığı açıqlanıb. 

Amma ombudsmanın iddiasından fərqli olaraq bu məlumatlarda şirkətin  həmin ərazini 20 il əvvəl icarəyə götürdüyünə dair hər hansı açıqlama yoxdur. Üstəlik, bu layihə ilə bağlı rəsmi prosedurun mövcudluğu da  şübhəlidir. Çünki nə şirkətin informasiya platformasında, nə də digər mənbələrdə bu barədə  məlumata rast gəlinmir.    

Gələk əsas suala.  Külək stansiyaları konkret olaraq harda quraşdırılıb? Əvvəldə qeyd etdiyimiz kimi,  Ermənistan tərəfi, daha dəqiq desək ombudsman Arman Tatoyan turbinlərin quraşdırıldığı ərazinin Ermənistanın sərhədləri daxilinə düşdüyünü  iddia edib.

Xatırladaq ki, Arman Tatoyan tez-tez sərhəd dəqiqləşdirilməsinin əleyhinə olan  açıqlamaları ilə gündəmə gəlir. O bundan əvvəlki açıqlamalarında da Azərbaycan tərəfini Ermənistan ərazilərini zəbt etməkdə günahlandırıb.

Halbuki Ermənistan rəsmiləri bu barədə konkret açıqlamalar veriblər. Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan  sərhəd dəqiqləşdirmələrinin hələ 2010-cu ildə  qəbul olunan “Ermənistanın  inzibati ərazi bölgüsü haqqında” qanunun tələbləri əsasında həyata keçirildiyini açıqlayıb.  Paşinyan həmin açıqlamasında  Kəlbəcər istiqamətində, konkret olaraq Zod bölgəsi üzrə sərhəd dəqiqləşdirilməsinin məhz həmin qanuna əsasən aparıldığını və erməni hərbçilərin də bunun əsasında mövqelərə yerləşdirildiyini bildirib.

Bundan başqa Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sərhəd  dəqiqləşdirilməsinə etiraz edən şəxslərə  ünvanlanan açıqlamasında bildirib ki,  sənədlərə əsaslanan delimitasiya prosesinin getdiyini başa düşmək lazımdır.

Xəritələrə gəlincə, GPS texnologiyasının tətbiqi ilə müəyyənləşdirilən koordinatlarda külək turbinlərinin Azərbaycanın sərhədləri daxilinə düşdüyü aydın şəkildə görünür (Şəkil 1).

Şəkil 1

GPS texnologiyası ilə müəyyənləşdirilən sərhəd xətti ilə, keçmiş SSRİ baş qərargahının 1975-ci ilə aid topoqrafik xəritəsində əskini tapan sərhəd xəttinin müqayisəsi də göstərir ki, Azərbaycan tərəfi Ermənistanın ərazisinə keçməyib (Şəkil 2 - Şəkil - 3)

Şəkil 2

Şəkil 3

Sadəcə olaraq ermənilər 1993-cü ilin aprel ayında Kəlbəcər işğal olunandan  bu rayonu Azərbaycanın deyil, qondarma DQR-in ərazisi hesab ediblər. Hətta bu, qondarma respublikanın “xəritəsində” də əksini tapıb.

Bu səbəbdən də nə ərazi  icarəyə verilərkən,  nə də stansiyalar üçün yer seçilərkən  buranın Azərbaycan ərazisi olduğu nəzərə alınıb. Elə sözgedən ərazidə stansiyaların tikintisi ilə bağlı verilən açıqlamada da, turbinlərin Ermənistanın Qeqarkunik vilayəti ilə Dağlıq Qarabağın Karvaçar rayonunun “sərhədində” yerləşdiyi bildirilir.   

Saxta.info  bu qənaətə gəlib ki, Nerkin Xndzoresk kəndinə yaxın bəzi mövqelərin Azərbaycana verilməsi ilə bağlı açıqlama həqiqəti əks etdirmir. Burada söhbət sovet dövründə mövcud olan sərhəd xəttinin bərpasından  gedir.

Həmçinin  Zod aşırımındakı külək stansiyalarının  yerləşdiyi ərazinin Azərbaycan tərəfindən zəbt edilməsinə dair ombudsman Arman Tatoyanın da açıqlaması doğru deyil